Niderland ekzotikası barədə xoş təəssüratlar
Əvvəli
ötən çərşənbə sayımızda
Turist dəstəmizə respublikamızın
yaradıcı ziyalıları, elm xadimləri və əmək
adamları, partiya işçiləri daxil idi. Görkəmli
heykəltaraş, mərhum Tokay Məmmədov,
yazıçı Rüstəm İbrahimbəyov,
tanınmış cərrah, mərhum Böyükkişi
Ağayev - maraqlı söhbətlər edirdilər. Rüstəm müəllimlə yaxından
tanışlığımızın bünövrəsi
qoyuldu. Bir dəfə növbəti şəhərlərin
birinə səfər edərkən arxada oturmuş
yazıçı Puşkinin faciəli həyatı barədə
söhbət edirdi. Çünki
Puşkinin ölümünə bais olan, bu faciənin bilavasitə
iştirakçısı Dantesin məhz Hollandiyaya da müəyyən
aidiyyəti var idi.
Amsterdamda kanallar
Bəzi detalları qeyd etmədiyini görüb, mən
müdaxilə etdim və 1960-cı illərin sonunda
"Oqonyok" jurnalında İlya Zilberşteynin, söhbətdə
Rüstəm İbrahimbəyovun da istifadə etdiyi seriya məqalələrinə
əsaslandığından, bəzi əlavələri etməyi
lazım bildim.
Məqalələrdə geniş oxucu kütləsinə
məlum olmayan hadisələrə və faktlara toxunulurdu və
olduqca maraqlı, sensasiya xarakterli anlar qələmə
alınmışdı. Ona görə də
bəzi cəhətlərə aydınlıq gətirməyə
çalışdım və Rüstəm müəllim də
bu əlavələrə diqqətlə qulaq asırdı.
A.S.Puşkinin qatili olan Jorj Dantes şairin arvadı
Natalya Nikolayevna Qonçarova ilə həmyaşıd olmaqla,
1812-ci ildə anadan olmuşdu. Fransadakı 1830-cu il
inqilabından qorxub, vətənini tərk etmişdi. O,
1833-cü ildə Peterburqa gəlmiş, baron Dantesin köməkliyi
ilə yüksək dairələrdə dostluq əlaqələri
yaratmışdı. Natalya Nikolayevna bu vaxt
öz böyük bacılarının arasında gözəlliyinə
görə parlayırdı. Jorj Dantes ona
vurulmuşdu. Xarici
görünüşünə görə Dantes ona Puşkindən
daha uyğun gəlirdi. Dantes
doğuluşuna görə fransız hesab olunsa da, daha
çox alman idi, çünki anası da, ata nənəsi də
alman olmuşdu. Lakin onu fransız kimi
tanıyırdılar. Baron Hekkern d`Antes
fransız zabiti və siyasətçisi olmaqla, Rusiyada
çar sarayı yanında Hollandiyanın səlahiyyətli
nümayəndəsi idi. Jorj Dantes isə
artıq baronun protejesi idi, onların yaxınlığına
görə Jorjun atasının razılığı ilə
də Hekkern onu 1836-cı ildə oğulluğa
götürmüşdü. Bu vaxt Dantes
yeganə holland zadəganı sayılırdı. Baron Natalyanı dilə tuturdu ki, Jorjla intim
yaxınlıq etsin.
Puşkinin isə çətin xarakteri var idi, onun olduqca
gözəl arvadı Natalyaya gəldikdə, o, əyalət
qızı idi, çar I Nikolay da daxil olmaqla paytaxtın
kübarlarının çoxu ona vurulmuşdu. Puşkin
bilirdi ki, bu məftunlardan biri də Dantesdir, lakin ilk anlarda
onların arasında hələ düşmənçilik yox
idi. Natalya özündən 13 yaş
böyük olan, həm də bir qədər eybəcər
görünüşlü əri Puşkini sevmirdi. Dantes də bu gözəl qadına olan məftunluğunu
gizlətmirdi, düşmənləri isə bundan istifadə
edib, şairi ələ salmağa
çalışırdılar. Təhqir
qaydasında onu Oğraşlar (arvadlarının
aldatdıqları ərlər) Ordeninin Baş Magistrinin
müavini seçmişdilər. Bu isə
Natalyanın Danteslə əlaqəsinə birbaşa işarə
idi. Dantes bu sözlərə son qoymaq
üçün 10 yanvar 1937-ci ildə Natalyanın
böyük bacısı Yekaterinaya evləndi. Lakin bu da bacanaqlar arasındakı münasibətin
yoluna qoyulması üçün kifayət olmadı.
Natalya Dantesin yaxınlıq etmək barədə ona olan
təklifini rədd etsə də, Puşkinə və onun
dostlarına onların romantik münasibətləri barədə
çox sayda şantaj xarakterli məlumatlar gəlirdi. Oğraş
Ordenində böyük vəzifəyə seçilməsi isə
şairə göndərilən istehza dolu məktubda
bildirilirdi. Puşkin bu həcvlərin
müəllifliyində Dantesi ittiham edirdi, lakin onun həqiqi
müəllif olması sübut oluna bilməmişdi. Yəqin ki, şairin düşmənləri onu qəzəbləndirmək
üçün belə iyrənc vasitələrə əl
atırdılar. Belələrindən biri
Puşkin tərəfindən təhqir olunduğu qənaətinə
gələn kübar qız İdalya Qriqoryevna Poletika idi.
