Gəlin rəqs edək  

 

(Əvvəli ötən cümə sayımızda)

 

NİYAZİNİN "RƏNG"İ

 

Maestro Niyazini biz ilk növbədə böyük dirijor kimi tanıyırıq. Doğrudan da, o, fitri istedada malik, musiqiyə məkan xarakteri verməyə qüdrəti çatan dahi dirijor idi və çox təəssüf ki, onun dünya dirijorluq sənətinə gətirdiyi yeniliklərin əhəmiyyəti hələ lazımınca araşdırılmayıb.

Lakin Niyazinin bəstəkar yaradıcılığı da milli musiqi sənətimizdə mühüm yer tutur. O, "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Rast" simfonik muğamı, "Türk marşı", "Arzu" romansı, "Qaytağı" rəqsi, "Vals" və s. sənət incilərinin müəllifidir.

Maestronun yaradıcılığını və şəxsiyyətini özünə əbədi mövzu elan edən bir qələm adamı kimi, bu istiqamətdə daim araşdırmalar aparır, gələcək yazılar üçün yeni faktlar, materiallar toplayıram. Dünən təsadüfən maestronun "Rəng" adıyla bir sayta yerləşdirilmiş kiçik bir əsərini dinlədim və bir daha onun bir neçə səsin sadə düzümü ilə şedevr yaratmaq ustalığının şahidi oldum.

"Şur" muğamının ladında yazılmış həmin kiçik, sadə, fəqət insanın ruhunu oxşayan  gözəl əsərdir.

 

"BƏXTƏVƏRİ"NİN BƏXTƏVƏRLİK ARZUSU

 

Bu yaxınlarda Azərbaycan xalq rəqsləri ilə bağlı internetdə axtarış apardım və qarşılaşdığım mənzərə məni əməllicə təəccübləndirdi. Bizim yer, insan, gül-çiçək adları, ayrı-ayrı mərasimlərlə bağlı nə qədər rəqsimiz var imiş! Onların adlarını burada sadalasam, böyük bir siyahı alınar. Ona görə də bundan vaz keçirəm. Amma bir məsələnin üstündən sükutla adlamaq olmur - bu rəqslərin böyük əksəriyyətinin yalnız  quruca (və mənası bilinməyən) adı var - əgər onlar aşkar edilib üzə çıxarılmırlarsa, ifa olunmurlarsa, başqa cür düşünmək şansı yoxdur!

Bir şey ki, ortada yoxdur, o, necə var ola bilər axı?!

Görəsən, nə üçün belədir?!

Bəs bizim musiqi folklorunun tədqiqi ilə məşğul olan musiqişünaslar nə ilə məşğuldurlar?

Nə isə...

Gəlin bayram günü nikbin ovqata köklənək və həmin siyahıdan seçdiyim  "Bəxtəvəri" rəqsinin melodiyalarından danışaq. "Bəxtəvər" - xoşbəxt, bəxti, taleyi gətirən adam mənası verir. Deməli, bu rəqs bəxtəvərliyi, xoşbəxtliyi tərənnüm edir.

Hamıya xoşbəxtlik, bəxtəvərlik arzusu ilə...

 

NİSGİLLİ "DƏRBƏNDİ"

 

Üz tutaq Dəmirqapı Dərbəndə ki,  Azərbaycanın bu qədim şəhərinin adı ilə bağlı "Dərbəndi" rəqs melodiyasını yada salaq.

 

Mən bu rəqsi tarda yox, udda ifa etdim və bu ifa məni 2 həqiqətə inandırdı: 1) ud bəzilərinin düşündüyünə rəğmən, rəqs havalarının ifası üçün də uyarlı alətdir - yetər ki, şablon təsəvvürləri dağıdıb bu işə inamla girişəsən; 2) nə qədər çalışsam da, bu melodiyanı ifa edərkən qəribə bir sıxıntı basqısından qurtula bilmədim, anladım ki, insanın həsrətini, nisgilini, həyata keçməyən arzularının, itkilərinin ağrılarını ifadə edən rəqs havalarımız da var və buna ən parlaq nümunələrdən biri elə "Dərbəndi" rəqsinin melodiyalarıdır...

 

NƏFƏSLİK İSTƏYƏN  "ŞİRVAN" RƏQSİ

 

Qədim xalq rəqslərimizin daha amansız unutqanlığa məruz qalanlarından biri də "Şirvan" rəqsidir. Halbuki oynaq və dinamik temp, şux ritm, zəngin melodik quruluş bu melodiyanın halal uzunömürlüyünə etibarlı zəmanət verir.

