Elm və təhsilimizə açılan
yeni üfüqlər
Bu
müdrik fikir ondan əvvəl də deyilib, ondan sonra da
söylənib. Ancaq
varlığı və yaratdıqlarıyla ensiklopedikliyin rəmzlərindən
olan Jan Jak Russo (1712-1778) bir şəxsiyyət olaraq da indiki
halda mətləbimizə daha uyğun gəldiyindən həmin
köhnəlməz qənaəti elə onun ifadə etdiyi kimi
yada salaq: "Hər işin ən çətini onu
başlamaqdır".
Ümummilli mənalı və çoxdan gözlənilən
bir işin ən çətin hesab edilən ilk addımı
atılıb - dövlət başçısının iradəsi
ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi
yaradılıb. İşin ən çətin hissəsi artıq arxada
qalsa da, bu nazirliyin əsl arzuladığımız bir quruma
çevrilməsi üçün gərək işin ən
çətinini yerinə yetirmiş şəxsiyyət kimi dərin
zəkalı, geniş, çevik və yenilikçi
düşünən böyük bir dəstə insan əl-ələ
ola və illərcə durmadan fədakarlıqla
çalışa. Çünki elm və təhsil
ağacı kökləri millət ruhunun dərinlərinə
işləyən və təməlindən sağlam olarsa,
yaxşı bəslənərsə, bəhrəsini gec verən,
amma sonra yüzillərlə də mənfəətini verməkdə
davam edən sərvətdir.
Bir siyasət və dövlət adamı olaraq Prezident
İlham Əliyevi səciyyələndirən əsas cəhət
atdığı addımların müqayisəyəgəlməz
böyüklüyü, gördüyü işlərin nəhəng
miqyasları, qərarlar qəbul edərkən ətrafdakılara
da hökmən güclü təsir edən
inamlılığı, qətiyyəti, bəsirətliliyidir.
Dönə-dönə şahid olmuşduq, bir daha
gördük.
Ölkə başçısının "Elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi"
ilə bağlı fərmanı həmin qəbildən olan
möhtəşəm başlanğıclardandır.
Azərbaycanda
artıq ötən əsrin doxsanıncı illərinin ikinci
yarısından etibarən, bütün istiqamətlərdə
qlobal dəyişikliklərin baş verdiyi yeni dövrün
siyasi, iqtisadi, mənəvi çalxantıları nisbətən
səngiyəndən sonra elmlə təhsilin əlaqələrini
gücləndirmək, bunun ona, onun buna müsbət təsirini
qüvvətləndirmək, həm elmimizi, həm təhsilimizi
yeni inkişaf mərhələsinə qaldırmaq
üçün Elm və Təhsil Nazirliyimizin
yaradılması lazımlılığı haqqında fikir
mübadilələri gedirdi. Artıq belə
nümunələrin həm yaxın, həm uzaq xaricdə
varlığı bizdə də elm və təhsilin
inteqrasiyasına xidmət edəcək oxşar nazirliyin
yaradılması zəruriyyətinə inamı qətiləşdirirdi.
Lakin istək istəkliyində, di gəl, hər
bir niyyətin gerçəkləşdirilməsi
üçün müəyyən şəraitin yetişməsi
də vacib idi.
İndi
Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin
yaradılması haqqında qəbul etdiyi qərar, əlbəttə
ki, artıq mövcud olan bir nazirliyin sadəcə
adının dəyişdirilməsi yox, Azərbaycan cəmiyyətinin
illərcə intizarında olduğu büsbütün yeni,
bugünün və sabahın mühüm elm və təhsil
çağırışlarına cavab verməsi nəzərdə
tutulan mükəmməl qurumun yaradılması kimi
qavranılmalıdır. Təbii ki, bu fərman
birmənalı olaraq Azərbaycanda elm və təhsil sahəsində
köklü islahatlar aparmaq səmtində ciddi addımdır.
Lap ilk qədəmindən
Prezident İlham Əliyev formalaşdırılması nəzərdə
tutulan yeni nazirliyə elə müstəsna güc verir ki,
iriliyindən-xırdalığından asılı olmayaraq
indiyədək təsis edilən heç bir dövlət və
hökumət qurumunun ixtiyarına bu siqlətdə bir kadr
potensialı verilməyib.
Təhsil şəbəkəmizdə çoxlu sayda
alimlər var və bəlkə də Elm və Təhsil
Nazirliyinə çevrilərkən ənənəvi Təhsil
Nazirliyimizin elə özünün mövcud elmi qüvvələrinin
məqsədə və qoyulan hədəflərə daha fəal
cəlb edilməsiylə müəyyən işlər
görmək mümkün olardı. Lakin Prezident İlham
Əliyev elə miqyaslar ortaya qoyur ki, məsələnin bu
şəkildə gözlənilməz və misilsiz həlli təkcə
elə onun üstün ağlına gələ bilərdi.
