Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə saylarımızda)
Direktor baxışlarını
Ruhiyyəyə dikib dedi:
- Mən
sizinlə razıyam, ancaq məlumatlı olmaq da
lazımdır, çünki bəzən ciddi məsələlərə
də toxunulur. Məsələn, son vaxtlar bir
neçə sayt sizin ərinizin başına gələnləri
yazmaqla bərabər, sizi də hallandırır. Sizə hörmət bəslədiyimə görə,
bu yazılar mənə toxunur.
Ruhiyyənin
əvvəlki laqeydliyi bütünlüklə yoxa
çıxdı, ona görə də direktora sualla müraciət
etdi:
- Axı
nədən yazırlar, sizə çətin deyilsə, bəlkə
deyəsiniz, mən də bilim.
- Sizin
haqqınızda ləyaqətinizə toxunan bir şey yoxdur, ərinizi
isə patanatom tədqiqatı kimi təqdim edirlər. Yazırlar ki, beynəlxalq
fırıldaqçılarla yaxınlıq etdiyinə görə
bir neçə milyon dollarlıq ziyana
düşmüşdür. Guya İrandan olan və
özünü böyük iş adamı kimi təqdim edən
birisi onu antikvar mallarla ticarət işinə cəlb etmək
adı altında aldatmış, sonradan guya İsveçrə
polisi onu həbs etmiş və əlindəki qiymətli
malların hamısı müsadirə edilmişdir. Polis bəyanat vermişdir ki, onun satmaq istədiyi
tarixi artefaktlar olduğundan, yəqin ki, muzeylərdən
oğurlanmışdır. İranın
tarixinə aid olduğundan, rəsmi qaydada dövlət
orqanlarına qaytarılacaqdır. Guya əriniz Həsənə
o, söz veribmiş ki, əgər onların birgə layihəsinə
3 milyon dollar pul qoysa, bir neçə aya, mallar satılandan
sonra o, 10-15 milyon dollar gəlir götürəcəkdir. Həsən də onun yağlı dilinə
aldanıb, barəsində lazımi məlumatlara sahib olmadan,
özünə məxsus olan və başqalarından borc
götürdüyü pulu həmin iranlıya vermiş və
iki aydan sonra ondan belə bir xəbər gəlmişdir.
Bəlkə də, iranlının özü
fırıldaqçıdır, çünki xəbərdar
edib ki, əgər Həsən İsveçrəyə gəlsə,
burada onu tutacaqlar, çünki malların alınmasına sərf
etdiyi pulların mənbəyini demişdir, başqa sözlə,
Həsəndən götürdüyünü etiraf
edibmiş. Hətta yazırlar ki, İnterpol da
bağlanmış keçmiş bankın əməkdaşı
olan ərinizlə ciddi maraqlanır və respublika Daxili
İşlər Nazirliyinə müvafiq sorğu göndərmişdir.
Ruhiyyə
çaş-baş qalmışdı, bu qədər pul Həsəndə
haradan ola bilərdi. Direktor onun
maraqlandığını hiss edib, jurnalist
araşdırmasının faktlarını
açıqladı:
-
İşin öyrənilməsi göstərmişdir ki, pulun
yalnız yarım milyon dolları Həsən Hüseynova məxsusdur,
qalan iki milyon yarımını isə köhnə iş
yoldaşlarından, bankın direktorundan və onun oğlundan
almışdır. Ona görə də Həsənə
təzyiq göstərirlər ki, hardan tapırsa tapsın,
borc götürdüyü pulları qaytarsın.
Ruhiyyə
tamam özünü itirmişdi və soruşdu:
- Bəs
məndən nə yazırlar?
- Sizdən
bir az əvvəl Həsənə ərə
getdiyinizi və onun sizə mərhum ərinizdən qalan evdə
yaşadığını yazırlar. Əvvəllər
də belə fırıldaq əlaqələrə girdiyinə
görə böyük borcu olduğundan Badamdardakı evini
nisbətən ucuz qiymətə satıb borclarını
ödəyibmiş. İndi isə
satmağa bir şeyi yoxdur, bahalı maşınını da
satıb, pulu ondan əl çəkməyən bir borc sahibinə
qaytarıbmış. Onu da yazırlar ki,
evlənməsi onu dilənçi vəziyyətinə
düşməsinin qarşısını
almışdır, ailənin bütün məişət xərclərini
arvadı özü ödəyir.
