Dostlarının gündəmindən
düşməyən şəxsiyyət
İLQAR MUSAOĞLUNUN DOĞUM GÜNÜNƏ
Peyğəmbər yaşını
başa vuran jurnalist dostumuz İlqar Musaoğlu əslində, çoxdan ağsaqqal imici qazanıb. Hətta içi mən qarışıq, onun bir-iki bayram kiçik olduğu əksər dostları, tanışları elə
bilirlər ki, İlqar müəllim daha böyükdür. Ağır
yerişi, təmkinli baxışları, dilinin
ucunda bitmiş "qadan alım" ifadəsi ilə tanınan, ağayana davranışları, müşkülə
düşənlərə təkcə dəyərli
məsləhətlər verməklə
kifayətlənməyib, həm
də əlindən gələn qədər köməklik edən ağsaqqaldır İlqar
Musa oğlu.
Yuxarıda söylədiklərimə görə onu qoca kişi
saydığımı düşünməsin
deyə, əlavə edim ki, İlqarın
ruhu cavandır, həyata nikbin nəzərlərlə baxır,
daim yerinə düşən şən
zarafatlar edir, hərdən səsini ucaldıb mahnı da zümzümələyir,
şeir də deyir. Səməd Vurğundan üzübəri
çox şairlərdən
əzbərlər bilir.
Eldar Baxışın
"Sərçə balası",
Sabir Sarvanın
"Hara aparırsan bu
gözəlliyi", Ramiz
Qusarçaylının "Qurudub göndərmə bənövşələri", Əlizadə Nurinin "İlahi, nə gözəl ağlayır
bu qız" kimi gözəl şeirlərindən parçaları
misal çəkməklə
isə zövqünün
heç də qırışmadığını, ruhunun əvvəlki təravətdə qaldığını
göstərir. İlqar
müəllim hərdən
mənim də bəzi şeirlərimi bəyənir və sonra da deyir
ki, şeir yaza bilmək nə gözəl işdir, heyif ki, özüm yaza bilmirəm...
Yeri gəlmişkən, şəxsən
ona həsr etmiş olmasam da, mənim çoxdan, hələ İlqar Musaoğlu ilə yaxın dost olmamışdan əvvəl
yazdığım "Jurnalist"
şeirimi elə bilirəm ki, elə ona həsr
eləmişəm:
Məğrurdur qələmdəm çıxan
çörəklə,
Əyrini, düşkünü oraqtək
biçər.
Məsləki yolunda yanar ürəklə,
Özgə sevinci də, özgə qəmi də
Onun qələminin ucundan keçər,
Onun ürəyinin
içindən keçər.
Ən adi rəqəmi, sözü də bəlkə
Yüz dəfə
süzgəcdən keçirib
yazar.
Ən kiçik xəbərə,
böyük oçerkə
Gözünün yağını içirib
yazar.
Hər cümlə - qəlbinin bir döyüntüsü,
Hər nöqtə
- bir anlıq nəfəs dərimi.
Başda
neçə adı yan-yana düzüb,
Ayaqda saxlayar imza yerini.
İlləri səpələr dağa,
düzə o,
Kiçik bir sevinclə qatar başını.
Yaxını, uzağı gəzə-gəzə
o,
Yazar öz ömrünün reportajını.
Bu misraların arxasından
məhz İlqar Musaoğlunun obrazının
boylandığını yüzə-yüz
iddia etmək olar. İllərdən bəri
"Xalq qəzeti"nin bölgə müxbiri olan İlqar müəllimin sorağı təkcə xidmət coğrafiyasına
daxil olan Şəki-Zaqatala arealından
deyil, ölkənin bütün dilbər guşələrindən gəlir.
O, hərdən zarafatla
özünü "ölkə
müxbiri" adlandırır
(Vaxtilə unudulmaz Xalq şairimiz Məmməd Arazın Lənkəranda yaşayıb-yaradan
qələm dostu Şəkər Aslana
"Sən bölgə
şairi deyilsən, ölkə şairisən"
deməsinə işarədir).
Onun bölgə deyil, məhz ölkə müxbiri olmasını təsdiqləyən digər
amillər də var. Bunlar, Aydın Can demişkən, respublikada məşhur olan istənilən persona və
üzdə olan hər kəs haqqında müfəssəl
bilgiyə malikliyi, ölkənin bütün
rayonlarındakı ağsaqqalları
tanıması və onların ona rəğbətinin olması,
dövlət idarələrində
və seçkili orqanlarda təmsil olunanların yanında nüfuz qazanmasıdır.
...Bu yaxınlarda birgə çalışdığımız "Xalq qəzeti" redaksiyasının həndəvərində,
Nizami Kino Mərkəzi
ilə üzbəüzdə
çay içirdik. İlqar müəllim məndən
əslən həmyerlim
olan bir generalı soruşdu.
Tanımadığımı dedim. Başını buladı və
telefonu götürüb
Yardımlıda yaşayan
jurnalist Şəmsəddin
Şəbiyevə zəng
elədi. Həmin general haqqında bilgilərini dəqiqləşdirdi. Şəmsəddin müəllim də öz növbəsində
ondan işi düşdüyü bir məmuru tanıyıb-tanımadığını
soruşdu. İlqar
müəllim cavabında
dedi ki, tanıyıram, filankəsin
oğludur, əvvəllər
filan nazirlikdə işləyirdi, indi də dediyiniz yerdə çalışır.
