Şuşanın hüzurunda...
Səhər saat yeddinin yarısında Heydər
Əliyev Sarayının qarşısına çatanda ətrafda
xeyli insanın olduğunu görürəm - həmkarlarımız,
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları
və Diaspor Gənclərinin III Yay Düşərgəsinin
iştirakçıları. Səfərimiz
Şuşayadır. Diaspor Gənclərinin
III Yay Düşərgəsinin
açılışını işıqlandırmaq
üçün media nümayəndələri də dəvət
olunublar.
Uzaqdan tanınmış hərbi ekspert Ədalət
Verdiyevi görürəm. Yaxınlaşıb
görüşürəm. Məlum olur
ki, qızını düşərgəyə yola salmağa
gəlib. Fürsətdən istifadə
edib Ədalət müəllimlə ayaqüstü söhbət
edirəm. Ermənistanın davam edən təxribatları
ilə bağlı fikirlərini öyrənirəm. Özünəxas inamla "Yaxşı olacaq"
deyir. Əminəm ki, indi nəinki ətrafdakı
insanlar, bütün azərbaycanlılar, o cümlədən,
diaspor təşkilatının üzvləri narahatdır.
Hər kəsin ürəyi hərbi
qulluqçularımızla döyünür.
Təqribən yarım saatdan sonra avtobuslara minib yola
düşürük. 5 avtobusuq.
Həyəcanlıyam. İlk dəfədir
Şuşada olacam. İndiyədək bu
şəhər haqqında ancaq eşitmişəm. Bəzən də, söz düşəndə
özüm danışmışam. Haralı
olduğum soruşulanda qürurla "Şuşalıyam"
demişəm və nisgili dilə gətirmişəm.
Şuşanın adını çəkəndə həmişə
qəlbimin dərinliyində qəribə sızıltı
hiss etmişəm. Həmin anlarda izaholumaz
duyğular keçirmişəm. Düşünmüşəm
ki, haçansa mütləq Azərbaycanın bu dilbər
guşəsini görəcəm. Amma nə
vaxt olacağını bilmirdim. Şükür olsun,
2020-ci ildə baş verən 44 günlük Vətən
müharibəsi nəticəsində digər ərazilərimiz
kimi, Şuşa da düşməndən
təmizləndi.
Şuşa daim mənim "sarı simlərimdən"
biri olub. Adını eşidəndə tutulmuş,
özümü doğmamdan ayrı qalan və bu həsrətin
bitməsi üçün hər şeyə hazır adamlar
kimi hiss etmişəm. Görünür, torpaqdan yetim
qalmaq belə olur...
...Bizim
avtobusda ancaq media nümayəndələridir. Jurnalistlər
gündəmi müzakirə edirlər: Rusiya ilə Ukrayna
arasındakı müharibədən Milli Yaylaq Festivalında
baş verənlərə, Tayvandakı gərginlikdən
sosial şəbəkələrdə dezinformasiyaların
artmasına qədər hər şeyi. Əlbəttə,
toqquşan fikirlər də olur, müzakirələr bəzən
mübahisəyə çevrilir, amma sonda ortaq məxrəc
tapılır.
Dialoqlardan belə məlum olur ki, bu, mənim kimi bəzi
həmkarlarımın da Şuşaya ilk səfəridir. Amma indiyədək şəhərdə
bir neçə dəfə olanlar da var. Danışırlar
ki, ora, həqiqətən, başqa bir məkandır:
havası da gözəldir, suyu da. Hətta
daş-torpağı da... Şuşanı görənlər
bu ezackar şəhər barədə danışdıqca Rəşad
Məcidin bu misralarını xatırlayıram:
Min şəhər
adı var dillərdə əzbər,
Adların
ən üstün adıdır Şuşa.
Musiqi
notudur cüt hecasıyla,
Dilimin
şəhdidir, dadıdır Şuşa.
Yoldaşlardan
biri sözünə davam edir: "...Ötən dəfə
Şuşaya gedəndə çıxmaq istəmirdim. Elə
gözəl idi ki... Özümü başqa aləmdə,
başqa dünyada hiss edirdim". Bu
sözləri eşitdikcə daha da səbirsizlənirəm.
Qarşıda isə uzun saatlar var...
...Gözümü
yumuram. Söhbətlərə qulaq-qulaq asa-asa bir az mürgüləməyə
çalışıram. Deyəsən,
alınır. Yuxuya gedə bilərəm.
Qəfil verilən sualla gözümü açıram. Jurnalistlərdən biri
yanındakı yoldaşından soruşur: "Xankəndiyə
nə vaxt gedirik?" O da cavab verir ki, ən qısa zamanda. Əlbəttə, Xankəndiyə də gedəcəyik.
Buna kimsənin şübhəsi yoxdur.
Xüsusilə 44 günlük Vətən müharibəsi, o
cümlədən, Şuşa zəfəri
Azərbaycan Ordusunun və diplomatiyasının nəyə
qadir olduğunu göstərdi.
