Əli Əmirlidən ustad dərsləri
"Ulduz" jurnalı
ilə "525-ci qəzet"in birgə layihəsi IX DƏRS
Əli Əmirlidən
ustad dərsləri
DRAMATURQ
VƏ TƏNQİD
Dramaturqu
hər yerindən duran tənqid edir, öyrədir, məsləhət
verir, az qala sıxışdırır,
hamı özünü teatrın, dramaturgiyanın bilicisi,
ustası hesab edir. Ömründə 5 pyes
oxumamış, 15 tamaşa görməmiş jurnalist də,
pyesə ssenari deyən filoloq da, bədii
yaradıcılıqla elmi yaradıcılığın fərqini
bilməyən tarixçi də həmçinin. Elə
təəssürat yaranır ki, teatrdan başı
çıxmayan adam elə bir zavallı dramaturqdur. Qoy
belə münasibət sizi rəncidə etməsin. Tənqidləri, iradları nə qədər
acı olsa da, səbir və hövsələ ilə dinləyin,
oxuyun, əgər mümkünsə, onlardan öz mənafeyiniz
üçün istifadə edin. Dərslərimizin birində
demişdim: hamı pyes yazmağı bacarır, dramaturqdan
başqa. Bu fikri bir az teatral ifadə etmək
üçün bir misal:
Rejissor.
K stati, Şekspir əsərlərinin əsl
müəllifi bilirsən kimdir?
Dramaturq.
Kimdir?
Rejissor.
Bizim Mariya Stüart!
Dramaturq.
Həri, Frensis Bekon, qraf Oksford, qraf Darbi, lord Strenc, hətta sizin Mariya Stüart da
dramaturqmuş, bir bədbəxt Şekspir yaza bilmirmiş.
Əlbəttə,
hər bir yaradıcı adam, sənətkar
yaratdığı əsərin parlaq, ideal olduğunu
başqalarından eşitmək istəyir. Bu
istək dramaturqlara da aiddir, icraçıları da ilk
növbədə tamaşaçılardır. Söz
yox ki,
teatrşünas da tamaşaçıdır, amma
etiraf edək ki, o, adi tamaşaçıdan seçilir,
çünki o, yüksək kvalifikasiyalı
tamaşaçıdır. Kim desə ki mənim
üçün yalnız bilet alıb tamaşaya gələn,
gördüyündən razı qalan, tamaşaya əl çalan
tamaşaçı fikri daha vacibdir, inanmayın. Hər
bir dramaturqu, rejissoru, aktyoru yüksək ixtisaslı
teatrşünas fikri az
maraqlandırmır. O başqa məsələdir ki, bizim
reallıqda tənqid çox vaxt təmənnalıdır. Vəzifəli, imkanlı, çox şeyə təsir
etmək gücü olan müəllifin əsəri
işıq üzü görən kimi tənqidçidən
tutmuş, jurnalistə kimi əli qələm tutan hər kəs
tərif növbəsinə dayanır. Bu
hal dramaturqu ruhdan salsa da, əlini işdən
soyutmamalıdır. Çünki hər
şeydə bir istisna da var.
Təcrübəsiz
dramaturqlar elə bilirlər ki, müəyyən
populyarlığa, şöhrətə çatandan sonra
işlər asanlaşacaq, onları daha heç kim tənqid etməyəcək. Bu, səhv
fikirdir, dramaturq nə qədər yaxşı işləyirsə, əsərləri
nə qədər geniş yayılırsa, əleyhdarları da bir o qədər
artır, xüsusilə həmkarları arasında. Bunu da təbii qarşılamaq lazımdır. Əsərlərində konfliktlər quran, intriqalar
hörən dramaturq həyat parodokslarına anlayışla
yanaşmalıdır.
Bu yerdə Cəfər Cabbarlını yada salmaq istərdim. Dramaturqun həyat
yoldaşı Sona xanım xatirələrində yazır ki, Cəfərin
bədxahları iddia edirdilər ki, guya Cəfər
Cabbarlı Azərbaycan Dövlət Dram Teatrını, indiki
dildə desək, monopoliyaya alıb və nə qədər
ki Cəfər teatrdadır, onlar ora pyes verməyəcəklər.
Həmin dövrdə böyük dramaturq
Yazıçılar İttifaqına ünvanladığı
məktubda yazır: "...əgər bu doğru isə, mən
dərhal teatrı tərk etməyə hazıram, təki
onlar yazsınlar. Mən başqa müəssisələrdə:
14 ildən bəri kimsənin heç bir şey
yazmadığı və mənim bu il iki libretto yazmalı
olduğum operada; heç vaxt işləmədiyim və buna
baxmayaraq, repertuarını mənim... pyeslərim təşkil
edən rus işçi teatrında; 14 ildən bəri kimsənin
heç nə etmədiyi, mən isə özümü borclu
saydığım Azərkinoda; habelə pyeslərimin əksəriyyəti
oynanan özbək, tacik, türkmən, tatar teatrlarında
işlərəm, nəhayət, tamam yazmaya bilərəm. Təki
o yoldaşlar yazsınlar..." Beləliklə,
tənqidlərə, gileylərə tab gətirməyən
böyük dramaturq teatrdan çıxıb Bakı kino
fabrikinə daimi işə keçir.
