Milli Yaylaq
Festivalında görülən işin çəkisi
haqsız fikirlərdən qat-qat ağırdır"
Güllü Yoloğlu: "Birliyə ehtiyacı olan
türk dünyasını birləşdirmək cəhdi milli
yaylaq festivalının əsas özəlliyidir"
Bildiyiniz kimi, 29-31 iyul tarixlərində Xan yaylağında keçirilmiş
II Milli Yaylaq Festivalı barədə
son günlər sosial
şəbəkələrdə qızğın müzakirələr
gedir. Görüntülərdən məlum olur
ki, festival iştirakçı
sıxlığı ilə
müşahidə olunub.
Silsilə müsbət təəssüratlarla
yanaşı, narazılıqların
da şahidi olduq. Müxtəlif arqumentlər səsləndirilsə
də, təkzib edilən fikirlər də az
olmadı. Cavad xan Tarix və
Mədəniyyət fondunun
təşkilatçılığı, Mədəniyyət, Gənclər
və İdman, Kənd Təsərrüfatı
nazirliklərinin, Turizm
Agentliyinin, KOBİA, Gəncə
şəhər və
Göygöl rayon İcra
Hakimiyyətlərinin rəsmi
dəstəyi ilə təşkil edilmiş Milli Yaylaq festivalında
mədəniyyət işçiləri,
jurnalistlər, elm xadimləri
və digər tanınmış şəxslər
də iştirak ediblər. Onların sırasında türkoloq-alim,
professor Güllü Yoloğlu da var idi. Eşidəndə ki, o, Milli Yaylaq
Festivalının Təşkilat
Komitəsinin üzvüdür,
qərara gəldik ki, Güllü xanımla həmsöhbət
olaq.
- Güllü xanım, insanların axın elədiyi və artıq ikinci dəfədir ki, baş tutan Milli Yaylaq Festivalının
mahiyyəti nədədir,
bu, xalqımıza hansı mədəniyyəti,
ənənələri aşılayır?
- Bildiyiniz kimi, I Milli Yaylaq Festivalı
Gədəbəyin Miskinli
yaylağında olmuşdu.
Sonra pandemiyaya, müharibəyə
görə arada fasilə yarandı. Nəhayət, bu il Xan yaylağında II Yaylaq Festivalı gerçəkləşdirildi.
Birliyə ehtiyacı olan türk dünyasını
birləşdirmək cəhdi
Milli Yaylaq festivalının əsas özəlliyidir. Bundan əlavə, burada
tək türk xalqlarının deyil, Azərbaycanda yaşayan ayrı-ayrı xalqların
nümayəndələrini də birləşdirmək
festivalın məqsədlərindən
biridir. Üstəlik,
40-dan artıq ölkənin
nümayəndəsi burada
iştirak edirdi: Hindistan, İran, Macarıstan, İtaliya, Monqolustan, Qırğızıstan
və s.
Bu festival bizim keçmiş
yaylaq ənənəmizi
yaşadır. İnsan gərək keçmişindən
qorxmasın, keçmişini
bilməyən gələcəyini
qura bilməz. Bura çox maraqlıdır: at yarışları,
yurdlarımız, çadırlarımız,
insanların mədəniyyəti...
Bu, birinci növbədə,
bizim keçmişimizə,
dədə-babalarımızın yaylaq mədəniyyətinə
hörmətdir.
- Milli Yaylaq Festivalından hansı təəssüratlarla ayrıldınız?
- Baxıram dağlara, ağaclara, yaşıl rəngin neçə cür tonu olarmış?!
Çox
gözəl təəssüratlarım
var. İstəyirik, Yaylaq
festivalı davam etsin. Neçə aydır, bu
yerlərə gəlib-gedirəm.
Təsəvvür edin, əsas
çadırın qurulduğu
yer təpə idi. O təpənin üstünü dümdüz
eləmək nə qədər əziyyətli
iş idi. Etnoqəsəbə çox gözəl
idi. Dronla çəkilişlərdən gördüyünüz kimi,
aypara, səkkizguşəli
ulduz, qədim türk əlifbasının
hərfləri formasında
qurulan talvarlar, Xan çadırı və s. çox möhtəşəm idi.
Müxtəlif yerlərdən sənətkarlar
gəlmişdilər, öz
sənət işlərini
satışa çıxarmışdılar.
Yaxud, təsərrüfatçılar öz məhsullarını
satmağa gətirmişdilər.
Könüllülərin də əməyini
xüsusi qiymətləndirmək
lazımdır.
- Təşkilati komitədə
olduğunuzu öyrəndik.
Öncə bu sual hamını maraqlandırır: Açılış
niyə bu qədər yubanıb?
- Açılış yubanmayıb,
rəsmilərlə müzakirədən
sonra həmin vaxta təyin olunub. Yaxın ərazilərdəki insanlar bura qalxmağa
çətinlik çəkdikləri
halda, Bakıdan, başqa ölkələrdən
gələnlər üçün
görün nə qədər çətindir.