Çox güman ki, Şirvan musiqiçilərindən kiminsə yaratdığı bu rəqs melodiyasına azacıq nəfəslik lazlımdır ki, dəniz kimi kükrəsin, insanın bütün neqativ yükünü bircə anın içindəcə süpürüb aparsın.

Gözəl, orijinal, bir az da şux yumorla cilalanmış xoreoqrafik süjetlər qurmaq olar bu rəqs havasına.

 

"TURACI"

 

Dostlar, ən gözəl qədim xalq rəqslərimizdən olan "Turacı" rəqsinə dair Vikipediyadan götürdüyüm məlumatları sizinlə paylaşıram:"Turacı" rəqsinə dair Naxçıvanda belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulunun çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir. Bu mənzərəyə heyran qalmış xan ucadan deyir: "Sən lap turac kimi oynayırsan". O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqsi "Turacı" adlandırırlar.

Bu melodiya ilə edilən rəqsin məzmunu belədir: Turac gizləndiyi yerdən çıxır, sağa-sola baxır ki, görsün ovçular var, ya yox. Özü üçün çəmənlikdə şellənə-şellənə gəzir və özünü xoşbəxt hiss etdiyi bir vaxtda ovçu gizləndiyi yerdən çıxıb onu vurur. Güllə qoluna dəyir. Turac yerə yıxılır, ölümlə çarpışır. Allaha, Günəşə yalvarır ki, onu sağaltsın. O, çox müsibət çəkir, ha qalxmaq istəyir, qalxa bilmir, neçə dəfə yerə dəyir. Nəhayət, qalxır, uçmaq istəyəndə yenə yıxılır. Axırda qalxa bilir, uçur Günəşə sarı və təbiətə qovuşur.

 

"NAZBARI"

 

Mən əlimdə olan bütün məlumat-soraq kitablarını, izahlı lüğətləri vərəqlədim, lakin bu qədim rəqsin adının hansı mənanı bildirdiyini izah edən bir fikrə rast gəlmədim. Ona görə də dilimizin leksik, semantik, qrammatik qanunlarından çıxış edib özümün belə bir versiyam üzərində dayandım ki, bu ifadə təxminən "nazına, qəmzənə hədd qoy" mənasını verir, başqa sözlə, "naz eləmə"nin başqa formada təkrarıdır.

Bu, mənim subyektiv fikrimdir və olsun ki, səhv versiyadır. Lakin razılaşarsınız ki,  bu səhvdə mənim günahım, sözügedən ifadənin mənasını izah etməyən (ancaq izah etməyə borclu olan!) mütəxəssislərin günahından xeyli azdır

 

HAQSIZLIĞA MƏRUZ QALMIŞ MELODİYA

 

Bu dünyada haqsızlığa məruz qalan yalnız insanlar deyilmiş; canlı, cansız hər şey -   üzərinə gün düşməyən yarpaq, həyətdə öz yerində əkmədiyin gül kolu, uzun illər şkafda asılı qalan  geyinmədiyin palto, hətta musiqi, melodiya da haqsızlığın qurbanı ola bilərmiş. İnanmırsınızsa, "Kolxoz" adlı rəqs melodiyasını dinləyin. Əgər inandıra bilsəniz ki, bu əcaib ad bu zərif, gözəl melodiyaya haqlı olaraq verilib - mən təslim!

 

"ŞAMPAN"A (YAXUD "ŞAMPANSKİ"YƏ) YENİ ADQOYDU MƏRASİMİ

 

Düşünürəm ki, sizli-mənli oturub bu qəribə adı daşıyan rəqsə yeni - daha münasib, bu melodiyalara uyğun bir ad tapmalıyıq. Yoxsa arağın, çaxırın, nə bilim, likörün də ayağı yer ala bilər.

Özünüz deyin, bizə, məsələn "Çaxır", yaxud "Tut arağı" rəqsləri lazımdırmı?

R.S. Qəribədir, "Şampan" sözü antitürk təbliğatına həmişə züy tutan Fransada əyalət adıdır biz bu cür gözəl, koloritli rəqs melodiyasını adlandırmağa söz tampayıb üz tutmuşuq Fransaya. Əliağa Ağagevin Molla Cəbisi demişkən, "bərəkallah!"

 

"DUY-DUY"

 

Ehtimal olunur ki, "Duy-duy" rəqsi bayramlarda, el şənliklərində ifa olunan mərasim rəqslərindəndir və faytonçunun hərəkətlərini imitasiya edən jestlərlə oynanılır. Ağır temp, astagəl ritm onun məzmunundakı şən, şux ahənglə "toqquşub"  melodiyaya müəyyən qədər məzəli rənglər də qatır. Dəqiq bilmirəm, amma intuisiyam mənə deyir ki, melodiyanın son variantı görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun işləməsidir - Əhməd müəllimin üslubuna xas elenmentlər onun bütün frazalarında hiss olunur.

