Varxiyanlı Aşıq Cahangir Dalğının həyat və yaradıcılığına bir nəzər

 

Zaqatalanın Bəhmədli kəndi söz xiridarlarının diyarı kimi tanınıb. "Yurdum Varxiyandır, sən də gəl tanı" deyən Aşıq Cahangir Dalğın bunu şeirlərində boşuna vurğulamamışdır. Bu diyarda tarix boyu şeir, saz-söz adamları yaşayıb yaratmışlar. Saza-sözə böyük dəyər verilmişdir. Burada öz soy-kökünə, milli-mənəvi dəyərlərə ürəkdən bağlı olan neçə-neçə el sənətkarı böyüyüb boya-başa çatmışdır. Kənd el sənətkarlarımızın sələfi olan ustad Aşıq Məhəmmədin, eləcə də ustad Cahangir Dalğının, Aşıq Mədətin, Aşıq Səadədinin məskənidir.

Bəhmədli kəndi həm də Qarabağ müharibəsində 9 şəhid verən, Faiq Əmirov kimi Milli qəhrəman yetişdirən, Fəzail Əliyev, Ümüd Məmmədov və başqa mərd oğulların diyarıdır.

Haqqında söz açdığımız, bu kənddə böyüyüb boya-başa çatan ustad aşıq Cahangir Dalğının həyatı çox keşməkeşli olmuşdur. Uşaq yaşlarında Cahangir öz doğma yurdu, isti ocağı İlisudan, əzizlərindən ayrı düşmüşdür. El arasında Cahangir Dalğın kimi tanınan sənətkarın əsl adı Mütəllibov Qeyfəddin Əmrullah oğludur. 1929-cu ildə Qax rayonunun İlisu kəndində (əvvəllər həmin ərazi Beşbulaq xanlığı adlanmışdır) anadan olmuşdur.

...1937-ci ildə Azərbaycanın bir çox yerlərində tanınmış ziyalıları, sözünü deyə bilən qabaqcıl şəxsləri kütləvi şəkildə sürgünə göndərirdilər. Əmrullah kişinin bəy nəslindən olan iki qardaşı və özü də repressiyaya məruz qalır. Atası repressiya təhlükəsini duyduğu an böyük oğlu 8 yaşlı Qeyfəddini at belində Bəhmədliyə (əvvəlki adı Varxiyan olub) - ailəvi dostluq etdiyi dəyirmançı Təmir kişinin yanına gətirir. Ustadın özündən kiçik olan azyaşlı bacı və qardaşı isə Bakıdakı uşaq evinə verilir. Böyüyəndən sonra isə onların sorağına düşüb bütün Azərbaycanı qarış-qarış gəzsə də, bir xəbər ala bilmir. Bu nisgil, bu ağrı el sənətkarı Cahangirin yaradıcılığına böyük təsir göstərir. Kiçik yaşlarında ata-anasını, bacı-qardaşını itirən ustad sənətkar bütün ağırlıqları öz çiyinləri üzərində tək daşımalı olur. Vətən nisgili, vətən həsrəti, ailə itkisi onun ürəyinə dağ çəkir. El sənətkarı şeirlərinin birində deyir:

 

 

 

Qonağın deyiləm, övladınam mən,

Neçə il keçib gəlsəm də, Vətən.

Mən səni qəlbimdən silə bilmirəm,

Ömürlük qürbətdə qalsam da, Vətən!

 

 

 

Yuxarıda qeyd etdiyimiz kimi, Zaqatalanın Varxiyan kəndindən olan Təmir adlı kişi Qeyfəddini himayəsinə götürmüş, soyadını dəyişib Əhmədov, adını isə Cahangir qoymuşdur. Həmin vaxtdan el arasında Əhmədov Cahangir Əmrullah oğlu kimi tanınmışdır. Ustad bu barədə şeirlərinin birində yazır:

 

 

Adım Cahangirdir, sorsanız hərgah,

Anam Cavahirdir, atam Əmrullah.

Mənzilimdən sizi eyləyim agah,

Sel gəlib yurdumu axıtdı bir-bir.

 

 

Bir yandan selin gətirdiyi ağrı-acı, digər tərəfdən bütün ailəsini itirməyi, atasının və əmilərinin repressiya qurbanı olmağının acısı heç vaxt Dalğına rahatlıq vermir (Sel əslində yaşadığı rejimdən qorunmaq üçün simvol kimi istifadə edilmişdir. Hədəf dövrün ziyalılarının sürgün edilməsi idi). Təmir kişi dünyasını dəyişəndən sonra oğlu Süleyman Cahangiri öz himayəsinə götürmüşdür. Süleyman kişi dindar olduğundan ona ruhani təhsili vermişdir. Onun yanında ərəb-fars dillərini öyrənərək biliklərə yiyələnməsi el sənətkarının şeiriyyatını daha qüdrətli və qüvvətli etmişdir. 1954-cü ilə qədər Süleymanın himayəsində qalan Aşıq Cahangir elə həmin ili Günəş adlı bir qızla ailə qurmuşdur.

Cahangir Dalğının böyüklüyü bir də onda idi ki, o, həmişə el-obasına güvənmiş, gücünü, qüvvəsini elindən almışdır.

