Ədəbiyyat yolçuluğu:
başlanğıcdan bugünəcən
İLK
KİTABIMIN SONSUZ SEVİNCİ
(Əvvəli ötən sayımızda)
Əyalətdə, paytaxtdan kənarda
yaşayan, cavan bir qələm sahibi kimi mərkəzdə
çap olunmağıma
dəstək olan, redaksiyaların qapısını
bir növ yağır etməyimə,
sırtıq bir müəllif olmağıma
qıymayan, o illərdə
çalışdıqları ədəbi orqanlarda -
"Ədəbiyyat qəzeti"ndə,
"Ulduz", "Azərbaycan"
jurnallarında işləyən
Xalq şairi Cabir Novruza, Xalq yazıçısı
Sabir Əhmədliyə,
Abbas Abdullaya, Ələkbər Salahzadəyə,
dostlarım Xalq yazıçısı Mövlud
Süleymanlıya, Seyran
Səxavətə də
bir minnətdarlıq borcum var. Söhbət o illərdə yazılarımın
çapından düşmüşkən,
mən o vaxtlar "Gənclik" nəşriyyatında
çalışan, nəşriyyatın
nəşr etdiyi almanaxlarda hekayələrimin,
hətta povestimin dərcinə yardımçı
olan, o almanaxların tərtibçisi və redaktoru olmuş Çingiz Əlioğlunun
adını da yada salmağı özümə borc bilirəm.
Beləcə, o illərdə "Azərbaycan", "Literaturnıy
Azərbaycan", "Ulduz"
jurnallarında, "Ədəbiyyat
qəzeti"ndə, müxtəlif
almanaxlarda yazdıqlarım
çap oluna-oluna, hekayələrimdən ibarət
qovluq isə nəşriyyatların planlarında
ildən ilə keçə-keçə, nəhayət,
"Yazıçı" nəşriyyatında axır
ki, 1986-cı ildə
34 yaşımda "Gənc
müəllifin ilk kitabı"
seriyasından "Buz
heykəllər əriyir..."
adlı kitabım çap olundu. Təvazökarlıqdan kənar
olsa da, deyim ki, o vaxtlar
paytaxtdan kənarda, əyalətdə yaşayan
bir qələm adamının kitabının
işıq üzü
görməsi az qala hadisə
idi. Əlbəttə, Naxçıvan Muxtar Respublikası, Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə, Lənkəran,
Qazax kimi bölgələrdə yaşayıb
yaradan şair və nasirlərimizin kitablarının çapdan
çıxması bir
növ istisna idi.
lll
İkinci kitabım isə aradan xeyli keçəndən
sonra 1992-ci ildə işıq üzü gördü. Və bu kitab deyim ki, mənə
xüsusilə əzizdir.
Səbəbini açıqlayım.
1992-ci ilin əvvəlləri
idi. Artıq nəşriyyatların
təsərrüfat hesabına
keçdiyi bir vaxtda "Gənclik" nəşriyyatında "Ümid"
adlı povest və hekayələr kitabım plan əsasında
çapa hazırlanırdı.
Kitab yığılıb səhifələnmişdi.
Elə bu zaman məlum
oldu ki, kitab lazımi tirajı yığmayıb
və bu tiraj məsələsi bir-iki günə həll olunmasa, kitab işıq üzü görməyəcək.
Bir-iki gün şəhərdə kitab
mağazalarını gəzib
dolaşdım və təbii ki, o qarışıq vaxtlarda tiraj toplaya bilmədim. Məşhur "Tarqovı" küçəsi
ilə məlul-müşkül
üzü "Gənclik"
nəşriyyatına tərəf
addımlayarkən nəzərlərim
"Kitab pasajı"nda
ilişib qaldı.
Dərhal yadıma Daşqın
Qasımzadə düşdü.
Daşqın müəllim ilə
məni həmişə
yazılarıma diqqət
və qayğı ilə yanaşan "Azərbaycan" jurnalının
indiki baş redaktoru, ötən əsrin 80-ci illərinində
isə redaksiyada məsul katib olan qardaşı İntiqam Qasımzadə tanış etmişdi.