 

"DEYİRLƏR Kİ, TOY OLACAQ"

 

"O olmasın, bu olsun" filmində bir neçə qədim xalq rəqsimizin melodiyalarını eşidirik. Onların bəziləri elə rəqs melodiyaları ("Mirzəyi", "Lalə", "Qıtqılda"), bəziləri isə personajların kupletlərini müşayiət edən musiqi kimi səslənir. Məsələn, Məşədi İbad öz məşhur "Dəyərəm min cavana" kupletlərini "Uzundərə", Rüstəm bəylə Məşədi İbad sövdələşmə duetini "Darçını" xalq rəqslərinin melodiyaları altında ifa edirlər. Filmdə səslənən "Toy olacaq" mahnısını müşayiət edən musiqinin eyniadlı qədim xalq rəqsinin melodiyaları olduğunu isə bu yaxınlarda tarzən-pedaqoq Vamiq Məmmədəliyevin öz virtual arxivində yerləşdirdiyi bir lent yazısından bildim. Unudulmaz tarzənimiz Hacı Məmmədov bu melodiyaları "qədim xalq rəqsi" başlığı altında ifa edir

 

"OTURMUŞDUM XİYABANDA"

 

Bu melodiyanı eşidəndə ilk yadınıza  düşən "Yaylığın" xalq mahnısı olacaq - bəli, həmin mahnının melodiyası ilə bu hava bir almanın iki üzü kimidir. Amma onlardan hansının bətnindən doğulub müstəqil ömür yaşamağa başladığını söyləmək o qədər də asan deyil. Üstəlik, bu melodiyanın adı təsdiq edir ki, o da nə vaxtsa mahnı ömrü yaşayıb...

Allah bu melodiyanı oğlu Elxan Mansurova ötürən ustad tarzən Bəhram Mansurova rəhmət eləsin, onu yaddan çıxmağa qoymayan Elxan Mansurova isə cansağlığı versin.

 

"ALMAGÜLÜ" VƏ BAŞQALARI

 

Unudulmaz Adil İskəndərovun "Qanun naminə" filmində "Heyvagülü" havasına rəqs elədiyi səhnəni yəqin ki, xatırlayırsınız. Bəlkə də Adil müəllimin həmin o koloritli, ağayana rəqsinin hesabına bu rəqs xalqımızın yaddaşında özünə əbədi yer elədi, musiqiçilərin repertuarının, toy, bayram şənliklətinin bəzəyinə çevrildi.

Təəssüf ki, bu sözləri gül adları ilə bağlı digər rəqs melodiyalarımız haqqında demək olmur. Məsələn, "Almagülü" rəqsinin melodiyaları ilə, düzü, mən bu günlərə qədər tanış deyildim. Hələ "Alçagülü"nü demirəm.

Axtarsaq, unudulmaq sindromundan əziyyət çəkən başqa "...gülü"ləri də aşkara çıxara bilərik.

P.S. Yeri gəlmişkən qeyd edim ki, adlarını çəkdiyim hər 3 rəqs melodiyası sanki balabanın ifa imkalarının xüsusiyyətləri, bu alətin səs diapozonu, tembri nəzərə alınmaqla ilk növbədə elə bu alətdə ifa olunmaq üçün və çox güman ki, nəfəs alətlərinin dilini bilən bir musiqiçi tətəfindən yaradılıb.

 

BU DA "ALÇAGÜLÜ"

 

Yadınızdadırsa, "Almagülü" rəqsinin melodiyalarını ifa etməmişdən öncə "Alçagülü" adında da rəqs havamızın olması barədə yazmışdım. O vaxt nədənsə mənə elə gəlmişdi ki, məşhur "Heyvagülü" və adları çəkilən bu iki rəqs havası eyni bir el sənətkarı tərəfindən yaradılıb. Çünki hər üç melodiyanın sadə, lakin ifadəli metro-ritmik və melodiya quruluşunda intuitiv şəkildə də olsa, bir yaxınlıq hiss olunurdu.

Sən demə, zənnim məni aldatmayıbmış - hər üç rəqs havası Kalvalı Əli Dədə adlı el sənətkarının yararatdığı incilərdir.

Bu şəxsin kimliyi, ömür yolu və yaradıcılığı barədə Vikipediyada kifayət qədər məlumat var - deyilənləri təkrarlamaq istəmirəm. Amma musiqi folkloru xəzinəmizi neçə-neçə gözəl el havası ilə zənginləşdirən bu sənətkarın ruhuna bir salavat çevirməyi hamınızdan xahiş edirəm.

 

   Allah rəhmət eləsin.

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 26 avqust.- S.8.