 

 

Dalğınam, ilhamı alıram eldən,

Dolanıram kənar fitnəli dildən.

Mən ölüncə səni silməzdim dildən,

Bu tərlan könlümə sar deməsəydin.

 

 

Və yaxud:

 

 

Qəvvas gəzər dayazları, dərini,

Arar, tapar mərcanların yerini.

İnanıram mən Dalğının qədrini

Zəmanə bilməsə, el biləcəkdir.

 

 

Cahangir Dalğının şeirlərinin toplanmasında Zaqatalanın Qandax kəndindən olan Qurban Şabanovun və Həşim İsmayılovun zəhməti danılmazdır. Onların birgə əməyinin məhsulu olan "Zaqatala aşıqları" kitabında aşığın 2 şeiri çap olunmuşdur. Aşıq şeirinin müxtəlif janrlarında qələmini sınayan ustadın şeirləri "Zaqatala", "Şəlalə" qəzetlərində dərc olunub. Onun həyat və yaradıcılıq irsi tərəfimizdən hazırlanan "Zaqatala aşıq mühiti" monoqrafiyasında, "Zaqatala folklor örnəkləri" kitabında, eləcə də bir sıra məqalələrdə işıqlandırılmış, radio verilişlərində səsləndirilmişdir.

Cahangir Dalğın poeziyası çoxşaxəli və genişdir. Yaradıcılığının başlıca istiqamətlərindən biri humanizmdir, bəşəri dəyərlərin təbliğidir. Ustadın fikrincə, eldən gələn sənətkar hər zaman doğruların yanında olmalı, ibsanların ağrı-acılarına təsəlli verməli, hünəri, cəsarəti ilə xalqın gözündə daima yüksəkdə durmalıdır:

 

Bir gün bu dünyadan köçüb getsəm də,

Adımı yaşadan ellər qalacaq.

Yazıb-yaratdığım şeirimi deyən

Neçə şirin-şirin dillər qalacaq.

 

 

Aşıq Cahangir Dalğın da məhz həmin zirvəni ləyaqətlə, hünərlə fəth etməyi bacarmışdır.

 

 

Gözün yolda olsun, qulağın səsdə,

Ay Dalğın, heç zaman olma qəfəsdə.

"Dünya" dediyimiz bu xalı üstə

Ağın öz yeri var, alın öz yeri.

 

Bədahətən şeir demək bacarığı aşığı el arasında daha da məşhurlaşdırmışdır. Ustad sənətkarı musiqidən, dastandan, havacatlardan kənarda təsəvvür etmək mümkün deyil. Xalq dastanlarımızı dərindən bilən, özünəməxsus ifası ilə məşhur olan Cahangir Dalğın saz çalmağı, bədahətən şeir deməyi Allahdan gələn müqəddəs bir vergi hesab etmişdir. Aşıq Ələsgəri əzbər bildiyi üçün onun təsiri ilə bədahətən şeirlər söyləmişdir:

 

 

Ulu göylər sinəsini gəribdir,

Ab-atəşi xaki badə veribdir,

Ağam mənə tifilikən veribdir,

Yüz on dörd kitabın ayəsi məndə.

 

 

Əgər Zaqatala aşıq mühiti Aşıq Məhəmməd, Aşıq Dibro, Aşıq Könlü, Aşıq Şəmsəddin və başqalarının yaradıcılığı ilə tanınmışsa, Aşıq Dalğın poeziyası ilə yüksək bir zirvəyə çatmışdır. Dalğın aşıq sənəti üçün önəmli olan musiqini, rəqsi və şeiri öz fəaliyyətində birləşdirən aparıcı bir el sənətkarı kimi yadda qalmışdır. Cahangir Dalğın aşıq şeirinin bütün şəkillərində - gəraylı, qoşma, təcnis, gözəlləmə, deyişmə və s. qələmini sınamış və el arasında həmişə uğur qazanmışdır.

Dalğın öz yaradıcılığında əsasən məhəbbət, din, ürfan, təbiət gözəlliklərinin tərənnümü, vətənpərvərlik və nəsihətnamə xarakterli mövzulara üstünlük vermişdir.

Öyüd-nəsihət xarakteri daşıyan ustadnamələr Cahangir Dalğının yaradı-cılığında özünəməxsus yer tutur. Aşıq Dalğın öz ustadnamələrində xalq kəlamla-rından, atalar sözlərindən bəhrələnmişdir. Onun ustadnamələrinin mövzuları çoxşaxəlidir. Aşığın "Danış" adlı ustadnaməsi öz şagirdlərinə verdiyi dəyərli nəsi-hətlərlə zəngindir:

 

 

Dünyada xalq olub, arifəm deyən,

Məclislərdə ağır otur, az danış.

Yüz suala bir kəlməylə cavab ver,

Yaxşı dinlə, aşkar dillən, düz danış.

 

Cahangir Dalğın 1981-ci ildə 52 yaşında vəfat etmişdir.

Onun beş qızı, iki oğlu var ki, onlardan Şövkət Əhmədova, nəvələri Sonbahar Mahmudova, Sahib Qazıyev bu gün aşıq ocağının layiqli davamçıları hesab olunurlar. Cahangir Dalğının qızı Gülbahar Həsənova isə yazar kimi el arasında tanınır.

 

Zümrüd MƏNSİMOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.