Dayı Mehdi
(hekayə)
Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü İsmayıl Kəviyənin oğlu Həsənquluya verəcək, Kəviyənin qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı.
Həyatda azmı olur
cürbəcür hadisələr? Amma başqa bir çıxış yolu da yox idi. Belə olsa,
xərci çıxmazdı,
baş-başa olardı.
Kəviyə tez-tez toydan
söz salır, Dayı Mehdini narahat edirdi. Lakin il
pis gəlmiş, Dayı Mehdinin əlində bir şey yox idi.
Bu yandan da
gözlənilmədən Bağdagül
qarayatalaq xəstəliyinə
tutulmuşdu. Dayı Mehdi
xəstə qızını
həkimə göstərmək
üçün illərdən
bəri sirdaşı
olduğu tüfəngindən
başqa evdə satılacaq bir şey görmürdü.
Oğrular, qurd-quş, qonşu
kəndin bəzi nanəcib adamları gözünün qabağına
gəlincə, fikrindən
vaz keçdi. Ömründə ilk dəfə olaraq
arvadının yanında
kasıblıqdan şikayət
etdi. Baqqal Məstəvinin namərdliyindən
danışdı.
- Ay kişi, Bağdagülün
xətrinə, bu qışı yağsız
da keçirərik. O
küpədəki kərə
yağı apar, bazarda sat.
Dayı Mehdinin üzərindən
elə bil ağır bir yük götürdülər. Minnətdarlıqla vaxtından əvvəl qocalmış arvadını
süzdü. Ertəsi gün
alaqaranlıqdan küpə
yağı bir xurcuna qoyub boz
eşşəyin tərkinə
atdı və bazara yola düşdü.
Sərin
meh Mehdinin üzünə vurduqca kefi açılırdı.
Bağdagülün toyunda Kəviyənin
oğlunun gəlib camaatın gözü qarşısında əlini
öpəcəyini düşündükcə
fərəhlənirdi. Tütün qutusunu çıxardı.
Bir papiros bükdü. Boz eşşəyi mahmızladı.
Yenidən xəyala daldı.
Barı yağı yaxşı pula sataydı...
"Bağdagülə baxmağa yaxşı bir həkim çağıracağam. Ölsə də, ba-yatlı doktor Şahbazı çağırmaram. Özgə
vaxt bizi adam yerinə
qoymur. Bizim yanımızda başa
düşmədiyimiz dildə
danışır. Görüm kasıblığın
üzü qara olsun. Kimdi kasıbı sayan.
Nə qədər özümüzü
oda-közə vursaq da, qurddan ac, yalandan çılpağıq.
Xəyal Dayı Mehdini ağuşuna alıb o qədər uzaqlara aparmışdı ki, o, hətta sabahın nə vaxt açıldığını
belə duymamışdı.
Ay Allah, mənə uğurlu bir gün qismət
et, deyərək əbədi yatan şəhidlərə bir
fatihə verdi və əlini saqqalına çəkdi.
Şəhərə girən yola çatmışdı. Bu vaxt iki köpək
ona hücum etdi. Yaxşı ki, əl ağacını özü
ilə götürmüşdü.
Özünü itlərdən zorla
qoruyurdu.
- Ay it, çəkil!
Köpəklər aralandılar.
Dayı Mehdi dönüb baxdı. Baqqal Məstəvi idi.
Köpək oğlu haradan
çıxdı?
Yaxşı deyiblər: "Obaşdan
qabağına çıxan
ya xırxız (oğru), ya da xeyirsiz olar".
Dur, baba, dur. Səninlə işimiz var.
Dayı Mehdi borcdan qaçan
deyildi. Əldə bir şey yoxdu. Utana-utana dedi: "Bu qədər gözləyibsən, Məstəvi.
Sənə minnətdaram. Rica edirəm, bir
az da gözlə".
- Kişi, boşboğazlıq etmə. Mənə nə olub ki, səhər-səhər yuxuma haram qatıb bazar yolunda duram. Altı aydır gözləyirəm. Elə etmə məhkəməyə verim.
Mehdini soyuq bir tər basdı. Məstəvinin namərdliyi hər şeyi alt-üst edə bilərdi. Kəviyə
qohumluqdan geri dura bilərdi. Onda Mehdi xalqın üzünə necə çıxardı? Mehdi həm
sıxılır, həm
də yalvarırdı.
- Balalarının başına
çevir, Məstəvi.
- Baba, zəkat ayı keçdi. Un üyütmək vaxtı
çatıb. De görüm,
bu il
nə qədər buğdan olub?
- Ağa, siz bilirsiniz
ki, bu il görünməmiş
quraqlıq keçdi.
Heç
nə olmadı.
Məstəvi ucadan güldü:
"Bəs bu qış hava ilə dolanacaqsınız?"
- deyib Dayı
Mehdinin üstünə
gəldi. Mehdi bir addım
geri çəkildi.
- Xurcundakı nədir?
Mehdi qorxdu ki, baqqal yağı
əlindən alsın. Xurcundan bərk
yapışdı. Bu, Məstəvini daha da hiddətləndirdi.
Əlini
atıb xurcunun o biri gözündən yapışdı. Elə zərblə
dartdı ki, xurcun Dayı Mehdinin əlindən çıxdı. Məstəvi özünü saxlaya bilməyib arxası üstə yıxıldı.
Xurcun əlindən
çıxdı. Dayı
Mehdi zərblə yerə dəyən xurcunda yağ
küpəsinin sındığını
eşitdi. Sanki qırılan küpə deyil, Dayı Mehdinin ürək telləri idi. Elə bil qeyb olan
küp deyil, Dayı Mehdinin istək və arzuları idi.
Mövlud Taha Qayaçı
525-ci qəzet.- 2022.- 20 avqust.- S.15.