O vaxtdan az qala yüz il keçir, hər şey də
olduğu kimi qalır. Dramaturqlar yaxşı
bilirlər ki, insanın xarakteri, demək olar ki, dəyişmir,
dramaturq - dramaturq, dramaturq - tamaşaçı, dramaturq - tənqidçi
münasibəti də dəyişməz qalır. Bunları deməkdə mənzərəni qatı rənglərlə
təsvir edib bədbin əhval yaratmaq fikrində deyiləm,
sadəcə, təzə başlayan dramaturqlara reallıqla
hesablaşmağın necə gərəkli olduğunu anlatmaq
istəyirəm. Bir jurnalist-teatrşünas xanım var.
Teatrların rəhbər işçilərindən
müsahibə alırsa, suallarından biri mütləq mənim
dramaturgiyamla bağlıdır: "Niyə Əli
Əmirlinin əsərlərinə bu qədər yer
verirsiniz?" Əgər o xanım teatra getsəydi,
tamaşaçı münasibətini görsəydi, nə qədər
yersiz sual verdiyini özü də bilərdi. Əslində bilir də, sadəcə, sualı ilə
qıcıq yaratmaq istəyir.
Tənqidi heç kəs sevmir, mən də sevmirəm, bu da təbiidir. Dünyaya gətirdiyin övladın ora-burasının pislənməsindən kim xoşlanar? Bununla belə, tənqidə sayğı ilə yanaşmaq lazımdır, amma hörmətlə yanaşmaq bütün deyilənləri qeyd-şərtsiz qəbul etməyə əsas vermir. Tənqidə açıq olmaq və bütün deyilənlərlə razılaşmaq eyni şey deyil. Onu da bilirik ki, tənqid həmişə həqiqəti demir. Məsələn, dramaturgiya haqqında məlum nəzəri fikirlər söyləyən, amma konkret olaraq heç bir əsəri təhlil edə bilməyən ədəbiyyatşünas xanım L.Tolstoyun "Hacı Murad" əsərinin səhnələşdirilməsi haqqında tutarlı bir fikir bildirmədən istehza ilə deyir, Əli Əmirli Hacı Muradı teatral eləyib. Məlum olur ki, bu xanım "Hacı Murad"la tanış olmadığı halda, mənim səhnələşdirməm haqqında fikir deməyə təşəbbüs edir. Əgər o, dahi yazıçının bu gözəl əsərini oxumuş olsaydı, bilərdi ki, Hacı Muradı teatral eləyən mən deyiləm, Tolstoy özüdür. Tiflisdən Nuxaya qayıdan Hacı Muraddan soruşanda ki Tiflisdə ən çox xoşuna gələn nə oldu? Cavab verir, teatr.
Bir vacib məsələni də diqqətinizə yetirim, teatrdan rədd cavabı alanda bunu faciəyə çevirməyin, uğursuzluğu sakit qarşılamaq vərdişi yaradın özünüzdə. Bu vərdiş tez-tez gərəyiniz olacaq. Onu da bilin ki, bəzən bəyənilməyən, rədd edilən pyes bir müddətdən sonra kiminsə diqqətini cəlb edir, nəticədə yaxşı bir tamaşa çıxır səhnəyə. "İyirmi ildən sonra" adlı pyesimi Həsənağa Turabov çox bəyəndi və mənə elə bir tərif dedi ki, onu təkrar etməyi münasib bilmirəm, amma teatr təmirdə olduğundan əsərin tamaşaya qoyulması baş tutmadı. Gənc Tamaşaçılar Teatrı əsəri pəh-pəhlə qəbul etdi, rejissor ayrıldı, aktyorlar seçildi və qəfil elə bir teatral intriqa baş verdi ki, məşq prosesini dayandırmalı olduq, hətta mən bir müddət az vaxt içində üç əsərimi uğurla tamaşaya qoymuş bu teatrla əlaqəni kəsdim. Daha bir kollektivdə əsərin məşqlərini isə mən özüm yarımçıq saxladım. Nəhayət, pyesi artıq bir neçə əsərimi uğurla tamaşaya qoymuş Dövlət Gənclər Teatrına - Hüseynağa Atakişiyevə verdim. İki gündən sonra rejissor çox müəmmalı şəkildə "Biz bu əsəri tamaşaya qoya bilmərik" - dedi. Səbəb məni maraqlandırdı. Məlum oldu ki, teatr aləmində bu pyes haqqında səbəbi çoxuna məlum olmayan mənfi fikir formalaşıb. Mən hər şeyi bütün səmimiyyəti ilə, olduğu kimi danışdım. Hüseynağa razı təbəssümlə gülümsədi və dərhal tamaşanın konkret premyera tarixini dedi və sözünün üstündə də durdu. 42 gündən sonra rejissorun dediyi tarixdə premyera baş tutdu. Bu, mənim teatr bioqrafiyamda ən parlaq tamaşalardan biri oldu. Sonralar teatrlarımızın əksəriyyəti, o cümlədən, Sumqayıt və Gəncə teatrı da "İyirmi ildən sonra"ya müraciət etdi. Amma bu o demək deyil ki, teatrların rədd etdiyi pyeslərin hər birini xoşbəxt tale gözləyir.
