Qəhrəman ömür
yoldaşımın onsuz doğum gününə...
16 Avqust Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçısı
Şəhid Amil Rasim oğlu Hüseynovun 36-cı doğum
günüdür. Cənnətdəki 2-ci mövludun mübarək, əzizim!
Qısa
arayış: Hüseynov Amil 1986-cı il
avqust ayının 16 da Füzuli rayonun Əhmədalılar kəndində
anadan olub. Birinci sinifə Bakıda fəaliyyət
göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində
gedib. 2004 -cü ildə orta məktəbi
bitirdikdən sonra 2004-2006 -cı illər ərzində Beynəlxalq
Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət
göstərən Azərbaycan Sülhməramlı
qoşunlarında həqiqi hərbi xidmətdə olub.
Məktəbdə oxuduğu müddətdə
idmanın karete növü ilə məşğul olub. Respublikada və
xaricdə keçirilən yarışlarda iştirak edərək
yüksək nəaliyyətlər qazanıb. 1-ci, 2-ci və 3-cü yer diplomlarına layiq
görülüb. 2003-cü ildə Respublika
çempionatlığında iştirak edib, 1 (birinci) yerin
sahibi olaraq Respublika çempionu adına
layiq görülüb. Gürcüstanda
iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə
çıxıb.
Amil fəaliyyətinə 2010-cu ildən Azərbaycan
Respublikasının Daxili qoşunlarında başlayıb. Daha sonra Azərbaycan
Respublkasının Milli Ordu sıralarında Müddətdən
artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı
kimi fəliyyətini davam etdirir. 2013-cü
ildə Türkiyədə kəşfiyyatçı olaraq təlim
kursu keçib. O, ixtisaslaşmış, işinin sirlərini,
hər bir incəliyini bilən bir hərbçi idi.
Amil Hüseynov Beyləqanda və Füzulidəki N
saylı hərbi hissələrdə Azərbaycan və Ermənistan
Silahlı Qüvvələrinin təmas bölgələrində
xidmət edib.
Azərbaycan Respublikasının müstəqilliyinin
və ərazi bütövlüyünün qorunmasında
xüsusi xidmətlərinə, hərbi hissəyə
verilmiş tapşırıqların yerinə yetirilməsinə
və intizamına görə daim fərqlənən Amil
Hüseynov 2016-cı ildə Fəxri fərman ilə
mükafatlandırılıb.
27.09.2020 -ci ildə başlayan 2-ci Qarabağ müharibəsinin
fəal iştirakçısı olan, ən ön
sıralarda döyüşən Amil Hüseynov Füzuli və
Xocavənd uğrunda gedən döyüşlərdə
xüsusi şücaət göstərib. 10.10.2020-ci ildən
Şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın
nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı
kənd istiqamətindən tapılıb və 10 Dekabr 2020 -ci
ildə öz doğma kəndində böyük izdihamla son mənzilə
yola salınıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən, Amil Hüseynov şəhadətindən sonra
"Füzulinin azad edilməsinə görə",
"Xocavəndin azad edilməsinə görə", "Cəbrayılın
azad edilməsinə görə", "Şuşanın
azad edilməsinə görə", "Vətən
uğrunda" və “Cəsur
döyüşçü” medalları ilə təltif edilib.
****
Azərbaycanın 30 illik vətən həsrətinə
son qoyan, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən
Müharibəsi sinəsi düşmən tapdağından
qübar olmuş Qarabağımızı doğmalarına
qovuşdurdu.
Həmin 44 gün ölkəmizin taleyini dəyişdiyi
kimi, insanların da həyatında heç vaxt
yaşamadığımız hisslərlə,
acılı-şirinli xatirələri ilə silinməz izlər
buraxdı, köksümüzdə dərin duyğulara yol
açdı. Elə Amil ilə mənim
keçirdiyimiz tək əlamətdar günümüz olan
Amilin doğum günü xatirələri kimi.
2020-ci ilin 27 sentyabr səhərini gözlərimizi atəş
səsinə açdıq. Tez həyətə
çıxdıq. Başımızın
üzərindən təyyarələr, helikopterlər cəbhə
istiqamətinə doğru yol alırdı. Atəş səsləri isə sanki buludları
qoparıb yerə atacaqdı. O an təlaş
içində ön xəttə olan yoldaşıma və
qardaşıma zəng etdim. Heç birinə zəng
çatmadı. Söndürülmüş
telefonlar artıq vəziyyətin nə yerdə olduğundan xəbər
verirdi.
Müharibə başlanan gün bizim Amil ilə
evliliyimizin iki ayı tamam olurdu. Biz yenicə ailə
qurmuşduq - 26 iyul 2020-ci ildə. 16 avqust
Amilin doğum günü isə evimizdə birlikdə qeyd
etdiyimiz ilk və tək əlamətdar günümüz oldu.
