Tanrı haqqında düşüncələrim
Yüz
trilyonda birin umacaqları
Nədənsə
çoxlarına elə gəlir ki, Ulu Tanrı yalnız və yalnız nə
vaxtsa yaratdığı Yer kürəsində yaşayan bəndələrinin
problemlərini nizama salmaqla məşğuldur və onun
başqa heç bir qayğısı ola bilməz. Biz Yer kürəsinə dünya da deyirik və elə
düşünürük ki, Tanrının fəaliyyətinin,
nəzarətinin hüdudları elə bu dünya
anlayışının çevrəsi ilə qapanır -
sanki onun əlavə qayğısı, onu məşğul edən
başqa bir problem yoxdur.
Halbuki Tanrı təkcə dünya dediyimiz Yerin yox, tərkibinə
100 trilyon (!!!) ulduz daxil olan
qalaktikaların yerləşdiyi kainatın
yaradıcısıdır! Əgər nəzərə alsaq
ki, yaşadığımız Yer həmin 100 trilyon ulduzlardan
birinin - Günəş sistemi adlanan ulduzun bir elementidir,
Tanrının fəaliyyət, nəzarət sferasında bu
Dünyanın yeri barədə tam təsəvvür yaranar -
bu, yüz trilyonda birdən də azdır - Yer kürəsi
Günəş sistemindəki planetlərdən biridir axı.
Biz həmin
100 trilyon ulduzun daxil olduğu qalaktikalarda olmuş və
olacaqlar barədə heç vaxt heç nə bilməyəcəyik,
yəni bilməyəcəyik
ki, Tanrı bu sonsuz kainatı, bu qalaktikaları nə
üçün yaradıb və o qalaktikaların daxilində
hansı qanunlar, hansı mövcudluq prinsipləri fəaliyyət
göstərir, o qalaktikalarda canlı həyat varsa, onun elementləri
nələrdir, ordakı canlılar da elə bizim kimidirlər,
ya yox.
Yüz
trilyonlarla qalaktikanı əhatə edən kainat bizim
üçün yüz trilyondan da çox cavabsız sualdan
ibarət bir sirdir! Bu sualların cavabları, deməli, həmin
sirr də yalnız Tanrıya agahdır və Tanrı bizim də
onlardan agah olmağımıza lüzum görmür...
Hamının
qəbul etməli olduğu sadə bir məntiq var: "Əgər
biz bir şeyin varlığına tam şəkildə əmin
deyiliksə, onun yoxluğuna da eyni əminliklə inana bilmərik.
Bu o deməkdir ki, hər 2 halda düşüncəmizin
doğru olmağına əminlik sıfıra bərabərdir
- bir şeyin baş veməsinin (yaxud mövcud
olmasının) ehtimalı və həmin ehtimalın
reallaşacağına əminlik tamam ayrı-ayrı
anlayışlardır. Lakin bu məntiqi paradiqma
"Tanrı-kainat-qalaktika-canlı həyat" çevrəsində
özünü doğrultmur. Çünki biz həmin
qalaktikalara daxil olan ulduzlardan birinin elementi olan Yerdə - canlı
həyat olan məkanda mövcuduq və deməli, digər
qalaktikalardakı ulduzlarda da həyatın olması ehtimalı
və buna əminlik sıfırdan qat-qat çoxdur.
Uzunçuluq
olmasın deyə, yekunlaşdırım: Tanrı sonsuzluq, yəni
kainat miqyasında mövcud olan bir harmoniyanın yaradıcısı
və bu harmoniyanı tənzimləyən ilahi qüvvədir
və onu bu missiyanı başa
çatdırdığını düşünmək sadəlövhlükdən
başqa bir şey deyil. Çünki
missiyanı başa çatdırmaq, bütün imkanları
reallaşdırmaq artıq donmaq, yox olmaq deməkdir.
Tanrı isə əbədi və mütləqdir - o, hər
an, hər yerdə - təkcə 100 trilyonların bir zərrəciyi
olan, Günəş sistemində milyon ili kainat sistemində bəlkə də bircə an olan
Yerdə yox, bütün kainatın hər nöqtəsindədir,
bizim bilmədiyimiz və heç vaxt da bilməyəcəyimiz
sirli missiyaları yerinə yetirməklə məşğuldur.
Elə isə
heç rəvadırmı ki, Tanrının diqqət, sevgi,
mərhəmət sferasını yalnız özümüzlə
məhdudlaşdıraq, yersiz, mənasız əməllər
törədək, sonra ondan əfv diləyək, sonsuz istəklərimiz
və umacaqlarımızla ona əlavə problemlər yaradaq?
Həmişə deyirik ki, Tanrı mərhəmətlidir,
bağışlayandır. Nəyə görə
fikirləşməliyik ki, bu mərhəmətin, bu şəfqətin
obyekti elə yalnız bizik, yaxud biz olmalıyıq?
Olmazmı
ki, elə bizlər də Tanrıya xoş olacaq əməllərimizlə
- mərhəmətimiz, şəfqətimizlə bu
dünyanı əlavə qayğılardan azad edək, hər
an göyə üz tutub Tanrıdan nə isə ummaq, onunla
sövdələşmək kimi yersiz əməllərə
son qoyaq?
