Minacat
Hekayə
Xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə
ithaf olunur.
2000-ci
ilin payız günlərinin birində axşamüstü
Bakının Yasamal rayonunun Zərdabi küçəsində,
keçmişdə Zərgərlik zavodu kimi tanınan
binanın qarşı tərəfində "QAZ-31"
markalı minik avtomobili dayandı. Sürücünün
yanında oturmuş ixtiyar sinnində olan Xalq şairi avtomobildən
düşən yoldaşına müraciətlə:
- Hikmət,
zurnaçı Ələfsərə həsr etdiyin radio
verilişində qiymətli tapıntılar var, onların
üzərində işləsən, daha dərinə gedə
bilərsən - deyərək vidalaşıb yoluna davam etdi...
Dörd yüz kilometrədək məsafəni qət edərək
yol yorğunu olduğunu nəzərə alaraq, həm də
utancaq təbiətimə uyğun olmadığına görə
mən təfsilata varmadım və bu tapıntıları nədə
gördüyünü soruşmadım, lakin ani olaraq onun
fikrini oxudum.
Əhvalat belə başlamışdı. Şairin
doğma şəhəri Şəkidən Milli Məclis
deputatlığına namizədliyi irəli
sürülmüşdü. Şəkidə
onunla görüşlər nəzərdə tutulurdu. Həmin görüşlərdə onunla
olmağı alim-filoloq Ramazan Qafarlıya və mənə təklif
etmiş, biz də məmnuniyyətlə
razılaşmışdıq. Səhər
saatlarında Şəkiyə yola düşdük. Mən
yolda qulaq asmaq üçün maqnitofon lent
yazılarını, xüsusən də şairin məşhur
zurnaçı Ələfsər Rəhimovun (Şəkilinin)
zurnada ifalarının vurğunu olduğunu bildiyimdən onun
lent yazılarını da götürmüşdüm. Həmin
lent yazılarının içərisində Respublika
radiosunun birinci proqramında radio jurnalisti Nəsibə Balabəylinin
redaktorluğu və mənim müəllifliyimlə "Xeyirə
qənşər" verilişində efirə getmiş və
geniş əks-səda yaratmış yarım saatlıq lent
yazısı da vardı.
Biz Ramazan müəllimlə arxa oturacaqda, Bəxtiyar
müəllim isə sürücünün yanında
oturmuş, verilişə qulaq asdıqca arada başını
arxaya çevirərək məmnunluğunu bildirirdi. Mən
verilişə şairin hələ Ələfsərin
sağlığında ona ithaf etdiyi şeiri da daxil
etmişdim.
Şair radio verilişində Ələfsərin segah
muğamına qulaq asarkən mənim səsləndirdiyim
"Ələfsər zurnanın ecazkar səsilə daş
ürəkləri yumşaldır, yumşaq ürəkləri
kövrəldir, kövrəkləri ağladırdı" -
sözündən sonra yenə başını arxaya
çevirərək mənə razılıq işarəsini
bildirdi. Biz Qobustan-Şamaxı yoluna çatanda yolun sağ
tərəfindəki naməlum türk əskərinin qəbrini
ziyarət etdik. Bu zaman o, əsəbi halda gileyləndi
ki, bəs nəyə görə indiyədək qəbrin
yanında onun sözlərinə yazılmış xatirə
lövhəsini qoymayıblar... O, hər iki rayonun İcra
Hakimiyyəti başçıları ilə
görüşüb onlara ciddi narazılığını
bildirərək bir neçə saat ərzındə mərmər
lövhəni qoydurdu. Sonra yolumuza davam edib Şəkiyə
gedərək bir neçə gün seçicilərlə
görüşdən sonra Bakıya qayıtdıq.