Daşqın müəllim o zaman
məşhur "Kitab
pasajı"nın direktoru idi.
O vaxtlar şəhərə
yolum düşəndə
arabir yolumu bu kitab mağazasından
salıb Daşqın
müəllimlə görüşər,
hal-əhval tutardım.
Ayrılanda Daşqın
müəllim "altdan
satılan", çətin
tapılan kitablardan hökmən bir neçəsini mənə
hədiyyə edib hörmətlə yola salardı.
Ləngimədən Daşqın müəllimin
yanına yollandım. Ənənəvi
hal-əhvaldan sonra məsələdən agah
olan Daşqın müəllim: "Əşi,
min nüsxə nədir,
mən sənin kitabının bütün
tirajını götürüb
satmağa hazıram",
- deyərək nəşriyyatın
direktoru Əlican Əliyevə zəng vurdu. Nəşriyyat direktoru ilə
sözləşib-razılaşandan sonra kitabın nəşri, necə deyərlər, rəsmiləşdirildi.
İndi aradan illər keçəndən sonra neçə-neçə kitab
müəllifi olsam da, həcmcə elə də böyük olmayan, nazik bir kitab. O kitabın
çapında dost qayğısını,
nə vaxtsa kəsilən halal duz-çörəyə qiymət
qoyub kömək üçün əlindən
gələni əsirgəməyən
bir insanın diqqətini, etibarını
görmüşəm... Bax, ona görə bu kitabım mənə çox əzizdir.
Ancaq nə yazıqlar ki, xeyirxah, etibarlı insanlar çox vaxt həyatdan erkən gedib dostları tez tərk edirlər. Daşqın
müəllim də dünyadan vaxtsız getdi!
Ulu Tanrı öz haqq dünyasına qovuşan dostlarımıza
qəni-qəni rəhmət
eləsin! Aramızdakıları
hifz etsin! Bir də dostları
elə özümüz
də qorumalıyıq!
lll
Və nəhayət
ki, ilk nəsr kitablarımdan olan "Dəvə Şirvan yolunda..." adlı elmi-publisistik kitab.
Təvazökarlıqdan kənar olsa da, deyim ki,
sonralar bir neçə dissertasiya işində bu kitabımdan elmi mənbə kimi istifadə edilmiş, istifadə olunan ədəbiyyat siyahısında
adı qeyd olunmuşdu.
Ötən əsrin 80-ci illərində
o zaman Azərbaycan Yazıçılar İttifaqının
nəzdindəki Bədii
Ədəbiyyatı Təbliği
Bürosu adlı bir təşkilat da var idi
və o vaxtlar bu təşkilatın xətti ilə tanınmış şairlər,
yazıçılar, bir
sözlə, yaşlı,
cavan qələm sahibləri yaradıcılıq
"putyovka"ları ilə
rayonlara ezam olunur, müxtəlif müəssisə və təşkilatlarda, təsərrüfatlarda
olur, öz oxucuları ilə görüşlər keçirirdilər.
Deyim ki, mənim adıma da belə "putyovka"lar göndərilirdi və Bakıdan gələn iki nəfərlik qrupun üçüncü
üzvü kimi onlara qoşulub tədbirlərin iştirakçısı
olurdum.
Belə
qonaqlardan növbəti
dəfə ikisi, o illərdə hər sayı milyon tirajla çap edilən, məktəblilərin
sevə-sevə oxuduğu
mətbu orqanı,
"Pioner" jurnalının
baş redaktoru, uşaqların sevimli yazıçısı Nəriman
Süleymanov, eləcə
də şeirləri balaca oxucuların dillərinin əzbəri,
"Dövlətnəşrkom"un
"İşıq" nəşriyyatında
çalışan Qəşəm
İsabəyli idi. Rayonun müxtəlif yerlərində
yerləşən müəssisə
və təşkilatlarına
görüşə gedərkən
mən qonaqlara yolboyu gördüyümüz,
özlüyümdə onlar
üçün maraqlı
bildiyim, necə deyərlər, hər daş, hər ağac haqqında bildiklərimi danışırdım.
Birdən Qəşəm
müəllim: - Aydın,
bəs indi bizə danışdıqlarını
niyə qələmə
almırsan? - deyə soruşdu.
