Uğursuz Lvov görüşü

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra belə məlumatlar yayılmağa başladı ki, Moskva Ankaradan Kiyevlə danışıqlarda vasitəçi olmasını xahiş edib. Avqustun 18-də Lvov şəhərində keçirilən görüşdən sonra mətbuata açıqlanan məlumatlardan məlum oldu ki, Türkiyə Prezidenti həqiqətən   Rusiya ilə Ukrayna arasında görüşün keçirilməsi üçün vasitəçilik edib. Lakin Ərdoğanın bu cəhdi uğursuz olub. Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, hər an genişmiqyaslı müharibənin olacağı təhlükəsi altında daimi yaşaya bilməyəcəyimizi bilə-bilə uzun illər danışıqlar aparmaq istəyirdik, lakin Rusiya bu yolu - Ukraynadakı bütün həyatı məhv etmək yolunu seçdi. Prezident Zelenski bununla bir neçə ay öncə danışıqlardan imtina edən Rusiyanın müharibənin başlamasının altı ayı tamam olmamış danışıqlar aparmaq məcburiyyəti qarşısında qaldığını qabartmağa çalışıb: "Torpağını müdafiə edən ölkə ilə onu tamamilə məhv etmək qərarında olan ölkə arasında vasitəçi olmaq ya axtarmaq... Onlar insan deyillər. İnsanlarla heyvan arasında hansı vasitəçilər ola bilər?"

Ukrayna Prezidentinin Rusiya rəhbərliyinin ünvanına səsləndirdiyi sərt ifadələr bunlarla yekunlaşmayıb. Prezident Zelenski Rusiyanın terrorçulardan daha pis olduğunu bəyan edib. Bu isə o deməkdir ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaq niyyətində deyil. Danışıqlar niyyətində olan dövlət başçısı mətbuata açıqlamasında qarşı tərəfin ünvanına belə sərt ifadələr işlətməyi özünə rəva görməz. Ukrayna Prezidentinin açıqlaması Lvov görüşünün tam uğursuz olduğunu təsdiq edir.  Türkiyə Ukrayna prezidentlərinin görüşü cəmi 20 dəqiqə, BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə keçirilən görüş isə cəmi 40 dəqiqə çəkib. Görüşün yarısının danışıqların tərcüməsinə sərf edildiyini nəzərə alanda danışıqların çox qısa çəkdiyi məlum olur. Belə qısa müddətli görüş üçün Türkiyə Prezidentinin BMT Baş katibinin Ukraynaya hansı zərurətdən səfər etməsi anlaşılan deyil. Ukraynada belə düşünürlər ki, bu görüş Ukrayna Prezidentinin danışıqlara kompromislərə hazırlığını qiymətləndirməyə xidmət edirdi. Ukrayna Prezidentinin açıqlamaları da bu qənaəti göstərir. Belə görünür ki, rəsmi Kiyev Rusiyanın danışıqlara müharibənin dayanmasına möhtac olduğunu anlayıb. Buna görə sərt mövqedən çıxış edir.

Rusiya həqiqətən danışıqlara müharibənin dayanmasına möhtacdır. Qərbin yüksək dəqiqlikli silahları, xüsusilə M142 HIMARS (High Mobility Artillery Rocket System) Yüksək Hərəkətli Artilleriya Raket Sistemi Rusiya ordusuna ağır zərbələr vurur. Bu silahlardan istifadə Ukrayna ordusunun Rusiyanın 20 minlik hərbi qüvvəsini Hersonda mühasirəyə almaq ehtimalı yaradıb.  HIMARS-ların vasitəsilə Dnepr çayının sağ sahilini sol sahili ilə birləşdirən körpülər istifadəyə yararsız hala salınıb. Digər tərəfdən, Qərb silahları ilə Ukrayna işğal altındakı ərazilərdə Rusiya ordusuna məxsus hərbi bazaları, silah-sursat yanacaq anbarlarını, komanda məntəqələrini məhv etməkdə davam edir.

Son günlər isə işğal olunmuş Krım ən əsası Rusiyanın Belqorod vilayətində hərbi bazalarda güclü partlayışlar baş verir. Belə bir vəziyyətin, həm müharibənin altıncı ayının sonunda yaranacağını bir neçə ay əvvəl təsəvvür etmək mümkün deyildi. Altı ay öncə dünyanın aparıcı siyasi mərkəzlərində Rusiyanın təcavüzü qarşısında Ukraynanın neçə gün dirəniş göstərə biləcəyi ilə bağlı ehtimallar irəli sürülürdü. Həmin ehtimalların çox böyük əksəriyyətində Rusiyanın 3-4 gün ərzində Ukrayna üzərində özünün nəzarətini bərpa edəcəyi qeyd edilirdi. İndi isə müharibənin altıncı ayının sonunda Rusiyanın Krım üzərindəki "dəmir" nəzarəti məhv edilib. Krımda ard-arda baş verən partlayışlar yarımadanın təhlükəsiz olmadığını aydın göstərir. Eyni zamanda müharibənin Rusiyanın içərilərinə keçməsi müşahidə olunur.

ABŞ-ın nüfuzlu “Politico nəşri yüksək vəzifəli ev rəsmisinəistinadən Co Bayden administrasiyasının Kiyevə işğal olunmuş Krıma Qərb silahları ilə zərbələr endirməyə icazə verdiyi haqqında məlumat yayıb. İddia olunur ki, Vaşinqton işğal olunmuş Krımla Rusiyanı birləşdirən körpünün məhv edilməsinə də müsbət yanaşır. Əgər bu məlumat doğrudursa, yaxın günlərdə Krım körpüsünə zərbələr endirilməsinin şahidi olacağıq. Ukrayna rəsmiləri Krım körpüsünə zərbə endirmək planlarının olduğunu dəfələrlə bəyan ediblər. Avqustun 17-də Ukrayna prezidentin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev Krım körpüsünü qanuni hərbi hədəf hesab edir. Çünki bu, Rusiya ordusu üçün əsas təchizat yoludur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin Lvova səfəri ərəfəsində Ukraynanın müdafiə və xarici işlər nazirləri amerikalı həmkarları ilə danışıqları aparıblar. Ukrayna xarici işlər naziri Dmitri Kulebanın ABŞ-ın dövlət katibi Entoni Blinkinlə danışıqları müdafiə nazirlərinin danışıqlarının davamı olub. Bu danışıqlardan  bir neçə dəqiqə öncə Ukraynanın müdafiə naziri Aleksey Reznikovun ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlarında Kiyevin ehtiyacı olduğu silahlarla bağlı məsələlər müzakirə olunub. ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkin ukraynalı həmkarlarını əmin ediblər ki, Kiyev ehtiyacı olduğu silahları alacaq. Bu isə o deməkdir ki, Kiyev atəşkəs və diplomatik danışqılar aparmaq deyil, işğalçını hərb meydanında məğlub etmək niyyətindədir.

Lvov görüşündən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə inandığını bildirib. Əlbəttə, müharibə sülh danışıqları ilə başa çatacaq. Ancaq burada önəmli olan danışıqların hansı şəraitdə keçirilməsidir. Kiyev danışıqların Ukraynanın işğal olunmuş əraziləri azad edildikdən sonra keçirilməsini planlaşdırır. Ona görə indiki mərhələdə atəşkəs və sülh danışıqları ilə bağlı bütün təşəbbüslər uğursuzluğa məhkumdur.

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.6.