Qeyri-səlis məntiq və "Kitabi-Dədə
Qorqud"da demokratik düşüncə tərzi
axtarışları
("Kitabi-Dədə
Qorqud və qeyri-səlis məntiq" silsiləsindən 5-ci
yazı)
Redaksiyadan: Müəlliflərin "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq" silsiləsindən
olan əvvəlki yazıları
"525-ci
qəzet"in builki 30 aprel (1-ci yazı), 14 may
(2-ci yazı), 28 may (3-cü yazı) və 18 iyun (4-cü
yazı) tarixli saylarında dərc edilib.
Bizim
"Dədə Qorqud" mətninə qeyri-səlis məntiq
rakursundan baxmamızın bir önəmli tərəfi də
var. Əslində, əsas məsələ ana abidəmiz olan
Dastanın içindəki (həm insanlar arasında, həm də
dil vahidləri arasında) dərin münasibətlər kələfinə
çıxmaq, bundan itələnərək Dastanın
yaradıcıları və təbii ki, dastan dilinin və məntiqinin
daşıyıcıları üçün səciyyəvi
olan demokratik düşüncə tərzini üzə
çıxarmaq, Dastan dilində əksini tapan və
şüurda gedən demokrasinin bünövrəsi olan
seçim ideolojisinin kökünə varmaq, seçim
faktorunun şüurun dərin qatlarındakı büruzəsini
izləməkdir.
Amma bir vacib məsələ də var. Bu da ondan ibarətdir
ki, qeyri-səlis məntiq prinsiplərinin, ümumiyyətlə,
hər hansı bədii mətnə tətbiqi imkanları da,
fikrimizcə, bu yazılarda təcrübədən
keçirilmiş sayıla bilər. Məsələnin bu
tərəfi gələcəkdə aparılacaq tədqiqatlar
üçün çox önəmlidir. Nağıllarımızdan,
dastanlarımızdan, folklor abidələrimizdən, hətta
müasir ədəbiyyatımızdan hər hansı birinə
tətbiq edilən qeyri-səlis məntiq prizması qədim əcdadlarımızın
təfəkkür tərzində demokratik çalarların təbii
şəkildə mövcud olmasının sübutuna gətirəcəkdir.
Hələlik biz "Kitabi-dədə
Qorqud" dastanından başladıq. Ümid edirik ki,
qeyri-səlis məntiqin əsas ideoloji bazası olan demokratik
düşüncə anlayışı bizim indiyənə qədər
birlikdə oxucuya təqdim etdiyimiz giriş səciyyəli
dörd (bu yazı ilə beş)
yazımızda Dastanımızı kifayət qədər
açıq şəkildə xarakterizə edir. Bu çox qiymətli bir faktdır ki, əcdadlarımızın
təfəkküründə dünyaya baxışın
demokratik təməli var. Onlar Aristotelin "ya...ya" məntiqi
ilə, başqa sözlə desək, seçim imkanı verməyən
qeyri-demokratik münasibətlə kifayətlənməmiş,
Zadənin təqdimatı ilə qeyri-səlis məntiqdən
bəhrələnərək aydın olmuşdur ki, onlar (əcdadlarımız)
ətrafla münasibətə seçim imkanı, başqa
sözlə, üçüncünün istisnasının
istisnasını da gətirmişlər. Qeyri-səlis
məntiqin fəlsəfi, ideoloji potensialı bizə beləliklə,
böyük imkanlar üfüqü açır.
Bu yazıda biz qeyri-səlis məntiqin 4-cü
sütununun törəmələrinin "Dədə
Qorqud" dastanındakı təzahüründən danışacağıq. Qeyri-səlis
məntiqin 4-cü sütunu (faseti) qeyri-səlis münasibətlər
sütünüdür. Bu, qeyri-səlis
münasibətləri, daha doğrusu, qeyri-səlis səbəb-nəticə
asılılıqlarını ehtiva edir. Bu
sütünün əsasında qeyri-səlis ifadələr
(dəyişənlər), və onların əsasında
qurulan "əgər...sa-sə... o zaman..." sxeminə əsaslanan
münasibətlər durur.