Ruhiyyə
direktora onu məlumatlandırdığına görə
razılığını bildirdi və ona dedi ki, inanın
ki, heç nədən xəbərim yox idi, lakin
qonşuların son bir neçə gün ərzində mənə
soyuq münasibət bəsləmələrindən
şübhələnmişdim, güman edirdim ki, ərə
getməyimə, ərimi evimə gətirməyimə, yəqin
ki, yaxşı baxmadıqlarından mənə münasibətləri
dəyişilmişdir.
Ruhiyyə
ərindən boşanır
Sonra o, direktorun kabinetini tərk edib evinə tələsdi. Əri evdə
yox idi, oğlundan da heç nə soruşmaq istəmirdi ki,
onun könlünə yara vurmasın. Axşam
Həsən evə yenə gec gəldi, əvvəlki kimi,
olduqca qaşqabaqlı idi. Ruhiyyə soruşdu:
-
Tanışlar mənə internetdən oxuduqları bəzi
şeyləri dedilər. Bunlar doğrudurmu?
Bəs sən niyə belə oyunlara girmisən, axı
özünü çox ağıllı adam,
səriştəli maliyyəçi hesab edirdin? Bütün el içində biabır olduq, belə
hadisə məlum idisə, məni niyə bədbəxt
edirdin?
- Səni
niyə bədbəxt edirəm? Hadisə adam
başına gəlir də. Mən səninlə ailə
qurmaq planlarıma görə varlanmaq istəyirdim,
özümün də tələbatım az
deyildi.
Ruhiyyə:
- Deməli,
öz təqsirini mənim üstümə yıxmaq istəyirsən,
məgər mənim səndən var-dövlət barədə
bir tələbim olmuşdumu, sənə bir söz
demişdimmi? Çətinə düşsəndə, niyə
vicdanını danmağa can atırsan?
Həsən
Ruhiyyədən belə sərt sözlər gözləmirdi:
- Mənim
başıma iş gəlib, özümü itirmişəm. Sən də mənə vicdandan dəm vurursan.
Fəlakətə düşənə kömək
əlini uzatmaq əvəzinə, mənə hücum edirsən.
Görürsən ki, mən çox zəifəm,
məni məhv etmək də o qədər çətin
deyildir. Görünür, sən məndən
uzaqlaşmaq istəyirsən, bəhanə axtarırdın, o
da əlinə göydən düşdü.
Ruhiyyə
Həsənin ağılsızlığına təəccüb
qalmışdı:
- Bəli,
mən sənin danışıqlarına
inanmışdım, gizlətmirəm, güman edirdim ki, sən
məni həqiqətən də sevirsən, iki ay bir yerdə
yaşadığımız müddətdə gördüm
ki, söz qılafının daxilində heç bir özək
yoxdur, sənin məhəbbət barədə dediklərin də
qoz qabığından qiymətli deyilmiş.
Ruhiyyə
yenidən xoşbəxt olmağa can atırdı, ona görə
də Həsənin yağlı dilinə
aldanmışdı. Dələduzlar ovlamaq istədiklərinin,
fırıldaq gəlməyə
çalışdıqlarının dilini tapa bilir və bu
dildə ustalıqla danışıb, qurbanının
sayıqlığını itirməsinə nail olurlar.
O, Həsənin onun evinə köçməsini
xatırladı, şəhərin kənarında villası
olduğunu deyirdi, həmin vaxt əvvəlki borcunu ödəmək
üçün isə bu evi artıq satıbmış. O,
yadına saldı ki, toylarından bir həftə sonra
özünün də bu mənzilə uçota düşməsini
istədiyini bildirmişdi. Ruhiyyə məəttəl
qalmışdı, öz evi olan adam da
özgəsinin mənzilində uçota girə bilərmi?
Özünün də günahı az
deyildir, niyə onu Hüseynin evinə, onun yataq otağına
buraxdı. Özü-özünə etiraf etdi
ki, başını elə itirmişdi ki, Həsənin ən
təhlükəli təkliflərinə də boyun əyə
bilərdi. Yaxşı ki, bu məsələ
vaxtında açıldı, yoxsa o, məni yuxuya verib, bu evi
də satışa çıxara bilərdi. Ruhiyyənin gözündə əri artıq
narkoman, dələduz idi, nə qədər gec deyildi, onunla
tezliklə üzülüşmək lazımdır. O,
mənə bədbəxtlikdən başqa heç nə verməyəcəkdir.
