Yaddaqalan Yaylaq Festivalı  

 

Bir neçə il bundan öncə xaricdə çıxan bir jurnal üçün yazdığım məqaləni belə adlandırmışdım: "Azərbaycan - festivallar ölkəsidir". Zaman keçdikcə bu fikrin doğruluğuna heç bir şübhəm qalmır. Çünki həqiqətən ildən-ilə ölkədə keçirilən  festivalların sayı da artır, istiqaməti . Bu baxımdan böyük türk dünyası üçün xüsusi önəm daşıyan bu yay ikinci dəfə baş tutan bir festivala diqqət çəkmək istərdim.

Bir neçə gün öncə Hacıkənddə baş tutmuş II Milli Yaylaq Festivalını yaxından seyr etmək bizə nəsib oldu. İlk növbədə onu deyim ki, Azərbaycanda keçirilmiş heç bir festivala insanlarımız tərəfindən bu qədər maraq diqqət, zənnimcə, olmamışdır. İnsan maşın axınının ucu-bucağı görünmürdü. Bu, bir tərəfdən festivalın reklamının çox yaxşı olmasından xəbər verirdisə, digər tərəfdən havaların çox isti keçməsi sanki hamını yaylağa çıxmağa vadar etmişdi. Baxmayaraq ki, festival məkanına daxil olmaq üçün əvvəlcədən avtomobillərin qeydiyyatı da aparılmışdı, qeydiyyatı olmayanlar da oraya nəyin bahasına olursa-olsun düşmək əzmində idi. Lakin açıq çöl şəraiti qədər böyük olsa belə, hər halda tədbir üçün seçilmiş məkan müəyyən qədər insan kütləsinə hesablanır, yəni hədsiz-hüdudsuz deyil. Əndazədən çıxmış hər bir olay isə təbii ki, problemlər yaradır. Buna baxmayaraq, Yaylaq festivalında olmuş minlərlə insan çox razı görünürdülər. Bunu danmaq isə ən böyük ədalətsizlik olardı. Ən müxtəlif rəylər, fikirlər oxuyuram bu festival haqqında. Bu da təbiidir. Unudulmaz, gözəl təəssüratlarla yanaşı, narazılıq bildirənlər var. Ona görə də bilavasitə öz təəssüratlarımı bölüşmək istərdim.

