Aydan İsgəndərzadə: "Cəmiyyətdə davranışlara daha çox fikir verilir,

 

AMMA O DAVRANIŞLARIN ARXASINDAKI DUYĞULARI SORĞULAMAQ KİMSƏNİN AĞLINA GƏLMİR"

 

Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrı, uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadədir. Aydan xanımla uşaq tərbiyəsi, yeniyetmələrlə münasibət, məktəbə getməyə hazırlaşan uşaqların psixoloji hazırlığı və digər bu kimi önəmli məsələlərdən danışdıq.

- Aydan xanım, uşaq psixikasında sizi cəlb edən nə idi ki, bu sahəyə yönəldiniz?

- Mən uşaqları çox sevirəm. Əvvəldən arzum ginekoloq olmaq idi. Səbəbi də dünyaya uşaqlar gətirərək onlarla təmasda olmaq idi. Sonra tale elə gətirdi ki, ginekoloq bəylə ailə həyatı qurdum və bu sahənin nə qədər çətin olduğunu gördüm. Bir evdə iki ginekoloqun çox olacağını düşünərək, uşaqlarla təmas yarada biləcəyim başqa bir sahəni - uşaq və yeniyetmə psixiatriyasını seçdim. Psixiatriya Türkiyədə iki ayrı istiqamətdədir: yetişkin psixiatriyası və uşaq-yeniyetmə psixiatriyası. Əfsuslar olsun ki, bizdə bu sistem hələ tam oturuşmayıb. Uşaq və yeniyetmə psixiatriyası ixtisası rezidenturada bu il açıldı. Bu istiqaməti həm də ona görə seçdim ki, böyüdükdən sonra bəzi düşüncələri, duyğuları, yaşantıları dəyişmək çətindir. Uşaqlarda isə belə deyil. Uşağa təsir edib, dəyişmək daha asandır. Həmçinin, şəxsiyyətin və cəmiyyətin formalaşması uşaqlıqdan başlayır. Əgər biz parlaq gələcək istəyiriksə, uşaqlarımıza nəzər yetirməliyik. Mən də millətimin və xalqımın daha sağlam gələcəyi üçün uşaqlarla işləməyi seçdim.

- Uşaq psixologiyasını öyrənə-öyrənə keçmişə, öz uşaqlığınıza və ailənizə nəzər salanda sizə qarşı hansı yanlışlıqları gördünüz?

- Biz valideynliyi öz valideynlərimizdən öyrənirik. Bəzən öz üzərimizdə bu səhvlərin fərqinə varmaq çətin olur. Bir insanın özünə ayna tutması daha çətindir. Cəmiyyətimizdə bəzi məqamlarda hələ də davam edən tabular, sərt qaydalar var. Mən onları dəyişməyə çalışıram. Məsələn, öz həyatımdan bir misal çəkim. Dörd yaşım vardı, iki bacı idik, qardaşımız doğulmamışdı hələ. Nənəm elə hey bizə "həyətə düşəndə birdən oğlanla oynayarsınız. Atanız oğlanla oynadığınızı görsə, sizin də başınızı kəsər, onun da" - deyirdi. Bunu o qədər dedi ki, 6 yaşımızdan sonra biz həyətə düşməməyə başladıq. Halbuki atamız belə bir qadağa qoymamışdı. Sadəcə qorxurduq. Cinsi ayrı-seçkilik mənim uşaqlıq travmamdır. Ona görə də çalışıram bu sahəyə daha çox diqqət yetirim. Qızlarımızı da oğlanlarımız kimi güclü böyütməliyik. Uşaqlara cinsi təlim verilməli, cinsi mədəniyyət öyrədilməli və cəmiyyətimizdəki rollar bir az gözdən keçirilməlidir, deyə düşünürəm.