Tanrı təkcə bizim dünyanın yox, sonsuz
dünyanın - kainatın yaradıcısıdır və
deməli, həmin kainatın hər nöqtəsi, hər zərrəsi
Tanrı üçün Yerin əhəmiyyəti qədər
əhəmiyyətlidir. Gəlin bunu unutmayaq və bu sonsuzluqda sonsuz sayda
missiyaları yerinə yetirən Tanrıya mane olmayaq!
Reallıq
və xülya
İnsanın
xislətindədir - xoş günündə, kefinin kök
vaxtında bu xoşbəxtliyə görə Allahı yada
salıb ona şükür eləməyi unudur, dara
düşən kimi isə Allahı xatırlayıb əllərini
açaraq göyə üz tutur və kövrək səslə
yalvarır: "İlahi, kömək elə... məni bu bəladan
qurtar"... və s.
Yaxud "İlahi, filan işim düzəlsin, qurban kəsərəm!" - deyənlər
düşünürlərmi ki, bununla, əstəğfürullah,
Allahla sövdələşmək istəyirlər?
Soruşan
lazım: "Bəs xoş gününə görə niyə
qurban kəsmək istəmirsən?"
Çoxları
unudur ki, həmin o xoş anları da ona bəxş edən
Allahdır və buna görə Allaha minnətdarlıq etməyi
lazım bilmirsə, buna ehtiyac duymursa, pis günündə də
Yaradana üz tutmağa haqqı çatmır.
Üstəlik, Allah ona digər canlılarda olmayan
ağıl, fikirləşmək qabiliyyəti verib və bəndə
bu töhfənin qədrini bilmirsə, belə qeyri-səmimi
jestlərlə Allahın etibarını qazanmaq sadəcə
xülya deyilmi?
"Səhv
düşəndə yerimiz"
Məlumdur
ki, hər bir dində Tanrının, necə deyərlər,
Tanrı olmasını şərtləndirən, onun Tanrı
obrazını səciyyələndirən xarakterik cəhətlər
var. Digər dinləri deyə bilmərəm, amma İslamda
Tanrı heç nə (heç kim) ilə müqayisə
olunmayan varlıq kimi başa düşülür. Bu, Tanrının zatını açan "Mühələfatun"
təliminin təməl prinsipidir.
Həmin
prinsipin mahiyyətini belə də ifadə etmək olar:
"Tanrı əvvəli və sonu olmayan, heç kimə (nəyə)
bənzəməyən bir varlıqdır".
Bu fikri yadda saxlayaq və keçək nəyinsə
varlığını şərtləndirən atribut
anlayışına.
Atribut hər hansı varlığın ayrılmaz, əhəmiyyətli,
yəni onun varlığının necəliyini, mahiyyətini
müəyyən edən xüsusiyyətlər məcmusudu. Bu mənada
"Mühələfatun" əslində Tanrının
atributlarını soraq verir, yəni bu anlayış
altında nəzərdə tutulan varlığın mahiyyətini
ortaya qoyur. Mahiyyət isə bundan ibarətdir ki,
Tanrı bizim hiss və duyğularımızın,
şüurumuzun çevrəsindəki bütün varlıqlardan o
taydadır, külli varlıqlardan fərqli, gözəgörünməyən, gözönü atributu olmayan ilahi
(və ideal) varlıqdır. Deməli, Tanrı haqqında
düşünəndə də, danışanda da məhz
onun zatına uyğun, uca adına layiq
epitetlərlə, ibarələrlə elə leksik-semantik,
sintaktik kontekstdə danışmalıyıq ki, alınan nitq
Tanrının zatına uyğun olsun, onu tamamlasın.
Əlbəttə,
Tanrını ağ saç-saqqallı
nurani baba kimi qavrayan uşaq təfəkkürünə
güzəşt etmək olar və lazımdır. Uşaq nə bilir ki, materiya, ideya, sonsuzluq, ideal nə
deməkdir?
Yaxşı
bəs onda özünü mömin hesab edən, İslamı
dərindən öyrəndiyini düşünən bəzi
din xadimlərinin, mollaların, eləcə də hər
gün göyə əl açıb Tanrıdan kömək,
mərhəmət diləyən sadəlövh insanların
söylədikləri və
İslamın özündən gələn tezislərlə
daban-dabana zidd olan replikaları, cümlələri necə,
hansı məntiqlə yozasan? Özü də bu cür
paradokslar ən çox fikrin, mühakimənin
predikatlarında (cümlələrdə feillərdə)
özünü göstərir: "Tanrı hər şeyi
görür (eşidir, bilir...)", "Tanrı deyib
(dedi"...) tipli cümlələr əslində, heç nə
və heç kimlə
müqayisə olunmayan Tanrının məchul
obrazına göz, qulaq, dodaq, dil əlavə edərək onu
dolayısı ilə, əstəğfürullah, insan qiyafəsində
vizuallaşdırmaq cəhdi deyilmi? Eşitmək -
qulağı, görmək - gözləri ilə qavramaq, demək
- danışmaq, söhbət etmək mənaları verirsə,
Tanrını bu cür ifadələrlə konkretləşdirmək,
konkret məkana bağlamaq onu adına,
ucalığına layiq olmayan tərzdə bəsitləşdirmək
deyilmi?
