Bu il Azərbaycana nə qədər turist gəlib?
Ölkəmizə turistlər ən çox Rusiya, Türkiyə, Səudiyyə ərəbistani
və İrandan gəlib
Müsahibimiz Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin
Statistika və araşdırmalar sektorunun
müdiri Nicat Abbaslıdır.
- Nicat bəy, ölkəyə gələn
və xaricə səfər edən turistlərin ümumi sayı ilə bağlı statistika necədir?
- Bu ilin geridə qalan yeddi ayı
ərzində ölkəyə
gələn turistlərin
sayı 832 min nəfəri
keçib. Bu, ötən illə müqayisədə 128 faiz
artım deməkdir.
Proqnoza gəldikdə isə ilin sonuna qədər
1.5 milyon nəfərə
yaxın turistin gəlməsi proqnozlaşdırılır.
Getmə
sayı altı ay ərzində 680 mini keçib
və rəqəmlərdə
azalma daha çox müşahidə
olunur. Bu il üçün
1.2-1.3 milyon nəfərə
yaxın getmə sayı proqnozlaşdırılır.
Bu rəqəmlər cari vəziyyətə görə artıb-azala bilər.
- Deməli, gələnlər
gedənlərdən çox
olacaq.
- Bəli. Pandemiyadan əvvəlki dövrə
baxsaq görərik ki, gedənlər daha çox olub. Pandemiyadan sonrakı dövrdə
isə əksi müşahidə edilib.
- Gələnlərin statistikasına
baxdığımız zaman
daim dəyişməyən
bir nüans görürük - ilk sıralarda
qonşu ölkələrin
yer alması. Uzaq ölkələrin içərisində
artım sayı müşahidə olunan ölkələr varmı?
- Quru sərhədi olan ölkələrdən
gəlmə sayının
çox olması təkcə bizdə yox, digər ölkələrdə də
belədir. Adətən,
qonşu ölkələrə
səyahət zamanı
vizasız rejim tətbiq olunur, nəqliyyat xərcləri
az olur və
s. Amma bu ilin statistikasında quru sərhədi olmayan ölkələrə
baxsaq, son yeddi ayın nəticəsinə
görə, Səudiyyə
Ərəbistanından gələn
turistlərin sayında
ciddi artım var. Bu ölkə yeganə ölkədir ki, 2019-cu illə müqayisədə
də yanvar-may dövrü üzrə gələn turistlərin sayı daha çoxdur. Yeddi ayın nəticəsinə
görə, ilk sıralarda
Rusiya, Türkiyə, İrandır. Ümumi sıralamada
isə Səudiyyə
Ərəbistanı qonşu
ölkə olan Gürcüstanı da qabaqlayır.
- Ərəbləri Azərbaycana
gətirən səbəblər
nələrdir?
- Bunun əsas səbəbi mədəni
və ailəvi turların təşkilidir.
Biz turist loyallığını
ölçən bir araşdırma aparmışıq.
Bu araşdırmada ərəblərin əsas
gəlmə səbəbi
kimi təbiət amili, sadələşdirilmiş
viza və birbaşa uçuşların
olmasını qeyd etmək olar. Həmçinin, yay aylarında
Yaxın Şərq ölkələri çox
isti olduğundan onlar nisbətən sərin - bizimki kimi ölkələrə
üz tuturlar. Yaxın Şərq ölkələrindən
Azərbaycana daha çox dostlar və ailə üzvləri səyahət
edirlər.
- Turistlərin ölkəmizdə
üstünlük verdiyi
regionlar hansılardır?
- Bildiyimiz kimi, Bakı əsas şəhərdir və beynəlxalq uçuşların
əksəriyyəti buradan
olduğu üçün
avtomatik Bakı ön sırada yer alır. Digər şəhərlərə baxsaq,
görürük ki, ən çox ziyarət olunan regionumuz Qəbələ,
daha sonra Quba, Qusar və
Şəkidir. Əgər biz konkret olaraq Yaxın Şərq ölkələrindən gələn
turistlər üzrə
göstəricilərə baxsaq,
Qəbələ üstünlük
təşkil edir.
Şimal-şərqi Asiya ölkələrindən
gələn turistlər
isə daha çox Şəkiyə üz tuturlar.
- Adını çəkdiyiniz
regionlar şimal bölgəsinin payına düşür. Bəs cənub? Bəlkə cənubun
turizm təbliğatı
kifayət qədər
aparılmır?
- Əslində, təbliğat
kifayət qədər
gedir. Azərbaycan mədəni və
təbii zənginliyə
malik ölkədir.
Biz bu mövzunu
araşdıranda məlum
oldu ki, turistlər üçün
bu, bəs etməyə bilir. Məsələn, Qəbələdə böyük bir turistik atraksion olan Tufandağ var. Qusarda Şahdağ kompleksinə
xüsusilə qış
aylarında xeyli sayda həm yerli, həm də əcnəbi turistlər gəlir.
Biz burdan görə
bilirik ki, təkcə mədəni və təbii resurslar yox, insan tərəfindən düzəldilən modern atraksionların
olması da turistlərin diqqətini cəlb edir.
- Turist xərcləmələri
üzrə statistika necədir?
- Cari ilin yanvar-iyun
ayları ərzində
511 milyon manatdan çox xərcləmə
olub. Bir turist üçün
ortalama xərcləmə
1200 manat təşkil
edir. Bəzi ölkələrdən gələn
turistlər bu ortalamadan çox, bəziləri isə az xərcləyir.
