Sertifikatlaşdırma: təhsilverənlərin
peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində
atılan addım
Xəbər verdiyimiz kimi, avqust ayının 1-dən
təhsilverənlərin sertifikatlaşdırılması
prosesinin test imtahanı
mərhələsi başlayıb. Təhsilverənlərin
sertifikatlaşdırılması qaydalarının tələblərinə
uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay
öncədən iştirakçıların
şəxsi kabinetinə
göndərilib. Müəllimlər
portal.edu.az platformasından qeydiyyatdan keçərək,
"Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının
vaxtı və yeri barədə məlumatla tanış
ola bilərlər.
Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas
məqsəd ümumtəhsil
müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti
ilə məşğul
olan, ali
və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyələrinin
yoxlanılmasıdır. Eyni zamanda,
sertifikatlaşdırma zamanı
müəllimlərin peşə
yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına
nail olmaq və təlim ehtiyaclarını
öyrənməkdir. Sertifikatlaşdırma prosesinə
birinci mərhələdə
ibtidai təhsil səviyyəsi üzrə
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Abşeron-Xızı,
Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə
tabe olan, həmçinin, Təhsil
Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan ibtidai
sinif müəllimləri
cəlb olunub.
Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən
keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş
qaydalar əsasında
dəyərləndirilir və
konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində
onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik
qiymətləndirməni tamamlamalıdır.
Bu baxımdan sertifikasiya müəllimin
bütün fəaliyyətini
qiymətləndirən mühüm
prosedurdur. Yəni
bu prosesə müəllimlərin təkmilləşmədən
keçmələri, dərslərinin
qiymətləndirilməsi, dərslərinin monitorinqi
və s. daxil ola bilər.
Təhsil
naziri Emin Əmrullayev deyib ki,
yaşından asılı
olmayaraq məktəbdə
dərs demək istəyən müəllim
sertifikasiyadan keçərək
öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu
göstərməlidir: "Hesab edirəm ki, bu imtahan
əksər müəllimlər,
eləcə də əməkdar müəllimlər
üçün heç
bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zamanı ədalət prinsipini qorumuşuq.
Sertifikasiya imtahanından
bir dəfə kəsilən şəxslərə
bir il
ərzində növbəti
şans veriləcək.
Bu, kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə
təcrübələr var".
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru
Rüfət Əzizovun
sözlərinə görə,
sertifikatlaşdırma iki
mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı
mərhələsində namizədlərə
120 dəqiqə müddətində
bloklar üzrə 60 sual təqdim olunacaq. Bunlar təlim strategiyası
və təlim metodikası olmaq üzrə iki yerə ayrılır.
Təlim strategiyası
üzrə: müasir
təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri
və ona verilən tələblər,
kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri
mövzularını əhatə
edir. Təlim metodikası üzrə isə: fənnin tədris metodikası sahəsində yeniliklər,
pedaqoji prosesin təşkili prinsipləri,
təlim fəaliyyətinin
planlaşdırılması, təlimin təşkilinə
verilən tələblər,
bilik və bacarıqların qiymətləndirilməsi
metodları, qiymətləndirmənin
növləri və məqsədləri mövzuları
daxildir. Hər bir düz cavab
bir bal kimi
müəyyən ediləcək.
Müəllimlər tərəfindən
cavablandırılmayan suallar
sıfır bal kimi qeyd olunacaq.
İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə
buraxılacaq. Həmin
mərhələdə 20 bal
toplayan namizədlər
sertifikatlaşdırılacaq: "İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə
qadınlar, uşağının
üç yaşınadək
sosial məzuniyyətdə
olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə
müvafiq vəzifədə
(peşədə) çalışan
qadınlar (uşağını
təkbaşına böyüdən
kişilər) bu prosesdə iştirak etməyəcəklər".
Rüfət Əzizov bildirib
ki, burada əsas məsələ müəllimlərin öz
ixtisası üzrə
minimal tələblərin ödənilməsi
üçün imtahandan
keçməsidir: "Qeyd
edim ki, sertifikatlaşdırılma zamanı
əldə edilən nəticələr müəllimlərin
gələcək fəaliyyətinə
müəyyən mənada
təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma
zamanı uğur qazanan müəllimlər
gələcəkdə metodist
kimi vəzifələrə
yüksələ bilərlər:
"Sertifikatlaşdırmanın nəticələri müəllimlərin
karyera inkişafında
və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
Üzrlü səbəblərdən
sertifikatlaşdırmada iştirak
etməyən və ya sertifikasiya üçün tələb
olunan minimum balı
toplamayan şəxslərə
1 il müddətində
iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak
etmək imkanı yaradılacaq".
İnstitut direktorunun dediyinə
görə, müəllimlərin
işə qəbulu
(MİQ) və sertifikasiya
fərqli anlayışdır:
"Qeyd edim ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında
rəqabətin izlənilməsi
deməkdir və nəticədə işə
qəbul prosesi aparılır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir.