"O
kişi hər şeyi görür, hər şeyi
eşidir" kimi cümlələri işlədən hər
kəs əslində, uşaq ağlı ilə
düşünüb danışdığına elə
özü şəhadət verir.
Amma
iş bununla bitmir. Tanrını bu sayaq adiləşdirmək,
bəsitləşdirmək, konkretləşdirmək dinin
prinsipial məsələləri ilə bağlı mühakimələrdə
də bir çox həllolunmaz ziddiyyətlərə gətirib
çıxarır.
Mənə
etiraz edə bilərlər ki, "bilir",
"eşidir", "deyir", "görür" kimi
sözlər dediyiniz cümlələrdə birbaşa yox, məcazi
mənalarda işlədilir, yəni söhbət hər
şeyin Tanrıya agah olmasından gedir və bu səbəbdən
də boyaları tündləşdirməyə, vəziyyəti
dramatikləşdirməyə lüzum yoxdur.
Mənim
cavabım belədir: "Olmazmı ki, Tanrı barədə
danışanda fikrimizi əlavə,
çaşdırıcı, yanlış yozumlara rəvac
verməyən bir sintaksisdə ifadə edək? Məsələn belə - "Bu dünyada hər
şey Tanrıya agahdır, heç bir şey onun təsir sahəsindən
kənarda öz-özünə baş vermir və verə də
bilməz".
Yaxud
"Musa peyğəmbər Tanrı ilə söhbət
edib" cümləsindəki qətiyyən yerinə düşməyən "söhbət
edib" söz birləşməsini "təmasda olub"la
əvəz etmək o qədərmi çətindir?
Tanrı ideal varlıqdır, yəni maddi deyil, onun nə
ölçüləri, nə də bizim
anladığımız, bizə məlum olan duyğu üzvləri
var. Elə isə insana xas olan əlamətləri Tanrıya
da şamil etmək heç bir məntiqə
sığmır.
Məncə, ilahiyyatçılar, özlərini bu sahədə
mütəxəssis hesab edən din xadimləri nağıl və
miflərlə insanları fanatizmə, xurafata sürükləməkdənsə,
belə ciddi məsələlərlə məşğul
olsalar, cəmiyyətə və dini maarifləndirmə
işlərinə dəyərli töhfələr vermiş
olarlar.
"Yaxşı
nədir, pis nədir"
Gündə
5 rükət namaz qılan, hər il oruc
tutan, özünü dindar, Allah adamı hesab edən bir
tanışımla yol gedirdik. Qəfildən hardansa əcaib bir məxluq peyda olub
yolumuzu kəsdi. Cındırından cin
hürkürdü. Qançır sifətindən,
məst gözlərindən dərhal başa
düşdüm ki, alkoqolikdir, yanğısını
söndürmək dəmi gəlib, amma pulu yoxdur və əl
açıb bizdən pul istəyəcək.
Elə də oldu.
Tanışımın "səxavətinə" bələd
idim və düşünürdüm ki, İslamın haram
buyurduğu şəraba təslim olub özünü belə
miskin günə salan bu şəxsi ciddiyə almaz. Amma gözlədiyimin tam əksi
oldu - o, dərhal ciblərini eşələyib
tapdığı qəpikləri onun ovcuna basdı və həmin
şəxs heç "sağ ol" belə demədən
çox güman ki, yaxınlıqdakı mağazaya cumdu.
Bəlkə də dərinə getməzdim, amma
tanışımın məmnun halda dodaqları altında
dediyi "Borcumdan çıxdım" sözləri məni
dillənməyə məcbur elədi.
Soruşdum:
-
Hansı borcdan danışırsınız?
Dedi:
- Allah
qarşısındakı borcdan.
Yenə
soruşdum:
- Harda
yazılıb ki, Allahın qoyduğu yol ilə getməyən,
Allahın haram buyurduğu şərabı almaq
üçün sənə əl açan birisinə pul vermək
Allah qarşısında borcdur?
Həmsöhbətim
laqeydcəsinə dedi:
- Bilirsən,
o, mənə əl açıb.
kömək istədi, mən də yaxşılığımı
etdim. Əsas budur. Sonrası
mənim nəyimə lazımdır?
Dedim:
- Sən
o biçarəyə yaxşılıq eləmədin
axı, əksinə, onu harama, günaha sürüklədin,
onun ölümünü sürətləndirdin. Allahdan qorxmadın?
Tanışım etiraz etmək istədi, amma nəyə
görəsə dinmədi, əllərini yelləyib
"eh" deməklə kifayətləndi.
Bilirsiniz bizdə Allah qarşısında borcunu bu sayaq
başa düşənlər nə qədərdir?
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.-
2022.- 5 avqust.- S.7.