Əvvəla, ilk dəfə idi ki, belə bir təbii, sırf çöl şəraitində təşkil olunmuş festivalda iştirak edirdim. Bunun ayrı bir ləzzəti varmış. Özümü ulu tariximizin, yaşam mədəniyyətimizin ən əski qaynaqlarında hiss etdim. Yaylaq, qışlaq anlayışlarının düşüncəmdə kifayət qədər kök saldığına baxmayaraq (uşaq ikən bu anlayışların işlək olduğu Şəkidə çox dincələrdik),  yaylaq məkanını bilavasitə gerçəkdən görüb-duymaq xüsusi zövq verirdi. Əlbəttə, dağın başında qurulmuş məkanda  festival təşkilatçıları tərəfindən hər şey düşünülmüşdü - göydən baxanda əski türk əlifbası ilə türk sözünün yazılışından tutmuş, lap təpədə böyük xan çadırının və ondan aşağıda müxtəlif formalı və ölçülü çadırların düzülüşünə qədər. Elə bil, son zamanlar həvəslə seyr etdiyimiz bədii-tarixi "Ərtoğrul" filminin canlı ovqatına, qədim elimizin, obalarımızın əski ruhuna qərq olmuşduq. Bu tərz ekzotik məkanı sadəcə dolaşmaq, təbiətin möhtəşəm gözəlliklərini seyr etmək, saf, təmiz dağ havasını udmaq kifayət idi ki, qət etdiyimiz nahamar dağ yolunun əziyyətini unudasan. Ədalət naminə vurğulamalıyıq ki, qonaqları məmnun etmək üçün burada çox şey nəzərdə tutulmuşdu. Əvvəla, festivalın bədii proqramının rəngarəngliyi xüsusi qeyd olunmalıdır. Yaylaqda qurulmuş iki böyük səhnədə Azərbaycanın məşhur sənət adamları, kollektivləri, o cümlədən, Gəncə, Şuşa, Kəlbəcər, Balakən, Masallı, Qubabir çox digər yerlərdən gəlmiş musiqiteatr kollektivləri ilə yanaşı, müxtəlif türk ellərindən təşrif buyurmuş maraqlı ifaçılar, qruplar ard-arda çıxış edirdi. Proqram o qədər əlvan idi ki, bütün iştirakçıların adının çəkilməsi xeyli vaxt aparar. Tanış görkəmli simalar da kifayət qədər idi. Çalışdığım Azərbaycan Milli Konservatoriyası da "Naznazı" muğam qrupu ilə (bədii rəhbər - Xalq artisti Malik Mansurov) təmsil olunmuşdu və çıxışları da gur alqışlarla qarşılandı. Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Monqolustan, Rusiya və Ukraynanın türkdilli xalqlarının nümayəndələrinin, habelə təbrizli soydaşlarımızın iştirakı  proqramda xeyli yer almışdı və tamaşaçılar tərəfindən böyük maraqla izlənilirdi. Eyni zamanda xalq arasında dolaşıb-gəzən aşıqların, zurnaçıların bədahətən çıxışları elə bir təbii və üzvi ovqat yaradırdı ki, şövqə gəlməmək mümkün deyildi. Gəzdiyin yerdəcə qədim Maral oyununu seyr edə bilirdin. Satış yarmarkasında qeyri-adi, bir-birindən maraqlı əl işləri diqqəti cəlb edirdi. Özü də onların bir çoxu xeyriyyə məqsədi ilə satışa çıxarılmışdı. Bu gözəl ənənənin son zamanlar Azərbaycanda vüsət alması çox təqdirəlayiqdir. Qidalanmaya gəldikdə isə demək lazımdır ki, ən müxtəlif yeməklər hazırlanmışdı (milli şirniyyat növlərindən, içəcəklərdən tutmuş bişmiş qarğıdalıya və aş-qaraya qədər) və istəyə uyğun hər kəs özü üçün münasib nəyisə seçə bilərdi.  Üstübağlı oturacaqlarda əyləşib dincəlmək mümkün idi. Əlbəttə, yenə də təkrar etmək istəyirəm, bütün bunlar yəqin ki, müəyyən miqdarda insanlar üçün nəzərdə tutulmuşdu və gələcəkdə belə tədbirlərdə problemlərin yaşanmaması üçün müvafiq sayda bilet satışını təşkil etmək, dəvətnamə sistemini tətbiq etmək, zənnimcə, daha düzgün olardı. Başqa bir məsələ isə açıq hava şəraitində hava proqnozunun mütləq qaydada nəzərə alınmasıdır. Dağ yerlərində, yaylaq zonalarında, ələlxüsus axşamçağı yağışların yağması əslində adi bir haldır.

Şübhəsiz ki, bütün bunlar gələcək festivallarda diqqətdən yayınmayacaq. Ancaq builki Yaylaq Festivalının çox möhtəşəm bir mədəniyyət layihəsi və hadisəsi olması tam şəksizdir. Ulu köklərimizə bizləri yenidən qaytaran, vətənimizin cənnət-məkan olduğunu bir daha sübut və bəyan edən Yaylaq festivalının xoş təəssüratları hələ uzun zaman xatirimdən silinməyəcək. Bu gözəl olaya böyük əmək sərf etmiş, onun məsrəflərini qarşılamış, necə deyərlər, bu işə ürəkdən can yandırmış hər bir insana və təbii ki, ilk növbədə təşkilatçılara minnətdarlıq bildirməyi özümüzə borc sandıq.

 

Lalə HÜSEYNOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru

 

525-ci qəzet.- 2022.- 5 avqust.- S.5.