Özü də gözləmədiyi halda, onda
Həsənə qarşı nifrət yarandı, nifrət isə
emosiyanı daha güclü edir. Bu pərvanə az sonra güvəyə çevrilib, onun
hüceyrələrini yun paltar kimi məhv etməyə
başlayacaqdır. Nə qədər gec deyil,
ondan ayrılmaq lazımdır. Ona görə də ciddi
qaydada dedi:
- Həsən,
biz müxtəlif adamlarıq, ittifaqımız da ani hissin təsiri
ilə yaranmışdı, ona görə də məhvə
məhkum idi. Mən sabah səndən
boşanmaq barədə məhkəməyə ərizə
verəcəyəm. Başa düşməlisən
ki, nikahımızı saxlamağa cəhd etsən, bu, sənin
vəziyyətini daha da ağırlaşdıra bilər.
Biz artıq bir yerdə yaşaya bilmərik və
sən bu mənzildə yaşamağına bu gündən
son qoymalısan. Bu, mənim xahişim
deyil, tələbimdir. Sənin baş
ağrını mən öz üstümə götürə
bilmərəm. Mən oğlumu
böyüdüb, boya-başa çatdırmalıyam. Bu da mənim taleyimdir. Şikayət
etmədən əzab çəkməyə öyrənməliyəmmiş.
Həsən:
- Deməli,
məni qovursan, sənin sədaqətin iki aydan uzağa getmədi.
Başqaları isə uzun müddət
azadlıqdan məhrum olmuş ərlərinin həbsdən
azad olunmalarını gözləyir. Sən
isə o saat məni küçəyə atırsan ki, iri məbləğdə
borcu olan adamın arvadı adlanmayasan. Mən
də gərək səninlə ailə qurandan əvvəl səni
hərtərəfli öyrənəydim. Görünür,
mən də səhv etmişəm. Əlbəttə,
sən dilənçinin arvadı olmaq istəmirsən, mən
isə artıq dilənçidən də pis vəziyyətdəyəm.
Çünki adamlar arasında etibarımı
itirmişəm. Heç kəs məni
özünə yaxın qoymayacaqdır.
Əgər boşanmağı qərara almısansa, mən
də sənə yük olmağa
çalışmayacağam. Heyifsilənirəm ki,
biz bir-birimizlə dil tapa bilmədik, əgər biz bir-birimizi
anlasaq, hansı qəza baş versə də, sən məni
atmazdın, biz birlikdə vəziyyətdən
çıxmağa çalışardıq. Görünür, sən öz adını qorumaq
xatirinə hətta mənim həbs edilməyimə də
razı olarsan, sənə adlı-sanlı ər
lazımdır, mən isə artıq heç bir yüksək
silkə mənsub deyiləm. Mən hər
şeyimi itirmişəm, indi də arvadım məni
başından kənar etməyə tələsir. Sən deyirsən ki, mənimlə ailə quranda səhv
etmisən, bundan sonra çalış ki, səhv etməyəsən.
Bu
sözlərdən sonra o, hönkür-hönkür
ağladı və hıçqırıqlarına aram verməyərək dedi:
- Məni
döyüşü uduzmuşam, bu, vuruşu, müharibəni
uduzmaq deyil. Mən yenə dirçələcəyəm,
özümü yenidən təsdiq edəcəyəm. Bəlkə də, o vaxt sən məndən
ayrıldığına görə peşman olacaq, səhv
etdiyini anlayacaqsan. Bəlkə, gec deyil, belə qəddar
addımı atmayasan, bunu etsən, mən məhv ola bilərəm, onsuz də
düşdüyüm ağır vəziyyət mənim
axırıma çıxa bilər.
Ruhiyyə
dedi:
- Mən
sənin çətinliyə düşdüyünə
görə deyil, ürəyimə yol tapa bilmədiyimə
görə səndən ayrılmaq istəyirəm. Mən elə bilirdim ki, yeni ailənin
yandırdığı ocaq məni qızdıracaq, tənhalığıma
son qoyacaqdır. Təəssüf ki, bu
baş vermədi, fiziki yaxınlığımız da məni
sənə alışdıra, ürəkdən
yaxınlaşdıra bilmədi. Biz səhvən
bu addımı atmışdıq və indi səhvimizi
düzəltməliyik. Bilirəm ki, məndən
narazı qalırsan, bəlkə də, mənə nifrət
edirsən. Öz səhvimə görə,
yəqin ki, mən bunlara layiqəm. Sən
şərab içməyi sevirdin, səninlə ailə
quranda isə mənə fincan dolusu zəhər içirtdin.
