Mahiyyətcə inqilabi, məzmunca əhatəli,
məqsədlərinə görə strateji Fərman
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında" Fərmanı müasir
dövrümüzün tələblərindən irəli gələn
və Azərbaycan elminin inkişafına yönəlik bir sənəddir. Ali təhsil
ilə elmin birgə fəaliyyəti və inteqrasiyası elmin
inkişafına xidmət edəcək və çox
uğurlu addımdır. Dünyanın bir
çox inkişaf etmiş ölkələri bu modeldən
istifadə edir və uğurlu nəticələr əldə
edib. Zamanın tələbinə uyğun
olaraq Azərbaycan da elmin inkişafı məqsədilə
müasir çağırışlara adekvat addımlar
atır.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet
İsaxanlının dediyinə görə, Azərbaycan Milli
Elmlər Akademiyası ləğv olunmur, qalır, amma
balacalaşır və dəyişir. Təbiət elmləri və dəqiq
elmlər üzrə olan bütün institutlar Təhsil
Nazirliyinə verilib: "Dünyada da bu proses eynidir. Keçmiş Sovet İttifaqında, Ukraynada,
Gürcüstanda və Qazaxıstanda da bu nazirlik Elm və Təhsil
Nazirliyi adlanır. Bu, görülməmiş
bir şey deyil. Avropa ölkələrində də -
Almaniyada, Fransada və başqa ölkələrdə də
eyni vəziyyət
mövcuddur. Ona görə də buna
uyğun adlandırılıb".
Hamlet
İsaxanlı deyir ki, Ədəbiyyat, Tarix, Fəlsəfə,
Hüquq və digər humanitar sahələrə aid institutlar
AMEA-nın adı altında saxlanılır: "AMEA
qalır, sadəcə fəaliyyət sahəsi məhdudlaşır.
Eyni zamanda, bu qurumda reformlar həyata keçiriləcək.
O cümlədən, AMEA rəhbərliyinin təklifləri
gözlənilir. Təbii ki, keyfiyyəti
artırmaq üçün kiçilmə məsələləri
olacaq. Elm və təhsil bir-birinə
bağlıdırlar. Birini o birindən
ayırmaq olmaz. Çünki elm
olmalıdır ki, orada yüksək təhsil olsun. Elmin də yaranma yolu təhsildən keçir.
Ona görə onlar bir yerdə olmalıdır.
Amma bir yerdə olmaq nə deməkdir? Bu sualın cavabı addım-addım
aydınlaşacaq. Düşünürəm
ki, sonrakı məqamlarda elmi tədqiqat institutları dəyişərək
müəyyən elmi tədqiqata üstünlük verən
universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür".
Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın
müxbir üzvü, professor Musa Qasımlı bildirib ki,
Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq Elm və
Təhsil Nazirliyinin yaradılması, Azərbaycan Milli Elmlər
Akademiyasının ictimai və humanitar elm sahələri
institutlarından yenidən təşkil edilməsinin nəzərdə
tutulması ölkəmizdə bütün sahələrdə
uğurla aparılan geniş və dərin islahatların tərkib
hissəsidir: "Zərurətdən və obyektiv səbəblərdən
verilən, elmimizin idarəedilməsinin təşkilinin səmərəli
qurulmasına, qarşısında dayanan vəzifələrin
müasir tələblərə uyğun yerinə yetirilməsinə
yönələn, ölkəmizin ümumi inkişafına
faydanı nəzərdə tutan bu Fərman mahiyyətcə
inqilabi, məzmunca əhatəli, məqsədlərinə
görə isə stratejidir. Azərbaycan elminin
simasını dəyişməyi, səviyyəsini yüksəltməyi
və dünyada özünəməxsus yer almasını nəzərdə
tutan bu Fərman böyük tarixi əhəmiyyət
daşıyır".