Qeyri-səlis münasibət sütunu dedikdə müxtəlif
situasiyalarda nəzərdən keçirilən
çoxluqların müəyyən elementlərinin hansısa
şəkildə bir-birilə necə sıx bağlı
olduqları nəzərdə tutulur. Məsələn, "gənc
adamlar" çoxluğu ilə "təcrübəli
adamlar" çoxluğu arasındakı münasibət belə
ola bilər: Əgər çox gəncdirsə, o zaman az təcrübəlidir.
Əgər orta dərəcəli gəncdirsə, o zaman bir az çox təcrübəlidir.
Qeyri-səlis nəzəriyyədə qeyri-səlis
münasibətlər çox mühüm konsepsiyadır. Real həyat
proseslərinin araşdırılmasında bir çox sahələrdə
geniş istifadə olunur.
"Kitabi-Dədə Qorqud" dastanında "əgər...
sa-sə... o zaman" sxemi əsasında formalaşan və
cümlə quruluşuna çevrilən ifadə tərzinə
sıx-sıx rast gəlirik. Hətta elə
quruluşlar da özünü göstərir ki, onlar ilkin
sxemdən aralanmış şəklə düşüblər.
Sanki bu quruluşlar "sintaktik xarakiri"yə
uğrayıblar. Belə bir misala diqqət edək:
"Ol zamanlar oğullar ata sözünü iki eləməzdi. Eləsəydi,
ol oğulun üzünə baxmazdılar".
Bu cümləni həyata gətirən düşüncə
tərzinin dərin əsasında "əgər...sa-sə,
o zaman..." sxemi durduğu şəksizdir. Cümləni
özünün ilkin dərin quruluşuna gətirmək istəsək,
onu müəyyən "əməliyyat"dan keçirməmiz
lazımdır. "Əməliyyat"dan sonra cümlə
belə bir hal alacaq: "Əgər ol zamanlar oğullar ata
sözünü iki eləsəydi, o zaman ol oğulun
üzünə baxmazlardı". Bu dərin
variant daha sadə, daha əlverişlidir, sonrakı
variantın isə müəyyən bədii süsləmədən
keçdiyi şübhə doğurmur. Başqa misallara
diqqət edək:
"Ulaşıban sular daşsa, dəniz dolmaz. Yapa-yapa qarlar
yağsa, yaza qalmaz. Qaravaşa don geyirsən, qadın
olmaz və s. və i.a."
Bütün bu misalları qeyri-səlis məntiqin
4-cü sütunun əsas sxeminə salmaq mümkündür. Belə mənzərə ilə
qarşılaşacağıq: "Əgər
ulaşıban sular daşsa, o zaman dəniz olmaz. Əgər yapa-yapa qarlar yağsa, o zaman yaza qalmaz.
Əgər qaravaşa don geyirsən, o zaman qadın olmaz".
Belə bir sual doğa bilər ki, bu sxem əsasında
düzələn cümlələri biz dilçilik
alanında onsuz da öyrənirdik. Onları şərt
budaq cümləsi kimi qeyd edirdik. Nə dəyişir?
Bəli, bu, həqiqətən də belədir. Amma dəyişən odur
ki, indiyə qədər dilçilər bu cümlə tipinə
qeyri-səlis məntiqin ideolojisindən qiymət
vermirdilər, ondan uzaq idilər. Bu cümlələrin
şüurda gedən hansı dərinlikdəki hansı
proseslərin nəticəsi olmalarına diqqət yetirilmirdi.
İndi isə sanki çevrənin
açıq qalmış hissəsi də, nəhayət ki,
qapanır, sistemlilik, bütövlük ortaya
çıxır. Söhbət artıq təkcə
şərt budaq cümləsindən deyil, qədim əcdadımızın
beynində gedən demokratik proseslərdən gedir. "Nə dəyişir?" sualının
cavabı hələlik budur.