- Dediyiniz kimi, qız və oğlan uşaqlarına verilən tərbiyə də kəskin fərqlənir. Bu fərq tamamilə aradan qaldırılmalıdırmı, yoxsa cüzi də olsa, olmalıdırmı?

- Keçən günlərdə yeni bir statistika açıqlandı ki, Azərbaycan selektiv aborta görə dünyada birinci yerdədir. Yəni hələ uşaq doğulmadan biz onun cinsi ayrı-seçkiliyini aparırıq. Bu yanaşma dəyişmədikcə, biz dünyaya gəlmiş uşaqlarla bağlı elə də ciddi yol qət edə bilmərik. Əlbəttə, eyni deyilik. Həm bioloji, həm fiziki, həm də psixi olaraq fərqliyik. Eyniləşdirmək mümkün deyil. Heç məqsədimiz də bu deyil. Sadəcə olaraq, hər ikisini bir-birindən daha zəif, ya da daha üstün tutmamalı, olduğu kimi qəbul etməliyik. Uşaqlara uşaqlıqdan etibarən fərqliliyimizi uyğun dildə anlatmalıyıq ki, sabah uşaq öz bədənindəki fərqliliyi kəşf edib, ondan qorxmasın, nə olduğunu bilsin. Ev içində bacı-qardaş münasibətlərinə diqqət etməliyik. Üç bacıdan sonra doğulan qardaş fərqlilik görməməli, üstünlüyə sahib olmamalıdır. Hamısı eyni tərbiyə görməlidir. Təkcə davranışımız yox, baxışımızla, səs tonumuzla da bunu hiss etdirməliyik. Həmçinin, uşaqlar məktəbə gedəndən sonra müəllimlərə də bu aspektdə ciddi iş düşür.

- Peşənizin əsas çətinlikləri nələrdir?

- Əslində, uşaqla yox, onların valideynləriylə işləyəndə çətinlik çəkirəm. Çünki yetişkin psixiatrların yanına təkcə pasiyent gəlir. Bizdə isə uşaqla birgə valideynləri, qohumları, ən yaxın qonşuları və s. gəlir. Buna görə də bizim müayinəmiz qələbəlik mühitdə keçir. Bu, bəzən yorucu olur. Digər tərəfdən hələ özü yeniyetmə olan, ya yaşı az, ya da düşüncəsi o qədər də inkişaf etməmiş valideynlər gəlir ki, görürsən, onlar hələ özləri tam yetişməyiblər, uşağı necə yetişdirəcəklər. Bu cür təşvişli valideynlərlə işləmək də bəzən çətinlik yaradır. Uşaqlar isə o qədər təmiz, safdırlar ki, onlarla işləmək çox asandır. Təəssüf ki, cəmiyyətimizdə davranışlara daha çox fikir verilir, amma onun arxasındakı duyğuları sorğulamaq kimsənin ağlına gəlmir. Uşaq qarşıma gələndə mən onun davranışına yox, duyğusuna fikir verəndə onun gözündə elə bir sevinc parıldayır ki, bu da məni ən çox mutlu edən an olur.

- Cəmiyyətimizdə uşaqlarda rastlanan ən çox psixi problemlər nələrdir?

- Əfsus ki, respublikamızda bu sahədə ciddi və geniş elmi tədqiqatlar aparılmayıb. Əslində, bu, dünyada da çox gənc bir elmdir. Uşaq və yeniyetmələrdə diqqət əskikliyi və hiperaktiv pozuntu, autizm inspektor pozuntusu, təşviş və duyğu pozuntuları, depressiya ən çox gördüyümüz xəstəliklərdir. Ailələri maarifləndirməyə çox ehtiyac var. Çünki bu cür xəstəliklər bəzən xarakterə yozulur. Halbuki bunlar xarakter deyil, xəstəlikdir.

- Bəs uşaq tərbiyəsində rastlanan əsas problemlər hansılardır?