...Yolumuza
davam edirik. Səfalı rayonlar bir-bir geridə
qalır. Söhbətlərimiz isə
bitmir. Jurnalist olan yerdə müzakirələr necə
başa çata bilər ki?..
Media
işçiləri arasında Qarabağın digər
torpaqlarından, o cümlədən, Ağdamdan olanlar da var.
Onlar da təsdiqləyirlər ki, Qarabağ üzükdürsə,
Şuşa onun qaşıdır.
Əvvəllər də Qarabağa bir neçə dəfə
gəlmişəm. Füzuli, Cəbrayıl, Zəngilanda olmuşam. Hər dəfə eyni yoldan - ermənilərin
vaxtı ilə tərifləməkdən
yorulmadığı "Ohanyan səddindən"
keçmişəm. İndi də həmin
yollarda irəliləyirik. Dağıdılmış
sədləri, yolun qırağındakı
dağıdılmış texnikaları gördükcə
növbəti dəfə qürur hiss keçirirəm. Savaşdan əvvəl erməni rəsmiləri
deyirdilər ki, bu, keçilməz səddir. Azərbaycan Ordusu isə cəmi 44 gün ərzində
nəyin nə cür olduğunu, necə deyərlər,
dünyanın neçə bucaq olduğunu qarşı tərəfə
başa saldı. Silahlı Qüvvələrimiz
göstərdi ki, bizim üçün mümkünsüz nəsə
yoxdur.
Çoxları kimi mən də telefonumu
çıxarıb, ətrafı çəkirəm. Səngərlər, məftilli
hasarlar, dağıdılmış texnikalar... Bu,
Azərbaycan əsgərinin 44 gün ərzində
gördüyü böyük işin əsas göstəricilərindən,
nəticələrindən biridir.
Yolboyu "Ohanyan səddinin" qalıqlarını
gördükcə insanın qəlbini qəribə bir fəxarət
hissi bürüyür. Bu, az qala, bütün səfər
iştirakçılarının simasında hiss olunur.
İşğaldan azad edilmiş rayonlarda yenidənqurma
işləri sürətlə davam edir. Postlardan keçəndə
polis işçiləri heyətə hərbi salam
verirlər. Pəncərədən onlara
baxıram. Aralarında hərbçilər
də var. Hansısa hissin təsiri ilə mən də sağ
əlimi yuxarı qaldırıram. Beləliklə,
onlara olan ehtiramımı göstərmək istəyirəm.
Məhz bu hərbi polislərin yorulmaz fəaliyyətlərinə
görə biz Qarabağa bu cür rahatlıqla gələ
bilirik. Düzdür, torpaqlarımız
artıq əbədi olaraq bizdədir. Ancaq
düşmən təxribatı heç zaman istisna deyil.
Bunu son günlər sərhəddə və
Qarabağda baş verən hadisələr də göstərir.
Necə deyərlər, su yatar, düşmən
yatmaz. Xüsusilə də erməni kimi
xain, bədnam düşmən.
Şuşaya çatana yaxın əvvəl bu ərazilərdə
olmuş yoldaşlar xəbərdarlıq edirlər. Deyirlər ki,
pəncərələrdən çölə baxmaq məsləhət
deyil. Növbəti dəqiqələrdə
niyə belə dediyini anlayıram. Çünki
yollar dolanbacdır. Və hər dəfə
yuxarı - dağlara qalxırsan. Pəncərədən
çölə baxanda dərələri, meşələri
görürsən və istər-istəməz narahat olursan.
Ona görə də deyirlər ki, ən
çox indi yatmaq lazımdır. Əlbəttə, yata
bilsən...
Bir
müddətdən sonra özümü narahat hiss edirəm. Başım gicəllənir və soyuq tər gəlir.
Anlayıram ki, normaldır. Çünki
yuxarı qalxdıqca atmosfer təzyiqi azaldır. Narahatlığı unutmağa
çalışıram. Şuşanın
- qüdrətli şəhərin hüzuruna süst formada
getmək istəmirəm.
Təxminən yarım saatdan sonra dolanbac yolları geridə
qoyuruq. Bizi burada musiqi ilə qarşılayırlar. Hər kəs sevinclidir, hər kəs əl
qaldırıb oynayır.
Günorta
saat birdə "Xarıbülbül"
otelinin qarşısına çatırıq. Buradakı
nümayəndələr düşərgə
iştirakçılarına lazımi göstərişlər
verirlər. Digər jurnalistlər kimi, mən
də fürsətdən istifadə edib açıqlamalar
alıram.
İmkan tapıb atama mesaj yazır, Şuşaya
çatdığımı deyirəm. Cavab verir: "Baba
torpağına xoş gəldin". Babam,
filoloq-alim Ramiz Novruzovun ruhu, yəqin şaddır. Necə şad olmasın? Axı
uzun illər bu ailənin hər yayı məhz Şuşada,
Cıdır düzündə keçib.
Tədbirin açılış mərasimi başlayır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qonaqları salamlayır. O, "Şuşa İli"ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə olduğunu deyir.
