Gəlin rəqs edək

 

 

Təxminən bir il əvvəl unudulmuş, yaxud unudulmaqda olan qədim xalq rəqs havalarının, diringə və rənglərin taleyi ilə maraqlanmağa, onları üzə çıxarıb tar və udda ifa etməyə başladım. Məqsədim musiqi ictimaiyyətinin diqqətini bu vacib məsələyə yönəltmək, unutqanlıq sindromundan əziyyət çəkən rəqs havalarımıza ikinci həyat vermək idi. Qırxa yaxın belə rəqs melodiyasını tapıb öz ifalarım əsasında   hazırladığım videoçarxları sosial şəbəkədə paylaşdım. Lakin bu yeni missiyam mənim üçün başqa bir cəhətinə görə də son dərəcə əhəmiyyətli oldu. Belə ki, bu layihə rəqs havalarımızın adlarından tutmuş melodik quruluşuna, mənşəyinə qədər bir çox problemlər ətrafında kiçik araşdırmalar aparmaq üçün mənə əlverişli şans verdi və nə yaxşı ki, bu çaparaq araşdırmaların nəticələrinə dair fikirlərimi, qeydlərimi yazıya aldım.

Onları sizin və musiqi ictimaiyyətinin mühakiməsinə verirəm.

 

"SƏMƏNİ"YƏ İTHAF

 

"Əhməd haradadır?" filmində Nərgiz xalanın əlində yekə səbət üzüm yığmağı imitasiya edə-edə naşı rəqqaslara rəqs öyrətdiyi səhnəni yəqin ki, xatırlayırsınız.  Orada səslənən melodiyalar əslində "Səməni" xalq rəqsinin melodiyalarıdır və qəribə bir təsadüfdən dönüb "Üzüm" rəqsi olub (halbuki səbəti asanlıqla səməni ilə  əvəz etmək olardı)...

 

İkinci və daha mükəmməl qəribəlik (təəssüf desək, daha dəqiq olar) bundan ibarətdir ki, bu gözəl rəqsin öz halal statusunu bərpa edib onu Novruz şənliklərinin bəzəyinə çevirmək, Novruz stixiyasına qatmaq heç kimin yadına düşmür.

Bu missiyanı mən öz üzərimə götürüb Yel çərşənbəmizə "Səməni" ətri qatmaq istədim (arada Səməninin incik monoloqu kimi bir muğam gəzişmələri ilə)...

Bilmirəm alındı, ya yox.

 

"ON DÖRD"ÜN 14 SUALI

 

Bizim qədim xalq rəqslərimizin bəzilərinin adları 1001 sual doğurur. Məsələn, "On dörd", "Yüz bir", "Çervon", "Şuşani" və s.

Ehtimal olunur ki, keçmişdə el musiqiçiləri elə el şənliklərindəcə bədahətən düzüb-qoşduqları rəqs melodiyalarının itib-batmaması üçün onları nömrələyirlərmiş. Bu məntiqlə "Yüz bir" - bu sırada yaranan 101-ci rəqs melodiyasıdır. Bəs onda yerdə qalan 100 rəqs havasından neçəsinə yiyə durmuşuq? Deyək ki, 30-40 rəqs melodiyasını yaşatmışıq. Bəs 60, 70 rəqsimiz niyə itkin düşüb? Mən hələ 101-ci melodiyadan sonra yarananları demirəm.

Kimsə deyə bilər ki, onlar zamanın sınağından çıxa bilməyib, ona görə də unudulub. Amma 101-ci melodiya varsa, məntiqə görə ona qədər nömrələnmiş 100 melodiya da olub axı və keçmişdəki müdrik sənətkarlar xalqın xoşuna gəlməyən, zəif melodiyaları heç vəchlə nömrələməzdilər.

Bu unutqanlıq ki, bizdə var, o 30-40 melodiyanı da qarşıda yaxşı heç nə gözləmir. Elə çoxlarınız etiraf edərsiniz ki, "On dörd" rəqsinin melodiyalarını ilk dəfə mənim həvəskar ifamda eşidirsiniz.

Biz bu gedişlə hara gedirik?

Biz nə üçün unutqanlığa belə meyilliyik?..

14 sualdan 2-sini verdim. Bu suallara düzgün cavab tapılsa, o biri suallara ehtiyac qalmaz.

 

 

 

"AZƏRBAYCAN QIZI" NƏ DEYİR?

 

Adına layiq bu qədim və gözəl xalq rəqsi  "atası", "anası" məlum olmayan bic melodiyaların hay-həşirinə, çığır-bağırına tab gətirməyib bir küncə sıxılaraq unutqanlıq sindromundan əziyyət çəkə-çəkə gözləyir. Gözləyir ki, biz nə vaxt onu xatırlayıb əziyyət çəkdiyi bu depressiya vəziyyətindən çıxaracağıq, ona və onun kimi digər mənəvi sərvətlərimizə yeni nəfəs verəcəyik.