Dövlət başçımız özünə xas
olan nəhəng miqyaslarla düşünmək və
addımlar atmaq məziyyətinə uyğun biçimdə
elə qərar qəbul edib ki, yaradılan yeni nazirlik fərman
imzalanan andanca ölkənin ən güclü intellektual
potensiala malik qurumuna çevrilib.
Elmin
müxtəlif sahələrində çalışan,
aralarında dünya şöhrətli alimlər də az olmayan çoxyüzlü deyil, çoxminli
bir elm ordusu Elm və Təhsil Nazirliyinin sərəncamına
verilir.
Fərman səslənincə hər kəsə aydın
olan ilk həqiqət budur ki, yeni nazirlik ölkənin
tayı-bərabəri olmayan beyin mərkəzi kimi yolunu
başlayır.
Ancaq bu yolu necə getməli? Artıq bu, yolu getməli
olanların onlara bu yolu açmış şəxsiyyətin
və bütöv millətin qarşısındakı məsuliyyəti,
cavab tapmalı olduğu sualdır.
Elm bir qanaddır, təhsil digər qanad. İki qanad
birləşirsə, bu, artıq sahibinə uçmaq
imkanı verir. Çiyindəki qoşa
qanad uçuş üçün açılmırsa, sadəcə
yükdür. Uça bilməkdən ötrü isə
gərək o qanadlar qoşa çarpa, həmahəng ola.
Təhsil və elmin birgə addımlaması
baxımından Qərblə bizim yollarımız fərqlidir. Bizdə də
universitetlərdə elm olub və var. Lakin bu, daha çox
ayrı-ayrı adamların fərdi fəaliyyəti şəklində
üzə çıxıb və çeşidli kafedralarda
çalışanların icbari qaydada hər ilin öhdəlikləri
sırasına daxil edilən elmi işləri çox
baxımdan formal səciyyə daşıyıb. Yəni
universitetlərimizin laboratoriya və kafedraları Qərbin məşhur
universitetlərindəki sayaq sanballı elm mərkəzlərinə
çevrilə bilməyib (heç bu iddiada olmayıb da), ali təhsil müəssisələrimizin tərkibində
elə həmin universitetcə sanbalı olan elmi-tədqiqat
institutları və mərkəzləri də meydana gəlməyib.
Sözdə olanları da gerçəklikdə dünya
nədir, hətta məhəlli səviyyədə diqqət
çəkəcək mahiyyətdən uzaqda qalıblar.
İndi
bizə bu istiqamətdə sıçrayışlı
inkişafa nail ola bilməkçün son
dərəcə münasib üfüqlər
açılır. Bir tərəfdən dünənəcən
akademik araşdırmalarla məşğul olan və yüksək
tədqiqatçılıq peşəkarlığına
malik yüzlərlə alimin universitet auditoriyalarına yolu
açılır, onlara nəzəri
araşdırmalarını auditoriyalara daşımaq girəvəsi
yaranır, digər yandan universitetlər daxilində ciddi elmin
bərqərar edilməsinə münbit zəmin əmələ
gəlir: çoxpilləli təhsilin - magistratura, dissertantura,
doktorantura səviyyələri üçün namizədləri
elə tələbə kontingentinin içərisindən
bilavasitə təmaslar əsnasında daha yaxşı
tanıyaraq seçmək, ardınca da məqsədyönlü
şəkildə istiqamətləndirmək, yetişdirmək,
irəlilətmək şəraiti və fürsəti də
öz yerində.
Elm və Təhsil Nazirliyi yarananadək və bu quruma
birləşənəcən sırf elmi araşdırmalar və
müzakirələr məskəni olmuş institutların yeknəsəq
və səssiz həyatına da yeni bir canlanma gələcək. Bu elmi-tədqiqat
institutları laboratoriya və şöbələri ilə
birgə tələbə nəfəsi ilə isinəcək,
auditoriyalaşacaq, gəncliyin enerjisi ilə dolacaq. Beləcə, həm də elmi
araşdırmaların aprobasiyası, təlim (və təqdim)
gedişatında cilalanması üçün əlverişli
müstəvi yaranacaq.
Elmi konfrans və sessiyaların, simpoziumların təşkilində
yetərincə təcrübəsi, imkanları, əlaqələri
olan peşəkar elmi-tədqiqat institutları təhsillə
içəridən qaynayıb-qarışdıqca universitetlərimiz
tədricən ən mötəbər yerli və beynəlxalq
elm məclislərinin də mərkəzinə dönəcək. Təhsil şəbəkəmizin
içərisindəki miqdarı minlərlə
ölçülən, bir çoxunun da beynəlxalq elmi rabitələri
fəal olan alimlər qatarı universitetlərimizin
beynəlxalq elmi bağlantıları və nüfuzunun da
artmasına, sözsüz ki, müsbət töhfəsini verəcəkdir.