- Gənc valideynlər valideynliyi necə edəcəklərini bilmirlər. Müasir dövrdə insanlar ikiləm arasındadır. Demokratik valideyn olmağa çalışıb, "uşağa sərbəstlik verim" fikrini yanlış yozanlar da var, keçmişdən qalan düşüncəylə uşaqları ciddi nizam-intizamda saxlayanlar da. Buna görə valideynlər dillemda qalırlar. Nə vaxt ciddi olacaqlarını, nə vaxt uşağa sərbəstlik verəcəklərini bilmirlər. Hədsiz sərbəstlik uşağın şəxsiyyətinə ciddi zərbə vurur. İnsan müəyyən sərhədlərlə yetişməlidir. Nəqliyyatda bir işıqfor işləmədikdə, necə aləm bir-birinə qarışırsa, valideyn də nizam-intizam yaratmadıqda uşağa təsir edir. Ata-ananın sözü bir olmalıdır. Fikir ayrılıqlarını uşağın yanında müzakirə etməməlidirlər. Yoxsa uşaq bundan istifadə edir, onu dəstəkləyən tərəfə meyllənib, istəklərini onun əliylə etdirir. Sabah bu uşaq çətinə düşəndə və yanında bir böyük tapmayanda böyük problemlər yaşayacaq. Valideynlərin sözü bir olmalıdır. Həmçinin, ya çox sərt, ya çox yumşaq olmaq olmaz.

- Bir ay sonra məktəblər açılır. İlk dəfə məktəbə gedəcək uşaqların valideynləri hazırlıqlara başlayıblar artıq. Məktəbəqədər təlimə və 1-ci sinfə gedən uşaqlar buna psixi necə hazırlaşdırılmalıdırlar?

- Məktəbin nə olduğunu uşaqlar bilmir. Ona görə onu məktəbdə nə gözlədiyini o gün gəlmədən ona göstərməlisiniz. Uşağınıza məktəb seçərkən onu da yanınızda aparın və məktəbləri onunla birgə gəzin. Uşaq məktəbi görsün, içini gəzsin, orada nə qədər vaxt keçirəcəyini, müəlliminin kim olacağını bilsin. Seçim qarşısında qalanda uşağın da fikri soruşulsun. Əfsus ki, bu dəqiqə təhsil sistemində gördüyüm ən böyük problemlərdən biri uşağın hansı müəllimin sinfinə düşəcəyinin öncədən bilinməməsi və ibtidai siniflərdə hər il müəllimin dəyişdirilməsidir. Xüsusən, özəl məktəblərdə bunları daha çox müşahidə edirəm. Müəllim cəmiyyəti formalaşdıran varlıqdır. Uşağımızı hansı müəllimə verəcəyimiz çox vacibdir. Çünki uşaq gününün çoxunu onunla keçirəcək. Müəllim onunçün rol-model, bağlanma fiquru və onu həyata hazırlayan insan olacaq. Müəllim hər il dəyişdikdə uşağın dünyaya olan güvəni sarsılır. Çünki bir müəllimə bağlanır, onun tədrisinə, aurasına, təfəkkürünə alışmağa çalışır və bir anda fərqli insan gəlir. Bu da uşağın düzənini alt-üst edir. Necə ki, davamlı dayə dəyişilməsini istəmiriksə, müəllim dəyişilməsini də istəmirik. Həmçinin, uşağın məktəb alış-verişini onunla birgə etməsi onu həvəsləndirəcək. Qonşuda-qohumda onunla birgə oxuyacaq uşaqlar varsa, öncədən tanış olması, onun həmin mühitə tez adaptasiyasına kömək edəcək. Bağçanın və məktəbəqədər təlimin də uşağın məktəbə alışmasında böyük rolu var. Ona görə uşağını 3 yaşından sonra bağçaya verməyi bütün valideynlərə tövsiyə edirəm.