İndi isə göz yaşımı silmək
üçün mənə dəsmal təklif etmək əvəzinə,
öz günahını da mənim üstümə yıxmaq
istəyirsən. Heç nə demirəm,
bu da mənim bəxtimdir, nə gözləyirdim, nə
alındı. Əlbəttə, bu, mənim
öz günahımdır ki, sənin müəmmalı dilinə
inandım və çox tezliklə səninlə ailə
qurmağa razılıq verdim. Səni
yaxşı tanıya bilməmişdim, çünki nar meyvəsi
yalnız parçalandıqda daxilində nə olduğunu
göstərir. Buna isə müəyyən
vaxt lazım gəldi və mən səhvimi anladım. Dəsmal göz yaşlarımı quruda bilər, bəs
ürəyimdən axan qara qanlar necə olsun.
Həsən
əsəbi qaydada dedi:
- Bu nə
dəsmaldır salmısan ortalığa, səndən
çox indi o, mənə lazımdır.
Ruhiyyə
ona belə cavab verdi:
- Rusiya
çarı I Nikolay jandarmların rəisi təyin etdiyi
Benkendorfa çox inanırdı, Puşkini də onun əliylə
məhv etməyə çalışırdı. Axı bir il əvvəl onun Dekabristlər
üsyanının yatırılmasında xüsusi xidməti
olmuşdu. Çar ona yeni bir ciddi tapşırıq verəndə,
Benkendorfun tutulduğunu, bir an tərəddüd
etdiyini görəndə, ona dəsmalı uzadıb dedi:
"Bununla günahsız adamların, yetimlərin və dul
qadınların göz yaşlarını silərsən".
Mən də o qurbanlardan biriyəm, yenidən
dul qalıram və göz yaşlarım yenə də mənim
tənhalığımı müşahidə edəcəkdir.
Həsən
onun sözündən yapışıb, qərarını dəyişdirmək
tərəfə onu əyməyə cəhd etdi:
- Bəlkə, indi də ayrılmaq barədə tələsdin. Niyə belə tez qərar verirsən. Biz bir yerdə olsaq, daha qüvvətli olarıq, çətinlikləri də dəf edə bilərik.
Ruhiyyə:
- Yox, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən qərarımı dəyişən deyiləm. Bu hadisə də baş verməsə, mən səndən uzaqlaşmaq istəyirdim. Mən könül Eldoradosu axtarırdım, gəlib Nevadanın "Ölüm vadisinə" düşdüm. Hətta on illər də bir yerdə olsaq da, biz bir-birimizə yad adamlar olacaqdıq. Könlün istəməyən bir adamla bir damın altında yaşamaq, bir yastığa baş qoymaq məhbəsdə ömür sürməkdən heç də fərqlənmir. Ürək daim qəm-qüssə içərisində olur, yeni ailəni Gülüstani-irəm təsəvvür etdiyin halda, qaratikan və ya qanqal cəngəlliyinə düşməyə görə ah-vay eləməyin də faydası yoxdur. Ayrılmaq bunun yeganə düzgün vasitəsidir, axı tikanların içində vəhşi heyvanlar da yaşamaqdan qorxurlar.
Həsən ilk dəfə idi ki, Ruhiyyənin sərt üzünü görürdü, onu ələ alanda bu qız ona quzu təsiri bağışlamışdı. Kənd yerlərində anası ölmüş körpə quzuya sınmış lüləyi metalla əvəz olunmuş çaynikdən süd içirirlər. Quzu adət etdiyindən metal lüləli çayniki görən kimi qabaq ayaqlarını qatlayıb, dizi üstündə oturur ki, onu südə qonaq etsinlər. İndi bu quzudan əsər-əlamət yox idi, qısa bir müddətdə o, buynuzları ilə şirin də üstünə gedən vəhşi camış kəlinə bənzəyirdi. Ona görə xahişin, yalvarmağın artıq olduğu qərarına gəlib, çamadanlarına paltarlarını qablaşdırmağa başladı. Telefonla taksi sifariş verdi və yükünü də götürüb, Ruhiyyəni tərk etdi. İlk dəfə idi ki, bu çox danışan, dilavərliyi ilə seçilən adam dilini də tərpətmədən qapıdan çıxdı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2022.- 6 avqust.- S.14.