Narahat olmayın, gedib mənim salamımı yetirsəniz, işiniz düzələcək. Elə inamla
danışdı ki, Şəmsəddin müəllim
də razı qaldı, söhbətə
şahidlik edən mən də, gənc həmkarımız
Fuad da onun
hər kəslə necə səmimi dostluq münasibətinin olduğuna heyrət elədik.
İlqar Musaoğlunun hansı doğum gününü götürsək, mütləq
bir-iki qəzetdə haqqında yazılanlara rast gələrik. Bir vaxtlar
ünlü qələm
dostumuz Məmməd Nazimoğlu ondan ilbəil yazıb. Sonra Əməkdar jurnalist İttifaq Mirzəbəyli
həmin ənənəni
layiqincə davam etdirib, özü də təkrarçılığa,
taftalogiyaya yol vermədən. Yenə də
yazır. Başqalarının, o cümlədən, mənim
də təbriknamələrim
olub. Hələ ondan bəhs
edilən onlayn media platformalarını, sosial
şəbəkə seqmentlərindəki
statusları, kontentləri,
akkauntları hesaba almıram. O gün bu barədə söhbətimiz zamanı dedim:
- İlqar Musaoğlu,
sən o adamlardansan ki, haqqında hər zaman nəsə təzə bir şey yazmaq
üçün yetərli
qədər fakt tapılar. Sən bir növ vəsfi tükənməyən
sevgili Vətən timsalısan.
Üç il öncə Azərbaycan media tarixində
maraqlı bir gün olub: üçü də bir qəzetdə çalışan jurnalistlər
- Tahir Aydınoğlu,
Namiq Əhmədov və İlqar Həsənovun 60 yaşları
yaxın günlərə
düşdüyü üçün
eyni bir tədbirdə - Azərbaycan
Mətbuat Şurasının
toplantısında bəh-bəhlə
qeyd edilib. Şuranın sədri Əflatun
Amaşov da, digər çıxışçılar
da ən xoş duyğularını
dilə gətiriblər.
Məsələn, Azərbaycan
Yazıçılar Birliyi
sədrinin müavini Rəşad Məcid deyib: "İlqar Həsənov yaxşı
nə varsa, özündə ehtiva edən bir xarakter
sahibidir. Duzlu-məzəli söhbətləri, məqamında dediyi sözləri, hədsiz bilgisi, məlumatlılığı
onu hər kəsdən fərqləndirir.
İlqarla həmsöhbət olmaq insanı fərqli ovqatlara salır. İlqar eyni zamanda, çox kövrək və həssas insandır. O, hər
bir dostunun kədərinə şərik
çıxan, dərdini,
sevincini paylaşmağı
bacaran etibarlı dostdur".
"Xalq qəzeti"nin
əməkdaşı İttifaq
Mirzəbəyli isə
deyib: "İlqar Həsənov müasir mətbuatımızın daim
üzdə olan, fəal nümayəndələrindən
biridir. Dövlət müstəqilliyimizdən əvvəlki
dönəmdə peşəkarlıq,
prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə,
müstəqillik dövründə
həmin keyfiyyətlərinə
milli təəssübkeşlik
və dövlətçilik
maraqlarının qorunmasına
xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə
müxbiri kimi fəaliyyət göstərdiyi
rayon və şəhərlərin
hamısının qeyri-rəsmi
"fəxri vətəndaşı"
statusunu qazanıb".
Sonda üstün yaradıcılıq
keyfiyyətləri olan,
jurnalistikamızın tanınmış
simalarından sayılan
yubilyarlara "Ali Media Mükafatı", Mətbuat
Şurasının diplomu
və Ahıl Jurnalistlər Məclisinin
hədiyyələri təqdim
edilib.
İki il öncə
milli mətbuatımızın
145 illiyi ilə əlaqədar Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı
ilə təltif olunanlar arasında o da var - İlqar
Həsənov "Tərəqqi"
medalına layiq görülüb. Hələ daha
böyük mükafatlar
alacaq. İnanırıq. Çünki layiqdir.
Ötən il Bakı Dövlət Universitində
görkəmli jurnalist,
tanınmış ictimai
və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110
illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar
arasında İlqar Həsənov xüsusilə
seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin
yaradıcısı və
baş redaktoru olduğu "Bakı"
qəzeti redaksiyasında
çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini
söyləməsi ilə
yadda qalıb.
Bax, belə
bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə
- avqustun 24-də dünyaya
gəlib. Düz 23011 gündür
ki, doğmalarını,
əzizlərini, dostlarını
öz varlığı
ilə sevindirir.
Arzu edirəm ki, bir bu
qədər də yaşasın və sevindirsin! 23011 gün
nədir ki? Vur-tut 63 il.
Bir dəfə
də demişdim, mən rəqəmlərlə
manipulyasiya etməkdə,
onların arasında əlaqələr tapmaqda bir qədər mahirəm. Deyəsən, yenə də
şakərim tutub.
Yuxarıda xatırlatdığım
kimi, rəhmətlik Məmməd Nazimoğlu İlqar Musaoğlundan hər il
yazardı. İndi estafet İttifaq
müəllimdədir. Mənimsə İlqarın
haqqında yazdığım
ilk yazı ilə ikincinin arasında 7 il, ikinci
yazımla bu yazım arasında 6 il ara olub.
Fasilə beləcə
bir il-bir il azalsa,
2037-ci ildən başlayaraq,
mütəmadi hər
il yazmaq şansım olacaq.
Nə qalıb
ki?
Ya qismət!
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist
525-ci qəzet.- 2022.- 24 avqust.- S.6.