Mənim yaddaşımın Şuşası  

 

 

 Şuşa bir sehrdir, Şuşa bir cazibədir. Bu bənzərsiz gözəlliyin, bu rəngarəng təbiətin müəllifi isə Allahdır. O isə Şuşanı, məhz azərbaycanlıların taleyinə yazıb. Beləcə, hər birimizin ürəyində əzizləyib qoruduğu bir Şuşa var, hər kəsin bir Şuşa sevgisi var. Bu sevgini Allah özü salıb ürəyimizə. Mənim yaddaşımın öz Şuşası var...

Şuşada doğulmasam da, bu şəhəri ikinci evimiz saymışam həmişə, onu ruhumla duymuşam. Tələbəlik illərində yay tətillərini, demək olar ki, bu şəhərdə keçirərdim. Rəhmətlik Tovuz xalanın kirayənişini olardıq. Bu mehriban qadın ikimərtəbəli abad evinin ikinci mərtəbəsinin qapılarını bizim üçün açardı. Evi şəhərin mərkəzində olduğundan digər rayonlardan da kirayənişinləri olardı. Şuşanın dolamalarından tutmuş, Cıdır düzü, Topxana meşəsi, İsa bulağınadək keçdiyim hər yer indi gözümün önündədir. Yolboyu gözünü sevindirən axarlı-baxarlı mənzərələr, yaşıllıqlar adama gəl-gəl deyərdi. Yeddi dolama qalxardı Şuşaya. Sonuncu dolamada Xankəndi ayağının altında qalardı. Həm bumbuz hava vurardı üzünə, bu, Şuşanın havası idi...

Şuşanın İçərişəhərin daş döşəməli küçələrini xatırladan küçələrindən keçib Cıdır düzünə qalxardıq. Burada keçirilən musiqi bayramları bir ayrı aləm idi. O boyda Cıdır düzündə adam əlindən tərpənmək olmazdı. Yay aylarında bura gəlib-gedənlərin ayağı kəsilməzdi. Azərbaycanın məşhur musiqiçilərini, mədəniyyət incəsənət xadimlərini ilk dəfə burada görmüşdüm. Maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Üzeyirin adamın ruhunu titrədən musiqisini, "Koroğlu"nun uvertürasını Cıdır düzündə dinləmişdim. Dahi Niyazinin avtoqrafı da həmin gündən xoş xatirədir, sonralar ondan müsahibə alacaqdım...

Hələ konsertin şirin yerində göyün qəfil nərə çəkməsini, şıdırğı yağan yağışı demirəm. Qəribə bir o idi ki, bu yağış heç kimin ovqatını pozmamışdı, əksinə, hamı, sanki bu çağırılmamış qonağın gəlişinə sevinmişdi. Göydən nur səpələnmişdi yerin köksünə. Cıdır düzünün kəklikotulu, Xarıbülbüllü qoxusunu yaymışdı dörd bir yana. Amma bu "çoban aldatdı yağış" tez kəsmişdi. Günəş tezcənə gülümsəmişdi üzümüzə. "Fatma nənə göy qurşağını çəkmişdi göyün üzünə". O doyumsuz mənzərəni, doğma torpağın acgözlüklə ciyərlərimizə çəkdiyimiz o qoxusunu heç unutmadım...

...Şuşa ilə bağlı bir xatirəmi bölüşüm. Universitetin jurnalistika fakültəsinin tələbəsi kimi Ağdamda, "Lenin yolu" qəzetində təcrübə keçirdik. Günlərin birində tələbə yoldaşım Möhtərəm Rəcəbova ilə məni Şuşadakı pioner düşərgəsindən yazı hazırlamağa göndərdilər. Qəzetin baş redaktoru, Əməkdar jurnalist, vaxtilə orta məktəbdə mənə dərs demiş Bəbir Hüseynov maraqlı bir reportaj gözləyirdi bizdən. Həmin gün, bəlkə , bir aylıq təcrübəyə dəydi, çünki... Turşsuda Azərbaycanın görkəmli kristalloqraf alimi, böyük vətənpərvər, Qarabağın erməni əsirliyinə dözməyib bu dünyadan vaxtsız köçən Xudu Məmmədovla, istedadlı şair, "Yığışın, ay ellər, anamız ölüb" deyə Qarabağa ağı deyən, elə "Ana"sının həsrəti ilə dünyasını dəyişən Şahmar Əkbərzadə, Ağdamın sayılıb-seçilən ziyalılarından biri Zeynal Məmmədovla görüşdük. Onlar da pioner düşərgəsinə, şagirdlərlə görüşə gəlmişdilər. Məktəblilərin istirahəti ilə birgə tanış olduq. Gənc tələbələr üçün o böyük insanlarla müsahib olmaq, onların söz-söhbətini eşitmək çox maraqlı idi. Yadımdadır, Xudu müəllim çox az danışırdı. Amma dörd bir yana, hər ağaca, hər çiçəyə elə həssaslıqla, heyranlıqla, qürurla baxırdı ki... Sanki Qarabağın füsunkarlığını birdəfəlik gözlərinə hopdurmaq istəyirdi. Onu ilk dəfə görürdüm xarakterində diqqətimi ən çox çəkən sadəliyi idi. Həmin gün böyüklərdən daha çox məktəblilərlə ünsiyyətdə oldu. Xudu müəllimin bir fikrini xatırladıqca o ünsiyyətin səbəbini indi anlayıram: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər". O, həmin gün iki daşın arasında da fürsətdən istifadə edib uşaqlara Vətəni tanıtmaq istəyirmiş...

