İlyas eşqi...
Cəmşid sevgisi... Asya
seçimi...
Esse
İnternetdə bir araşdırma əsnasında Türkiyə
kinosunun bilinən ən təsirli eşq filmlərindən biri "Selvi boylum, al yazmalım" filmi ilə bağlı tamaşaçı
fikirlərinə rast gəldim. Bir xanım izləyici yazmışdı: "Əsl
sevən Cəmşid
idi. Biz bunu heç zaman anlamadıq..."
Yadıma son zamanlar etdiyim müşahidələr düşdü. O qədər
qadından eşitmişəm
ki, zamanında onunçün fədakarlıqlar
edən, əmək sərf edən, sevgisini, diqqətini əsirgəməyən birini
yox, yaraşığına,
gözəl, romantik sözlərinə, maddi imkanına uyub, ya da elə
qəlbindəki eşqini
dinləyib layiq olmayan birini seçdiyi üçün
sonralar çox peşmanlıqlar yaşadığını.
Bu mənada bütün
dövrlər üçün
ən gözəl nümunəmiz Asyadır,
bəlkə də.
Böyük qırğız yazıçısı
Çingiz Aytmatovun
"Qırmızı yaylıqlı
qovağım mənim"
əsərinin motivləri
əsasında çəkilmiş
və bu günə kimi orijinallığını, aktuallığını
qoruyan filmin əsas mövzusunun eşq olduğunu düşünür hər
kəs. Lakin əsərin də,
filmin də ən ümdə mövzusu sevgidir. Eşqlə sevgi birdirmi? Əsla! Eşq ömürdə bir dəfə olan ən güclü
bağlılıqdır. Sevgi isə bütün yanlarıyla sənə uyğun olan, qəlbini hüzura qovuşdurandır. Eşq anlıqdır,
sevgi isə ömürlük. Eşq çılğıncadır,
sevgi isə səbrli, təmkinli.
Eşq qığılcımdır, sevgi
isə onun həyata tutunan halı. Eşq yaşamağa yox,
yaşanmağa meyillidir.
Sevgi isə yaşamaq üçün hər cür fədakarlıq edir, əmək sərf edir. Asyanın İlyasa qarşı duyduğu hisslər eşq idi. Amma Asya Cəmşidi sevdi. Onun səbrini, bəxş
etdiyi güvəni, hüzuru, sərf etdiyi əməyi sevdi və İlyasa
duyduğu eşqin çılğınlığını yox, Cəmşid sevgisinin hüzurunu seçdi.
Əminəm ki, bu əsərlə tanış
olan çoxları Asyanın İlyasla getməyini arzulamışdı.
Hətta ekran əsərinin ssenaristi Əli Özgəntürk
2018-ci ildə çap
etdirdiyi "Gizli dəftərlərim" adlı
kitabında yazır ki, baş rol
ifaçısı Türkan
Şoray filmin sonunda Asyanın İlyasa dönməsi üçün israr edib, izləyicinin xoşbəxt sonluq istəyəcəyini səbəb
kimi göstərib. Hətta rejissor Atıf Yılmaz da Şorayın bu təklifini dəstəkləyirmiş.
Ssenarist isə həm kitabın orijinalında, həm də ssenaridə Asyanın Cəmşidi seçdiyini
deyərək ssenarinin
dəyişdirilməsinə etiraz kimi çəkiliş
meydançasını tərk
edir. Sonradan Türkan Şorayın
o dövrdəki sevgilisi
Ruçhan Adlı mövzuya müdaxilə edir və aktrisanı
ssenariyə sadiq qalması üçün
razı salır.
Nə yalan deyim, mən də əvvəllər Asyanın İlyasla getməyini çox istəmişdim. Amma zaman keçdikcə
anladım ki, sevmək kamazın arxasına yazı yazmaq deyil. Sevmək sahiblənməkdi, güvəndə
hiss etdirməkdi. Yəni ki,
sevgi əməkdir və Cəmşidin haqqıdır. Əksini
seçənlər həmişə
üzülər bu həyatda...
Necə demişdi dahi Füzuli? "Sevgidir gözəl olan, çünki sevildiyindən
heç zaman əmin olmazsan..."
Filmin ən yaddaqalan replikalarından
"Sevgi nəydi? Sevgi yaxşılıqdı,
dostluqdu, sevgi əməkdi" sözləri
Çingiz Aytmatovun kitabında yoxdur. Yazıçı sanki Asyanın
İlyası yox, Cəmşidi seçməsinin
səbəbini oxucunun
öhdəsinə buraxır,
oxucunun hadisələri
analiz edib, bir qənaətə gəlməsini istəyir.
Ssenarist Əli Özgəntürk
isə kitabında həyat yoldaşı İşıl Özgəntürk
işlədiyi üçün
balaca qızına özünün baxdığını
və ona baxarkən də bu replikaları yazdığını deyir.
Demək
ki, bu da
həyatın içindən
gələn, ən səmimi, ən doğruçu hisslərdir.
Ona görə də bu qədər həqiqi, bu qədər yaddaqalandır.
Bəs siz? Siz heç özünüzə
sual verdinizmi: sevgi nədir?
İlyas eşqinə
qapılmadan Cəmşid sevgisinin qiymətini
bilməyimiz, sevməyimiz və sevdiyimiz tərəfindən
sevilməyimiz diləyiylə...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 13 avqust.- S.16.