Kişilər də ağlayır...  

 

Esse

 

 

Ağlamaq - bəzən çarəsizlikdir, bəzən son çarədir...

Bəs biz - bəşər övladı ağlamağı doya-doya yaşaya bilirikmi?

Məncə, yox... Kiminsə yanında ağlamağın zəiflik, acizlik olduğunu öyrətdi bizə böyüklərimiz illərlə... Göz yaşlarımıza kiminsə gülə biləcəyini isə özümüz kəşf etdik böyüdükcə... Amma yaş artdıqca, illər bir-birinin üstünə qalaqlandıca, anlayırsan ki, ağlamaq, əslində, bir az da könül rahatlığıdır.

Bir "kişilər ağlamaz" deyimi var dilimizdə. Kişi möhkəm olar, qaya kimi sərt, ağac kimi başı yuxarıda, məğrur olar. Amma ağlamaz... Qəti ağlamaz...

Ağlamazmı? Ağlayar... Ləpələr sinəsinə döydükcə sərtliyini qorumağa çalışan qayanın da bir gün olduğu kimi, necə varsa elə görünmək arzusu baş qaldırar ürəyində. Yaxından baxarsan ki, əslində, ləpələr onu hər il bir az-bir az oyur, oyurmuş...

Hə, ağlamaq bəzən səmimiyyətdir...

Ağlayar kişilər... Özləri olduqlarında, özlərinə sığınmağa çalışdıqda, bütün dünyadan qopub öz həyat missiyası ilə təkbətək qalanda... Mən bunu 14 il əvvəl anladım; nənəmin dəfn mərasimində tanıdım babamı olduğu kimi... İtki hamımızın idi, nənəmin yeri dolmayacaqdı, bilirdik. Amma ən çox göynəyən babam idi. 50 illik bir evliliyin sonu çatmışdı əcəlin əliylə. Babam təkcə nənəmi yox, ömrünün 50 ilini uğurlayırdı torpağa o gün. Gedənlərin arxasınca su səpilər ki, aydınlıq olsun. Babam göz yaşı səpirdi nənəmin tabutunun arxasıyca... Sonra məzarı üstünə əkdiyi gülləri suladı o göz yaşlarıyla, baş daşındakı tozları yudu... 9 il yaşadı nənəmdən sonra babam; o yarımçıqlığa yaşamaq demək olardısa... 9 il babam səmimiyyətinə sığındı. Hər məni görəndə, gözünü bulud elədi, yağışının altına ovcunu tutdu. Çünki nənəm dəfn edilən gün demişdim: "Baba, nənəmi qoyma getsin..." Bir gün də babamı uğurladıq torpağa... Getdi ömrünün 50 ilinin arxasıyca babam...

Ağlayar kişilər... Son çarə bilər bir əlçim göz yaşını; səpər yanan ürəyinin üstünə. Yoxsa, o ürək çatlayar, yarılar, ömrü yarıda kəsər...

İki il əvvəl anamı xəstəxanaya aparmışdıq. Birgördük, palata qapısının arxasında gözdən itdi anam... Birgördük, dərmanların qoxusu uddu anamın ətrini... Mən atama baxdım. Onun daim məğrur olan baxışlarında axtardım təmkinli olmağın, toxtamağın min birinci üsulunu... Amma... Amma o, çoxdan qaldırıb atmışdı çiyni üstündən min üsulu. Nə toxtamaq istəyirdi, nə də təsəlli axtarırdı atam; öz ürəyinin içinə çəkilmişdi, orda özüylə baş-başa qalmışdı, sonuncu çarəni axtarırdı çarəsizliyin ənginliyində. Və tapdığı, sığındığı son çarəydi gözündən axan yaşlar... Atam ağlayırdı...

 

Ağlayır kişilər... Məğrurluğun zirvəsində tək dayananda ağlayır... Təkliyiylə sükutunun vüsal anında ağlayır... Ömrünə ömür qatanın - çiynini çiyninə yoldaş edənin itik olmasını anlayanda, ya da o itki təhlükəsi ilə üz-üzə qalanda ağlayır kişilər...

 

Leyla TURAN

 

525-ci qəzet.- 2022.- 3 avqust.- S.8.