Niderland ekzotikası barədə xoş təəssüratlar
Əvvəli
ötən çərşənbə sayımızda
Hollandiya
heyvandarlığı ilə SSRİ-dəki bu istehsal sahəsini
müqayisə etdikdə, bizim aşağı səviyyəli
təsərrüfatçılığımız
hollandlardan çox geri qaldığımızı göstərirdi.
SSRİ-də heyvandarlığın intensiv
inkişafına nə qədər cəhd edilsə də, bu
səylər istənilən nəticəni vermirdi. Sərt tələbkarlıq və cəza qorxusu isə
inkişaf yollarını tapmağa deyil, rəqəmlərin
şişirdilməsinə əl atmağa səbəb olurdu.
Xüsusən cənub respublikalarında yemlə
təchizat, xüsusən ayaqaltı otla təminat pis vəziyyətdə
idi, ciddi surətdə çatışmırdı. Əmək bölgüsündəki istehsal sahələri
arasındakı düzgün proporsiyaların
yaradılmasına fikir verilmədiyindən, bitkiçilik sahəsindəki
nisbi uğurlar heyvandarlığın yem ehtiyatı ilə təminatının
daha da pisləşməsinə səbəb olurdu. Şəhərətrafı heyvandarlıq zonalarında
isə, onlar şəhərləri təzə məhsulla təmin
etmək üçün yaradılmışdı, mal-qara məcburən
izafi qarışıq yem ilə qidalandırılırdı,
bu da məhsulun maya dəyərinin xeyli artmasına səbəb
olurdu. SSRİ öz tarixinin sonuna qədər aqrar
problemlərin həllində daim çətinlik
çəkirdi, xüsusən heyvandarlıqda ağır
problemlərlə üzləşməli olurdu, əsaslı
iş görülməsi əvəzinə palliativ tədbirlərin
həyata keçirilməsi məhsul
qıtlığını aradan qaldıra bilmirdi, bu isə əhalinin
sosial vəziyyətinə də mənfi təsir göstərməmiş
qalmırdı.
Hollandlar təkcə təsərrüfatçılıqları
ilə deyil, həm də yaradıcılıq potensialı ilə
seçilən bir xalqdır, bu, təsviri sənət sahəsində
xüsusilə nəzərə çarpır. Dünyanın
iri muzeylərini holland rəngkarlığının məşhur
nümunələri bəzəyir. XVI-XVII əsrlərdə
holland və flamand rəssamları öz əsərləri ilə
böyük şöhrət tapmışdılar, onlar Avropa
incəsənətinə də güclü təsir göstərmişdilər.
XVII əsrin böyük rəssamı Rembrandt van Reyn və
XIX əsrin sonunda istedadı gur parlamış Vinsent van Qoq
dahilik zirvəsinə yüksəlmişdilər. Rembrandtın əsərlərinə dünyanın ən
məşhur muzeylərində rast gəlmək
mümkündür. Onun bir sıra tabloları
Amsterdamdakı Reyksmuzeyumda nümayiş etdirilir və
hamımız onlarla böyük maraqla tanış
olduq. 1999-cu ildə dostumla birlikdə ikinci dəfə Amsterdamda
olarkən bizə böyük qonaqpərvərlik göstərən
gənc holland iş adamı ilə birlikdə bu muzeydə
yenidən olduq. Mən vaxtilə Van Qoqun
ayrıca muzeyində olmuşdum və müqayisə olunmayan təəssürata
yiyələnmişdim, ona görə də yenidən onun əsərlərini
görmək istədim. Lakin muzey binası
təmirə dayandığından işləmirdi. Ona görə də Reyksmuzeyumda tablolara ikinci dəfə
baxmalı olduq. Muzeydə Van Qoqun iki
"Şaftalı ağacı" tablosunda çiçəklərə
bürünmüş şəkildəki kiçik çətirli
ağac təsvir olunurdu. Rembrandtın bir əsəri barədə
holland dostumuzla mübahisəmiz oldu, dedim ki, rəssamın
"Azmış oğul" adlı Bibliya hadisəsinə həsr
olunmuş tablosuna mən Ermitajda tamaşa etmişəm.
Holland həmin əsərin Reyksmuzeyumdə olduğunu dedi,
mübahisəyə birinci mərtəbənin dəhlizində
satılan albomlara baxmağımızla son qoyuldu. Tablonun altında rəssamın və əsərin
adından sonra Leninqrad, Ermitaj muzeyi yazılmışdı.
Gənc holland mübahisəsinə görə
üzrxahlıq etdi.