Şair doğma yurdu Şəkidən Milli Məclisə
deputatlığa namizədliyinin verilməsindən qürur
hissi keçirir, bunu etiraf edir, deyirdi ki, hələ Sovet
dönəmində dəfələrlə Azərbaycan SSR Ali
Sovetinə deputat seçilmiş, lakin indi ilk dəfədir
ki, millət vəkili kimi Şəkini müstəqil
respublikamızın Milli Məclisində təmsil edəcək.
Zaman, vaxt
keçdikcə şairin - "Hikmət, Ələfsərə
həsr etdiyin radio verilişində qiymətli
tapıntılar var, onların üzərində işləsən,
daha dərinə gedə bilərsən" - sözləri
yadımdan çıxmırdı, bir
Ustad tövsiyəsi və vəsiyyəti kimi sanki
yaddaşıma həkk olunmuşdu. Və mən
onun düşündüklərini anladım. Onun məşhur
"Muğam" poemasındakı:
Daş
ürəklərdə yanıb,
daşları sındırdı muğam,
Haqqa
düşmən olana
haqqı
tanıtdırdı muğam
- sətirləri radio verilişində mənim səsləndirdiyim
"Ələfsər zurnanın ecazkar səsilə daş
ürəkləri yumşaldır, yumşaq ürəkləri
kövrəldir, kövrəkləri ağladırdı"
fikri bu misralarla səsləşirdi. Hər iki
halda ürəyə, qəlbə müraciət olunur, onun
sirli dünyasının açılmasına səy göstərilirdi.
Birinci halda muğama müraciətlə, ikinci halda isə
Ələfsərin zurnasının naləsilə Ulu
Tanrıya ünvanlanan Minacatla... Bəli, şairin
tapıntı kimi dəyərləndirdiyi də bu misralar və
onların içində yaşayan gözəgörünməz
ruhi, mənəvi dünyalar idi, qalırdı bu fikirlərin
dalınca dərinə getmək...
"...daş
ürəkləri yumşaldır..."
Ələfsərin
zurnasının sehrli, insanın özünü özündən,
huşunu əlindən alan səsi
Böyük Yaradana - Cənab Haqqa müraciət,
yalvarış, günahlarımızdan keçməsi
üçün dildeməsi - Minacat idi. Özü
də sözsüz, lakin sözün gücündən qat-qat
təsirli, dərin mənalı, yanıqlı,
düşündürücü, insan qəlbinin ən dərin
qatlarından gələn hissləri Allah-Təalaya
çatdıran səs. Bu səsə laqeyd qalmaq insan
adını daşıyan, damarlarında türk qanı
axanlar üçün qeyri-mümkün idi...
Yüksək vəzifəli məmur adəti üzrə
qaş-qabaqlı, ifrat süni və ciddi görkəmlə
köməkçilərilə salamlaşmadan "Zəng
etmişdilər?" - deyə soruşaraq cavabı
gözləmədən sifətlə kabinetinə daxil oldu.
Ayaq üstə dayanmış, son dəblə geyinmiş katibəsi
armudu stəkanda onun üçün dəmlədiyi
çayı şefinin xoşladığı ağ
gilas mürəbbəsilə gətirib qabağına qoydu. Artıq ixtiyar yaşına çatmış məmurun
vəzifə sarıdan bəxti yaman gətirmişdi.
Tikintidə iş icraçılığından
böyük vəzifələrin ilk pilləsinə qədəm
basanda tabeliyində olduğu rəhbər işçilərin
xasiyyətini, psixologiyasını, zəif tərəflərini
öyrənmək, onların xoşuna gəlmək
düsturlarını mükəmməl mənimsəmişdi.
Rəhbərlərinin hər cür acı
sözlərini, hətta təhqiramiz təhdidlərini də
məmnunluqla qəbul etmişdi. Bunun
müqabilində içində yığılıb
qalmış qəzəb, kin dalğasını,
buxarını tabeliyində olanların üstünə
tökür, onları təhqir etməkdən,
alçaltmaqdan həzz alırdı. Özü
də effekti artırmaq üçün bunu hamının
gözü qarşısında edirdi.