M.Qasımlının
sözlərinə əsasən, Fərmanın uğurla icra
edilməsi nəticəsində ölkəmizdə elm və təhsilin
inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların
nailiyyətləri universitet auditoriyalarına daha tez daxil
olacaq, istehsalata tətbiqi sürətlənəcək:
"Elm yedəkdə sürünməyəcək, ölkəmizin
ümumi inkişafına kömək edəcək. Gənclər elmə həvəslə gələcək,
nəsillər arasında üzvi əlaqə, təbii varislik
təmin ediləcək. Dövlətimiz
üçün ən vacib olan elmi-tədqiqat işlərinin
qısa, orta və uzunmüddətli sistemli
planlaşdırılması həyata keçiriləcək,
dünya səviyyəsinə çıxa biləcək
araşdırmalar aparılacaq. Universitet təhsilimizin
keyfiyyəti yaxşılaşacaq. Prezidentimiz
nitqlərində daim vurğulayır ki, ölkəmizin
inkişafı qabaqcıl elm, təhsil və yeni
texnologiyalardadır. Əslində elmimizin
tarixində yeni mərhələ başlanır. Görüləcək işlər xeyli çox,
ağır və məsuliyyətlidir. İndi
hər şey icraçılardan, bu işə məsul şəxslərdən
asılıdır".
Təhsil
eksperti Nadir İsrafilov deyib ki, belə bir addımın
atılması gözlənilən idi: "Neçə illərdən
bəri "təhsilsiz elm, elmsiz təhsil ola
bilməz" deyirdik, ancaq bu ideyanın
reallaşdırılması istiqamətində konkret
addımlar atılmırdı. Bu müddəa bəziləri
tərəfindən birmənalı şəkildə qəbul
edilirdi. Amma bir çoxları onun
reallaşmaması, inkişafın kompleks aparılmaması,
elmin təhsilə verdiyi töhfənin hələ ki
lazımi nəticə verməməsi, bu məqsədlərə
ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə,
elmə ayrılan vəsaitlərin səmərəli istifadə
olunmamasından hər hansı bir nəticənin əldə
edilməməsi qənaətində idilər. Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi
üçün konsepsiyanın olmadığını
vurğulayanlar da var idi. Bu gün dünya
iqtisadiyyatı elmi biliklərə söykənən
inkişaf xətti götürdüyündən ölkələrin
təhsil sistemlərindən də məhz bu tələblərə
cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə
cavab verən mexanizmlərin deyil, bütövlükdə,
qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin
hazırlanması tələb olunur. Bütün
inkişaf etmiş ölkələrdə təhsilin
informasiyalaşdırılması, elmlə təhsilin sintezi
istiqamətində sistemli şəkildə bir neçə mərhələdə
islahatlar aparılır. İnkişaf etməkdə
olan ölkələrdə bu cür islahatlar davam etdirilir.
Digər tərəfdən, "Hər il
dövlət büdcəsindən elmə ayrılan müəyyən
vəsaitlər müqabilində Azərbaycan alimlərinin son
20-30 ildə çoxlarının yadında qala biləcək
bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə
verəcək bir yeniliyi olubmu?" sualını qoyanlar da
olub. Hətta alimlərin əksəriyyətinin
universitetlərdə cəmləşdiklərini əsas gətirərək
AMEA-nın ləğv edilməsi əvəzində Təhsil
Nazirliyinin yenidən formalaşdırılaraq, bir çox
ölkələrdə olduğu kimi, Elm və Təhsil
Nazirliyinə çevrilməsi təklifi ilə
çıxış edənlər də az olmayıb".
