İşəgötürənlərin tələbi
ilə peşə məktəblərində yeni
ixtisaslar yaradılıb
Avqustun
1-dən etibarən 2022-2023-cü tədris ili
üzrə peşə
təhsil müəssisələrinə
tələbə qəbulu
başlayıb. Peşə təhsili
almaq istəyən şəxslər avqustun
1-dən "portal.edu.az" platformasında
qeydiyyatdan keçməklə
"Peşə təhsili
müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət
göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün
açıqdır. 2022-2023-cü tədris ili
üzrə tələbə
qəbulu 66 peşə
təhsil müəssisəsində
127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq. Sənəd qəbulu avqustun 12-də saat 18:00-da başa çatacaq.
Qeydiyyatdan keçmiş müraciətçilərin
elektron ərizələrindəki
məlumatların doğruluğu
yoxlanıldıqdan sonra
iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul
ərizəçinin attestatında
göstərilən müvafiq
fənlər üzrə
qiymətlərinin orta
balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində
iştirak edən hər bir şəxsə
maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin
nəticələri barədə
məlumatın "şəxsi
kabinetim" bölümündə
yerləşdirilməsi və
həmçinin, SMS vasitəsilə
də təqdim edilməsi nəzərdə
tutulur. Müsabiqədən uğurla keçən
namizədlər növbəti
mərhələdə qəbul
olduqları müəssisəyə
sənədlərinin əslini
təqdim edilməsi üçün dəvət
olunacaqlar.
Peşə Təhsili üzrə
Dövlət Agentliyinin
direktor müavini, direktor vəzifələrini
müvəqqəti icra
edən Ceyhun Kərəmov deyib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi
və məzmununun artırılması üzrə
bir çox işlər həyata keçirilib. 2026-cı ilin sonuna kimi
peşə təhsilinə
gələnlərin sayının
11 minə qədər
artacağı gözlənilir.
C.Kərəmov bildirib
ki, bu da
hazırkı qəbulla
müqayisədə 50 faiz
artım deməkdir:
"Peşə təhsilinə
gələnlərin 45 faizi
Bakıda yerləşən
peşə məktəblərinin,
qalan faizləri isə rayonlardakı məktəblərinin payına
düşür. Builki qəbul
planı 10 faiz artıb".
Onun dediyinə görə, bu il
ilk dəfə peşə
təhsili üzrə
axşam qruplarına qəbul həyata keçiriləcək. Həmin
qruplara 920 plan yeri ayırılıb: "Peşə
təhsili üzrə
yeni ixtisaslar da var, bu
il üçün 5 yeni ixtisasa qəbul
aparılacaq. Yeni ixtisaslar
bazarın tələblərinə
uyğun olaraq informasiya, kommunikasiya istiqamətlərində olacaq".
Ceyhun Kərəmov peşə təhsili üzrə ən çox plan yeri ayrılan ixtisasları açıqlayıb. Bu ixtisaslar aşpaz, əməliyyatçı,
mühasib, elektrik avadanlıqları üzrə
texnik və tikinti sahələri üzrədir: "Bir neçə ixtisas işəgötürənlərin tələbi əsasında
yaradılıb".
O qeyd edib, gələn
il Lənkəranda
peşə məktəbi
açılacaq. 2026-cı ilə qədər 8 yeni peşə təhsil mərkəzinin yaradılması nəzərdə
tutulub: "Növbəti
illərdə Sumqayıtda
sənaye və İT
yönümlü peşə
təhsil mərkəzinin
yaradılması planlaşdırılır".
Ceyhun Kərəmovun sözlərinə
əsasən, 20 il sonra əmək bazarında hansı peşələrin
qalacağını, hansı
ixtisaslara ehtiyac yaranacağını təxmin
etmək elə də asan deyil.
Ona görə də elə dinamik sistem qurulmalıdır ki, tələblərə
uyğun daim dəyişə bilsin; yəni dəyişməyə
daim hazır olan bir peşə
təhsil sistemi olsun.
Ümumən, ölkəmizdə peşə
təhsili müəssisələrinin
sayı nə qədər olmalıdır
və onların hamısında ən müasir emalatxanalara ehtiyac varmı? Məlum məsələdir
ki, sənaye çox sürətlə
inkişaf edir və peşə təhsil müəssisələri
prosesə uyğun dəyişməlidir. Onda
başqa bir sual ortaya çıxır:
bu dəyişikliyə
onların hamısının
imkanı olacaqmı? Ümumiyyətlə, bazarda mütəmadi
olaraq yenilənən texnologiyanı peşə
təhsil müəssisəsinin
öz emalatxanasında
təmin etməyinə
ehtiyac varmı? Düşünəndə görürük ki, heç də həmişə bunu əsaslandırmaq olmur. Çünki işəgötürən onsuz da yeni
texnologiyalar tətbiq edir. Peşə təhsil müəssisələri
lazımi səviyyədə
sosial tərəfdaşlıq
əlaqələri qurarsa,
bütün məktəblərdə
eyni emalatxanalar qurulmasına ehtiyac olmaya bilər; çünki istehsalat təcrübəsi və ya usta yanında
şagird modellərindən
istifadə etməklə
təhsilin praktiki komponentini iş yerlərində əldə
etmək olar.
Rasionallaşdırma və optimallaşdırma
prosesinin nəticəsidir
ki, peşə təhsili müəssisələri
publik hüquqi şəxs statusu əldə edir. Artıq 7 belə
müəssisə var. Onların
sayının daha artıq olacağı gözlənilir. Peşə təhsili
müəssisələri bu
statusla bərabər,
üzərinə böyük
məsuliyyət götürür.