Qeyri-səlis məntiqin 4-cü sütunu və eləcə
də digər sütunları kateqorik olmamaları ilə
müasir insana daha çox yaxındırlar. Kateqoriklikdən
uzaq olmaq qətilikdən, ehkamçılıqdan, totalitarizmdən,
nəhayət etibarilə, psixoloji durumların təsvirinə
çevirsək, xudpəsəndlikdən, eqoizmdən,
müştəbehlikdən uzaq olmaq deməkdir. Şübhə ilə silahlanaraq həqiqətin, hərtərəfliliyin,
həyatın rəngarəngliyinin axtarışına
çıxmaq deməkdir. Digər bədii
mətnlərdə də (nağıllarımızda,
dastanlarımızda...) qeyri-səlis məntiqin 4-cü sütunundan
çıxan bu halı müşahidə eləmək
mümkündür.
Belə
ifadə tərzinin, ümumiyyətlə, bədii
düşüncəmiz üçün normal hal olduğunun
bir daha şahidi olmaq üçün Cəfər
Cabbarlının məşhur "Ana" şeirinin
başlanğıcındakı iki misraya diqqət edək:
"Əgər
bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək
süqut eləməz aldığı mətanətdən..."
Sxem
hamandır: "Əgər... sa-sə... o zaman...". Mətndə bu sxemi
olduğu kimi bərpa etmək mümkündür. Bərpalı
variant belə olacaq: "Əgər bütün bəşəriyyət
ədüvvi-canım olsa, (hətta) o zaman (belə) ürək
süqut eləməz aldığı mətanətdən..."
Biz indi bu
misal vasitəsilə, sadəcə olaraq, onu göstərmək
istədik ki, qeyri-səlis düşüncə tərzi,
kateqoriklikdən uzaqlaşma cəhdi nəinki qədim mətnlərimizdə,
hətta müasir ədəbiyyatımızda, eləcə də
həyatımızda bizi əhatə edən oksigen kimidir, biz
onsuz, sadəcə, yaşaya bilmərik. Kvintessensiya
budur. Onun üstünə toz kimi, ləkə
kimi qonan əlavələr isə sonradan gəlmələrdir,
onlardan asanlıqla azad olmaq mümkündür. Bütün ədəbiyyatımız bu sxem və
ondan doğan digər törəmələr vasitəsilə
özünü göstərən düşüncə tərzinin
təsviri ilə doludur.
Linqvistik
dəyişənlər və hedclər (mətndə
qeyri-müəyyənliyi ehtiva-ifadə edən söz) qeyri-səlis
çoxluqlarda dəyərləri
təmsil etmək üçün olduqca faydalıdır.
Onu da qeyd etmək lazımdır ki, qeyri-səlis məntiqin
bədii mətndə təzahürü, əsasən, təqdim
edilən mətləbin konkret deyil, abstrakt (ölçüyəgəlməz)
şəkildə ortaya çıxarılmasıdır. Bu, prinsip
etibarilə, qeyri-səlis məntiqin 4-cü sütununun ana xəttidir.
Bəzən bu hala daşlaşmış (hərdən
çat verən) sxem vasitəsilə nail olunur. Bəzən də xüsusi leksik ifadələr,
sözlər vasitəsilə biz mətndə bu təəssüratı
duyuruq. Bu leksik ifadələr abstrakt
yanaşmanın bir növ pyedestalıdır, desək, səhv
etmərik. Bu hedclərin (leksik ifadələrin)
içərisində ən universalı "kimi"
qoşmasıdır. Onu demək vacibdir ki,
"kimi" qoşmasının ədəbi-bədii
düşüncənin yaranışındakı və
inkişafındakı müstəsna rolunu bir tərəfə
qoysaq, sadəcə, onun yalnız qeyri-səlis
düşüncənin inkişafındakı rolundan bəhs
etsək, yenə də bu vahidin dil və təfəkkürümüzdəki
möhtəşəm funksiyasını son dərəcə
yüksək qiymətləndirmiş olarıq. "Kimi" qoşmasının "Kitabi-Dədə
Qorqud" mətninə qeyri-səlis məntiqin yeridilməsi
yolundakı "xidmətlərinə" nəzər yetirək.
"Beyrək qalqdı, qızlar yanına vardı. Surnaçıları
qovdu. Kimini dögdi, kiminin
başını yardı".