Rembrandtın
“Azmış oğulun qayıtması” tablosu
Ümumiyyətlə, Rembrandt çox janrlarda işləmiş,
əsərlərində insan təbiətinə yaxşı
bələd olduğunu ifadə edə bilmişdi. Muzeydə daha
çox tamaşaçı böyük rəssamın
"Gecə qarovul dəstəsi" tablosunun
qarşısında toplaşır. Əsərdə
çox sayda obrazlar, o cümlədən, müəllifin
özü də təsvir olunmuşdur. Belə kütləvi
marağı sonralar mən Luvrda Leonardo da Vinçinin
"Cokonda" ("Mona Liza") portretindəki, Mikelancelonun
və Rafaelin Vatikan muzeyində nümayiş etdirilən
böyük freskalarındakı ecazkar sənət
ustalığına tamaşa edənlərin sıx
toplaşmasında görmüşdüm. Vaxtilə
romalılar dahi rus rəssamı Karl Bryullovun "Pompeyinin son
günü" tablosuna baxmağa bu qaydada uzun müddət ərzində
axışmışdılar. Rəngkarlığa
maraq göstərənlər rəssamlıq incilərinə
ilahi qüvvələrə bəslənən sitayiş
qaydasında tamaşa edir, heyranlıq göstərir, əsərdəki
sirlərə bələd olmağa çalışırlar.
İstər bu "Miloşlu Venera" heykəl portreti, yaxud
Mikelancelonun müqəddəs Pyotr kilsəsini bəzəyən
"Pyeta" - "Fəryad" heykəltəraşlıq
kompozisiyası olsun, istərsə də fransız rəssamı
Ejen Delakruanın "Azadlıq xalqı irəli
aparır" və ya rus rəssamı Aleksandr İvanovun
"Xristin zühur etməsi" adlı monumental əsərləri
olsun, onlara tamaşa edənlərdə bu sənət inciləri
ən ülvi hisslər oyadır. Çünki
bu əsərlərdə ideoloji təsirlər deyil, ümumbəşəri
hisslər və dəyərlər ön plana çəkilir.
Van Qoqun Amsterdamdakı dördmərtəbəli,
işıqlı muzeyində onun bir sıra sənət inciləri,
o cümlədən, "Günəbaxanlar" seriyası
nümayiş etdirilir. Əsərdə çiçəyin təsvirində
öz təsir gücünü tapan günəş enerjisi elə
bil ki, tamaşaçının da daxili dünyasına
işıq və hərarət saçır. Onun avtoportreti isə bu böyük, həm də bədbəxt
insanın həyatda necə ağır sınaqlara
dözdüyünü göz önündə
canlandırır. Rembrandtın baş
çəkdiyimiz ev-muzeyi isə rəssamın sadə, dəbdəbədən
uzaq olan həyat tərzindən xəbər verir. Van Qoq bütün həyatı boyu bircə tablosunu
sata bilib, yalnız qardaşı Teonun maddi yardımı ilə
yaşadığı halda, indi onun əsərləri on
milyonlarla avroya satılır. Rembrandt da elə
varlı deyildi, yeganə təsəllisi öz
yaradıcılığı və tablosunda nümayiş
etdirdiyi arvadı Saşkiya ilə bu evdə xoş günlər
yaşaması idi. Ondan əvvəl
böyük flamand rəssamı Paul Rubens öz arvadı
Yelena Fourmentin "Kiçik kürk" əsərində
hissiyyatlı obrazını yaratmışdı. Dahi
italyan rəssamı Rafael də Romada yaşadığı 12
il ərzində məşuqəsi
olmuş Fornarinadan (italyan dilində "Kökə
satıcısı" deməkdir) ilhamlandığına
görə onun təsvirini gələcək əsrlərə
yadigar qoymuşdu. Fransız rəssamı Enqr isə
öz tablosunda Rafaellə Fornarinanı birlikdə təsvir
etmişdir. Ümumiyyətlə,
böyük ustaların sevdiyi qadınlar öz məhəbbətlərinin
uca qiyməti kimi onların əsərlərində ilham pərisi
timsalında yer tapmışlar və tarixə
qovuşmuşlar. Ali istedad sahibləri ilə ülvi
ünsiyyətə girən qadınlar təkcə şərəfə
nail olmurdular, həm də gözləmədikləri halda
sonrakı əsrlərdə də ömür sürənlərin
pərəstiş mənbəyi rolunu oynayaraq, onların
müasirlərinə çevrilirdilər.
Hollandiya özünün təsviri sənət
kapitalına layiqincə qiymət verir. Ölkədə
dövlətin himayəsi altında 12 muzey vardır. Haaqada yerləşən Mauritsis də
Amsterdamdakı Reyks Muzeyum - kral muzeyi kimi məşhurdur.
Bu muzeylərdə Yan van Eykin, İeoronim Bosxun,
portret ustası Frans Xalsın (olduğumuz Harlem şəhərindəki
onun muzeyi rəssamın əsərləri ilə daha zəngindir),
peyzaj rəssamları Yan Vermeyerin, Salomon van Ryuzdalın
tabloları nümayiş etdirilir.