O, portuqaliyalı idi, diplomat Qriqori Stroqanovun qeyri-qanuni
qızı idi, o isə Puşkinin anasının əmisi
oğlu idi. Poletikanın əri Dantesin dostu idi.
Qadının şairə bəslədiyi nifrət
hissi öz başlanğıcını evində təşkil
etdiyi baldan götürmüşdü. Puşkin
adətən xanımların öz evlərində təşkil
etdikləri ballara dəvət olunur, orada balın təşkilatçısının
albomuna olduqca gözəl lirik şeirlər yazırdı.
Xanımlara aludəçiliyin bu izi
böyük ilhamdan xəbər verən füsunkar poeziya
nümunələrində öz əksini tapırdı.
İdaliya
da evində belə bir bal keçirəndə,
burada çoxlu zadəgan əsilli adamlar, qızın rəfiqələri
iştirak edirdi. Bal sahibəsi ənənəyə
müvafiq olaraq qonaq kimi gəlmiş Puşkindən albomuna
şeir yazmağı xahiş etdi və şair ekspromt
qaydasında xanıma həsəd aparılacaq təriflə
dolu şeir yazdı. İdaliya bundan çox məmnun
oldu və sevinclə albomu balda iştirak edən rəfiqələrinə
göstərdi. Axı o, gözləmədiyi
bir şərəfə nail olmuşdu. Bir
azdan sonra həmin qızların ucadan səslənən
gülüşləri, qəhqəhələri eşidildi.
İdaliya bunun səbəbini soruşduqda, ona
şeirin altındakı tarixə diqqət verməyi məsləhət
gördülər. Puşkin
yazdıqlarının saxta, böhtan olduğunu göstərmək
üçün dəqiq tarix əvəzinə "1
aprel" sözlərini yazmışdı, bu isə
açıq təhqir nümunəsi idi. İdaliya
çox qəzəbləndi və həmin andan onda şairə
qarşı sarsılmaz nifrət yarandı və buna görə
intiqam alacağına and içdi.
A.S.Puşkinin portreti
Qız Puşkindən qisas almaq üçün hər
şeyə əl atırdı, ən iyrənc
böhtanları yaymaqdan da çəkinmirdi, şairin
arvadı Natalyanın çar I Nikolayın və Dantesin məşuqəsi
olması barədə dolaşan şayiələrə əlavə
güc verməyə çalışırdı. Öz mənzilini
Natalya ilə Jorjun görüş yeri olmağa verirdi. Şantajlar, həcvlər də öz mənfur
işini görürdü. Dantes də
hirsini cilovlaya bilmirdi, 25 yanvar 1837-ci ildə qasid vasitəsilə
Puşkinə olduqca kobud və kəskin təhqirlə dolu məktub
göndərdi. Fransa səfirliyinin
attaşesi Dantesin şairi duelə
çağırmasını onun özünə
çatdırdı. Artıq duelin baş
tutması zəruri idi.
27 yanvarda Peterburq yaxınlığındakı Qara
çayın yanında duel getdi və Puşkin qarın nahiyəsindən
ölümcül yaralandı. Dantes isə sağ
qolundan yüngülcə yara almışdı. Dantes
öz karetasını yaralı Puşkini evə
çatdırmaq üçün verdi. Şair ölənə qədər şüurunu
itirməmişdi. Aqoniya vaxtı
özünü güllə ilə vurub öldürmək istədi.
Yaralanandan 46 saat sonra, 29 yanvar 1837-ci ildə
Puşkin öldü, Rusiyanın böyük poeziya günəşi
birdəfəlik söndü.
Hollandiyanın diplomatik elçisi baron Hekkernin
oğulluğu Jorj Dantes Puşkinin qatilinə çevrildi. Onu P.P.Lanskinin
başçılıq etdiyi zabitlər məhkəməsi
mühakimə etdi və Dantes bəraət aldı. Həmin Lanski isə sonralar Puşkinin dul
qadını Natalya Nikolayevna ilə evləndi.
Elə təsəvvür yaranmasın ki, bu, Puşkinin
ilk dueli idi. Yox, bu, belə deyildi. İlk duelə
o, hələ 17 yaşı olanda öz doğma dayısı
Pavel Hannibalı bir qız üstündə
çağırmışdı. Ümumilikdə
o, ən azı 29 duel əhvalatında olmuşdu, qəzəbinə
görə bəzilərini özü
çağırmış, digərləri isə şeirlərində
səslənən təhqirə görə onun
özünü duelə çağırmışdı.