Əgər bu misalda təsvir edilən
"surnaçılar"ın konkret sayda olmalarını
az-çox təsəvvür edə biliriksə (əslində,
onların da sayı bəlli deyil, bu da ümumi
informasiyadır), onlardan neçəsinin
döyüldüyünü, neçəsinin isə başının
yarıldığını mətnə əsasən deyə
bilmərik. Və bu qeyri-səlisliyin yaranmasının əsas
qüvvəsi məhz "kimi" qoşmasıdır.
Dastandan keçən başqa misallarla da fikrimizi təsdiqləyə
bilərik:
"Kimi oğul deyü, kimi qardaş deyü
ağladı.
Kimi
aydır: keyik tozıdır, kimi aydır: yağı
tozıdır.
Oğlan qırx yigidin boyuna aldı, at dəpdi, cəng
və savaş etdi, kiminin boynun urdı, kimini dutsaq elədi".
Bu misallardakı "kimilər" yenə də mətni
bizim üçün qeyri-səlislik müstəvisinə gətirir. Biz kimin "oğul",
kimin "qardaş" dediyini, kimin "keyik tozu", kimin də
"yağı tozu" dediyini bilmirik. Eyni
zamanda kimin boynunun vurulduğu, kimin də dustaq olduğu barədə
səlis informasiya əldə edilmir. Bütün
bunlar qeyri-səlislik çərçivəsindədir.
Qətiyyətlə deyə bilərik ki, "Kitabi- Dədə
Qorqud" mətnində "kimi" qoşması qeyri-səlis
məntiqin bədii təfəkkürə yol salmasına
kömək edən son dərəcə etibarlı "tikinti
materialı"dır.
Başqa tipli misallara diqqət edək.
Dastanda
saylar vasitəsilə də qeyri-səlisliyə nail olmaq mümkündür. "Dəli
Domrul" boyunda qəhrəman quş olub onun əlindən
qaçan Əzrayılın axtarışına
çıxır. Mətn deyir: Dəli Domrul "bir-iki
göyərçin öldürdü" və evinə qayıtdı.
"Bir" və "iki" sözləri
öz-özlüyündə konkret say bildirsələr də,
onlar bir yerdə - "bir-iki" şəklində işlənərkən
(qoşa söz-hedc kimi) açıq-aşkar qeyri-səlislik
bildirmiş olurlar. İki səlislik bir-birinin
yanında qeyri-səlisliyə dönür.
Dastanın Müqəddimə hissəsində Dədə
Qorqudun yaşadığı dövrün hakim qüvvələrilə
bağlı dediyi sözlər də özündə elə
semantik məna saxlayır ki, onlar deyilənləri
bütövlükdə qeyri-səlislik dumanına
bürüyür, bununla da müəllifin mütləq biliyə
malik olma ehtimalını yoxa çıxarır. O misal budur:
"Qorqud
Ata ayıtdı: ...bu dedügi Osman nəslidir. İştə
sürülüb gidə yürir... və dəxi neçə
buna bənzər söz söylədi".
Bu misaldakı "neçə buna bənzər
söz" ifadəsi kifayət qədər qeyri-müəyyən,
qeyri-səlis mahiyyət daşıyır. Bu ifadə konkretlikdən, deyim mütləqliyindən
kənardır. Əslində, o, demokratik
düşüncənin məhsulu kimi mütləq bir deyim
çərçivəsindən, başqa sözlə desək,
"Prokrust çarpayısı" məntiqindən
uzaqdır. "Buna bənzər
söz" çətirinin altına mətndəki sözlərin,
əlbəttə ki, olduğu kimi deyil, semantik baxımdan bənzər,
amma başqa sözlərin yığılması gözlənilir.
"Buna bənzər söz" hər şeydən
əvvəl qeyri-səlis məntiqin əsas ideologiyasına -
seçim mümkünlüyünə sadiq qalan bir ifadə tərzidir.
Qeyri-səlisliyin bu məqamı düşüncədə
gedən son dərəcə vacib proseslərin inkişafı
nəticəsində mümkün ola
bilmişdir.