Fürsət tapıb ətrafda gəzir, fotolar çəkirəm. Dağıdılmış karvansaralarda oluram. Buradakı işçilərlə söhbət zamanı məlum olur ki, ermənilər Vətən müharibəsinə qədər buraları bazar kimi istifadə ediblərmiş. Oğrudurlar axı, öyrəşiblər. Yadıma məşhur misra düşür: "Şuşa bir günəşdir, Şuşa bir aydır, Parisə bənzərdi dağılmasaydı". Şuşa yenidən Paris olacaq...
Uçulmuş pilləkənlərlə ikinci mərtəbəyə qalxıram. Daşların üstündə Azərbaycan dilində yazılar yazıblar. "Şuşa əməliyyatı" ilə dünya hərb tarixinə düşən əsgərlərimiz yazıblar.
Uzaqlara baxıram. Mümkün qədər çox. Dağları görürəm. Şuşanın gözəlliyinə xüsusi əzəmət qatan bu dağların başı daha dumanlı deyil... Çox şükür...
Vaqifin türbəsinə, güllələnmiş heykəllərə diqqətlə baxıram. Bu abidələr tarixin mirasıdır.
Sonra kol-kos basmış yollarla yuxarı qalxıram. Burada ilk dəfə olsam da, rahatam. Özümü evimdəymişəm kimi hiss edirəm. Gəzə-gəzə tədbirin keçirildiyi ərazidən xeyli uzaqlaşıram. Qarşıdan gələn orta yaşlı bir kişi ilə salamlaşır və soruşuram: "Düşmənin evləri haradadır?" Əvvəlcə diqqətlə məni süzür və suala sualla cavab verir: "Burada qalan deyilsiz?" Özümdən asılı olmayaq təbəssüm edirəm. Sevinirəm. Görünür, artıq Şuşaya azərbaycanlıların nəfəsi, ayaq izi qayıdır. Jurnalist olduğumu, ezamiyyətə gəldiyimi deyirəm. Kişi də özünü təqdim edir. "Azərişığ"ın əməkdaşı olduğunu, Şuşa azad edildikdən sonra, yəni iki ildir burada işlədiyini söyləyir. Fürsətdən istifadə edib məni maraqlandıran bəzi məsələlər barədə suallarımı verirəm. Onun sözlərinə görə, burada qalırlar, ayda iki dəfə Bakıya gedir, ailələrini görür, qayıdırlar. Deyir ki, ermənilər Azərbaycanın Ordusunun qəfil həmləsini gözləmədiklərinə görə, evlərindən nəsə götürməyə imkanları olmayıb. Ancaq dabanlarına güc verib, qaçmağa çalışıblar.
Deyilənə görə, Şuşada nə vaxtsa Ermənistan Baş naziri Nikol Paşinyanın iqamətgahı da olub. Arada gəlib-gedirmiş. Yeri gəlmişkən, Paşinyan məhz Cıdır düzündə çaxır içib oynayandan sonra Azərbaycan Ordusu "Dəmir yumruq"la onun ağlını başına gətirmişdi. Rəsmi İrəvana başa salınmışdı ki, bizimlə bu tərzdə davranmaq olmaz. Deyəsən, Ermənistan hakimiyyəti "Dəmir yumruğun" dadını unudub. Çünki son vaxtlar Qarabağda və sərhəddə düşmən təxribatının nəticəsində durum yenidən gərginləşib. Elə isə, bəlkə də, Diaspor Gənclərinin növbəti düşərgəsi Xocalıda, Xankəndidə keçirilər.
Xeyli gəzdikdən sonra yenidən tədbir keçirilən yerə qayıdıram. Konsert proqramı davam edir. Müxtəlif sənətçilər, o cümlədən, Ayaz Qasımov, Pərviz Abdullayev Qarabağla bağlı mahnılar ifa edirlər. Bir yandan Şuşanın insanı məst edən havası, bir yandan da bu həzin, nostalji yaşadan mahnılar... İnsan istər-istəməz düşüncələrə qapılmalı, necə deyərlər, uzaqlara getməli olur...
Yanımda oturan həmkarlarımızdan biri kövrəldiyimi hiss edir. Başa düşürəm ki, olmaz. Bir az da gəzirəm. Ətrafda siqaret çəkənlər var. Qəribədir, insanlar siqaretin kötüyünü yerə atmağa qorxurlar. Sanki Şuşanın müqəddəsliyi qarşısında günah edəcəklərindən qorxurlar.
Nahar etdikdən sonra jurnalistlər Bakıya qayıtmaq üçün avtobusda yerlərini tuturlar.
Gecə dördə işləmiş Bakıya çatırıq. Gün ərzində yaşadıqlarım, Şuşaya ayaq basmağım mənə yuxu kimi gəlir. Tez yatmaq, səhərin açılması üçün tələsirəm ki, bu yuxumu yazıya köçürüm.
2-4 avqust, 2022
Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin
magistrantı
525-ci qəzet.-
2022.- 5 avqust.- S.8.