Şərəfli ömür
yolu
Azərbaycan hüquq elminin görkəmli nümayəndələrindən
biri olan, hüquqşünas alim, Milli Aviasiya Akademiyasının Hüquq
kafedrasının dosenti,
ehtiyatda olan polis polkovniki, Qarabağ müharibəsi veteranı,
yüksək mənəvi
və əxlaqi keyfiyyətləri ilə örnək olan Ağa Kərim Mirzəyev 40 ilə yaxın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində şərəflə
çalışmışdır. O, hazırda Azərbaycan hüquq elminə və təhsilinə sədaqətlə xidmət
edən tanınmış
alimlərimizdən biri
sayılır.
Bu günlərdə Milli
Aviasiya Akademiyasının
Hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə
doktoru Ağa Kərim Ağa Səlim oğlu Mirzəyevin 75 yaşı
tamam olacaq.
Hər ömür
bir kitabdır, deyirlər. 75 yaşı
tamam olan Ağa Kərim Mirzəyevin keçən
günlərini vərəqlədikcə
bu fikri təsdiq edirsən. Bu alovlu vətənpərvər,
torpağına, xalqına
bağlı insanın
həyatı olduqca mənalı keçib.
Ağa Kərim Ağa Səlim oğlu Mirzəyev 1947-ci il
avqustun 19-da Bakıda anadan olmuşdur. 1954-cü ildə 134 saylı orta məktəbə getmiş
və oranı 1965-ci ildə müvəffəqiyyətlə
bitirmişdir. Elə
həmin il
Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olmuş və 1970-ci ildə Mexanika fakültəsinin "Avtomobil
istismarı" ixtisasını
əla qiymətlərlə
başa vurmuşdur. 1970-1972-ci illərdə isə Sovet ordusu sıralarında hərbi qulluqda olmuşdur.
Ağa Kərim
Mirzəyev 1972-ci ildən
2007-ci ilədək Azərbaycan
Respublikası DİN sistemində
müxtəlif vəzifələrdə
çalışmış, həyatın eniş-yoxuşunu
görmüş, özünə
yol aça bilmiş, ziddiyyətlərlə
dolu dünyamızın
bərkindən-boşundan şərəflə
çıxmış, bu
gün də həvəslə, ruh yüksəkliyi ilə yaşayıb-yaratmaqdadır.
Daxili işlər
orqanlarında çalışdığı
illərdə Ağa Kərim Mirzəyev təhsilə böyük
maraq göstərmiş
və 1977-ci ildə
SSRİ DİN-in Akademiyasına daxil olmuş, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmə həvəsi bitib-tükənməyən
Ağa Kərim Mirzəyev 1981-ci ildə
SSRİ DİN-in Adyunkturasının əyani şöbəsinə
qəbul olmuş və 1983-cü ildə oranı bitirmişdir.
O, 1984-cü ildə Moskvada
kriminologiya sahəsi üzrə dissertasiya müdafiə edərək
hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.
İşlədiyi dövrdə DİN-in rəhbərliyi
tərəfindən Ağa
Kərim Mirzəyevin yüksək peşə bacarığı və qabiliyyəti daim qiymətləndirilmiş və
işdə irəli çəkilmişdir.
Ağa Kərim
Mirzəyev Daxili İşlər orqanlarında
işləəyərkən öz savadı və peşə bacarığı ilə əlaqədar olaraq həmişə yüksək
vəzifələrdə işləmişdir. Belə
ki, o, Sabunçu rayon
Dövlət Yol Polisi bölməsinin rəisi, iki dəfə ayrı-ayrı
vaxtlarda Bakı Şəhər DYP İdarəsinin
rəisi, Bakı şəhər Diaqnostika şöbəsinin rəisi,
Respublika Dövlət
Yol Polisi İdarəsinin rəis müavini və Bakı şəhər
Polis idarəsinin rəis
müavini vəzifələrində
çalışmışdır.