İstər
ibtidai, istər orta, istər orta ixtisas, istərsə də ali təhsil sahəsində bizim ən köhnə
narahatlıqlarımızdan və ən yaralı da yerlərimizdən
biri dərsliklərdir. Zənnimcə, bir
nazirlik içərisindəki elm və təhsil
qovuşması bu səmtdə də əhəmiyyətli dəyişikliklər
olacağı və qənaətbəxş nəticələr
qazanılacağına ümid bəsləməyə əsas
verir.
Eyni zamanda elmlə təhsilin vəhdəti, mütəmadi
canlı ünsiyyətlər elmin kütləviləşdirilməsi
baxımından da yaxşı bəhrələrin törənəcəyi,
təhsil şəbəkəsinə və bütün xalqa
yönələn elmi-populyar ədəbiyyatın
sayının kəskin artacağı ehtimalı və
inamını da oyadır.
Yeni
nazirlik müstəvisində peşəkar
araşdırıcılıqdan artıq həm də təhsil
şəbəkəsinə köçən minlərlə
alimin gücündən istifadənin daha bir səmərəli
yolu onlardan yalnız ali yox, eləcə də
orta təhsil sistemində yararlanmaqdır.
Yüzlərlə
alimin Azərbaycan boyu məktəblərə
vaxtaşırı ezam edilməsi və onların mövcud tədris
proqramları üzrə, təbii ki, sıravi müəllimlərə
nisbətən daha dərinləşdirilmiş şəkildə
keçəcəyi dərslər şagirdlərin də,
müəllimlərin də tədris həyatında yeni
oyanışa təkan verər, həm öyrənciləri, həm
də onların qarşısında müəllimləri sabah
daha artıq səfərbər edər, həmçinin, məktəblərə
davamlı baş çəkib dərs verən alimlərin
özlərinə də faydasız ötüşməz.
Səlis, sadə ifadə dəqiq, dürüst fikirdən
rişələnir. Düşüncələrin nə qədər
qatmaqarışıqdırsa, çatdırmaq istədiyin mətləb,
ya hansısa elmi müddəalar sənin
özünçün gərəyincə aydın deyilsə,
şübhəsiz ki, bunların sözə çevrilməsi,
dilə gətirilməsi də nöqsanlı, nahamvar, çətin
anlaşılan olacaq.
İntensivləşən
araşdırıcı-məktəb kontaktlarının, məktəb-alim
işbirliyinin yan faydalarından biri də bu olar ki, mövzunu
yaxşı bilmək öz yerində, hətta ən mürəkkəb
məsələləri belə qarşındakıların
şagirdlər olduğunu unutmayaraq bacardıqca sadə tərzdə
çatdırmağa can atmaq sinif otaqlarına girən alimlərin
peşəkar elmi üslubunun daha da rəvanlaşması,
yığcam və dəqiq, həm də cəlbedici
olmasına yardımçıya çevrilər. Üz tutduğun auditoriya üçün
anlaşıqlı olmaq vacibliyi asta-asta bu keyfiyyətləri təhsil
şəbəkəsinə daha çox sirayət edənlərə
hökmən aşılayacaq.
Elmin təhsilləşdirilməsi, təhsilin elmləşdirilməsi
daha geniş əhatədə gerçəkləşdirilsin
deyə bu vəhdətin özəl təhsil şəbəkəsinə
tətbiqinin də mümkün üsulları barədə
düşünməyə dəyər. Yəni özəl
təhsil şəbəkəsi onsuz da müəyyən tellərlə
əvvəlki Təhsil, indiki Elm və Təhsil Nazirliyi ilə
bağlanır. Bu bağlılıq və
əlaqələr sadəcə metodiki göstəriş və
tövsiyələr dairəsindən çıxarılaraq
bilavasitə əməli kömək səviyyəsinə
çatdırılarsa, xeyirli olar. Çünki
təhsil də, elm də bütün millətinkidir və məhz
bütün Azərbaycan boyu bütün elm-təhsil fəzasında
onların qovuşuq inkişafı və tətbiqi daha harmonik
ümumi mənzərəni bərqərar etməyə də
ən etibarlı körpülərdən olar.
Bu gün dünyanın elmdə və təhsildə irəli
getmiş bir çox universitetləri və elm mərkəzlərində
Azərbaycan elm və təhsil mühitinin yetişdirməsi,
barmaqla sayıla biləcəkdən xeyli çox olan mütəxəssislər
çalışmaqdadır. Həm də onlar
biliyinə, səviyyəsinə ehtiram bəslənən,
işlədikləri yerlərdə nüfuz sahibi olan alimlərdir.