- Bir az da yeniyetmələrdən danışaq. Fikrimcə, bizim cəmiyyətdə yeniyetmə psixologiyası o qədər də önəmsənmir. Halbuki ən həssas dövrdür. Əslində necə davranmalıyıq?

- Uşaqlığı düzgün ələ alınan biri yeniyetməliyi daha asan keçir. Birinci yeniyetməlik 2 yaş dövründə olur. Bu dövrdə uşağa düzgün yanaşmışıqsa, onun yeniyetməliyi də asan keçəcək. Yeniyetmə səsi qırılan, anasına, atasına çəmkirən varlıq deyil. Yeniyetmə fizikən yetişmiş, amma zehni inkişafı, emosional düşüncəsi yetişkin qədər olmayan biridir. Yetişkində düşünən beyin, yeniyetmədə isə emosional beyin daha aktiv rol oynayır. Buna görə də bir yeniyetmə düşüncəsini yox, duyğusunu dilə gətirir. Biz yeniyetmənin güclü duyğulardan ibarət olduğunu, amma bu duyğuları idarə edə bilmədiyini anlamalıyıq. O, nə uşaqdır, nə yetişkin. Bu dövrdə o, araşdırma içindədir, özünü tapmağa çalışır. Bu dövrdə uşağın ailədən uzaqlaşması da normaldır. Yeniyetmənin həyatına sonradan daxil olmaq, fikirlərinə təsir etmək çətindir. Ona görə də təməli ondan əvvəlki dövrdə atmalıyıq. Məsələn, uşağımıza yaxşı dost çevrəsi seçərək. Çünki uşaq ətrafındakı dostları, tanışlarıyla böyüyəcək. Yeniyetmə yaşına çatan birinə "sənin dostunu bəyənmirəm" deməkdənsə, təməli doqquz yaşında atıb, onun yeniyetməliyini keçirəcək mühiti həmin vaxtdan hazırlamalıyıq.

- Fikrimcə, ailələrin övlada yanaşmasında iki əsas yanlış da var. Birincisi, hər cür şiddət, xəyanət görən, yola getməyən ər-arvadın "uşağım var" deyib, bunu davam etdirməsi, ayrılmaması, ikincisi isə, ayrılan insanların qarşı tərəfi cəzalandırmaq üçün uşaqdan istifadə etməsi. Bu hallarda uşaq necə zərər görür?

- Hər ikisi uşaq üçün çox zərərli və təhlükəli haldır. Bunun da təməli ən başda atılır. Bizim cəmiyyətdə evliliyi qurtarmaq, nəsli davam etdirmək, birinci övlada həyan olmaq üçün dünyaya gətirilən uşaqlar çoxdur. Bu niyyətlər belə uşaq dünyaya gəlmədən onun taleyini çözür. Hamilə qalarkən belə hansı niyyətdə olmağımız çox önəmlidir. Təbii ki, bu tip missiyalarla dünyaya gələn uşaq sabah gözlənilən alınmayanda ən çox zərbə çəkən tərəf olur. Uşağın xətrinə hər şeyə dözəndə ona yaxşılıq etmiş olmuruq. Uşağın ehtiyacı olan şey sağlam valideynlərdir. Bu, həm də psixi, emosional sağlamlıqdır. Uşaq gözündə kədər gördüyü anayla, qəzəb gördüyü atayla xoşbəxt ola bilməz. Sabah bu, uşağın başında qaxınca da çevrilir və uşaq bu yükün altında əzilir. Xeyr, uşaqların sizdən belə bir istəyi olmayıb. Siz evliliyinizi qoruyursunuzsa, özünüz üçün edirsiniz, dağıdırsınızsa, yenə özünüz üçün etməlisiniz. Boşanmaq da bir mədəniyyət tələb edir. Boşananda ata-ana yox, ər-arvad boşanır. Bu zaman uşağı silaha çevirmək olmaz. Əks halda ən böyük güllə o uşağın ürəyinə dəyir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.16.