Deyirlər, dünyanın gözəgörünməz,
əclaf qanunları var. Gələcək böyük məmur
da bu yazılmamış əclaf qanunların mahiyyətini
yaxşı mənimsəmiş, həyatını onun tələblərinə
uyğun qurmuş, həmin qanunlar da onu öz ağuşuna
alaraq zirvələrə qaldırmışdı. Xəyanət,
satqınlıq, yalan danışmaq, verdiyi sözdən qaçmaq,
riyakarlıq həyat qayəsinə çevrilmişdi. Nəfsinin həddi-hüdudu yox idi, gözü
heç nədən doymurdu. Ən
tragikomik görünən isə onun ailə üzvlərinə,
qohum-əqrəbaya evinə halal çörək gətirdiyini
utanıb-qızarmadan daim təlqin etməsi idi. Ərinin rüşvət və korrupsiya "mütəxəssisi"
olduğunu həyat yoldaşının utanmadan fərəhlə,
ucadan "bacarana baş qurbandır" ifadəsini işlətməsi
də bu ailənin mənəvi tənəzzülündən
xəbər verirdi. Onun familiyasını
daşıyan doğmaları da, necə deyərlər, sonu
görünməyən bostana düşmüş, sayəsində
cah-cəlal içərisində kefə baxırdılar.
Düşüncəsi dolaşıq olduğuna görə
nitqi, danışığı da dolaşıq idi. Buna görə
də ictimai qınağa tuş olur, belə savadsızın
yüksək vəzifələrə irəli çəkilməsinin,
uzun illər "əvəzolunmaz kadr" qiyafəsində böyük vəzıfələrdə
qalmasının səbəbini bilənlər bilir, bilməyənlər
isə mat-məətəl qalıqdılar.
Həlləm-qəlləm işləri bacarmayanları quru, fərasətsiz, vecsiz adlandırır, onun olduğu məclislərdə iztehza ilə "uzaq qohum" adlandırdığı büllür kimi saflıq və təmizlik rəmzinə bərabər tutulan qohumunun adının belə çəkilməsini qadağan etmişdi. Varlı, imkanlı ailədə dünyaya gələn, ehtiyacın nə olduğunu bilmədən qayğısız böyüyüb boya-başa çatan bu məmur daş ürəkli, insani hisslərdən uzaq, xudpəsənd və şöhrətpərəst idi. İnsanları özündən maddi və mənəvi cəhətdən asılı vəziyyətdə saxlamaqdan həzz alır, onların taleyinə ağır zərbələr vuran əməllərdən belə çəkinmir, hətta bunu onların gözü qarşısında, utanmadan edirdi. Qısqanclıq və paxıllıq da öz yerində. Yalnız onun özü və ailəsi hamıdan yaxşı, cah-cəlal içərisində yaşamalı, hamı onlara həsəd aparmalı idi. Bəzən mənə elə gəlirdi ki, o, elə Allahın özünü də, ölümün reallığını da dərk və qəbul etmir. Di gəl ki, vəzifə və onun sayəsində oğurladığı var-dövləti özü, ailəsi və yaxın doğmaları üçün dağılmaz sipər olmuş, paxırlarını ört-basdır etmişdi.
