Qaçış
Rusiyanı hər ay təxminən
150-200 min nəfər insan
tərk edir. Əgər bu
vəziyyət dəyişməsə,
ilin sonuna qədər Rusiya iki milyon vətəndaşını
itirəcək. Ukraynaya qarşı
müharibənin ilk aylarında
rusiyalılar ölkələrini
müvəqqəti tərk
edirdilərsə, indi
onların əksəriyyəti
vətənlərindən birdəfəlik
gedirlər. Ekspertlər bunun
Qərblə qarşıdurmanın
uzun illər (hətta onilliklər) davam edə biləcəyi qənaətinin
yaranması ilə izah edirlər. Avropa sivilizasiyasına aid edilən
ruslar Qərbdən təcrid olunmuş, Şərqə yönəlmiş
bir ölkədə yaşamaq istəmirlər.
Rusiyanı tərk edənlər
özləri üçün
perspektiv və parlaq gələcək görmədikləri üçün
ölkələrindən qaçırlar.
Rusiyanı tərk edənlərin çoxu gənclərdir. Orta təbəqənin
nümayəndələri, yaradıcı ziyalılar
və İnformasiya Texnologiyaları mütəxəssisləri
də Rusiyadan gedənlər arasında üstünlük təşkil
edirlər. Bu təbəqənin təmsilçilərinə
Qərb ölkələrində
böyük tələbat
olduğu üçün
onlar vətənlərini
tərk etdikləri üçün çətinliklə
üzləşmirlər.
Belə aydın olur ki, Rusiyadan qaçanlar
Putinin vəd etdiyi "cənnət"ə
də getmək istəmirlər. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Qərblə nüvə müharibəsi ehtimalından
bəhs edərkən,
Qərb ölkələrinin
əhalisinin tövbə
etməyə vaxt tapmayacağını, rusiyalıların
isə "cənnət"ə
düşəcəyini vəd
etmişdi. İndi belə görünür
ki, hər ay Rusiyanı tərk edən 150-200 min nəfər
insan Putinin vəd etdiyi cənnətə getmək
istəmir. Rusiyanın əhali
itkisini Mərkəzi Asiyadan olan miqrantlar
və Ukraynadan məcburi köçürülənlər
hesabına əvəzləmək
də mümkün deyil.
Artıq rəsmi qurumlar da yaranmış vəziyyətin ağırlığını
etiraf edirlər. Federal Dövlət Statistika Xidməti (Rosstat) etiraf etməyə məcbur olub ki, başqa ölkələrdən gələnlərin
axını rusların
sayının azalmasını
artıq kompensasiya etmir. Statistika Xidmətinin "senzura"dan keçən
məlumatına görə,
2021-ci ilin birinci rübündə Rusiyanı
tərk edənlərin
sayı 100 min nəfərə
yaxın olduğu halda 2022-ci ilin birinci rübündə bu göstərici 200 min nəfəri keçib.
Rusiya Federasiyasına xarici işçi qüvvəsinin
axını, əksinə,
kəskin şəkildə
azalıb. Ekspertlərin
hesablamalarına görə,
2022-ci ilin sonuna kimi Rusiyanın əhalisi 2021-ci ilin sonuna nisbətən ən azı 1,3 milyon nəfər
azalaraq 144,2 milyon nəfər təşkil edəcək. Əgər işğal olunmuş Krımın əhalisi - 2,5 milyon insan
nəzərə alınmasa,
Rusiyanın özünün
əhalisi 141,7 milyon nəfərə qədər
azalacaq.
Rusiya hakimiyyətinin
bəzi tənqidçiləri
isə Federal Dövlət
Statistika Xidmətinin məlumatlarının şişirdildiyini
bildirirlər. Məsələn, tanınmış blogerlərdən biri olan sahibkar Dmitri Potapenko 2019-cu ildə özünün yutub kanalında Rusiyanın daimi əhalisinin real sayının 140 milyon nəfərdən aşağı
düşdüyünü dəfələrlə bəyan
edib. Onun dəlillər əsasında
söylədiyi fikirlər
rəsmi qurumlar tərəfindən təkzib
edilməyib.