Axı rəsmilər mənim kimi ayın 27-dən bura gəlməyiblər, onların da öz işləri var. Onların gəlmə vaxtı da nəzərə
alınmışdı. Hər şey düşünülmüş
qaydada təşkil edilmişdi.
- Ümumiyyətlə, məmnun
qalan iştirakçılarla
bərabər, şikayətlənən
xeyli adam
var. Yəqin ki, sosial şəbəkələrdən
izləyirsiniz, arqumentlərlə
tanış olmusunuz. Bu narazılıqların səbəbi nədir?
Sizcə,
onların haqlı olduğu məqamlar varmı?
- Birinci dəfədir ki, infrastrukturu olmayan bir yerdə
bütün bunları
yaratmaq nə qədər çətindir,
əvvəlcə bunu
düşünmək lazımdır.
Burada müxtəlif tərəfdaş
təşkilatlar olub,
hərə bir söz verib, təbii ki, hər birinin maraqları olub. Amma vaxta az qalmış bəzi təşkilatlar geri çəkilib, bəziləri işə məsuliyyətsiz yanaşıblar,
bəziləri, əksinə,
daha çox can yandırıb. Bunlar normal haldır. Şəxsən mən özüm
yaylağa gəlmişəm,
buranın şəraitini
əvvəlcədən bilmirdim
deyə, əl yükündə kifayət
qədər artıq şey var. Yaxud elə şey var ki, lazımdır,
amma gətirməmişəm.
Bu, mənim üçün
təcrübədir. Mən sonrakı
səfər daha hazırlıqlı olacağam.
O qədər insan axınını gözləmirdik.
Görünür, pandemiya insanları
müəyyən qədər
gəzintiyə "ac" saxlayıbmış. Ümumi tərəziyə
qoyulanda Milli Yaylaq Festivalında görülən işin çəkisi haqsız fikirlərdən qat-qat ağırdır.
Bura, demək olar ki, yol yox idi. Yollar nisbətən düzəldildi. Təbii ki, birdən-birə asfalt olmayacaq. Yollarda problemi yaradan da öz vətəndaşlarımız idi. Şikayət eləyən bəzi insanların etika, təmizlik baxımından özlərini yaxşı aparmadıqlarına şahid olmuşam. Bizim də deyəcək sözlərimiz çoxdur. Bu qədər işi danmaq nə dərəcədə ədalətlidir? Biri deyir ki, yağışı niyə qoydular yağmağa... Sovet dövründə parad olanda topla buludları dağıdırdılar. Burda top atıb bulud dağıtmaq olar? Kəlbəcərə yaxın yerdir. Məntiqsiz fikirlərə məəttəl qalırsan.
Sosial şəbəkələrdə yazırlar ki, ayaqyoludan istifadə 1 manat idi. Xeyr, elə deyil, mən 5 gündür burdayam, qəti elə bir şey yoxdur. Deyirlər, ayaqyolular qamışdan hazırlanıb, yalandır. Çoxlu sayda konteynerlər gətizdirilib, sadəcə kənarları çöldən qamışdan hörülüb, amma içi səliqəli və müasir standartlara uyğundur. Daha sonra deyirlər ki, insanlar burada taxtaların üstündə otururlar. Birincisi, mağar toylarında da taxtaları düzürlər, hamı onun üzərində oturur. İkincisi, burada kifayət qədər stul var. İnsanların sayı azaldığından stulların bir qismini yığışdırırlar. Mən sübut kimi onların şəkillərini çəkmişəm. Bilirsiz, gərək, burada olanlar danışmasınlar, olanlar da yaxşı şeyləri görməyə çalışsınlar. Məsələn, indi səhər oyanmışıq, çox adam evinə qayıdır deyə, çadırlarındakı zibilləri topalayıb çölə yığırlar. Kimsə gəlib bu zibillərin şəklini çəkib paylaşacaq ki, Milli Yaylaq Festivalında zibilliyə baxın. Bu, qərəzli münasibətdir. Mən bilirəm ki, maşın gələcək, bunları yığıb aparacaq. Gəlib yaylaqda kombi, kondisioner axtarmaq söz tapa bilməyib danışmaq istəyən insanların işidir.
- Növbəti Yaylaq Festivalı ilə bağlı məlumatınız varmı?
- Yaylaq festivalının keçirilməsinin ideya müəllifi Cavad xan Mədəniyyət və Tarix fondunun I vitse-prezidenti Müzadil Həsənovdur. Burda onu bir dəqiqə belə rəsmi geyimdə görə bilməzdiniz, lazım gəlsə, odun da daşıyıb, taxtanın da ucundan yapışıb, telefonu bir an susmur. Bizim bu cür insanlara çox ehtiyacımız var. Biz onları həvəsləndirməliyik, onların arxasınca getməliyik. Qeyri-obyektiv rəy vermək ədalətli deyil. Ona görə də, nə qədər belə insanlar var, maneələr olmasa, Milli Yaylaq Festivalı hər il davam edəcək.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 4 avqust.- S.5.