Uzun müddət əyləşdiyi son vəzifə kreslosunda "əvəzolunmaz kadr" sayılırdı. Katibənin gətirdiyi çay stəkanına əlini uzadanda gözü xidməti telefonların yanına qoyulmuş "Panasonik" əl radiosuna sataşdı. O, çox nadir hallarda radioya qulaq asardı. Rişxəndlə deyərdi ki, radionun dövrü keçib. Radioya çəkməçilər, yamaqçılar, saatsazlar, pensiyaçılar qulaq asırlar. O, düyməni basan kimi radionun "xeyirə qənşər" proqramında efirdə gedən məşhur zurnaçı Ələfsərə həsr olunmuş verilişi eşitdi. Qəlbləri lərzəyə gətirən zurnanın naləsi onu da ağuşuna aldı, vəzifə və var-dövlət sahibi olmamışdan əvvəl əli, ayağı yalın insan kimi dünyaya gəldiyini, insan olduğunu, insanlığa qayıtmalı olduğunu yadına saldı. Ələfsərin zurnanın dili ilə səsləndirdiyi Minacatı ona Böyük Yaradanın varlığını, dünyanın faniliyini, ölümün labüdlüyünü xatırlatdı. Məmur zurnanın naləsindən məst olmuşdu, telefon zənglərinə də cavab vermirdi... Katibə çayı təzələdi, telefonla zəng edənlərin siyahısını masanın üstünə qoydu. Lakin o, bütün bunlara heç reaksiya da vermədi. Minacat onun qəlbində bütün həyatı boyu yatıb qalmış hissləri oyatmışdı. Dərindən köks ötürüb, fikrə getdi. Deyəsən, vicdanı oyanmağa başlamış, ondan haqq-hesab istəyirdi. Və həmin gündən, həmin saatdan Minacatın səsi qulaqlarından getmədi, həyatına hakim kəsildi. Minacat onun həyatını əlindən almış, daş ürəyini yumşaltmış, kim olduğunu, insan kimi həyatdakı qayəsini ona anlatmışdı. Daşürəkli bu adamın ürəyi yumşalmağa başlamışdı. Bunu onunla ünsiyyədə olanlar da hiss etmişdilər, lakin səbəbini anlaya bilmirdilər. Dünyanın fani, "gəlimli-gedimli, son ucu ölümlü" olduğunu, var-dövlətin sonda onu yığanın qəniminə çevrilməsini dərk etməyə, bununla da təşviş keçirməyə, qorxu içərisində yaşamağa başlamışdı. Günahlarını yumaq üçün qurbanlıq qoyunlar kəsdirərək kasıblara payladır, bəzilərinə əl tutur, hətta bəzi qohum və dostlarının yas mərasimlərinin xərcini də öz üzərinə götürürdü. Bu əməllərdə onun ürəyinin yumşaldığına işarə verən əlamətlər olsa da, hər halda köhnə şakəri - şöhrətpərəstliyi də öz işini görürdü. Ürəyi yumşalmış məmurun tutulduğu günah xəstəliyindən tamamilə sağalmasının dərmanını isə böyük alim Bəyazid Bistani verir. Günah xəstəliyinin dərmanı: Tövbə kökü ilə peşmanlıq yarpağını qarışdır. Qəlb həvəngində iman həvəgdəstəsi ilə döy, insaf ələyindən keçirib gözyaşı ilə yoğur, sonra da eşq təndirində bişirib, hər səhər - axşam bol-bol ye. Onda sənin xəstəliyindən əsər-əlamət qalmaz...
"...yumşaq ürəkləri kövrəldir..."
Ələfsərin qara zurnanın naləsilə insanları ovsunladığı Minacata qulaq asanlardan biri də ürəyi yumşaq bir insan kimi tanınan əməlisaleh birisi idi. Yaşadığı uzun ömür ərzində günah işlərdən uzaq olmuş, başqalarının səhv, nöqsan və qüsurlarını müşahidə edib, təhlil apararaq özü üçün həyati nəticələr çıxarmışdı. Yetimin, kasıbın hayına hay verər, onlara imkanı çatana qədər əl tutar, maddi və mənəvi köməklik göstərər, xeyir və hüzür məclislərində fəal iştirak edər, kimsəsizin dəfnini yola verərdi. Ürəyi yumşaq insan kimi o, sadəlik simvolu olub, haqq və ədaləti müqəddəs sayırdı.