Yeni fəaliyyətlər müəyyənləşdirib,
həmin fəaliyyətlər
üzrə xidmət göstərib, yeni vəsait gətirməli, həmin vəsaiti isə peşə təhsilinin əsas inkişaf istiqamətlərinə
yönləndirməlidirlər. Ona görə də publik hüquqi şəxsə çevrilərkən
peşə təhsil müəssisəsinin işəgötürənlərlə
qurduğu əməkdaşlıq,
tələbə qəbulu,
maliyyələşməsi, tanıtımı, fəaliyyət
göstərdiyi ərazidə
oynadığı rolu
xüsusilə əhəmiyyət
kəsb edən məqamlardandır. Publik
hüquqi şəxs olmaq, ilk növbədə
imkan verəcək ki, müəssisə öz ətrafında olan şirkətlərlə
əməkdaşlığını genişləndirsin: "Müəssisələrimiz
ixtisas vermək, ixtisas artırmaq, əlavə bacarıqlar əldə etmək kimi başqa bir çox xidmətləri boynuna götürə bilər.
Bu məqsədlə kurslar təşkil edər, qısamüddətli
təlimlər keçirər,
yeri gələndə
sifariş qəbul edib hər hansı
sahə üzrə müxtəlif səviyyəli
layihələri gerçəkləşdirə
bilər. Bütün bunlar
zamanın tələbindən
irəli gələn vəzifələrdir. Məsələn, texnologiyanın sürətli
inkişaf etdiyi bir zamanda hər
hansı şəxs ixtisasını bir neçə dəfə dəyişə, yeni bacarıqlara ehtiyac hiss edə bilər. Bu ehtiyacı məhz
peşə təhsil müəssisələri ödəyəcək.
Həm məzmun, həm tədris baxımından peşə məktəblərində
bu imkan olmalıdır. Publik hüquqi
şəxs statusu verilən müəssisələr
bu tələbatı ödəmək üçün
çox güclü alət sayılır.
Həmin
təhsil müəssisələrimizin
maliyyə azadlığı
təmin etmələri
üçün uzunmüddətli
strateji yanaşmaları
olmalıdır. Fəaliyyəti elə qurmalıdır ki, işəgötürənlər
onlarla işləməkdə
maraqlı olsun".
C.Kərəmov bildirib ki, işəgötürənlərlə
əməkdaşlıq əsas
fəaliyyət istiqamətlərindən
biridir. İşəgötürənlərin
peşə təhsilinin
təşkili və tədrisində, həm də müəssisələrin
idarəetməsində iştirakı
mümkündür: "Hesab
edirik ki, onların tələblərinə
nə qədər düzgün cavab versək, məhsulumuzun, yəni verdiyimiz təhsil və tədrisin keyfiyyəti bir o qədər artacaq. Bir çox müəssisələrimizdə
idarəetmə və
ya himayədarlar şuralarının yaradılması
istiqamətində çalışırıq.
Təhsil Nazirliyi və
başqa əlaqədar
qurumların da təmsil olunacağı həmin şuraların təhsil müəssisələrimizdə
istər hesabatlılıq
baxımından olsun,
istərsə də uzunmüddətli strateji hədəflərin müəyyənləşməsində,
həmçinin, idarəetmənin
təkmilləşməsində mühüm rol oynayacağına inanırıq.
Publik hüquqi şəxs statusu əldə edən təhsil müəssisələrimizdən başlayaraq mümkün olan müəssisələrimizin
hamısında belə
bir fəaliyyətin olmağını arzulayırıq.
Ancaq təbii ki, bu, həm də
işəgötürənlərin təhsil müəssisələrinin
işində iştirakda
maraqlı olmağından
da asılıdır.
Model olmadığından hələlik bu fikrin üzərində işləyirik. Burada nə
istədiyimizdən çox,
reallıqlar əhəmiyyətlidir.
Çünki bilmirik ki, əmək bazarı bütün peşə təhsil müəssisələrinin
idarəetməsində iştirak
etmək istəyirmi?
Yəni fikrin reallaşması üçün
bir araya gəlməli olan tərəflər və uzun bir proses
var. Ancaq bu yol qısalmalıdır. Çünki əmək bazarı
ilə sıx əlaqə olmadan peşə təhsilinin uzun müddətdə uğuru qeyri-mümkündür".
Qeyd edək ki, "Peşə təhsili haqqında" qanuna edilən dəyişikliyə əsasən, peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Bu da gənclərə təhsillərini növbəti pillədə davam etdirmək, ali təhsil almaq imkanı yaradacaq. Peşə təhsili müəssisəsindən ali məktəbə keçid üçün bir tramplin rolunu oynayacaq. "Peşə təhsili haqqında" qanuna edilən dəyişiklik gənclərin peşə təhsilinə, peşə məktəblərinə marağının artırılması istiqamətində atılam çox mühüm bir addımdır. Eyni zamanda bu təhsilalanların təcrübələrinin artması və peşəkar şəxs kimi formalaşmalarına təkan verəcək.
Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, "Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişikliklər bir sıra amillərlə şərtlənir və bu təkliflərin reallaşması ilk növbədə peşə təhsilinin zamanın tələbinə çevrilməsi ilə əlaqədar olub, daha çox stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir: "Ən başlıcası isə bunu ali təhsilin hamı üçün əlçatan olması kursunun reallaşdırılmasında yeni mərhələ kimi qiymətləndirmək olar. Ümid edək ki, dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun da verilməsi eyni zamanda kadr hazırlığının keyfiyyətinin daha da yaxşılaşdırılmasına nəzərəçarpacaq təsirini göstərəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 4 avqust.- S.7.