Rusiya təhlükəli hadisə ərəfəsində
ABŞ Senatının Dövlət
Departamentini Çeçenistan,
Gürcüstan, Suriya
və Ukraynadakı hərəkətlərinə görə
Rusiyanı terrorizmi maliyyələşdirən dövlət
kimi tanımağa çağıran qətnaməsi
tövsiyə xarakteri
daşıdığı üçün
diplomatik müharibəyə
səbəb olmadı.
Üstəlik, dövlət
katibi Entoni Blinkenin Rusiyanı terrorizmi maliyyələşdirən
dövlət kimi tanımaqda tərəddüd
etdiyi haqqında
ABŞ mediasında yer
alan məlumatlar
da ABŞ Senatının
tövsiyə xarakterli
qətnaməsinin daha
çox təbliğat
xarakteri daşıdığı
qənaətini yaradırdı.
Buna görə də Senatın qətnaməsi Moskvada ciddi etirazlar doğurmadı.
Dövlət katibi Entoni Blinkenin
tərəddüdü isə
ABŞ qanunvericilərinin yeni
təşəbbüsünü meydana çıxarıb. Konqressin aşağı
palatası olan Nümayəndələr Palatasının
üzvü Ted Lyu Rusiyanın terrorizmi maliyyələşdirən dövlət
kimi tanınmasını
qaçılmaz edən
qanun layihəsi hazırlayıb. Respublikaçılar partiyasının üzvü
olan Ted Lyunun hazırladığı qanun
layihəsinin seçki
ərəfəsində olan
Nümayəndələr Palatası
tərəfidən qəbul
olunacağı şübhəsizdir.
Yeri gəlmişkən qeyd edik ki, Ted Lyu
Tayvanda doğulub və Şərq blokuna qarşı sərt mövqeyi ilə tanınır.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Dövlət Departamentinin Rusiyanı terrorizmi himayə edən dövlət kimi tanımayacağı halda
bu vəzifəni qanunvericilərin həyata
keçirəcəyi haqda
dövlət katibi Entoni Blinkenə xəbərdarlıq etdiyi
də ABŞ mətbuatında
yer alıb. Tet Lyunun
müəllifi olduğu
qanun layihəsinin Nümayəndələr Palatasının
spikeri Nensi Pelosi və əksər konqresmenlər tərəfindən
dəstəklənəcəyi şübhəsizdir. Bütün bunlar
Rusiyanın terrorizmi maliyyələşdirən dövlət
kimi tanınma ehtimalının çox yüksək olduğunu göstərir.
ABŞ-ın mövqeyinə
görə terroru maliyyələşdirən dövlət
öz hərəkətləri
ilə beynəlxalq terrorizmi dəstəkləyən
ölkələrdir. Onlara qarşı
iqtisadi və maliyyə sanksiyalarından
tutmuş silah satışının və
tədarükünün qadağan
edilməsi və ikili təyinatlı malların ixracına nəzarətin artırılmasına
qədər müxtəlif
sanksiyalar tətbiq edilir. ABŞ dörd ölkəni - Suriya, İran, Şimali Koreya və Kubanı terroru maliyyələşdirən
dövlət kimi tanıyıb. Belə görünür
ki, Rusiya terroru maliyyələşdirən
beşinci dövlət
kimi tanınmaq ərəfəsindədir. İraq, Liviya, Cənubi Yəmən və Vyetnam da müxtəlif
vaxtlarda bu siyahıda olub, ancaq sonradan siyahıdan çıxarılıblar.
Hətta
Şimali Koreya da bir dəfə
siyahıdan çıxarılıb,
ancaq sonradan Konqressin qərarından sonra yenidən siyahıya daxil edilib. Ekspertlər qeyd edirlər ki, Dövlət Departamenti tərəfindən
terroru maliyyələşdirən
dövlət kimi tanınma ilə Konqress tərəfindən
tanınma arasında fərq var. Dövlət Departamenti tərəfindən
tanınma zamanı müəyyən zamandan və addımlardan sonra həmin ölkənin adı dövlət katibinin qərarı ilə siyahıdan çıxarılır.
Ancaq Konqress tərəfindən
terroru maliyyələşdirən
dövlət kimi tanınan ölkənin adının siyahıdan çıxarılması üçün
yeni bir qanun qəbul edilməlidir ki, bu da çox
çətindir. Ona görə
də Rusiya Konqressin aşağı palatası tərəfindən
terroru maliyyələşdirən
dövlət kimi tanınsa, bu ittiham uzun zaman
Moskvanın üzərində
qala bilər.
