Niderland ekzotikası barədə xoş təəssüratlar
Əvvəli
ötən şənbə sayımızda
Evlərin bir
xüsusiyyəti yuxarı mərtəbələrə
çıxan pilləkənlərin çox dik
olmasıdır, bu yaşayış sahəsinin genişlənməsinə
şərait yaradır. Bizim Hökumət
Evi isə saray əzəməti ilə tikildiyindən, pilləkənlər
binanın interyerinin xeyli hissəsini tutur. Konsert
salonu yerləşən binada və "Niderland - SSRİ"
dostluq cəmiyyətində olarkən pilləkənlərin
çox dikliyinin şahidi olduq.
Binalar bişmiş kərpicdən tikilmişdir və
möhkəmliyini indiyədək saxlayır. Küçələrə
də daş əvəzinə bişmiş kərpic
döşənmişdir və onların da yaşı
binalarla eynidir. Avtomobillər də, insanlar
da bu döşəmə ilə hərəkət edir və
onların təmirə ehtiyacı da hiss olunmur. Hollandlar kərpici bir dəfə deyil, iki dəfə
bişirirlər və bu texnologiya həmin tikinti
materialını əsrlərlə ömür sürmək keyfiyyətinə
yiyələndirir.
Amsterdamın tarixi Hollandiyanın ümumi tarixinin bir hissəsi
olduğundan, onun haqqında daha geniş danışmaq
ehtiyacı yaranır.
XVII əsrdə Birləşmiş Əyalətlərin
Avropanın böyük güc mənbələrindən biri
kimi meydana çıxması Hollandiya Respublikasının
qızıl dövrü hesab olunur. Birləşmiş
Əyalətlər Fransa və İngiltərə kimi Atlantik
okeanı dövləti idi, bu vaxt Aralıq dənizi hövzəsindən
siyasi və iqtisadi güc Atlantik okeanı sahili ölkələrinə
keçmişdi. XVI əsr qiyamının
nəticəsi kimi yeddi şimal əyaləti 1581-ci ildə
özlərini Niderland Birləşmiş Əyalətləri
adlandırmağa başladılar. Bu,
müasir Hollandiya dövlətinin özəyi idi. Yeni dövlət yalnız xeyli sonra, 1648-ci ildəki
Vestfaliya sülhü ilə rəsmi qaydada tanındı.
Amsterdamda
velosiped sürənlər
XVII əsrdə
Hollandiya gur inkişafa nail oldu, Avropa ticarətində onun rolu
bir yük daşıyıcısı kimi xeyli
böyüdü. Lakin Fransa ilə İngiltərə
arasında müharibə Hollandiya maliyyəsi və onun
müharibə üçün canlı qüvvə mənbəyi
olması üzərinə ağır yük qoydu. İngilis gəmiləri hollandların kommersiya sahəsindəki
alimliyinə meydan oxumağa başladı və 1715-ci ildə
Hollandiya ciddi iqtisadi tənəzzülə məruz qaldı.
Hollandlar XVII əsrdə təkcə öz vətənlərinin
inkişaf etdirməklə kifayətlənməyib, Yeni
Dünyada da şəhərlər salırdılar. 1612-ci ildə burada meydana gələn Yeni Niderland
koloniyasının qubernatoru Hadson çayının okeana
tökülən yerindəki Manhetten adasını 1626-cı
ildə hindulardan 60 quldenə satın aldı və orada Yeni
Amsterdam şəhərinin əsasını qoydu. Sonralar ingilislər şəhəri tutanda onun
adını dəyişdirib Nyu-York etdilər.
Hollandlar Yeni Dünyanın bu hissəsində əvvəldən
məskunlaşmışdılar. Materikdəki yerdən
hollandların, ona nisbətən daha yaxşı qorunan bu adaya
köçməsini, hinduların onlara qarşı tez-tez
baş verən hücumları məcbur etmişdi. Hollandlar ingilislərdən fərqlənirdilər,
ingilislər məbəd ətrafındakı kompakt kəndlərdə
məskunlaşırdılar, hollandlar isə bir-birindən
aralı olan xutorlarda yaşayırdılar, bu isə hindulardan
mühafizə olunmağı çətinləşdirirdi.
Həm də Niderland koloniyaları mürəkkəb
milli tərkibə malik olurdu. Hollandların
özlərindən başqa orada almanlar, skandinaviyalılar, yəhudilər,
ingilis puritanları olurdu. Massaçusetsdə
özlərinin Boston şəhərinin əsasını
qoymuşdular. Yeni Niderland koloniyasındakı torpaq,
buraya köçüb gələnlərə özəl
mülkiyyət əsasında mənsub deyildi, onu beş il əvvəl yaradılmış
Vest-İndiya şirkətindən icarəyə
götürmüşdülər. Ona görə
də kolonistlər bu torpağı özlərininki kimi
qorumurdular.