Bir gün əvvəl anamın ad günü
idi. Amillə birgə onu təbrikə
getmişdik. 16 avqustda isə biz evdə məclis
etdik. Həmin gün fürsətim
olmadığından Amilimə hədiyyə
almamışdım. Düşündüm
ki, hələ qarşımızda çox illərimiz var, hədiyyə
alacaq çox vaxtımız olacaq. Özüm
də geyinib, bəzənmişdim. O qədər diqqətli
və qarşısındakı insana dəyər verəcək
qədər böyük ürəkli insan idi ki, onun doğum
günü üçün evdə olsa da təzə paltar
geyinməyim belə onun diqqətini çəkmiş, onu da
özünə bir hörmət olaraq xüsusi sayğı ilə
yanaşmışdı. Həmin gün komandiri
çağırdığından ad gününü
bütün ailə bir yerdə Amilsiz qeyd edirdik.
Zarafatla, - Amil özü yoxdur biz də təntənə ilə
onun ad gününü qeyd edirik, - dedim. Bu
sözü deyəndə heç təsəvvür belə
etməzdim ki, bundan sonra Amilimin bütün doğum günləri
onsuz keçəcək. Zaman ötəcək,
amma yaş elə bu ilki kimi 34 qalacaq.
Həmin günü deyə- gülə başa vurduq. Onunla birlikdəykən
hər günüm özəl, mənalı, xüsusi,
yaddaqalan idi. Bəs ondan sonra...?! İndi
bütün suallarımın sonunda bir nida var. Bilirəm, hər
sualımın bir cavabı olmadığını. İndi heç bir günümün yekunu, nəticəsi
yoxdur. Eyni xatirələr, bədənimin
öyrəşdiyi həzin sızıltı ilə günlər
bir-birini ötürür. Dəyişən bir tək
toy və nişan günlərimiz, Amilin
anım, doğum, dəfn günləridir ki, həmin günlərdə
ağrılarım şiddətlənir, günü başa
vurmaq ağır gəlir.
Sonuncu dəfə
5 oktyabrda əlaqəmiz oldu mən ona onunçün
darıxdığımı dedim,
müharibənin nə vaxt bitəcəyini soruşdum. Son
sözü belə oldu: “Müharibə bilmirəm nə qədər
çəkər, amma belə getsə, deyəsən,
Şuşadan gələcəm inşallah. Allah
kərimdir, narahat olma, mən səni heç vaxt tək
qoymaram, İnşallah yaxşı olacaq hər şey”. Daha o gündən sonra Amildən heç bir xəbər
ala bilmədik.
10 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə
ucalan Amilin nəşi 60 gün sonra Füzuli rayon
Əbdürrəhmanlı kənd istiqamətindən
tapıldı.
10 dekabrda öz doğma kəndi Füzuli rayon
Əhmədalılar kəndində dəfn olundu. Amilimin dəfn günü həm də mənim
doğum günüm idi. O günlər ərzində mən
inanırdım, ümid edirdim ki, nə olur olsun, harda olur
olsun, Amil həmin gün gələcək. Çünki
o mənə həmişə 10 dekabrı xüsusi qeyd edəcəyimizi
deyirdi. Dedi və etdi. Həmin gün Amil mənə
üç rəngli ay-ulduzlu bayrağa bükülmüş
tabutunu və ömrümün sonuna qədər şərəflə,
qürurla daşıyacağım “şəhid
yoldaşı” adını hədiyyə etdi. Həyatım boyu unutmayacağım və bir
ömür sindirə bilməyəcəyim bir doğum
günü hədiyyəsi. Daha 10 dekabr mənim
üçün bir tək Amilimin şəhadətə
qovuşduğu gündür. O gündən sonra mən
ömrümü yaşanmış və bitmiş hesab edirəm.
Çünki ondan sonra mənim
üçün həyatın heç bir dadı, heç
bir rəngi yoxdur artıq.
Doğum günləri ilə bağlı bizim qəribə
qismətimiz var. Bu qədər bayramlar, əlamətdar
günlər içində bir tək Amilin doğum
günü oldu bizim ən yaddaqalan günümüz. Bir də
heç vaxt unuda bilməyəcəyim 10 dekabr- mənim
doğum günümdə Amilin dəfn günü. Görəsən, həmin günün mənası
nədir?! Mənim həyatımmı,
onunla birlikdə torpağa qoyuldu, yoxsa, Amil həmin gün mənimlə
birgəmi doğuldu?!...
Onun döyüş yoldaşları, komandirləri, onu
tanıyan hər kəs Amil kimi cəngavər oğlan ölməz,
o özünü erməni gülləsinə qurban verən
oğlan deyil deyib, onun göstərdiyi şücaətdən,
qəhrəmanlıqlardan bəhs edərdilər. Mən isə
onun haqqında hər dəfə elə sözlər eşidəndə
daha da qürurlanırdım, “İlahi, mən necə bir qəhrəmanın
yoldaşıyam”- deyib- həm onunla, həm də onun kimi qəhrəmanın
həyat yoldaşı olduğum üçün özümlə
fəxr edirdim. Sən demə, Amil növbəti
döyüş əməliyyatı zamanı yağış
tək yağan mina atan mərmilərindən özünü
qorumağa çalışarkən düşmədən
alınmış postlardan birində piyada əleyhinə minaya
düşüb. Tək qalıb qan itirərək
şəhadətə yüksəlib.
