İxtisas seçimi zamanı nələrə
diqqət yetirməli?
EKSPERT:
"ABİTURİYENTLƏR İXTİSAS SEÇİMİ
EDƏRKƏN YIĞDIQLARI BALI VƏ OXUMAQ
İSTƏDİKLƏRİ İXTİSASI ƏSAS
GÖTÜRMƏLİDİRLƏR"
Məlum
olduğu kimi, avqustun 17-dən etibarən I, II, III, IV və V
ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən abituriyentlər (həmçinin
subbakalavrlar) üçün ixtisas seçiminə
başlanılıb. Artıq 39110 ixtisas seçimi ərizəsi
təsdiq edilib. Proses avqustun 28-dək davam edəcək.
Mütəxəssislərin fikrincə, hər bir
abituriyent seçə biləcəyi universitetləri,
münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa,
iş dünyasının hansı universitetin məzunlarına
daha çox etibar etdiyini də araşdırmaq
lazımdır. Çünki bu, gələcəkdə
məzun olacaq tələbələrə bilik və təcrübə
ilə yanaşı, işəgötürən müəssisə
tərəfindən verilən müsbət qiymət kimi də
dəyərləndiriləcək.
Dövlət
İmtahan Mərkəzinin (DİM) Direktorlar
Şurasının sədri Məleykə Abbaszadə deyir ki,
son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə
biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin
özlərini ekspert kimi təqdim edərək abituriyentlərə
ödəniş müqabilində ixtisas seçimi həyata
keçirə biləcəklərini elan edən
reklamlarını görürük. Sanki mövsüm gələndə
hamı mütəxəssisə çevrilir: "Lakin təcrübəmizə
əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini
başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri
özlərini ekspert adlandırır və kimlərisə
öz yanına pul müqabilində xidmət göstərməyə
dəvət edirlər. Belə insanlara
etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin
vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil
almağa göndərək. Heç bir
nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul
edir. Sonda necə olur? Məgər
o diplomların hamısı bizim ölkədə
tanınırmı? Həmin universitetlərin məzunları
lazımi mütəxəssis ola bilirlərmi?
Bu sualları hamı özünə verməlidir".
M.Abbaszadənin sözlərinə əsasən, ixtisas
seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə
daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də
bütün yerləri yaza bilər. Əsas odur
ki, bu ardıcıllıq istəyin azalması istiqamətində
olsun. Şəxs ən çox istədiyi ixtisası
birinci yerdə yazmalıdır: "İstəmədiyiniz
ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa
qəbul olsanız, müsabiqədən sonra
balınızın daha çox istədiyiniz, amma daha
aşağı yerlərdə yazdığınız ixtisasa
çatdığını görəndə artıq gec
olacaq. Amma nəzərə alınmalıdır ki, müsabiqə
zamanı üstünlük yalnız imtahan nəticəsinə
verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası
sonuncu yerdə yazsa belə, o, həmin ixtisası birinci yerdə
yazan, lakin daha aşağı bal toplayan abituriyentdən
üstün olur. Ödənişli oxuya bilməyəcək
şəxslərə ixtisas seçimi zamanı ödənişli
yerləri seçmək məsləhət
görülmür. Həmin şəxs
ödənişli oxumaq istəyən şəxslərin
yerini tutur".
O qeyd edib
ki, III qrupda dövlət sifarişi üzrə plan yerlərinin
sayı əlavə 800 yer artırılıb. DT alt qrupunda 440
baldan yüksək nəticə göstərənlərin
dövlət sifarişli yerlərdə oxumaq şansları
var: "Yuxarı reytinqli ixtisaslarda ballar aşağı
düşə bilər. Orta və
aşağı reytinqli ixtisaslarda isə ötənilki kimi
olacaq".
M.Abbaszadənin söylədiyinə görə, IV qrupda
tibb ixtisasında yüksək keçid balının
olması gözlənilir. Kənd təsərrüfatı
ixtisaslarında isə bal az olacaq:
"Abituriyent ötənilki keçid balları və
müsabiqə vəziyyəti ilə müqayisə apararaq
ixtisas seçimi etməlidir. II ixtisas qrupunda düzgün
ixtisas seçimi aparılarsa, hamı qəbul ola
bilər. Bu il subbakalavrlara daha az yer qalacaq".
Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə
öz övladına ixtisas seçimində nələrisə
təlqin etməyə çalışır. Valideynlər
onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri
ixtisaslara yönəldirlər. Belə
halda isə övladlarının əvəzinə seçimi
valideynlər etmiş olur. Valideynlərin
fikirlərinə əsaslanarkən gənclər öz arzu,
istək və bacarıqlarını nəzərə
almırlar. Doğrudur, hər bir valideyn
övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də
hörmət etmək valideynin borcudur. Əfsuslar
olsun ki, bu gün əksər valideynlər öz
övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri
arzularını və ya prestijli peşəyə sahib
olmalarını məcbur edirlər. Belə
olan təqdirdə isə valideynlər unudurlar ki,
övladı istədikləri kimi idarə etmək
yaxşı nəticələr verməz. Əksinə,
onun istəklərini öyrənib, meyl etdiyi sahəyə
yönləndirmək daha məqsədəuyğundur.