Ürəyi yumşaq insan Ələfsərin zurnasının səsi ilə Cənab Haqqa ünvanlanan Minacatın təsirindən qəhərlənmişdi, özünü ağlamaqdan birtəhər saxlayırdı. Musiqinin təsirindən həyat ona bir gecənin yuxusu kimi gəldi, oyandıqda artıq hər şeyin ötüb keçdiyini gördü. Təsəllini hədər yaşanmayan ömrünü insanlara yaxşılığa həsr etməyində, onlara həmişə sevgi ilə yanaşmağında görürdü. Minacat isə hələ də onu öz ağuşunda saxlayaraq qəhərləndirir, kövrəldir, düşündürürdü...
Daşürəkli məmur bəlkə indi, Minacatın təsirindən sonra yumşaq ürəkli insanın ruhi, mənəvi dünyasını dərk edə, dəyərləndirə bilər, özünün yaşadığı ömrün hədər getdiyinə təəssüflənərdi.
"...kövrəkləri ağladırdı..."
Minacatın sehrli dünyasına düşənlərdən
biri də təbiətən kövrək ürəkli ixtiyar
yaşında bir insan idi. Onu kövrək ürəkli edən
həyatın sərt, məşəqqətli, qəddar
üzü olmuşdu. Üç yaşında olarkən
müharibəyə getmiş atasından qara kağız gəlmiş,
on bir yaşına çatanda anası faciəli şəkildə
həlak olmuşdu. Həyat, tale ona yetimlik damğası vurdu.
Deyirlər, yetim qürurlu olur. Özündən kiçik xəstə
qardaşını və qoca nənəsini dolandırmaq
zorunda qalaraq hər cür ağır, yaşına uyğun
olmayan cürbəcür ağır işlərin altına
çiynini verən bu yetim həm də harınlamış
varlıların, onların "gül balalarının" təhqir,
təqib və aşağılayıcı hərəkətlərini
dəf etməli, bəzən də sakitcə həzm etməli
olur, buna rəğmən, heç bir halda qürurunu
sındırmır, əyilmir, yetim, kimsəsiz olduğuna,
basqılara məruz qaldığına görə kövrəlir,
daxildə ağlayır, lakin heç vaxt bu vəziyyətini
büruzə vermir, qürurunu qoruyurdu.
O,
Minacatı səsləndirən, dilləndirən Ustadı
şəxsən tanıyır, bir-birlərinə
böyük hörmət qoyurdular. Ustadın
zurnada çaldığı "Sona bülbüllər"
sanki ilahi səsə sahib olan məşhur xanəndə Qədir
Rüstəmovun oxuduğu "Sona bülbüllər"lə
bir-birini tamamlayır, səsləşirdi. Ustad sənətkar
kövrək ürəkli dostunun "Sona bülbüllər"inə
olan sevcisini, vurğunluğunu nəzərə alaraq onun
iştirak etdiyi tədbirlərdə mütləq bu
yanıqlı mahnını səsləndirər,
mahnının ortasında Minacata da müraciət edərdi.
Minacat onun kövrək qəlbini yerindən qoparıb ərşə
qaldırmışdı. Yaşadığı
uzun, mənalı, "daşdan su çıxan kimi"
keçən ömrü kino lenti kimi gözlərinin
qarşısından keçir, için-için
ağlayırdı. "Segah" üstündə nalə
çəkən
zurnanın yalnız İlahiyə məlum olan səsinin
sirri huşunu-ruhunu əlindən alır, tükləri
ürpəşirdi.