Yayğınlıq, qeyri-müəyyənlik və nəhayət,
qeyri-səlislik başqa tipli misallarda da özünü
göstərir. Yenə də bu, qoşa sözlərin
köməyilə baş verir. Dastanda tez-tez bu tipli misala
rast gəlmək mümkündür: "Dönə-dönə
savaşayın, dönə-dönə vuruşayın".
Bu misaldakı "dönə-dönə" qoşa
sözü, əslində, müəllifin konkret saydan kənarlaşma
üsuludur. Neçə dəfə savaşdan, neçə dəfə
vuruşdan söhbət gedir? Bu, bilinmir.
Qeyri-səlislik şübhəsizdir.
Dastanda
qeyri-səlisliyin ifadəsi kimi belə bir misal da diqqəti cəlb
edir: "Ağır xəzinəsini, bol axçasını
yağmaladılar".
Bu misaldakı "ağır" və "bol" sözləri bu gün də ədəbi dilimizdə (eyni kontekstdə) bol-bol işlənir. O zaman oxucu haqlı olaraq təəccüblənər ki, bu axı necə ola bilər, deməli, biz bu gün də özümüzdən xəbərsiz danışığımızda qeyri-səlis məntiqin prinsiplərindən və dil ekvivalentlərindən istifadə edirmişik? Bəli, bu, həqiqətən belədir. Qeyri-səlis məntiq bizim adi danışığımıza, bədii dilimizə, təfəkkür tərzimizə elə hopmuşdur ki, biz bəzən buna xüsusi fikir belə verməmişik. Amma əslində, "Kitabi-Dədə Qorqud" dastanından üzü bu günə qədər içimizdə bəlkə də özümüzdən xəbərsiz demokratik prinsiplərin nəinki oyanmasına, hətta təşəkkülünə belə yol açmış olmuşuq.
Göründüyü kimi, "Kitabi-dədə Qorqud" dastanı əcdadlarımızın ən qədim dövrlərdə zaman-zaman yaratdıqları ədəbi-bədii dəyər olaraq öz dərinliklərində yeni-yeni perspektivlər gizlədir. Bu dastanı yaradanların təfəkkür tərzi bu gün belə bizə bunu deyir ki, qədim əcdadımız üçün özündən ətrafa (öz mağaradaşlarından ibarət çoxluğa və ətraf mühitdəki müxtəlif çoxluqlar sisteminə) münasibətdə demokratik yanaşma tərzi təsadüfi və ötəri bir hal olmamışdır. Qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi (tolerantlıq) xalqımıza zaman-zaman xas olmuş əbədi bir dəyərin təzahürü kimi bu günümüzə qədər dilimizdə müxtəlif ifadələrdə daşlaşmış, qədim əcdadımızın həyat tərzinin aparıcı xəttini bu günümüzə qədər gətirmişdir. Oxucuya "525-ci qəzet" vasitəsilə təqdim edilən bu yazılardan əldə edilən ümumi nəticə belədir.
Müəlliflər onu da qeyd etmək istərdilər
ki, ilkin yanaşma xarakteri daşıyan bu beş
yazının əsasında "Kitabi-Dədə Qorqud"
dastanı və qeyri-səlis məntiq" adlı geniş bir
araşdırma hazırlanır. Yaxın gələcəkdə
bu araşdırma oxucuların düqqətinə təqdim
ediləcəkdir. Bu araşdırma qeyri-səlis
məntiqin yaradıcısı, görkəmli Azərbaycan-amerikan
alimi Lütfizadənin xatirəsinə həsr olunur. Ümid
edirik ki, bu kitab həm qorqudşünaslar, həm də
informasiya nəzəriyyəçiləri, məntiqçilər
üçün eyni dərəcədə maraqlı olacaq.
Artıq o vaxt yetişmişdir ki, informasiya
mütəxəssisləri mətnşünasları və mətnşünaslar
da informasiya mütəxəssislərini sərbəst şəkildə,
adekvat anlasınlar və onların bir araya gəlib eyni istiqamətdəki
hədəflərə çatmaq cəhdləri real nəticə
versin.
Kamal Abdulla
Rafiq
Əliyev
525-ci qəzet.- 2022.- 13 avqust.- S.8-9