Bu
yaxınlarda kitab şkafımda səliqə-səhman
yaradırdım, yazılmış dəftərlərimi vərəqləyərkən
qəflətən qarşılaşdığım bir
yazı məni xəyalən çox uzaqlara aparmasa da,
çox dərin bir hiss yaratdı... 2020-ci ildə müharibə
vaxtı
yazılmış, unutduğum bir hesabat... Buna
öz aləmimdə “ailə hesabatı” deyim... Amildən
artıq 25 gündür səs-soraq yox idi... 30 sentyabr və 30
oktyabrda aldığım maaşımı xərclədikcə
qeyd etmişəm, çünki evin maddi problemlərini Amil
özü həll edərdi. Bilirəm o məndən mənim
maaşımın hesabını çəkməzdi, amma
bizim ayrı hesabımız da olmazdı... Amil gələndə
hara nə qədər xərclədiyimdən xəbəri
olsun deyə... Bunu yazmaq əsla bizim bir-birimizə
olan güvənimizlə, inamımızla əlaqəli deyil,
sadəcə, biz hər işimizi, hər
atdığımız addımı birlikdə məsləhətləşib
edirdik, ona görə də o yanımda olmasa qəlbən yenə
də onunla hesablaşmadan olmazdı. Yazını
qarşımda görəndə göz yaşlarımı
saxlaya bilmədim, ən sadə istəklər belə
yarım qalmışkən, ən böyük arzulara
çatmaq xəyal belə edilməzmiş...
Bu Vətən müharibəsi yaddaşımızda
silinməz xatirələri ilə qalması ilə
yanaşı, həm də bir həyat dərsi oldu, deyərdim. İnsanın
ən böyük sərvəti sevdiyinin yanında olması, ən
dəyərli xərci sevdiklərinlə keçirdiyin vaxt və
ən düzgün hesabı sevdiklərinlə olan gözəl
anılardır. Məncə, həyat məktəbinin
bir mövzusu var o da sevgidir.
Həyat bizi nə qədər sınağa çəkir-çəksin
ürəyimizdəki sevgi ilə qalib gələ bilərik
ancaq... Amilimin sonuncu dəfə evdən çıxarkən
cibində götürdüyü 20 manatı sonuna qədər
xərcləməyə fürsət verməyəcək qədər
anidir ömür... İndi o hesabatı yüz dəfə, min
dəfə hazırlasam varmıdır onun Amil
üçün bir mənası, ya da dünyanın
bütün maddi sərvətini versəm də bir anlıq
belə olsa qaytararmı, Amilimin bir telini, bir
gülüşünü?!.
Həyat
sevdiklərimizdən ibarətdir!
Hər il
avqustun 16-sı yaxınlaşanda düşünürəm
ki, O mənə “Şəhid yoldaşı” kimi ömürlük bir
şərəfli adı doğum günü hədiyyəsi
olaraq verdi, getdi. Bəs qarşılığında mən
ona nə hədiyyə edim onun ruhu şad olsun, mənim də
qəlbim az da olsa təsəlli tapsın.
O səssiz, soyuq məzar daşına aparacağım gül
dəstələri mənə təsəlli deyil. Nəhayət, özümü ona yazdığım
bir məqalənin sonunda tapıram. Və
göz yaşımla qarışmış məqaləyə
çevrilən bu sətirləri onun doğum gününə
hədiyyə edirəm. Cənnətdəki
mövludun mübarək, Amilim.
Şəhidlər ölümündən
doğulanlardır. Onlar bircə dəfə bu dünyaya gəlirlər
və heç vaxt ölmürlər. “8 noyabr 2020-ci il”
bütün şəhadət əhlinin doğum
günüdür!
Hər
şeyə rəğmən, Vətən sağ olsun!
*****
Qara gözlüm, gözlərinə qurban oldu qara bəxtim...
Niyə məni bürüdün sən gözlərinin qarasına?!.
Mən bilmirəm baş götürüm gedim axı, bu dünyanın harasına...
Səndən sonra başqa rəngi yox dünyamın, səndin mənim tək gümanım...
Sənsiz baş açmıram daha nədir yalan, nədir doğru...
Güvəndiyim dağım belə, təbiətin oyununa gəldisə,
Daha bu dünyaya məndən nə bir sual, nə də sorğu...
Məqamının işığıyla yol
alıram sənə doğru...
Xalisə MƏMMƏDOVA
525-ci qəzet.- 2022.- 16 avqust.- S.8.