Ekspertlər qeyd edirlər ki, Rusiyanın əhalisi artıq bir neçə il ardıcıl
olaraq sürətlə
azalır. Bu ilin
əvvəllərindən başlayan
güclü axın isə əsl fəlakət kimi dəyərləndirilir. Amma bu vəziyyət daha da pisləşə bilər. Ekspertlər Ukraynaya qarşı
müharibədə ciddi
uğur qazana bilməyən Putin hakimiyyətinin
döyüş meydanında
vəziyyəti dəyişmək
üçün ümumi
səfərbərlik edəcəyini,
bunun isə ölkədən insan axınını daha da sürətləndirəcəyini
güman edirlər.
Qeyd edək ki, Sovet İttifaqında keçirilən son siyahıyaalmada, 1989-cu ildə o zamankı Rusiya Federasiyasının daimi əhalisi 147,4 milyon nəfər təşkil edirdi. SSRİ-də keçirilən son siyahıyalmadan 33 il və Rusiyanın ərazisinin Krımın işğalı hesabına genişlənməsindən sonra Rusiyanın əhalisinin sayı 1989-cu ildəkindən azdır. Bu isə iqtisadiyyatın deqradasiyasına səbəb olur.
Enerji daşıyıcıların qiymətlərinin yüksək olması hələlik iqtisadiyyatdakı deqredasiyanın aşkar görünməsinə imkan vermir. Neftin bahalı olması hələlik Rusiyanı xilas edir. Ancaq bu, uzun müddət davam edə bilməz. Bir neçə gün öncə Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiya paketini tətbiq etdi. Sayca yeddinci olan paketə Rusiyadan qızıl idxalına qadağa və ölkənin aparıcı bankı olan "Sberbank"ın aktivlərinin dondurulması daxildir. Rusiya dünyanın ikinci ən böyük qızıl hasilatçısıdır. Qızıl ixracı Moskva üçün əhəmiyyətli gəlir mənbəyidir. Xüsusilə qlobal maliyyə sistemi ilə əməliyyat aparmaq baxımından qızıl ixracatı Rusiya üçün çox önəmlidir. İyun ayında qəbul edilən əvvəlki - altıncı paketdə isə Rusiyadan neft idxalının məhdudlaşdırılması yer almışdı. Avqustun ilk günündənsə Rusiyadan daş kömür idxalı dayandırılıb. Rusiya iqtisadiyyatından xarici sərmayənin qaçışı, xarici şirkətlərin ölkəni tərk etməsi və sanksiyaların nəticələrinin hər ötən gün ağırlaşması Rusiyadan insanların qaçışını da sürətləndirəcək. Sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyatı həqiqətən çökməyə başlayıb. Rusiyanın avtomobil sektorunda bu ilin may ayında istehsal 2021-ci illə müqayisədə 97 faiz azalıb. İstehsal edilən avtomobillər isə müasir tələblərə cavab vermir. Çünki rus istehsalçılarının istehsal etdiyi avtomobildə təhlükəsizlik yastıqları və avtomatik ötürücü qutusu olmayacaq. Avtomobil sənayesinin göstəriciləri sanksiyaların təsirini müəyyən etmək baxımından çox önəmlidir. Belə vəziyyət isə rihafa can atan rusiyalıları qane edə bilməz və onlar yaranmış vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görürlər.
Ukraynaya qarşı müharibədə uğursuzluq isə hətta nəzəri inkişaf ehtimalların da üstündən xətt çəkir. Ukraynaya hərb meydanında qalib gələ bilməyən, məğlubiyyəti isə təsəvvür belə edilməyən Rusiyada hakimiyyətinın yaranmış vəziyyətdən "kütləvi şəkildə cənnətə düşmək"lə çıxmaq istəyi yarana bilər. Rusiya əhalisi isə Putinin vəd etdiyi "cənnət"ə getmək istəmir və buna görə kütləvi şəkildə sürətlə ölkələrini tərk edirlər.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 3 avqust.- S.5.