Bunu mütləq etməliyik! Çünki insan, toplum, xalq özünü tanımasa, öz mənəvi sərvətlərinin qədrini bilməsə, onu başqaları da tanımayacaq, heç tanımaq da istəməyəcək. Bu sərvətlər isə belə sərvətlərin həsrətini çəkənlətin "ovu"na çevriləcək.

 

 

"BƏHRAMSAYAĞI" DƏRAMƏDİ

 

Mən bu dəramədi düz 40 il bundan əvvəl o vaxt gənc olan Alim Qasımov televiziyada  "Mirzə Hüseyn segahı"nı oxuyanda (daha doğrusu, oxumağa hazırlaşanda) dəstgaha giriş kimi ustad tarzən Bəhram Mansurovun ifasında eşitmişdim və həmin ifa deyəsən, bu dəramədin həm də son ifası oldu.

Amma ötən illər ərzində yaddaşımda yaşayan bu dəraməd daim nəyi isə mənim yadıma salırdı və mən bu yaxınlarda həmin "nə isə"nin nədən ibarət olduğunu axır ki,  tapdım - dahi Üzeyir bəyin "Koroğlu" operasında Həmzə Qıratı Həsən xana bu melodiyaların qanadlarında təqdim edir: "Koroğlunun bir atı var/Qırat deyərlər adına..."

Allah hər 2 sənətkara rəhmət eləsin

REANİMASİYADAKI "CÜT BACI"

 

Biz, adətən, eşitmişik ki, könül bulandıran pis şeyi unutmaq lazımdır ki, pisliyindən, gərəksizliyindən xəcalət çəkib (əgər buna mərifəti çatsa!) rəhmətlik nənəmin dili ilə desəm, bilmərrə izal olsun, ardınca da  fatihəsi oxunsun. Amma təəssüf ki, reallıqda çox vaxt bunun əksini görürük - pisi hörmətlə yuxarı başda əyləşdirir, yaxşıya isə "xoş getdin" deyirik. Məhz bu baş-ayaq siyasətin nəticəsidir ki, Zülümov demiş, fərqinə varmadan elə itirə-itirə gedirik - əlbəttə, Əhmədləri, Ceyranları yox, bizi millət edən mənəvi dəyərlərimizi, babalarımızın min bir əziyyətlə yaratdıqları milli sərvətlərimizi.

Vay o gündən, Zülümovun da itə biləcəyindən narahat olduğu Şirin kişinin adındakı sözlərin məzmununun bəlirlədiyi dəyərləri də itirək!

"Cüt bacı" rəqs havası da pislərin güdazına gedən yaxşılardan, hətta mən deyərdim ki, ən yaxşılardandır. Bu melodiyadakı nikbinlik, həyatsevərlik, şuxluq, kolorit, hətta bir az da yumor adamı valeh edir.

Amma unutqanlıq sindromundan əziyyət çəkən bu melodiyaya ilk növbədə təcili nəfəs vermək, onu cana gətirmək, öz layiqli yerində əyləşdirmək lazımdır.

Mən buna cəhd elədim.

Görün siz nə edə bilərsiz, dostlar!

 

 

"ÇERVON"UN ADINA YARAŞMAYAN ACI TALEYİ

 

Bizim bu adda rəqs melodiyamızın olması barədə bilsəm də, anlayırdım ki, onu dinləmək şansım demək olar ki, yoxdur - "Çervon" yağlı əppək olub çəkilmişdi göyə. Amma sövq-təbii hiss edirdim ki, qeyri-adi adı olan bu melodiyanı nə vaxtsa klassik ənənələrə həddən artıq bağlı bir ifaçının ifasında dinləyəcəm. Elə də oldu, axtardığım "Çevron"u təsadüfən tarzən Bəhram Mansurovun oğlu Elxan Mansurovun (bəstəkar Eldar Mansurovun qardaşı) ifasında nəhayət ki, dinlədim və heç cür anlaya bilmirəm ki, belə gözəl melodiya nə üçün unutqanlıq qurbanı olub.

Bəlkə cavabı bir yerdə axtaraq?

Nə isə.

Bu melodiyanı ölməyə qoymayıb oğluna ötürən Bəhram müəllimə Allahdan rəhmət, Elxan Mansurova isə cansağlığı diləyirəm.

 

 

LALƏ KİMİ "LALƏ"

 

"O olmasın, bu olsun" filmində Gülnazın toy səhnəsini yəqin ki, xatırlayırsınız. Orada  yengənin (Münəvvər Kələntərli) əlindən yapışıb ortaya çəkdiyi xanım - Əminə Dilbazi "Lalə" rəqsinin melodiyaları altında gözəl rəqs edir. "Segah" muğamı üzərində qurulmuş rəqsin melodiyaları o qədər lirik, emosional aura yaradır ki, xanəndə qadın -Tükəzban İsmayılova ortada kiçik bir "Segah" gəzişməsi etməkdən özünü saxlaya bilmir.