Hüquq üzrə fəlsəfə
doktoru, dosent Ağa Kərim Mirzəyev 1992-ci ildən bu günədək həyatını Azərbaycan
hüquq elminin inkişafına həsr etmişdir. 1992-2007-ci illərdə Azərbaycan
Respublikası DİN-in Polis Akademiyasında İnzibati
fəaliyyət kafedrasının
rəisi vəzifəsində
işləmişdir. 2007-ci
ildən Milli Aviasiya Akademiyasının
Hüquq kafedrasının
dosentidir. Tələbələrin sevimlisinə çevrilən
Ağa Kərim müəllim indi də yüksək peşəkarlıqla çalışır,
respublikamızda ixtisaslı
hüquqşünas kadrların
hazırlanmasında böyük
rol oynayır. Uzun illər hüquq-mühafizə
orqanlarında çalışmış
Ağa Kərim Mirzəyev qazandığı
təcrübəni elmi
nəzəriyyə ilə
uzlaşdıraraq gənc
tələbələrə böyük həvəslə
öyrədir.
O, hər zaman həyatda layiqli yer tutmağa can atmış və yüksək uğurlar qazanmışdır. Əllidən
artıq elmi əsərin müəllifi
olan Ağa Kərim müəllim tələbələrin kriminologiya
fənnindən dərsliyə
ehtiyaclarını nəzərə
alaraq bu il "Sxemlər
albomu" adlı dərs vəsaitini çap etdirərək hüquq aləminə dəyərli bir töhfə vermişdir.
Çox yaxşı tanıdığım və ən yaxın həmkarlarımdan olan A.Mirzəyev təbiətcə sakit, təmkinli, mədəni, münasibətlərdə xeyli diqqətli və xoşrəftar bir insan olmaqla yüzlərlə adamın xeyirxahına çevrilmişdir. Ağa Kərim müəllimi respublikanın elmi ictimaiyyətinə sevdirən əsas keyfiyyətləridən biri də onun ədalətli, obyektiv olması, işdə və həyatda qanunun aliliyinə ehtiramla yanaşmasıdır. Mənəviyyatı maddiyatdan uca tutan Ağa Kərim müəllim üçün xeyirxahlıq həmişə həyat kredosu olmuşdur. Təvazökar insan və yüksək intellektə malik Ağa Kərim Mirzəyevin Azərbaycan hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında xidmətləri çox böyükdür. A.Mirzəyevin elmi yaradıcılığında ən mühüm cəhətlərindən biri nəzəriyyə ilə praktikanın vəhdət təşkil etməsidir.
Ağa Kərim müəllim dərin elmi biliklərə malik tədqiqatçı olmaqla yanaşı, həm də təcrübəli pedaqoq kimi yüksək ixtisaslı kadrların və zəngin elmi potensiala malik gənc alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Hal-hazırda da o, Milli Aviasiya Akademiyasında hüquq üzrə fəaliyyət göstərən ED 2.45 saylı Dissertasiya Şurasının üzvüdür.
Yüksək nüfuz sahibi olan Ağa Kərim müəllim Milli Aviasiya Akademiyasında hamı tərəfindən təvazökar, prinsipial və xeyirxah insan kimi tanınır. Bu müdrik insanın ən dəyərli cəhətlərindən biri də dostlarına isti münasibətidir.
Ağa Kərim Mirzəyevin Fərhad müəllimlə, Nazim həkimlə və Əlövsət Abbasovla keçən əsrin axırlarından başlayan dostluğu bu gün də davam edir.
Avqustun 19-da Ağa Kərim Mirzəyevin 75 yaşı tamam olur. Bu münasibətlə onun ünvanına Milli Aviasiya Akademiyasının əməkdaşlarından, keçmiş iş yoldaşlarından, tələbələrindən təbriklər gəlir. Ünvanlar müxtəlif olsa da, arzular birdir: cansağlığı, gələcək işlərində yeni yaradıcılıq uğurları. Biz də bu arzu və təbriklərə qoşulur, inanırıq ki, onun səsi Milli Aviasiya Akademiyasının auditoriyalarından hələ uzun illər bundan sonra da eşidiləcək. İnanırıq ki, Ağa Kərim Mirzəyevin dövlətçilik qarşısında xidmətləri hər cür fəxri adlara layiqdir.
Şöhlət
KƏRİMOV,
Milli Aviasiya Akademiyasının
Hüquq kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 18 avqust.- S.6.