Puşkinin digər
düşmənləri kimi, İdaliyanın da bədnam cəhdləri
nəticəsiz qalmadı və Danteslə duel böyük
şairin ölümünə səbəb oldu. Lakin İdaliyanın ona nifrəti hətta dörd
onillik sonra da soyumaq bilmirdi. Rusiyada ilk dəfə
olaraq 1882-ci ildə Odessada Puşkinə heykəl
qoyulmuşdu, qoca İdaliya heykəlin yanından keçəndə
nümayişkaranə qaydada ona tüpürmüşdü.
Puşkinin ölümünə görə tale Jorj
Dantesi də cəzalandırdı. Cəza variantı kimi
onu Rusiyadan qovdular və vətəninə qayıtdıqdan
sonra o, Fransanın şimali-şərqində
yaşayırdı. Arvadı Yekaterina
Qonçarova ona üç qız, bir oğlan
doğmuşdu. Lakin o, Rusiya barədə xatirələrə
və danışmağa "tabu" qoymuşdu. Lakin
böyük qızı Leoniya-Şarlotta yeniyetməlik
dövründə rus dilini öyrənmiş və
yaradıcılığına valeh olduğu Puşkini
özü üçün "ikonaya" çevirmişdi.
Qız atasından Puşkini nəyə görə
öldürdüyünü soruşmuş və onu qatil hesab
etmişdi, öz mövqeyinə görə hətta ata evini tərk
etmişdi. Buna cavab olaraq Dantes
qızını ruhi xəstələr hospitalına
saldırdı. Leoniya-Şarlotta burada 28 il
və ya 48 yaşında ölənə qədər
qalmışdı.
Puşkin həm də böyük intellektə malik idi,
F.M.Dostoyevskinin "kainat hissiyyatı"
adlandırdığı ingilis ədəbiyyatına
yaxşı bələd idi. Bayronu isə olduqca
çox sevirdi. Ümumiyyətlə, o,
ingilis poeziyasının güclü təsirinə məruz
qalmışdı. Lirik poeziyaya xidmət
etməklə yanaşı, o, "şeytan
ehtiraslarını" ifşa etməkdən də
qalmırdı. Təsadüfi deyildir ki,
onu Rusiya ədəbiyyatının günc daşı
adlandırırdılar. Bir şair kimi
Puşkin "öz sözləri ilə adamların ürəklərində
alov yandırırdı". Maksim Qorki Puşkinin Rusiya
tarixindəki rolunu qiymətləndirərək demişdi:
"O, başlanğıcların
başlanğıcıdır".
Bu söhbətə çoxları maraqla qulaq
asırdı.
Rüstəm müəllim də
razılığını bildirdi və onilliklər
keçdikdən sonra o, bu hadisəni professor Rafiq Əliyevə
danışıbmış.
Hollandiyadan qayıtdıqdan sonra o, məni Moskvadakı
Arxitektorlar Evindəki öz ssenarisi əsasında çəkilmiş
"İstintaq" filminin premyerasına dəvət etdi. Filmin
nümayişindən sonra məni bir qrup kinematoqrafiya mütəxəssisi
ilə birlikdə evindəki ziyafətə dəvət etdi.
Hələ o vaxtlarda R.İbrahimbəyovun
Moskvanın yaradıcı ziyalıları arasında
yaxşı nüfuz sahibi olduğunu müşahidə etdim.
Amsterdamda Dam meydanı
1980-ci illərin
başlanğıcında S.Vurğun adına
Rus Dram Teatrı onun "Kaliforniyada dəfn mərasimi"
pyesini tamaşaya qoymuşdu. Məni də
tamaşaya baxmağa dəvət etmişdi. Rəyimi soruşanda bildirdim ki, pyes
yaxşıdır, ölkədəki çox məsələlərə
münasibətdə çılpaq bir şəkildəki
allüziyalar vardır. Lakin mən ondan
şedevr əsərini gözləyirəm.
Sonralar Rüstəm müəllim Rusiya kinosunda bir
ssenarist kimi böyük şöhrət qazandı, dörd dəfə
SSRİ və Rusiya Federasiyasının Dövlət
mükafatına layiq görüldü. Onun ssenarisi əsasında
Nikita Mixalkovun çəkdiyi "Günəşdən
usanmışlar" filmi Oskar mükafatına layiq
görüldü.
Səfər barədə söhbəti davam etdirmək məqsədilə,
Amsterdamın keçmişinə qısaca ekskurs etmək istərdim. Bu şəhər
Amstel çayının üstündəki bənddə
salınan balıqçı qəsəbəsi kimi meydana gəlmişdi.
XIII əsrdə həmin yerdə indiki Dam
meydanı yerləşirdi. İndi meydanda
kraliçanın iqamətgahı vardır və II Dünya
müharibəsində həlak olanların xatirəsinə həsr
olunmuş abidə qoyulmuşdur. Şəhər,
əsasən, XVII əsrin əvvəllərində
tikilmiş dördmərtəbəli binalardan ibarətdir, bunu
binaların üstündə nəqş edilmiş rəqəmlər
göstərir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 20 avqust.- S.14.