“Mirzə Ələkbər Sabir
– 160” adlı elektron daycest
istifadəçilərə təqdim edilib
Bu il Azərbaycan
satirik ədəbiyyatının
görkəmli nümayəndəsi
Mirzə Ələkbər
Sabirin anadan olmasının 160 illik yubileyi qeyd edilir.
Milli ədəbiyyatda
tənqidi realizmin əsas yaradıcılarından
biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin
ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi
satirik şeir məktəbinin yaradıcısı,
türk-müsəlman dünyasında
satirik şeirin qüdrətli təmsilçisi
kimi tanınır.
Sabir yeni ədəbiyyatımızda birinci
şairdir ki, müasir ictimai həyatı əsas mövzu seçmiş, ictimai quruluşu cəsarətlə təşrih
etmiş, zəmanəsinin
həqiqi, əlvan, zəngin tiplər silsiləsini yaratmışdır.
Sabir bədii
ədəbiyyatı keçmiş
mövhumi təsəvvür,
əfsanələrdən, mey-məzə,
gül-bülbül, əyləncə
vasitəsindən tamam
xilas edib həqiqi həyat səhnəsinə endirən,
müasir siyasi, məfkurəvi silah səviyyəsinə qaldıran
ən böyük yenipərəst, döyüşkən
bir şairdir.
Sabir Azərbaycan
ədəbiyyatı tarixində
çox böyük xidmətləri olan, şeirimizdə tamam yeni bir dövr
açan, milyonların
qəlbini oxşayan və fəth edən əsil xalq şairidir. Onun ölməz
satiraları indi də oxucuların zehnində yaşayır, adamların yeni dünya, yeni həyat uğnında fəal mübarizəsində
kəsərli silah rolunu oynayır. Sabir şeiri həmişə,
hər yerdə zehni açıq, tərəqqipərvər adamların
azadlıq və səadət uğrunda, mübarizə yolunda sönməz bir mayak kimi yanır
və nur saçır.
525.az xəbər verir ki, M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən
“Mirzə Ələkbər
Sabir – 160” adlı elektron daycest hazırlanıb.
Təqdim
olunan daycestdə (ingilis dilindən tərcümədə “xülasə”,
“toplu” mənasını
verir) görkəmli şairin həyat və yaradıcılığından
bəhs edən,
2020-2022-ci illərdə ölkə
ərazisində müxtəlif
dövri nəşrlərdə
dərc edilən məqalələr araşdırılmış
və seçmə yolu ilə diqqətə
çatdırılmışdır. Məqalələr
illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilmişdir.
525-ci qəzet.- 2022.- 9 avqust.- S.7.