"Daşdan su çıxan kimi" böyüyən
bu kövrək qəlbli insanın həyat qayəsi Zərdüşt
peyğəmbərin məşhur "Düz
düşünmək, düz danışmaq, düz
yaşamaq" üçsütun nəzəriyyəsilə
üst-üstə düşürdü. Onun həyat
qayəsinin digər amalı Böyük Yaradana yetişməyin
dörd mərhələsi - şəriət, təriqət,
mərifət və həqiqətə sədaqət, insanlara
sevgi, onlara qarşı hər zaman xeyirxah olmaq, təmənnasızlıq,
mərhəmətlilik idi. Uzun illər orta
pillədə rəhbər vəzifələrdə işləməsi,
əlində müəyyən ixtiyarın olması
xeyirxahlıq əlini hər kəsə uzatmağa imkan
yaradırdı. Alicənab təbiəti
onu "yox" kiməsə deməyə qoymurdu.
Mənəvi gözəlliyin əsas şərti kimi dəyərləndirilən
sadəlik və təvazökarlıq onun təbiətinin
ayrılmaz hissəsi idi. Burada dahi Tolstoyun "Təvazökarlıq
çox vaxt zəiflik və qətiyyətsizlik kimi qəbul
edilir. Lakin təcrübə insanlara
onların yanıldığını sübut etdikdə, təvazökarlıq
xarakterə yeni şərafət, qüvvə və hörmət
gətirir" - kəlamı yada düşür.
Deyirlər, insan dünyaya nurani sifətdə gəlir. Ancaq
onların çox cüzi bir hissəsi ilahidən bəxş
edilən bu sifəti qoruyub saxlaya bilir. Bu,
təmiz, yumşaq, təvazökar, kövrək,
genişürəkli, xeyirxah insanlara qismət olan ilahi vergi,
Allah payıdır. Sözügedən
kövrək qəlbli insan da anadangəlmə nurani sifətini
qoruyub saxlaya bilmişdi. İxtiyar
yaşının 50 ilini yaşadığı qədim əyalət
şəhərində - kiçik vətənində də,
həyatının son illərini yaşadığı
Bakıda da bir-birindən xəbərsiz müxtəlif insanlar
onun sifətindəki nuraniliyi heyrətlə qeyd edirdilər.
Görünür, bu, həm də onun ruhi və
mənəvi saflığını qoruyub saxlamasına
Tanrının verdiyi böyük mukafat idi. Hər halda Allah bilən yaxşıdır.
Minacat yalnız özünə məlum olan sirli məlhəmi
və ünvanlandığı gözəgörünməz
Yaradanın xeyir-duası ilə daş ürəkləri
yumşaltmış, yumşaq ürəkləri kövrəltmiş,
kövrəkləri ağladaraq onların emosional gərginliyini
götürüb vəziyyətlərini yüngülləşdirmişdi.
P.S.
Dünyanın qəribə işləri varmış. Zurnanın dili ilə (zurna - Ələfsərin
ürəyinin dili idi) Tanrıya müraciət edən və
bu zaman ən müxtəlif qəlbli insanlara məlhəm olan
həmin o dildə danışan böyük sənətkar
ozü də bu dünyadan narazı getdi. Heç
bir günahı olmadan daşürəkli qatilin xəncərinə
tuş gəldi. Lakin insanların ruhi, mənəvi
zənginliyini təmin edən ilahi ifası ilə onların
yaddaşına həkk olundu.
Yaranışdan
bilirik ömrə nəhayətdir ölüm,
Zamanın
hökmü budur, hər kəsə qismətdir ölüm,
- deyən ustad şair B.Vahabzadə də öz
qaçılmaz qismətini gördü. Mənə
isə onun tövsiyəsinə hörmət, ehtiram və sədaqət
rəmzi olaraq bu yazını qələmə almaq qaldı.
Böyük alman şairi Henrix Heyne yazırdı ki, hər
bir insan bir dünyadır, o dünya onunla doğulur və
onunla ölür. Hər məzar daşının altında
dünyanın tarixi var. Bu tarixlərdən ikisini - iki
Böyük Ustadın ruhunu şad etməklə Ulu
Tanrıdan onlara qəni-qəni rəhmət diləyirəm.
Hikmət Əbdülhəlimov
525-ci qəzet.- 2022.- 13 avqust.- S.13;15.