Holland rəngkarlığı, mübaliğəsiz olaraq hər cür tərifə layiqdir. Bu ölkədə təsviri sənət çox inkişaf etmişdir. Bu sözləri heykəltaraşlıq haqqında demək çətindir. Dahi rəssamların fəaliyyəti dövründə elə bir qiymətli heykəltaraşlıq əsəri meydana gəlməmişdi. İtaliyada isə Renessans həm rəngkarlığa, həm heykəltaraşlığa güclü təsir göstərmiş, hər iki sahədə dünyanı heyran qoyan incilər yaradılmışdır. Dahi rəssamlar Mikelancelo və Rafael həm də arxitekturada da öz böyük istedadlarını nümayiş etdirə bilmişdilər. Ona görə də İtaliya həm rəngkarlıq, həm heykəltaraşlıq, həm də arxitektura sahəsindəki dahiyanə əsərlərlə doludur. Bernininin Müqəddəs Pyotr kilsəsi meydanını bəzəyən sütunları və onların üzərindəki heykəllər, şəhər-muzey sayılmalı olan Venetsiyanın San Marko meydanı və ya Florensiyanın Vekkio meydanındakı möhtəşəm binalar və heykəllər elə bil ki, gələcək nəsilləri təəccübləndirmək, öz möcüzələrinə onların heyranlıq göstərməsi üçün yaranmışdır. Bu inciləri görən hər kəs italyan sənətinə, Renessans dahilərinə pərəstişi ilahi qüvvələrə sitayiş səviyyəsinə qaldırır və burada heç bir səhv də yoxdur, çünki əsrlər keçsə də, onlar tarixə qiymətini heç də itirməyən, insan istedadının yüksəkliyini, əlçatmazlığını anlamağa kömək edən və müqəddəslik haləsi qazanmış naxışlar vurmuşlar.
Van Qoqun “Günəbaxanlar” seriyasından
Holland teatrı və ədəbiyyatı barədə də yüksək ifadələr işlətmək haqsızlıq olardı. Onlar rəssamların bəxş etdikləri hədiyyələrlə müqayisədə kölgələ qalırlar. Təəssüflə qeyd etmək lazımdır ki, burada dünya tamaşaçısını və oxucusunu heyrətləndirən tamaşalar və bədii əsərlər meydana gəlməmişdir. Nədənsə, bu istedadlı xalq yaradıcılığın bu sahələrində öz bacarığını nümayiş etdirə bilməmişdir. Nisbətən qiymətli sayılmalı olan bəzi əsərlər XX əsrdə yaranmışdır. II Dünya müharibəsindən sonra Rotterdamda qoyulan "Dağılan şəhər" abidəsi ona vurulan ağır yaralar haqqında təsəvvür yaradır. 1940-cı ildə Hitler ordusu Rotterdamı amansız bombardmana məruz qoymaqla şəhərin arxitektura abidələrini bütünlüklə məhv etmişdi. Abidə alman nasistlərinin vəhşiliyini bədii obrazın köməkliyi ilə əks etdirir.
Biz Amsterdamla yaxından tanış olmaq imkanı əldə etdik. Şəhəri bəzəyən çox sayda kanallar olduqca yaxşı təsir bağışlayır. Təsadüfi deyildir ki, Amsterdamı Şimalın Venetsiyası adlandırırlar. Lakin buranın nə San Marko meydanı, nə qondolaları, nə Rialtosu, nə də "Ah" körpüsü vardır. Burada turistləri gəzdirən xırda gəmilər üzür. Kanalların üstündə nazik saplardan hörülmüş pəncərə pərdəsinə bənzəyən körpü tağları ucalır. Sudakı yaşayış barjlarında - vonbotlarda da ailələr məskunlaşmışlar. Onlar iri həcmə malik olduqlarından yaşayış sahəsinin genişliyi ilə seçilir. Orada yaşayanlar Çinin çaylarındakı conkolarında bütün ömürlərini sürən ailələri xatırladırlar. Vyetnamda isə dənizlərdə də su üstündə tikilən evlərdə çox sayda kasıblarla yanaşı, varlılar da yaşayır. Su üstündəki bu evlərdə hər cür yaşayış şəraiti yaradılmışdır.
Kanallar, heç şübhəsiz, şəhərə
gözəllik verir. Lakin ona başqa cür yanaşanlar da vardır. Böyük fransız
filosofu Volter (XVIII əsr) bir müddət Amsterdamda
yaşamış, şəhəri tərk edərkən qəzəbini
ifadə etməklə demişdi: "Əlvida kanallar, qazlar və
kanalyalar (əclaflar)!" Volteri razı salmaq da
çətin idi, o, Sovet turisti deyildi ki, istənilən şəraitlə
razılaşsın. Prussiya kralı
Böyük II Fridrix Potsamda San-Susi sarayını tikdirdikdən
sonra 1750-ci illərdə Volteri ora qonaq dəvət etmişdi.
Filosof gözəl landşaftlı parka malik olan bu möhtəşəm
sarayda iki il qaldıqdan sonra kralla sözləşmiş
və çox narazı şəkildə Potsdamtı tərk
etmişdi. Əgər kralın qonaqpərvərliyi
onu qane etməmişdirsə, Amsterdam bu şıltaq
insanın könlünü oxşamaqda, heç şübhəsiz,
çətinlik çəkmiş olardı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 10 avqust.- S.7.