Nəriman müəllim də
dərhal söhbətə
qoşulub: - Əgər
sən bu danışdıqlarını yazıb
bizə yollasan, mən də onları jurnalda məmnuniyyətlə çap
edərəm, - deyə
Qəşəm müəllimin
sözlərinə qüvvət
verdi.
Rayonumuzn tarixi keçmişi, etnoqrafiyası, folkloru haqqında yazdığım ayrı-ayrı üç yazını "Dəvəçiyə səyahət" adı ilə ümumi bir başlıq altda jurnala yolladım. Qısa bir müddət sonra "Pioner" jurnalında hər üç yazı işıq üzü gördü. Yazıların çapından sonra geniş qəlbli, xeyirxah, mehriban, qayğıkeş, həm də tələbkar bir redaktor olan Nəriman müəllimin yazılarımın oxucular tərəfindən də maraqla qarşılandığını, bu səpkidə növbəti yazılarımı gözlədiyi xəbəri məni daha da ruhlandırdı. Topladığım folklor nümunələrini, qədim Şabran şəhəri, tarixlər yaşıdı Çıraqqala, bölgənin zəngin etnoqrafiyası haqqında əldə etdiyim yeni materiallar, publisistik janrda qələmə aldığım digər yazılar ayrı-ayrı illərdə jurnalın müxtəlif saylarında vaxtaşırı işıq üzü gördü.
Jurnalda çap olunan bu yazılarımın bir oxucusu da, demə, Qəşəm İsabəyli imiş. Və günlərin bir günü Qəşəm müəllim o yazılara yenidən əl gəzdirib kitab halında "İşıq" nəşriyyatına təqdim etməyi mənə məsləhət gördü. Beləliklə, o vaxtlar Siyəzənin də eyni inzibati ərazi bölgüsünə daxil olduğu Şabranın (keçmiş Dəvəçi) tarixi abidələri, etnoqrafiyası, folkloru, tanınmış adamlarından bəhs edən "Dəvə Şirvan yolunda..." adlı üçüncü publisistik kitabım 1993-cü ildə "İşıq" nəşriyyatında 2000 tirajla çap olundu.
Sonra da povest və hekayələrimdən ibarət kitablarımla yanaşı, müxtəlif illərdə çapdan çıxan publisistik kitablarım... Və Nəriman müəllimin ruhu şad olsun, Qəşəm müəllimə uzun ömür, yaradıcılıq uğurları!
lll
Sonralar bir müddət elə jurnalistikayla məşğul
oldum. Publisistika janrında yazdığım
yazılar ötən
əsrin 70-80-ci illərində
respublikamızın mərkəzi
mətbuat orqanlarında
- "Kommunist", "Bakınski
raboçiy", "Sovet
kəndi", "Azərbaycan
gəncləri", hətta
keçmiş ittifaqın
"Pravda", nüfuzlu "Sovetskaya kultura", "Qudok" qəzetlərində,
"Azərbaycan", "Ulduz", "Qobustan"
dərgilərində çap
olundu. Şabranda yerli qəzetin
məsul katibi, Siyəzəndə isə
rayon qəzetinin redaktoru
vəzifəsində çalışdım.
Sonralar AzTV-nin "Xəbərlər"
proqramının şimal
regionu üzrə xüsusi müxbiri oldum. Bir ara "Respublika"
qəzetinin xüsusi müxbiri işlədim.
Müxtəlif illərdə publisistik yazılarım dəfələrlə
respublika müsabiqələrinin
qalibi oldu. Ayrı-ayrı
vaxtlarda "Siyəzənli
oğlanlar", "Tarixlər
şahidi cavan Siyəzən", "Şabran
şəhidləri", "Çıraqqala işığında",
"Mərcanlı bulaq",
"Eldən soruş...",
"İki sahilin oğlu", "Dünya
içində dünya
idi o...", "Uzaqlardan
gələn karvan",
"Ömrümüzə yazılan gün",
"Yoldur gedirik..."
və digər publisistik kitablarım işıq üzü gördü.
(Ardı var)
Aydın
TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2022.- 10 avqust.- S.6.