Lakin təhsilverənlərin sertifikatlaşdırılması
fərqlidir. Burada bizim
istəyimiz müəllimlərin
savadlı və buna uyğun olaraq professional yetişməsidir".
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə
əsasən, sertifikasiya
zamanı müəllim
konkret olaraq sertifikat qazanır. Bu da bəlli müddət
ərzində müəllimin
tədris fəaliyyəti
ilə məşğul
olmasına şərait
yaradır. Həm
də sertifikatlaşdırma
müəllimin üzərinə
daha çox məsuliyyət qoyma baxımından ciddi prosedur sayılır:
"Ümumilikdə, sertifikasiyanın
keçirilməsinin müsbət
məqamları çoxdur.
İndiyə qədər nə
qədər saxta diplomla müəllim işləyənlər var. Eyni
zamanda başqa sahələri bitirib müəllimliyə aidiyyəti
olmayan adamlar da var ki,
pedaqoji fəaliyyətlə
məşğuldurlar. Bununla da onların
ələnməsi prosesinə
start verilir. Qaldı ki, proses niyə ibtidai sinif müəllimlərindən
başlanılıb? Bu
prosesə mərhələli
şəkildə ibtidai
sinif müəllimlərindən
başlanılıb, sonra
fənn müəllimləri
də sertifikasiyadan keçəcəklər".
Təhsil
eksperti Nadir İsrafilov
deyir ki, müəllim əməyinin
qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin
tətbiqi, heç də yeni məsələ
olmayıb, Sovet dönəmindən bəri
tətbiq olunan bir prosedurdur: "Müəllimlərin son attestasiyası
1994-cü ildə keçirilib.
Əmək Məcəlləsinin
66-cı maddəsinə dövlət
ümumtəhsil müəssisələrində
işləyən təhsilverənlərin
attestasiya olunmayacağı
və sertifikasiyadan keçiriləcəyinə dair
əlavə edilən
ölkəmizdə dövlət
ümumtəhsil müəssisələrində
işləyən təhsilverənlər
5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək
və verilən sertifikatın hüquqi qüvvəsi növbəti
sertifikasiyaya qədər
(5 illik) olacaq barədə yeni dəyişiklik də birmənalı qarşılanmamışdı.
Milli Məclisin Elm və Təhsil Komitəsinin o zamankı sədri İsa Həbibbəylinin açıqlamasında bildirilirdi
ki, dövlət ümumtəhsil müəssisələrində
müəllimlərin attestasiyasının
ləğvinin və sertifikasiyadan keçiriləcəyi
hələ müzakirə
mərhələsindədir. Bunlar incə məsələlərdir.
Ona görə də hələ müzakirə
olunur. Parlament bununla bağlı
qərar verəcək.
Müəllimlərin attestasiyası bir
neçə dəfə
planlaşdırılsa da,
müəyyən səbəblərdən
onu reallaşdırmaq
mümkün olmayıb.
Məhz buna görə "Təhsil haqqında Qanun"a müvafiq dəyişikliklər və
əlavələr təklif
olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə
ilə əvəz olundu. Məsələ
ondadır ki, Diaqnostik qiymətləndirmə
də hamı tərəfindən birmənalı
qarşılanmadı, bu
prosedurun mükəmməl
olmamasından şikayətlənənlər
də az
olmadı. İstənilən halda, Sertifikasiya
Azərbaycanda Təhsilin
İnkişafı üzrə
Dövlət Strategiyasına
əsasən həyata
keçiriləcək tədbirlərdən
biridir. Bununla belə, ədalət
naminə razılaşmalıyıq
ki, sertifikasiyanın
optimal variantını işləyib
hazırlamaq, işlək
mexanizmlərini müəyyənləşdirmək,
150 min müəllimin sertifikasiyasının
birdən-birə keçirmək
düşündüyümüz qədər də asan məsələ deyil".
Ekspertin
dediyinə görə,
sertifikasiyanın məqsədi
kimisə işdən
çıxarmaq deyil:
"Attestasiya", "sınaq
imtahanı", "könüllü
attestasiya", "lisenziya",
"diaqnostika" və
nəhayət "sertifikasiya"
- bunların hansı biri kimlər tərəfindənsə bir
mənalı qarşılanıb
ki.!? Hətta nazir tərəfindən
"Sertifikasiyanın məqsədi
kimisə işdən
çıxarmaq deyil,
müəllimləri daim
inkişafda saxlamaqdır"
kimi humanist və təsəlliverici açıqlama
belə məsələyə
ikili yanaşmanı aradan qaldırmayıb.
Kimlərsə sertifikasiyanı səriştəsiz,
müəllimlərin tədris
prosesindən kənarlaşdırılması
baxımından müsbət
hal kimi dəyərləndirirsə, digərləri
bunu müəllimlərin
xüsusilə də yaşlı nəslin sayının azaldılmasına
hesablanan bir addım kimi qiymətləndirir. Bu da təbiidir, çünki hər kəsin məsələyə
fərdi baxış bucağı, fərqli yanaşma tərzi var".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 5 avqust.- S.6.