XVII əsr başlayandan Amsterdam irəli çıxaraq,
Avropanın maliyyə və kommersiya paytaxtı kimi indiki
Belçikada yerləşən Antverpeni əvəz etdi. Şəhər sakinlərinin
sayı 1570-ci ildəki 30 min nəfərdən, ölkənin
başqa ərazilərindən gələn qaçqın
axını hesabına 40 il ərzində
iki dəfə artdı. Burada üç iri kanalın tikilməsi
ilə şəhərin ərazisi az qala
dörd dəfə böyüdü. Dar məsafədə
bir-birindən aralı olan evlər tikildi. Tacirlər
və sənətkarlar yuxarı mərtəbələrdən
öz mallarını saxlamaq üçün anbar kimi istifadə
edirdilər. Artıq 1660-cı ildə
şəhərin əhalisinin sayı 200 min nəfərə
çatdı.
Amsterdamın belə genişlənməsi Avropanın
kommersiya və maliyyə mərkəzi kimi onun rolunun bilavasitə
böyüməsinə də borclu idi. Həm də Amsterdam tacirləri
böyük gəmi donanmasına malik idilər, onların
çoxundan Şimal dənizində mənfəətli bir
iş olan siyənək balığını ovlamaq
üçün istifadə olunurdu. Buradakı gəmilər,
həmçinin, digər ölkələrin məhsulları
üçün mühüm daşıyıcı nəqliyyat
idi. Hollandlar flut adlanan iri tonnajlı və
dayaz sahilə yaxınlaşa bilən gəmilər icad
etmişdilər. Onlar nəhəng miqdarda
taxılı, ağac materialını və dəmiri
daşımağa qadir idilər.
Amsterdam tacirləri öz yüklərini Dam meydanında
boşaldırdılar, burada çəkisi 50 girvənkədən
çox olan bütün mallar barədə məlumat verilir və
onların keyfiyyəti yoxlanılırdı. Buraya gətirilən
malların miqdarı şəhəri tezliklə Avropanın əsas
məhsullarının çoxu üçün yol
ayrıcına çevirdi. Şəhər
sənayesi isə idxal olunmuş xammalı emal edib, hazır məhsula
çevirməklə, Amsterdam həm də yun parça,
rafinad şəkər və tütün məhsullarının,
şüşə, pivə, kağız, kitablar,
daş-qaşlar və dəri mallar üzrə mühüm
istehsalçıya çevrilmişdi.
Amsterdamın çiçəklənməsinin digər
amili, onun maliyyə mərkəzi olması idi. Ticarət gəlirləri
investisiya üçün kapitalı iri miqdarda
artırmağa imkan verirdi. Amsterdam Birja
Bankının yaradılması da şəhərin maliyyə
sahəsindəki rolunu xeyli gücləndirmişdi.
Amsterdam cəmiyyətinin zirvəsində çox
inkişaf etmiş manufaktura sahiblərinin və tacirlərin
seçmə sayı dururdu. Var-dövləti
onları şəhər hökumətinə və Hollandiya
Respublikasının Baş Ştatlarına (parlamentinə) nəzarəti
həyata keçirməyə qadir edirdi. Onlar
sadə mebelləri olan və təmiz saxlanılan evlərdə
yaşayırdılar. Çox tez-tez
işlədilən kəlmə "təmizlik allahlıqdan
sonra gəlir" idi. Bu ifadə holland
burgerlərinə, həqiqətən, uyğun gəlirdi.
Əcnəbilər çox vaxt deyirdilər ki, holland ev arvadları daim nəyisə sürtüb təmizləyən
kimi görünürlər.
Holland
qadınları milli geyimdə
İndi də şəhərdə təmizlik hökm
sürür, küçələrin döşəməsi
şampundan istifadə edilməklə xüsusi maşınlar
vasitəsilə yuyulur və mexaniki şotka ilə qurudulur. Hollandların
evləri özünün səliqə-sahmanı, ideal təmizliyi
ilə seçilir.
Təəccübümüzə səbəb olan bir cəhət
şəhərin küçələrində
velosipedçilərin çoxluğu idi. Cinsindən və
yaşından asılı olmayaraq əksər kütlə
velosipeddə gəzir. Mən belə mənzərəni
sonralar Pekində gördüm. Amsterdamda
velosiped nəqliyyat növüdür. Pekində
isə həm də ondan ağır yükləri
daşımaq üçün də istifadə olunur.
Qoca
qadın və kişi də, evdar qadın
da, yeniyetmə də velosipeddə yüksək sürətlə
şütüyür. Avtomobil yolu ilə səki
arasında velosipedçilər üçün dar
ölçülü yol da mövcuddur. Amsterdam
sakini hər gün şəhərdə üç mahiyyətdə
hərəkət etdiyindən, həm avtomobil
sürücüləri, həm velosipedçilər, həm də
piyadalar bir-birlərinə hörmətlə yanaşır,
digərlərinin hərəkətinə təhlükə
törətmirlər. Şəhərin kənarındakı
qəsəbədən maşınında iş yerinə
çatmaq üçün, sahibi onu şəhərin
ucqarında qoyur, çünki mərkəzdə saxlamağa
yer çatışmır, sonra oradakı velosipedinə
oturub, işinə yaxın məsafəyə gəlir, orada
onu qıfılla bağlamaqla saxlayıb, piyada qaydada iş
yerinə gəlir. Axşam eyni hərəkət
əks qaydada və əks istiqamətdə baş verir, piyada
velosipedinin yanına, velosipeddə maşını olan yerə,
nəhayət, avtomobilində evinə gəlib çatır.
