Şuşada Diaspor Gənclərinin
III Yay Düşərgəsi başa çatıb
Diasporla
İş üzrə Dövlət Komitəsinin irimiqyaslı
layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin
III Yay Düşərgəsinin bağlanış mərasimi
keçirilib.
Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) sədr müavini
Elşad Əliyev, Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsinin İdarə
Heyətinin sədri Məftun Abbasov və DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli
layihənin uğurla başa çatması münasibətilə düşərgə
iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar
arzulayıblar. Möhtəşəm layihəyə təşkilati
və tərəfdaşlıq
dəstəyi göstərən
təşkilatlara minnətdarlıq
ifadə edilib.
“Şuşanın qapıları
hər zaman sizin üçün açıqdır. Bundan sonra yəqin
ki, tez-tez Şuşaya gələrsiniz.
Biz həmişə sizin yolunuzu gözləyəcəyik. Ümid edirəm ki, burada keçirdiyiniz bir həftə çox maraqlı və səmərəli oldu. Ən azı öz
gözlərinizlə erməni
vandallarının törətdikləri
vəhşiliklərin izlərini
gördünüz. Eyni
zamanda, Azərbaycan dövlətinin son ilyarım
ərzində həyata
keçirdiyi quruculuq-bərpa
işləri ilə yaxından tanış
oldunuz. Gördünüz
ki, bu torpaqların
əsl sahibləri öz doğma yurduna necə böyük həssaslıqla
yanaşır”, - deyə
İH sədri bildirib.
Komitənin indiyədək xaricdə yaşayan azərbaycanlıların Şuşaya beş səfərini təşkil etdiyinə diqqət cəlb olunub. “Həmin səfərlərdə 400-500 nəfər iştirak edib. Amma onların heç birinə Şuşada gecələmək nəsib olmayıb. Siz isə artıq bir həftədir ki, Şuşadasınız. Bu ayrıca üstünlükdür və diaspor gənclərinə verilən önəmdir. Ümidvaram ki, hamınız ölkələrinizə qayıtdıqdan sonra burada gördüklərinizi yerli dillərdə sosial şəbəkələr və media vasitəsilə yayacaqsınız, sizin paylaşımlar sayəsində Şuşadakı III Yay Düşərgəsinin dünya trendinə düşəcəyini qısa müddət ərzində görə biləcəyik”, - deyə Komitənin aparat rəhbəri vurğulayıb.
Sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub, layihə çərçivəsində keçirilmiş intellektual oyunların qalibləri mükafatlandırılıb. Eyni zamanda, düşərgədə xüsusi fəallıq göstərən gənclər püşkatmada iştirak edərək hədiyyələr qazanıblar.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.
2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay
Düşərgəsi “Cümhuriyyətin 100 illiyi”
şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə
Şamaxıda keçirilib.
525-ci qəzet.- 2022.- 9 avqust.- S.5.