"Yolum haqdır" deməyə haqqı olan  

 

Adlar şərti işarələrdir. Üzdən baxanda hərdən fikirləşirsən ki, nə fərqi var, Həsən olmasın, Məmməd olsun, Sona olmasın, Güllü olsun. Onsuz da elə adam var, lap iki ad daşıyır - uşaqlıqda bir ad deyiblər, sənədlərində başqa ad yazıblar, böyüyüb, adların ikisi də onunla birgə yaşa dolub, ikisi də yaşamağında davam edib. Ya da indi dünya dəyişib - Avropadan, Amerikadan gəlib keçmiş Sovet İttifaqı məkanı ölkələrindən övladlığa uşaq götürürlər. Tutalım, bu uşaq öz doğma ata-anasının yanında böyüsəydi, adı İvandan, Pyotrdan, Mixaildən... biri olardı. Gedib olub amerikalı, avropalı, təzə valideyn də ona yaşadığı, böyüdüyü yerin dəbinə uyğun olaraq Corc deyib, ya Robert çağırıb.

Belə baxanda sanki elə adlar, kimə verilməsindən asılı olmayaraq, rəqəmlər kimi sırf şərtidir, seçdirmə əlamətidir. Amma deməyin. Arxada qalan tarix də, yaşanmış tarixin qoynundan keçən talelər də əyan edir ki, hər adın nəsə mübhəm bir cazibəsi, izahsız yönəltmə gücü var. İnsanlarımız da buna inanıb. Azərbaycanda adlar var: Adıgözəl, Adışirin. Əslində bunlar örtülü adlardır. Yəni bu adamın heç bilavasitə özünə məxsus olan adı da yoxdur. Biri gözəl olan adı daşıyır, digəri şirin olan adı. Bizlərdə bu adət də varmış ki, həyatdan erkən gedən atanınmı, qardaşınmı adı gərək ailədə, nəsildə yaşasın. O adı yeni doğulan uşağa vermək istəyiblər. Amma həmin adı dilə gətirməyə ürəkləri gəlməyib. Fikirlərində biliblər bu ad hansı addır, amma o ad heç sənəddə də yazılmayıb. Rəsmən Adışirin, Adıgözəl yazıblar. Bununla da sanki məlum adı şifrləyərək yaşadıblar.

Tarixdə qalan məşhurlarımızın, təbii ki, hərəsinin öz adı var. Ancaq hərdən düşünürsən ki, sanki onlara başqa ad vermək olmazmış. Elə bu adı da daşımalıymışlar. Yəni Nizaminin, Nəsiminin, Füzulinin məşhur rəssamlar çəkən bəlli portretləri kimi. Bilirik ki, bu surətlər rəssam təxəyyülünün bəhrəsidir, fəqət o klassikləri məhz elə bu cür qavrayırıq, hətta bir başqa cür təsvir edən olsa, qınayırıq ki, yox, oxşamır.

Nizami Gəncəviyə qədər "Nizami", Xaqani Şirvaniyə qədər "Xaqani", İmadəddin Nəsimiyə qədər "Nəsimi", Məhəmməd Füzuliyə qədər "Füzuli", Molla Pənah Vaqifə qədər "Vaqif", Hüseyn Cavidə qədər "Cavid"... bizlərdə ayrıca ad olmayıb.

Bu dahi insanlar həmin kəlmələri şərəfləndirərək özlərinə təxəllüs seçiblər.

Bu müstəsna insanların işığıyla nurlanmış o sözlər insanlarımıza əziz gəlib, başlayıblar balalarına həmin adları verməyə. İndi Azərbaycanın ad yaddaşında yüzlərlə, minlərlə Nizamilər, Xaqanilər, Məhsətilər, Nəsimilər, Xətailər, Füzulilər, Vaqiflər, Cavidlər, Müşfiqlər... var.

Və yəqin, övladlarına sevərək bu seçkin şəxsiyyətlərin adlarını verən ata-anaların ürəyindən balalarının ağılda-kamalda, istedadda, şöhrətdə ulu adaşlarına bənzəmələri arzusu da keçməmiş olmayıb.

