Qərb Türkiyə-Rusiya yaxınlaşmasından
narahatdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi və Soçidə rusiyalı həmkarı
Vladimir Putinlə 4 saatdan
artıq danışıqlar
aparması Qərb mediasının gündəm
mövzularından birinə
çevrildi. Qərb mediasında Soçi görüşü ilə
bağlı yer alan xəbər
və təhlillərdə
ABŞ-ın Türkiyə-Rusiya
yaxınlaşmasından narahatlıq
duyduğu ifadə olunur. Nüfuzlu "Financial Times" qəzeti avropalı rəsmilərə
istinad edərək Avropa Birliyinin Türkiyə-Rusiya əməkdaşlığını
yaxından izlədiyini
yazıb. Qəzetin yazdığına
görə, Brüssel
Türkiyənin ağır
sanksiyalara məruz qalan Rusiya üçün
ticarət platformasına
çevrilməsindən narahat
olmağa başlayıb.
"Financial Times"ın mövqeyini öyrəndiyi
avropalı rəsmilərdən
biri Türkiyənin Rusiyaya yönəlik davranışını fürsətçilik
adlandırıb. Başqa bir
avropalı siyasətçi
isə bildirib ki, "Türkiyə bizim narahatlıqlarımızı
diqqətə almalıdır".
Avropa Birliyinin
təmsilçiləri Türkiyə-Rusiya
yaxınlaşması ilə
bağlı fikirlərini
diplomatik ifadələrlə
ifadə etməyə
üstünlük verdikləri
halda ABŞ rəsmiləri
qəti mövqe nümayiş etdirirlər. ABŞ və Avropa mətbuatının məlumatına
görə, iyun ayında Ankaraya səfər edən
ABŞ maliyyə nazirinin
müavini Uolli Adeyemo Türkiyə rəsmilərini Rusiya ilə münasibətlərə
görə xəbərdar
edib. ABŞ maliyyə nazirinin müavinin Ankaraya səfəri NATO-nun Madrid sammiti
ərəfəsində həyata
keçirilmişdi. İddialara görə,
məhz Uolli Adeyemonun Ankaraya səfəri Türkiyənin
İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı
mövqeyində dəyişikliyə
səbəb olub.
"Financial
Times" və "The Washington Post"un yazdığına
görə, ABŞ maliyyə
nazirinin müavini Türkiyə rəsmiləri
ilə görüş
zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya qarşısında götürdüyü
öhdəlikləri yerinə
yetirəcəyi təqdirdə,
Qərb şirkətlərini
və banklarını
Türkiyəni tərk
etməyə çağıracaqları
ilə bağlı xəbərdar edib. Bəzi türk ekspertlər isə Qərb biznesinin Türkiyəni tərk etməyə başlaması haqqında
narahatlıqlarını ifadə
etməyə başlayıblar.
Ekspertlər həyəcan
təbili çalırlar
ki, Türkiyə Rusiya ilə çox yaxınlaşarsa,
bu proses kütləvi hal ala bilər. İddialara görə, Qərbin
böyük maliyyə
şirkətləri Türkiyə
şirkətlərinə maliyyəni
azaltmağa başlayıblar.
Bu fikrin dəlili
kimi isə Türkiyə birjalarında
maliyyə əməliyyatlarının
azalması göstərilir.
Qərbin bütün bu çağırışlarına baxmayaraq, rəsmi Ankara Moskva ilə münasibətlərində yaxınlaşmanı davam etdirmək niyyətindədir. Soçi görüşündən sonra mətbuata açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünü iki dövlət arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirmişdi. Türkiyənin Qərbin narahatlıqlarını diqqətə almaq istəmədiyi yalnız bu dəyərləndirmə ilə yekunlaşmır. Türkiyə Prezidenti rusiyalı həmkarının xahişinə görə sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək toplantısına qatıla biləcəklərini ifadə edib. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının sammiti sentyabrın 15-16-da Səmərqənd şəhərində keçiriləcək. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Canq Min bildirib ki, Səmərqənd sammiti təşkilatın beynəlxalq nüfuzunun daha da güclənməsində mühüm tarixi mərhələ olacaq. Çinli diplomatın bununla nəyə işarə etdiyi məlum deyil. Ancaq Çinlə ABŞ arasında münasibətlərin son günlər gərginləşdiyini nəzərə alsaq, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitinin antiqərb toplantısına çevriləcəyini ehtimal etmək olar. Məlum olduğu kimi, ABŞ Konqressinin Nümayəndələr Partiyasının spikeri Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfər etməsi Pekinlə Vaşinqton arasında münasibətləri gərginləşdirib. Çinin xarici işlər naziri Van İ bütün dünyanı ABŞ-ın hegemonluğuna qarşı birləşməyə çağırıb. Çox böyük ehtimalla, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində təşkilatın genişlənməsi istiqamətində addımlar atılacaq. Məlumata görə, 10-a yaxın ölkə Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü, müşahidəçi və dialoq üzrə tərəfdaşı formatında iştirak etmək istəyir və onların müraciətlərinə Səmərqənd sammitində baxılacaq. Belə görünür ki, Rusiya Türkiyənin də Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçiliyində maraqlıdır. Lakin bunun NATO-nun üzvü olan Türkiyənin maraqlarına uyğun olduğu böyük şübhə altındadır. Çünki Türkiyənin əsas ticarət tərəfdaşları Qərb ölkələridir. Qərb ölkələri Türkiyənin ixracatında əsas yer alır. Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı ölkələri - Rusiya və Çin isə Türkiyənin ticarət dövriyyəsinin idxalat bölümündə ön yer alırlar. Yəni Türkiyə faktiki olaraq Çin və Rusiya üçün mallarını satacaqları bazardır. Türkiyə üçün iqtisadi cəhətdən əlverişsiz olmasına baxmayaraq, Ankara Çin və Rusiya ilə ticarət dövriyyəsini artırmağa çalışır. Soçi görüşündə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq haqqında razılığa gəliblər. Soçidəki danışıqların yekunlarına dair bəyanatda ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq ifadə edilsə də, reallıqda bunun necə həyata keçiriləcəyi məlum deyil. Üstəlik, cari ilin ilk altı ayının statistikası göstərir ki, Rusiyanın Türkiyəyə ixracatı artır. Soçi görüşündə Qərbi narahat edəcək digər məqam dövlət başçılarının Rusiya qazının rus rublu ilə ödənilməsini razılaşmalarıdır. Bütövlükdə götürdükdə Soçi görüşü Rusiyanın diplomatik qələbəsi kimi dəyərləndirilir və Qərbi də ən çox narahat edən budur.
Avqustun 8-də ABŞ prezident Co Bayden
Ukraynaya 1 milyard
dollarlıq yeni hərbi yardım paketi ilə bağlı sərəncam
imzalayıb. Sayca 18-ci olan
hərbi yardın paketinə HIMARS, NASAMS, 155 mm-lik
artilleriya üçün
döyüş sursatı və tank əleyhinə raket sistemi olan 1000 ədəd Javelin daxildir. Bu isə o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibə daha
da şiddətlənəcək.
Müharibənin şiddətlənməsi isə bütün bitərəf dövlətləri
zamanla seçim
qarşısında qoyacaq. Türkiyənin
hansı seçimi edəcəyi Soçi görüşündən sonra məchula çevrilib
və indi dünyanın aparıcı siyasi mərkəzlərində bu məchulu çözməyə
çalışırlar.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 10 avqust.- S.5.