Velosipedçi daim öz yolu ilə hərəkət
edir, nə səkiyə, nə də avtomobil yoluna
çıxır. Bir dəfə Qərbi
Almaniyanın Lyudfishafen şəhərində axşam saat
11.00-də tərcüməçi ilə küçədə
gəzib söhbət edirdik. Arxadan
çıqqıltı səsini eşitdik və
işığın yanıb-söndüyünü hiss etsək
də, yolumuza davam edirdik. Siqnallara əhəmiyyət
vermirdik, bu, aramsız təkrar olunduqda arxaya baxdıq və
velosipedçini gördük, biz onun yoluna
çıxmışdıq, o isə nə iri yola, nə də
səkiyə keçmək istəmirdi, öz yolunun azad
olunmasını siqnalla tələb edirdi. Amsterdamda
da bu qaydaya ciddi riayət edilir. 2020-ci ilin
mayında Avropa şəhərlərinin çoxunda əhali
koronavirus pandemiyasına sirayətlənməkdən
qorxduğuna görə metro və digər ictimai nəqliyyatdan
imtina edib, velosipedlə hərəkət etməyə
keçdi.
İngilislərin "Mənim evim mənim qalamdır" prinsipi bütünlüklə hollandlara da aiddir. Ailə axşam evinin birinci mərtəbəsində olan yemək otağında şam edir, pəncərədən, - çünki hollandlar pərdə qısa olduğundan onu aşağı salırlar - şam süfrəsi arxasında xörək yeyən ər-arvad görünür, uşaq və ya yeniyetmə gözə dəymir.
Köhnə evlər iki giriş qapısına malikdir, onlardan biri aşağıdakı iki mərtəbədəki mənzildə yaşayan ailəyə məxsusdur, digəri isə yuxarıdakı iki mərtəbədə yaşayan ailəninkidir. Yataq otağı yuxarı mərtəbədə olduğundan, aşağı mərtəbə mətbəx və yemək otağı üçündür. Mənzillərdə beş yaşından yuxarı olan uşaqlara, cinsindən asılı olmayaraq ayrıca otaq ayrılır, çünki onlara bir otaqda yatmağa icazə verilmir. Çoxuşaqlı ailələrə çox da otaq lazım olduğundan, holland ailələrinin azuşaqlı olmasının səbəblərindən biri də, yəqin ki, budur.
Ailədəki övlad 16 yaşına çatandan sonra müstəqil həyata qədəm qoyur, bu məsələdə valideynlərin maddi vəziyyətinin də elə bir təsiri yoxdur. Onlar əmək fəaliyyətinə başlayır, ailə qurur, yalnız sonra ali təhsil almaq barədə düşünməyə başlayırlar. Evlənənlərə bəyin dostları, gəlinin rəfiqələri hədiyyə kimi məişət əşyaları bağışlayır və onların əsasında ev təsərrüfatı formalaşmağa başlayır. Ata, ana qocaldıqda isə övladların onlara baxması, qayğı göstərməsi nəzərdə tutulmur. Bizdə olan ailə üzvləri arasındakı qarşılıqlı borc hissi, belə görünür ki, hollandlara yaddır. Bizdə imkanlı valideynlərin öz övladlarına bahalı maşınlar, villalar alması, bu yolla onları harınlığa öyrətməsi də, yəqin ki, hollandlara eybəcərlik nümunəsi kimi qəribə görünərdi.
Amsterdamda XVII əsrdə tikilmiş evlər
Burada valideyn də, övlad da müstəqil həyata üstünlük verir, muxtar qaydada yaşamaq yolunu seçirlər. Ona görə də övladlarda ələbaxımlıq əhval-ruhiyyəsinin formalaşmasına yol verilmir. Nə övlad gənclik mərhələsinə keçdikdən sonra valideyndən, nə də valideyn qocalanda övladından asılı olmur, bu məsələdə giley-güzar üçün də səbəb yoxa çıxır. Ailə bağları zəif olduğundan qayınana probleminin də işartısına rast gəlinmir. Bizdə isə qayınanaya münasibət, primitiv əsərlər hesabına az qala milli ənənələrin fəlakəti kimi qələmə verilir.
Amsterdamda ahıllar evi ilə tanışlığımız bu düşüncələrimizi bir daha möhkəmləndirdi. Avtobusla şəhərdə hərəkət edərkən, bələdçi qadın 12 mərtəbəli bir binanı göstərib, ahıllar evi olduğunu bildirdi və əlavə etdi ki, onun sakinləri ömürlərinin sonluğunu qayğısız, bəlkə də, nisbətən xoşbəxtlik hissi ilə keçirirlər. Bizim xahişimizi nəzərə alıb, bələdçi oradakı həyat tərzini öyrənməyimizə razılıq aldı və üç gün sonra ora yollandıq.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2022.- 27 avqust.- S.14.