Əlqərəz, adları quruca işarə sayanlar da tapılır, adların insan taleyinə təsir göstərməsini güman edənlər də, amma ən azı bir nəfərin timsalında, mən inanıram ki, böyük adın, o adı daşımış qüdrətli şəxsiyyətin cazibəsi ruh olub seçdiyi adaşının varlığını doldura, öz gücünün, öz şəfqətinin bir parçasını xələfinə, davamçısına ötürə bilər.

Azərbaycanın Xalq şairi, millət adamı (onun rəsmən daşıdığı "millət vəkili" titulu da var. Amma çox adam millət vəkili ola bilər, hər millət vəkili əsl millət adamı sayılmaq məqamına yüksəlməz) Sabir Rüstəmxanlı, söz yox ki, Mirzə Ələkbər Sabirdən sonra Sabir adı qoyulmuş ilk azərbaycanlı deyil.

O Sabirlə bu Sabir ayrı-ayrı məktəblər, fərqli üslublar, bənzəməz yazı tərzləridir. Lakin o Sabir bu Sabirin içərisində döyünür. Onların amalları, məsləkləri, bu yurda və xalqa məhəbbətləri eynidir.

Bu Sabir o Sabirin uğrunda can qoyduğu dəyərləri bütün yaradıcılığı və ictimai fəaliyyətləri boyunca ürəyində, düşüncəsində, dilində, qələmində, əməllərində daşıyan insandır.

Bu Sabir o Sabiri XX yüzilin əvvəlində ağrıdan dərdləri XX yüzilin son onillərində, XXI əsrin əvvəllərində qələminə gətirən, köhnə dövrdə misilsiz adaşının deməyə, yazmağa macal tapmadığını yeni zaman içərisində ədəbiyyatın ötkəm sözünə çevirəndir.

Sabir Rüstəmxanlı bugünədək yaratdıqları ilə görkəmli babasının etibarlı nəvəsi, onun möhtəşəm ruhunun sağlam daşıyıcısı olduğunu dönə-dönə sübuta yetirib.

Yol isə davam edir və yorulmaz, usanmaz, ürəyi dolu Sabir Rüstəmxanlının yaşayıb-yaradacağı hələ çox illər qarşıdadır və deməli, Böyük Adaşının əsl varisi olduğunu, daşıdığı şərəfli ada layiqliyini, həqiqətə, qələmə və xalqa sədaqətini yenidən dəfə-dəfə təsdiqləmək imkanları da hələ bundan belə də az olmayacaq.

"Sabir" sözü isə nə o, nə bu Sabirə yaraşır.

"Sabir" dözən, səbir edən deməkdir. Ancaq barışmadığına, qəbul edə bilmədiyinə, nifrət bəslədiyinə - hansı qəliz vaxt içərisində yaşamağından asılı olmayaraq - nə Mirzə Ələkbər səbir edib, nə də Rüstəmxanlı.

Elə səbir edə bilmədiklərinə, susmağı bacarmadıqlarına görə də bütün başqa Sabirlərdən seçiliblər - hamımızın Sabirlərinə çevriliblər!

 

lll

 

Hamınız bəxtiyarsınız və hər bir azərbaycanlı bu xoşbəxtliyin qədrini hökmən bilməlidir.

Sənə nəsib olan səadətin qədrini çox bildikcə, onun üstündə əsdikcə, onu göz bəbəyin kimi qoruduqca, sevdikcə onun həmişə səninlə qalacağına təməllər də sarsılmaz, möhkəm olur.

Allahın, Tarixin, Taleyin sənə bəxş etdiyi müstəsna nemətin qədrini gərəyincə bilməkçünsə onu yaxşı anlamalı, bu məsudluğa gəlib çatanacan millətin hansı sınaqlardan, qovğalardan, fırtınalardan keçdiyindən, hansı qurbanlar verdiyindən də yaxşı agah olmalısan.

Müstəqillik, istiqlal ağuşundayıq və var olduğumuz müddətcə bir xalq və yurd kimi qazandıqlarımızın arasında bundan daha üstün ola biləcək heç nə yoxdur.

Milləti qədirbilənliyi yenilməz, uca edir.