Məleykə
Abbaszadənin sözlərinə əsasən, valideynlər və
abituriyentlər arasında bu mərhələ
üçün o qədər ciddi təlaş yaranıb ki,
hər kəs ən çox məsuliyyət tələb edən
bu mərhələdə səhv etməkdən
qorxur: "İxtisas seçimi ilə bağlı çox
suallar verilir, ayrı ayrılıqda cavablamaq fiziki olaraq
mümkün deyil. Başa düşüləndir,
Dövlət İmtahan Mərkəzi ixtisas seçiminə
start verir. Valideynlər və abituriyentlər
arasında bu mərhələ üçün o qədər
ciddi təlaş yaranıb ki, hər kəs bu məsuliyyət
tələb edən mərhələdə səhv etməkdən
qorxur. Əslində, burada narahat olacaq və
qorxacaq heç nə yoxdur. Valideynlər və
abituriyentlərə əsas çağırışım
odur ki, hər kəs ixtisas seçimi mərhələsində
öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri
cəlb edirlər. Sosial şəbəkələrdə
müəyyən qruplar formalaşdırılaraq kimlərəsə
ixtisas seçimi ilə bağlı yardım təklif edirlər.
Bu, çox yanlış üsuldur".
Təhsil
eksperti Elçin Əfəndinin dediyinə görə,
abituriyentlər ixtisas seçimi edərkən,
yığdıqları balı və
oxumaq istədikləri ixtisası əsas götürməlidirlər.
Hər bir abituriyent seçə biləcəyi universitetləri,
münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir:
"İxtisas seçimi müddəti analiz etmək
baxımından abituriyentlər üçün vacibdir. Son 3-4 ilin keçid ballarına diqqət etmək
lazımdır. İxtisas seçimində
ən çox istifadə edilən forma ötən illərin
tələbə qəbulu müsabiqəsində
ayrı-ayrı ixtisaslar üzrə formalaşmış
keçid ballarını nəzərə alaraq seçim etməkdir.
Həmçinin, mövcud plan yerləri nəzərə
alınmalıdır. Əmək
bazarında daha çox tələbat olan ixtisaslar üzrə
araşdırma aparılmalıdır".
Gənclərin əksəriyyəti ixtisas seçərkən
onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki,
ixtisasları sosial tələblərə cavab versin.
İş yeri seçimində digər amil olaraq əmək
haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq
lazımdır ki, ixtisasa görə yox, vəzifəyə
görə əmək haqqı ödənilir. Aydın
olur ki, yüksək maaş
üçün ixtisasın düzgün seçilməsi
heç də əsas amil deyil. Ödəniş
haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda,
onun işləmə həvəsindən və işinə
qarşı olan məsuliyyətindən də
asılıdır. Növbəti amil kimi
işin ağırlıq dərəcəsi
götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi
işin daha da asanlaşdırılması deməkdir. Bəzi hallarda isə aparıcı motiv təhsilin
mümkünlük dərəcəsidir. Belə
insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə
çalışırlar. Misal üçün,
yaşayış yerinə daha yaxın olan, münasib qəbul
balı və s. bu kimi faktorları əsas
götürərək gələcək ixtisaslarının
seçimini edirlər. Təhsilin keyfiyyəti
isə onun maddi dəyərindən deyil, onu tədris edən
müəllimin professionallığından
asılıdır.
Təhsil
eksperti Kamran Əsədov bildirib ki, ixtisas seçimi zamanı
düzgün, ağıllı qərar qəbul etmək,
öz istəyi ilə bərabər, mövcud müsabiqə
vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə
plan yerlərini, müsabiqədə iştirak edən
abituriyentlərin imtahan nəticələrinin bal
intervalları üzrə paylanmasını, öz fərdi
imtahan göstəricilərinin bu sıralamadakı yerinə
diqqət yetirmək vacibdir.
Ekspertin sözlərinə görə, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərən amillərdəndir: "Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə də maraqlanmalıdırlar. Bu, vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Qeyd edim ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir".
Ekspert vurğulayıb ki, ötən illərlə müqayisədə bu il ixtisas seçimləri arasında ciddi dəyişikliklər var və bu il ən yüksək müsabiqə şərtinin olması gözlənilir: "İxtisas qrupları üzrə təhlil aparanda görürük ki, bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qrup üzrə qrupların ixtisas seçimində müşahidə olunacaq. Belə ki, bu il bu qruplar üzrə 500-600-dən yuxarı bal toplayan abituriyentlərin sayı keçənilkindən fərqli olaraq kəskin şəkildə artıb. I qrup üzrə xüsusən 500-dən yuxarı bal toplayan abituriyentlər diqqətli olmasalar, onlar ödənişsiz ali məktəblərə qəbuldan məhrum ola bilərlər. IV ixtisas qrupu üzrə tibb ixtisasını seçən abituriyentlər əgər 500-dən aşağı bal toplayıblarsa, onlar tibb ixtisasını seçməsələr, daha yaxşı olar. İkinci qrup üzrə abituriyentlər yaxşı olar ki, öz balları ətrafında ixtisas seçimi etsinlər. Birinci qrupun abituriyentlərinə, xüsusən 400-450 bal toplayanlara tövsiyə edirəm ki, öz ballarından yuxarı balı olan ixtisasları yazmasınlar. III qrup abituriyentlər, xüsusən 400-450 bal toplayanlar rahatlıqla topladıqları baldan 50 bal yuxarı ixtisas yaza bilərlər. Bu il hətta Bakı Dövlət Universitetinin, digər universitetlərin hüquq ixtisaslarının 2021-ci illə müqayisədə 30 bala qədər düşməsi müşahidə edilir. IV qrupda gərgin vəziyyət tibb ixtisasındadır. Bu il tibb ixtisasına plan yerləri kəskin azalıb, 530-dan 480-ə düşüb".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 24 avqust.- S.7.