Lakin ən maraqlı məqam bu deyil. Tükəzban xanım, səhv etmirəmsə, S.Ə.Şirvaninin məşhur beytini səsləndirərək həmin gəzişməni edəndə, Əminə xanım rəqsi dayandırmır, spesifik jestlərlə onu orijinal bir tərzdə davam etdirir və mən muğam sədaları altında rəqs edildiyini hələ ki ilk və son dəfə məhz o səhnədə görmüşəm.

"Lalə" rəqsinin Gəncə zonasında yarandığı güman edilir. Lakin bunun heç bir xüsusi əhəmiyyəti yoxdur. Çünki bu rəqs melodiyası təkcə Gəncənin yox, bütün Azərbaycan xanımlarının zərifliyinin, incəliyinin musiqi dili ilə ifadəsidir.

 

"QIDI-QIDI"NIN İSTƏDİYİ NƏDİR?

 

Bu rəqs Azərbaycanda ən çox sevilən rəqslərdəndir. Amma bir az qəribə adı var - "Qıdı-qıdı". Hətta bəzən bu rəqs melodiyası "Qıtqılıda" adı altında da təqdim olunur. Boynuma alıram ki, mən bu sözlərin dəqiq  mənalar verdiyini bilmirəm və deməli, bu rəqs melodiyasının da nə üçün belə adlandırıldığı barədə heç nə deyə bilmərəm.  "Qıdı" sözünün "qıdıq" dözündən əmələ gəlməsi barədə bəzi mənbələrdə irəli sürülən ehtimal isə mənə çox dumanlı görünür. Çünki biz musiqi haqqında "adamı qıdıqlayır" tipli ifadələr işlətmirik, "filan hava adamın sümüyünə düşür" - deyirik.

Bu melodiya da "qıdıqlayan" yox, sümüyə düşən melodiyalardandır və məncə, istədiyi də budur ki, onu eşidən kimi qol götürüb oynayaq.

 

 

İNDİKO" + "QAVAL RƏQSİ" + "EDİM NƏ ÇARƏ" = "GƏLİN RƏQSİ"

 

Xalq musiqimizin elə nümunələri var ki, elə bil yerinə yetirdikləri missiya onların özlərindən əvvəl doğulub və onlar da dünyaya ona görə gəliblər ki, Allahın buyurduğu bu missiyanı ləyaqətlə, şərəflə yerinə yetirsinlər. Bəzi mənbələrdə "İndiko" (??), bəzilərində "Qaval rəqsi" adı ilə rəqs havaları kimi təqdim olunan, eləcə də  "Edim nə çarə" mahnısı kimi tanınan melodiya da həmin qəbildəndir. Dinləyəndə dərhal inanırsan ki, bu asta, sakit, ləngərli melodiyanın da yerinə getirdiyi funksiya   əvvəlcədən İlahidən yazılıb - zərifliyin, gözəlliyin, abır-həyalı sevginin tərənnümü! Onun qeyri-adi aurasını, daşıdığı gözəlliyin miqyasını hamıdan əvvəl dərk etdiyindəndir ki, dahi Niyazi "Şur" muğamının ladında doğulmuş bu melodiyanı 1949-cu ildə yazdığı "Rast" simfonik muğamına ustalıqla transfer edərək yatdığı musiqi incisinin dəyərini xeyli dərəcədə artıra bildi. "Arşın mal alan-2" filminin musiqi redaktoru olan Fikrət Əmirov isə onu bu filmə Gülçöhrə və Əsgərin - gəlin və bəyin toy rəqsi kimi daxil edib yerinə yetirdiyi funksiyanın üfüqlərini xeyli genişləndirdi və mənə qalsa, bu melodiyaın adını dəyişib "Gəlin rəqsi" qoysaq, daha ədalətli olar.

 

"UZUNDƏRƏ"NİN ANTİPODU - "GÖDƏKDƏRƏ"

 

Təəccüblənməyin, dostlar, sən demə, bizim "Gödəkdərə" adlı rəqsimiz varmış.

Bu rəqsin ilk ifasının çox maraqlı, qəribə bir tarixçəsi var.

Bir gün Oğuzda yaşayan feysbuk dostum, ixtisasca həkim olan Akif Məmmədov mənə bir ifanın linkini göndərdi. Həmin videoçarxda mahir tarzən, əməkdar incəsəmət xadimi Səbuhi Cəfərov həmin bu rəqsi ifa edirdi! Deməli, Akif müəllim belə bir rəqs melodiyamızın olmasından xəbər tutan kimi onun ifasını axtarır və məlum olur ki, bu melodiya indiyədək ifa olunmayıb. Belədə xalq musiqimizin vurğunu, təəssübkeşi və bilicisi olan Akif müəllim melodiyanın not yazısını əldə edib (!) Səbuhi müəllimə göndərir ki, ifa edib onu xalqa qaytarsın. Beləcə, "Gödəkdərə" ilk dəfə məhz onun fədakarlığı sayəsində Səbuhi müəllimin barmaqlarından süzülüb həyata vəsiqə alır.

Xalqımızın hər 2 ləyaqətli oğluna eşq olsun!

 

(Ardı var)

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 19 avqust.- S.8.