Ən çox pul xərcləyənlər ABŞ və Kanadadan gələnlərdir. Bu, bir
qədər yanıldan
statistika ola
bilər, çünki
bu ölkələrdən
gələnlərin nəqliyyat
xərci çox olduğu üçün
xərcləməsi də
çox olur. Yaxın Şərq ölkələri
- Qətər, Bəhreyn,
Oman, BƏƏ, Səudiyyə Ərəbistanı çox
xərcləmə edən
ölkələrdir. Avropa
ölkələrindən gələn
turistlərin xərcləmə
statistikasında ən
çox İtaliya, Böyük Britaniya, Niderland kimi ölkələrə pay düşür.
Ən az
pul xərcləyənlər
isə Gürcüstan
və Türkmənistandır.
İran və Tacikistan kimi ölkələr də var ki, onlar
da ortalamadan az xərcləyirlər.
- Bəs bu pulu
harda xərcləyirlər?
Turistlərin fəaliyyət növlərinə
dair statistika varmı?
- Bizdə səfər məqsədləri üzrə
məlumatlar var. Cari ildə işgüzar məqsədlə gələnlər
daha çoxdur, ikinci yerdə istirahət məqsədilə
gələn turistlərdir.
Dini və alış-veriş
məqsədilə gələnlərin
sayı müqayisədə
azdır. Müalicə məqsədilə gələn
turistlər əsasən
Naftalana və Qalaltıya üstünlük
verirlər. Xüsusilə də rus turistlər
Qalaltıya üz tuturlar. Xanbulan pandemiya dövründə
xüsusilə məşhurlaşmağa
başladı. Ümumiyyətlə, pandemiya səbəbilə
sərhədlər bağlı
olduğu üçün
insanlar daxili turizmə yönəldilər.
- Turistik attraksiyonların məşhurluğunun statistikasını
apararkən hər hansı əlavə metodlardan istifadə edirsinizmi?
- Statistikanı sosial şəbəkələrdə açıq hesablardan paylaşılan şəkillərin
ünvanına uyğun
olaraq aparırıq. Məsələn, kimsə gedib
Tufandağda şəkil
çəkib açıq
hesabdan paylaşırsa,
biz o paylaşımdan statistik
araşdırmalarda istifadə
edirik.
- Bəs başqa ölkələrə turist
səfərlərinə getmə
sayında rəqəmlər
necə dəyişir?
- Getmə sayı bizdə aylıq yox, rüblük paylaşıldığı üçün
mən sizə məlumatı rüblük
verəcəyəm. Deməli, yay
aylarında olan statistikaya nəzər yetirsək, Türkiyə,
Rusiya ön sıralarda gəlir.
Bunlardan əlavə, Qazaxıstan və Özbəkistanın
da adını çəkə bilərik.
Bu iki ölkə
ilə bağlı
son dövrlərdə əməkdaşlıqlar
formalaşdığı üçün
ora gedənlərin sayı çoxalır.
Sonra
BƏƏ-yə kifayət
qədər gedənlər
var. Ümumi götürsək,
qeyd etdiyim kimi, pandemiyadan öncəki dövrlə
müqayisdə getmə
sayı gəlmə sayından daha azdır.
- Azərbaycana gələn turistlər individual, yoxsa turlarla səyahətə üstünlük verirlər?
- Tur paketlərlə gələnlərin sayı daha azdır. Əsas çoxluq ailə və dostlarla gələnlərdir. Yaxın Şərqdən daha çox ailə və dostlarla gəlirlər. Onların xərcləməsi də ailə ilə gəldiklərində görə daha çox olur. İndividual gələnlər isə daha çox Şimal-şərqi Asiyadan gələnlərdir və onların xərcləməsi nisbətən az olur. Çünki belə turistlərin əsas motivasiyası mədəni məsələlərdir. Həmçinin, nəqliyyat və gecələmə vasitəsi onlar üçün prioritet olmadığından bu istiqamətdə daha az pul xərcləyirlər.
Xərcləmə miqdarını yerləşmə vasitələrinə görə də müəyyənləşdirmək mümkündür. Ümumi baxdığımız zaman gələnlərin daha çox 4 ulduzlu otellərdə qaldıqlarını görürük. Ancaq biz təkcə Şimal-şərqi Asiya ölkələrindən gələn turistlərə baxsaq, onların daha çox evlərdə qalmağa meylli olduğunu görərik. Onlar üçün yerləşmə vasitəsi və nəqliyyata verilən pul prioritet deyil. Ərəblər və Amerikadan gələnlər isə daha çox dörd və beşulduzlu otellerə üstünlük verirlər.
Amerikadan gələnlərin əksəriyyəti yaşlı nəslin nümayəndəsi olduğuna və maddi imkanlarına görə komforta üstünlük verirlər.
- Ölkədə olan yerləşmə vasitələrinin dəqiq sayı bəllidirmi?
- 2021-ci ilin sonuna olan rəqəmlərə görə, mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 685-dir. Nömrə fonduna baxsaq, 25000-dən çoxdur. Çarpayı sayı isə 53000-dən çoxdur. Ötən illə müqayisədə mehmanxana sayında ciddi artım yoxdur.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 20 avqust.- S.9.