Rusiyanın terroru maliyyələşdirən dövlət kimi xarakterizə olunması ilk növbədə Ukraynaya qarşı müharibə ilə bağlıdır. Moskvaya qarşı ikinci ittiham Rusiyanın 2014-cü ildən Donbasdakı separatçıları dəstəkləməsi göstərilir. Üçüncü səbəb Çeçenistan müharibəsi zamanı mülki insanlara qarşı dəhşətli güc tətbiqi, o cümlədən, Qroznıda mülki əhalinin öldürülməsi göstərilir. Dördüncü səbəb olaraq 2015-ci ildən bu günə kimi Suriyadakı vətəndaş müharibəsində Suriya hökumətinin tərəfindən iştirak, o cümlədən, bazarlara, tibb müəssisələrinə və məktəblərə hücumlar əsas götürülür. Rusiya Müdafiə Nazirliyinin Vaqner muzdlularından Ukrayna, Suriya, Sudan və Liviyada istifadəsi də Moskvaya qarşı ittihamda yer alan məqamlardandır. Qeyd edək ki, hələ 2018-ci ildə də Rusiyanın terroru dəstəkləyən dövlət adlandırılması ilə bağlı təşəbbüs irəli sürüləndə layihənin müəllifləri ABŞ seçkilərinə müdaxiləni, Solsberidə kimyəvi silahdan istifadəni və Donbass səmasında “Boeing” sərnişin təyyarəsinin vurulmasını Rusiyaya qarşı irəli sürülən ittihamların sırasına daxil etmişdilər.
Rusiyanın terroru dəstəkləyən dövlət kimi tanınma ehtimalının artmasından sonra ekspertlər belə bir hadisənin baş verəcəyi halda Moskvaya qarşı daha hansı qadağaların tətbiq oluna biləcəyini müzakirə edirlər. Çünki Ukraynaya qarşı müharibəyə görə Rusiyaya çox sanksiyalar tətbiq olunub. Ekpertlər isə qeyd edirlər ki, Rusiyanın terroru dəstəkləyən dövlət adlandırılması Moskva ilə ticarət aparan, xüsusən də silah ticarəti edən ölkələrə və şəxslərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilməsini gündəmə gətirəcək. Siyasi şərhçilərə görə, dövlət katibi Entoni Blinken məhz buna görə Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanımağa tərəddüd edir. Çünki Vaşinqton bəzi müttəfiq və tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Digər tərəfdən Rusiyada biznes fəaliyyəti daha da riskli olacaq və bu günə kimi sanksiyalarla təhdid edilməyən xarici şirkətlər də Rusiyanı tərk etmək məcburiyyətində qala bilər. Bundan əlavə, Rusiya terroru dəstəkləyən dövlət kimi tanınsa, ABŞ-da hüquqi toxunulmazlığını itirəcək. Bu o deməkdir ki, "Rusiyanın terror aktlarından" zərər çəkdiklərinə inanan və bunu ABŞ məhkəmələrində sübut edə bilən insanlar Rusiya Federasiyasının dondurulmuş maliyyə aktivlərinə iddia irəli sürəcəklər.
Vaşinqtonda Rusiyanı terroru dəstəkləyən dövlət elan etmək istəyənlərin sırasının genişləndiyi və bununla bağlı Ağ evə təzyiqlərin artdığı bir zamanda bəzi ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar vəziyyəti daha da gərginləşdirə bilər. Çünki bundan sonra Rusiya iqtidarında belə qənaət yaranacaq ki, artıq itirəcək heç nə qalmayıb.
Xarici İşlər Nazirliyinin informasiya və
mətbuat departamentinin direktoru
Mariya Zaxarova xəbərdarlıq
edib ki, Rusiya terroru dəstəkləyən
dövlət elan edilsə, bu, Moskva ilə Vaşinqton arasında diplomatik
əlaqələrin kəsilməsinə səbəb ola bilər. Rusiya bu addımı atarmı? Bir
çox təhlilçilər
Moskvanın xəbərdarlığını ciddi
hesab etmirlər. Çünki
Vaşinqtonla diplomatik
əlaqələrin kəsilməsi Rusiyanın BMT-dən də
kənarda qalmasına gətirib çıxara bilər. Lakin itirəcək heç
nəyi qalmadığını düşünən rəsmi
Moskvanın hər addımı atması da
mümkündür. Bununla
belə , görünür, bütün bunlar
Rusiyanı terroru dəstəkləyən
dövlət elan etməkdə israrlı
olanları narahat etmir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 6 avqust.- S.10.