Etiraf edək ki, teatrda çalışan
mütəxəssislərin çoxu yaxşı pyesi zəif
və ya pis pyesdən ayırmağı bacarır. Onlar son nəticəni, yəni
tamaşanın taleyini pyesi oxuyanda görür, hiss edirlər.
Bilirlər ki, bu pyesdən hazırlanan tamaşa
ona çəkilən zəhmətin, xərcin əvəzini
verə biləcək, ya yox. Teatrların
tamaşaya qoymaq istəmədiyi pyesi dramaturq özü bir
daha oxumalı, redaktor gözü ilə saf-çürük
etməlidir. Bəlkə, həmin pyesdən
imtina etmək daha yaxşı olar. Hər
bir təcrübəli dramaturqun elə əsəri, bəlkə
də, əsərləri var ki (hətta tamaşaya
qoyulmuşları da), indi onların səhnə üzü
görməsini istəməzdi. Mənim də
elə əsərlərim var, amma onların adlarını
çəkməyəcəm. Dramaturq
köhnədə yazdığı uğursuz əsərlərindən
sakitliklə, heyifsilənmədən ayrılmağı
bacarmalı və gələcəyə baxmalıdır.
Gözləmək lazım deyil ki, bunu sənin əvəzinə
rəhmsiz tənqidçi eləsin və ya
tamaşaçı finalı gözləmədən zalı
tərk etsin.
Fikir verdinizsə, mən tənqid deyəndə təkcə peşəsi tənqid olan teatrşünaslardan və ya ədəbiyyatşünas tənqidçilərdən danışmadım. Çünki dramaturqun yazdığı pyesin müzakirəsinə, söhbətin əvvəlində dediyim kimi, tək peşəkar tənqidçilər deyil, xeyli adam qoşulur. Elə ki pyes teatrın malına çevrilir, əvvəlki söhbətlərimdə dediyim kimi, dramaturqla pyes arasına xeyli özgə adamlar girir. Onlar pyesi "yaxşılaşdırmağa", "təkmilləşdirməyə", "gücləndirməyə", "cilalamağa" başlayırlar. Əgər rejissorun bir balaca yazmaq qabiliyyəti də varsa, hesab elə ki, pyesin evi yıxıldı. Onu da nəzərə alın ki, dramaturqu çox vaxt məşqə yaxın buraxmırlar. Nəticədə əsərin ideyası, niyyəti, hətta dramaturji strukturu da deformasiyaya uğraya bilər. Dilxor olmağa tələsməyək, bəzən nəticə gözlədiyimizdən çox-çox yaxşı olur.
Bakının üç əsas teatrında iyirmidən yuxarı əsərim tamaşaya qoyulub. Təriflər az olmayıb, ciddi tənqid isə iki-üç, vəssalam! Bir qayda olaraq, tamaşalarım və ya pyeslərim haqqında yazılan resenziyalara ciddi reaksiya vermirəm, xüsusilə peşəkar olmayanların yazdıqlarına. Elə yazıları tərif də olsa, axıracan oxumuram, qeyri-peşəkar tənqidə də münasibətim adekvatdır. Dramaturqun ən qəddar tənqidçisi özü olmalı, yazdıqlarına maksimum obyektiv yanaşmalı və düzgün qiymətləndirməlidir. Özünə vurğunluq yaradıcılığın bitməsi anlamına gəlir. Axı biz A.Çexovu, O.Uayldı, T.Uilyamsı oxumuşuq. Bizim çata bilməyəcəyimiz zirvələrin olduğunu bilirik.
Burada söhbəti bitirir və yekun olaraq yuxarıda dediyim sözü bir də təkrar edirəm, tənqidi heç kim sevmir, mən də sevmirəm, amma bu qətiyyən o demək deyil ki, tənqidi eyninə almayasan. Bəzən yüksək professional tənqid hətta öz əsərini, onun əsasında qoyulmuş tamaşanı daha yaxşı anlamaqda dramaturqa yardımçı olur.