Ekspert
bildirib ki, idarəetmənin daha effektiv işləməsi
üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin
zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin
yaradılması, o cümlədən, AMEA, təhsil
sferasında olan bütün müəssisələrin, elmi təşkilatların
və məktəbəqədər təhsil müəssisələrinin
bu quruma həvalə edilməsi
çağırışları da zaman-zaman gündəmə
gəlib: "Sistemdə dəyişikliklərin olmaması və
yaxud vəzifəli şəxslərin uzun müddət
qalmasının o qədər də yaxşı nəticə
verməməsi, yeni kadrların isə yeni layihələrlə
işləməyə, etimadı doğrultmağa
çalışacaqları barədə mülahizələrdə
də müəyyən həqiqət var. Digər bir məsələ
də onunla şərtlənirdi ki, "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya" sənədi və 2013-cü ildə qəbul
edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın bəzi müddəaları belə
bir struktur dəyişikliyi aparılmasını labüd
edirdi. Yəqin, çoxları bilməmiş deyil ki, MDB məkanında
Azərbaycan, Türkmənistan, Tacikistan və Moldovanı
çıxmaqla, yerdə qalan ölkələrdə bu qurum
"Təhsil Nazirliyi" yox, "Elm və Təhsil
Nazirliyi" adlanır. Bir halda ki, bizim
universitetlərin əksəriyyəti Təhsil Nazirliyinin
tabeçiliyindədir və onların nəzdində elmi-tədqiqat
mərkəzləri (institutlar və laboratoriyalar) fəaliyyət
göstərir, onda bu qurumu "Təhsil Nazirliyi"
adlandırmağa heç lüzum da qalmır. Digər tərəfdən, həmin universitetlərin
öz elmi şuraları, magistraturaları, doktoranturaları
da var və bu təsisatlar təhsildən daha çox, elmə
yaxındır. Hesab edirəm ki, yeni yaradılacaq qurum
uşaq bağçalarının, universitetlərin
özünə tabeliyini gücləndirməklə, təhsil
pillələri arasında vahidlik, ardıcıllıq, varislik
prinsiplərinin qorunmasını təmin edəcək,
nazirliyin yanında yaradılan Elm və Ali Təhsil üzrə
Dövlət Agentliyi, Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyi vasitəsilə
elm və təhsil sahəsində dövlət siyasətinin və
tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə
və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi
və istiqamətləndirilməsində idarəetmənin tənzimləmə
və əlaqələndirmə funksiyalarının işlək
hala gətirilməsinin mobilliyini və çevikliyini təmin
edəcək. O ki qaldı yeni yaradılan Elm və Təhsil
Nazirliyinin Azərbaycan elminin və təhsilinin
inkişafına hansı töhfələri verəcəyi məsələsinə,
bu, artıq zamana bağlı məsələdir".
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı son illər bu sahədə aparılan ardıcıl islahatların davamıdır. Fərmanla Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, AMEA-nın bir sıra elmi müəssisə və qurumlarının bu nazirliyin tabeliyinə verilməsi həmin sahələrin yeni dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinə, elmimizin və təhsilimizin qarşılıqlı əlaqəli şəkildə daha sürətlə inkişaf etdirilməsinə stimul verəcək: "Elmimizə böyük diqqət və qayğı göstərən, Azərbaycan aliminin cəmiyyətin inkişafındakı roluna yüksək dəyər verən Prezident həyata keçirdiyi struktur islahatları ilə Azərbaycan elminə ikinci həyat verdi. Ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru ilə bağlı institutların AMEA-nın tərkibində saxlanılması Azərbaycan Prezidentinin həm bu sahələrə, həm də bütövlükdə AMEA-ya verdiyi yüksək dəyərin nəticəsidir. AMEA-nın tərkibində fəaliyyət göstərəcək institutlar mühüm əhəmiyyətli elm sahələri ilə məşğuldur. Bu institutlarda vətənimizin qədim və müasir tarixi, arxeologiyası, etnoqrafiyası, antropologiyası, folkloru, ədəbiyyatı öyrənilir. Prezident bu sahələrin strateji əhəmiyyətini nəzərə alaraq, həmin institutları məhz Azərbaycanın əsas elmi mərkəzinin tərkibində saxlayıb. Elm sahəsində aparılan islahatlar bu hədəflərə çatmaq üçün bizə əlavə stimul verəcək. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan xalqı bu gün aparılan islahatların bəhrəsini görəcək, elm adamlarımız mühüm nailiyyətlər qazanaraq ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 3 avqust.- S.6.