 

O günü qoyub, bu günə gəlim..

 

Uzun illərdən sonra yenidən Şuşadayam, azad Şuşada. Son dəfə Ağdamdan gəlmişdim bura. İndi Ali Baş Komandanın, Azərbaycan əsgərinin açdığı Zəfər yolu ilə gəlmişəm. Bu yolu açanlara sonsuz ehtiramımı ifadə edirəm, Şəhidlərimizin xatirəsi qarşısında baş əyirəm!..

Bu gün daha əzəmətlidir Şuşa. Muğama qucaq açıb Cıdır düzü. "Muğam Televiziya müsabiqəsi" qaliblərinin mükəmməl qala-konsertini iftixarla izlədik. Artıq neçə illərdir tamaşaçıların qəlbini fəth edən Muğam Televiziya müsabiqəsinin ideyası Birinci xanım Mehriban Əliyevaya məxsusdur. Etiraf edək, musiqimizin təməl daşı olan muğama yeni nəfəs verən, onu dünya səhnəsinə çıxaran, dünya musiqisinə çevirən də Mehriban xanımın danılmaz xidmətləridir. Birinci xanımın sözlərini yada salmaq istəyirəm: "Bizim vahid arzumuz "Qarabağ şikəstəsi"ni Qarabağ torpağında birlikdə eşitməkdir." Bax, o əminlik arzulanan bu sonluqla nəticələndi, xalqımızın milli sərvəti olan muğam artıq öz beşiyindədir, artıq "Qarabağ şikəstəsi" Xarıbülbülün Vətənində, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadadır. Bu gün Cıdır düzü dünyanın ən möhtəşəm səhnəsi idi. Amma muğam təkcə səslənmirdi burada, Şuşanın, Cıdır düzünün səmasında süzürdü. Göyə qalxırdı, Yaradanın dərgahına ucalırdı. Şuşanın fatehlərinə layla çalırdı, Şuşanın qəhrəmanlarını oxşayırdı. 30 illik həsrətin sonunda Cıdır düzündə Muğam oxumaq da, muğam dinləmək də bir başqa hüzndür, bir başqa kədərdir, bir başqa sevincdir, bir başqa qürurdur...

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən 8-ci "Muğam" Televiziya müsabiqəsinin finalına da Şuşanın ev sahibliyi etməsi Allahın lütfü, Azərbaycan əsgərinin qüdrətidir. Xatırlayırsınızsa, illərdir doğma hənirtiyə möhtac Şuşanın eşitdiyi ilk səs də, məhz qalib Azərbaycan əsgərlərinin ayaq səsi, oxuduğu "Qarabağ şikəstəsi", bir də "Qarabağ Azərbaycandır!" nidası olmuşdu. Bizi müharibədən qalib çıxaran, həm də milli dəyərlərimizə, bu dəyərlərə sadiqliyimiz oldu. Biz o dəyərlərə sahib çıxdıq ki, Qələbəni təmin edə bildik, muğamı da öz evinə qaytara bildik...

Mən Azərbaycan Televiziyasının əməkdaşı kimi əvvəlki illərdə Muğam televiziya müsabiqəsinin Ağdamda, Füzulidə keçirilən bölümlərinin ssenarisini yazmışdım. O vaxt hələ torpaqlarımız işğal altında idi. Onda yazmışdım ki, vaxt gələcək, muğam öz doğma ocağına qayıdacaq. Bu gün həmin gündür. Bu gün Şuşada səslənən ecazkar muğamı düşmən də yaxşı eşidir. Heç kim bu müqəddəs torpağı muğama həsrət qoya bilməzdi. Azərbaycan əsgəri bizim mənəvi dünyamızın şah əsəri olan muğamı da əbədi beşiyinə qaytardı və sübut etdi ki, bu torpaq da, muğam da Azərbaycan xalqına məxsusdur...

Bundan belə muğam əskik olmayacaq Şuşadan, Qarabağdan! Yalnız bir torpağa, bir şəhərə bu qədər yaraşar muğam! Çünki "muğam gözəlliyin və məhəbbətin rəmzidir", çünki muğam Vətənə, torpağa bağlılığın simvoludur, çünki muğam igidliyin, qəhrəmanlığın tərənnümüdür...

 

Firuzə NADİR

 

525-ci qəzet.- 2022.- 26 avqust.- S.7.