Mirvarid Dilbazinin xatirəsi Qazaxda yad edilib
Xalq şairi
Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə
Qazaxdakı Ədəbiyyat
muzeyində təntənəli
yubiley mərasimi keçirilib. Azərbaycan Yazıçılar
Birliyi Qazax bölməsinin, Qazax rayon
İcra Hakimiyyətinin,
"Qazax Xeyriyyə"
İctimai Birliyinin və "Mirvarid Dilbazi Poeziya məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley mərasimində əvvəlcə 1997-ci ildə
Ulu öndər Heydər Əliyevin M.Dilbaziyə "İstiqlal"
ordeni təqdim etdiyi görüntüləri
özündə əks
etdirən videoçarx
nümayiş etdirilib.
Qazax rayon İcra
Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun
giriş nitqindən sonra söz tədbirin aparıcısı,
"M.Dilbazi Poeziya məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verilib. Yubileydə
AYB Qazax bölməsinin
sədri Barat Vüsal,
"Qazax Xeyriyyə"
İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, tanınmış
şair və sosioloq Əhməd Qəşəmoğlu, BDU-nun müəllimi,
tənqidçi-ədəbiyyatşünas
Məti Osmanoğlu,
"M.Dilbazi Poeziya məclisi" İctimai Birliyinin təşkilatçı
üzvü Vüsal Seyranoğlu, Borçalı
əsilli tanınmış
şairə Səadət
Buta çıxış
ediblər. B.Vüsal qeyd edib ki, M.Dilbazinin bir şeiri bütövlükdə onun
sənət kredosu hesab oluna bilər.
O, həmin şeirdən
bu misraları xatırlayıb:
Neynirəm buz ürəyi,
Od istər qız ürəyi.
Mənə bir ürək verin,
İsitsin yüz ürəyi!
Tədbirdə müğənnilərdən
Mehranə Vəliqızı, təbrizli qonaq
Arif Mehmandust Xalq şairinin sözlərinə
bəstələnmiş mahnılardan ifa
ediblər. Şairin anadan
olduğu Xanlıqlar kənd orta məktəbinin, eləcə də M.Dilbazi adına Böyük
Cəfərli kənd orta məktəbinin
şagirdləri şairin öz
şeirlərindən və ona həsr olunmuş şeirlərdən bəzilərini
səsləndiriblər. Sonra tədbir
aşıq Samir Allahverdiyevin
sazda ifası ilə yekunlaşıb.
525-ci qəzet.- 2022.- 23 avqust.- S.6.