Və bu, əlamətdar göstəricidir.
Həm də yalnız bilavasitə həmin
şəxslərin özlərinin deyil, Azərbaycan elm-təhsil
məkanının üstünlük göstəricisidir.
Təbii, onlar seçiləndirlərsə, irəli getməyi,
fərqlənməyi bacarıblarsa, burada fitri istedadın,
şəxsi keyfiyyətlərin məxsusi yeri var. Ancaq
unudulmasın ki, onlar hamısı Azərbaycan universitetlərindən,
ölkəmizin elmi-tədqiqat müəssisələrindən
çıxıb, məhz burada yetişib. Demək,
yaxşıları yetişdirmək gücümüz var. Sadəcə,
bu yetişdiriciliyin, pərvazlandıra bilmənin
hüdudlarını və həcmini genişləndirmək,
daha artıq təkmilləşməyə getmək
lazımdır. Yeni yaradılan Elm və Təhsil
Nazirliyimiz idarəçiliyi, strukturlaşdırmanı,
komlplektləşdirməni, alimə münasibəti, elm-təhsil
yaxınlaşması xəttinin nizamlanmasını
düzgün, sağlam elmi və mənəvi meyarlara söykənərək,
çağdaş dünya elmi və təhsilinin umduğu
ölçülərdə qurarsa, böyük uğurlara
imza ata bilər.
Digər
tərəfdən, bu yeni quruculuqlar zamanı xarici ölkələrdəki
universitet və elm mərkəzlərində fəaliyyət
göstərən, yetərincə təcrübə
qazanmış azərbaycanlı mütəxəssislərlə
əməkdaşlığı qüvvətləndirmək,
artıq öz şəxsi nümunələrində bizim
elm-təhsil mühitindən Qərbin elm-təhsil məkanına
uyğunlaşmanın anatomiyasını birbaşa təmas
zamanı duymuş, nəyi necə etməyin
düzgünlüyünü öz təcrübələrindən
yaxşı bilən tədqiqatçı və müəllim
soydaşlarımızın dəstək və tövsiyələrindən
yararlanmaq məqsədəuyğundur.
Hər başlanğıcda sabahkı uğur və
işığı öncədən görməyə cəhd
etmək nəciblikdəndir. Ümummilli mənası
olan işlərə xoşniyyət münasibət bəsləmək,
gücün yetdiyi qədər dayaq durmaq ortaq borclarımızdandır.
Ən
yaxın xaricdən tutmuş uzaq Yaponiyayadək çox
ölkələrdə çoxdan var olan, gəlişini
haçandan bəri gözlədiyimiz Elm və Təhsil
Nazirliyimizin əslində yalnız orda
çalışacaqlara deyil, hər vətəndaşımıza,
hər Azərbaycan ailəsinə aidliyini düşünərək
hər birimiz də böyük yola çıxan bu
MÜSAFİRƏ yekdil xeyirxahlıqla yanaşaq.
Yeniləşən, getdikcə daha artıq dünyalaşan, beynəlxalq aləmdə durmadan artan çəkisi və nüfuzu ilə daha çox parlamağa başlayan Azərbaycan elm və təhsil sahəsində də sıçrayışlı inkişafı və parlaq nəticələri ilə diqqətlər çəkməyə qadirdir.
Buna ən dərin ümidlər bəsləməyə tarixin dünənlərindən gələn və sınaqlardan çıxmış kamil elm və təhsil ənənələrimiz, sahib olduğumuz zəngin intellektual yatırımımız əsas verir.
Elm və Təhsil Nazirliyimizin yaradılması, qanadların qovuşması bu ötkəm gözləntilərə mötəbər zəmanətdir.
Ağaca qonmuş ən ağır çəkili quş belə heç vaxt budağın sına biləcəyindən ehtiyat etmir. Çünki qanadları var, istənilən anda uça bilər.
Yol başlayırıq, sınaqlardan çəkinməyək, yolu gedə-gedə öyrənək, təkmilləşək, böyük uçuşlara hazır olaq!
Dövlət
başçısı ondan asılı olanı edib, qalır
icraçıların öhdəsinə düşən vəzifələr
- iki qanadın könül istəyən vəhdətini və
bir-birini tamamlayan ahəngdar, qoşa çarpmasını təmin
etmək, elmimiz və təhsilimizin inamlı
uçuşlarıyla daha uzaq və aydın
üfüqlərə çatmasına, daha ucaları fəth
etməsinə nail olmaq!
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.-
2022.- 6 avqust.- S.6;7.