Tək bütöv milləti yox ki!

Bu elə əbədi düsturdur ki, hər bir insana aiddir.

Müstəqilliyimizə gətirən çətin yolda zəhməti olan hər kəsin qədrinin bilinməsinə, əməyinin dəyərləndirilməsinə, ən azı ehtiramla anılmağa haqqı var.

Bu isə şərəfli insanların uzun bir qatarıdır.

Bu şanlı və mübarizəli yolda bütün ömrü boyu əlində bircə dəfə silah tutmamış, döyüşlərdən, savaşlardan keçməmiş, amma qələmi ilə həmişə mübarizənin ön cərgəsində olmuş, qəlbindən və düşüncəsindən qopan odlu sətirləri ilə minlərin, on minlərin, yüz minlərin könlündəki istiqlal eşqini ən qarışıq dövranlar gedişində sönməyə qoymamış, Vətən məhəbbəti ocağının alovunu artırmaqçün o atəşə müdam ürəyinin yağını damızdırmış fədakarların misilsiz payı var.

Dövlət müstəqilliyimiz və ana dilimiz bu istiqlal taxt-tacının zirvəsindədir.

Ancaq həmişə belə olmayıb axı!

Axı həm keşməkeşli tarixin və həm də yaşlı insanların gözəlcə yadındadır ki, ana dilimiz öz Vətənində necə küncə qısnanmışdı, təntənəli yığıncaqlarda mötəbər kürsülərdə nitqlər yad dildə səslənirdi.

Qaldırın yarım əsrdən oyanakı kitablarımızı, vərəqləyin uzaq olmayan keçmişi.

Baxın görün ana dilimiz haqqında onu ürək dolusu vəsf edən neçə nəğmə, neçə şeir tapacaqsınız.

Sabir Rüstəmxanlı isə Azərbaycan dilinə minnətdarlıq nəğməsi sayılası "Sağ ol, ana dilim" şeirini sovetin qılıncının dalı da, qabağı da kəsən əyyamlarda yazmışdı, yazmaq bir yana, yazdığını izdihamlı rəsmi salonlarda qorxusuz-hürküsüz gur səslə oxumuşdu.

O oxumuşdu, dinləyənlər qorxmuşdular ki, yəqin, az keçər, bu cavanı cəzalandırarlar.

 

İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,

 

Sevginin yolunu saxlamaq olmaz!

...Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri...

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

 

"Qan-qan" deyən "Qan yaddaşı" şeirini yazmışdı, milli ruhun üsyanı olan "Gəncə qapısı" şeirini doğurmuşdu, sonra bu adların hər birini elə bu qəbil hünərli şeirlərinin qovuşduğu kitablarının adına çevirmişdi (Bir dəfə rəhmətlik Xudu Məmmədov mənə dedi ki, "Qan yaddaşı" ifadəsi sadəcə Sabirin poetik tapıntısı deyil, bu, bir kəşfdir. Elmi həqiqətin - "gen yaddaşı" deyiminin dilimizə son dərəcə dəqiq və şairanə tərzdə gətirilməsidir).

Sabirin gözlərin qıpıq, dillərin susqun çağlarındakı çılğın deyişlərinin hər biri azad düşüncənin çevrəsini bir az da genişləndirmişdi, daxilində eyni məslək, eyni fikir daşıyan, lakin onları dilə gətirməkdən çəkinənləri də cəsarətləndirmişdi, beləcə, millətçi, yurdçu təfəkkürün üfüqləri bir az da genişlənmişdi.

Mən bu sətirləri yazarkən artıq XXI yüzilin üçüncü onilini xırdalamaqdayıq.

İndi müstəqilliyə şeirlər, poemalar, simfoniyalar həsr etməyə nə var ki!

Yaxşı yazarsan, səni hətta mükafatlandırarlar.

Bəs 1976-cı ildə şər imperiyası bütün təntənəsiylə hökmfərma ikən müstəqillik arzularını bir şeirin misraları ilə açıqca bəyan etməyə nə deyirsiniz?

O zaman bu sətirlər indiki kimi vətənpərvərlik nümunəsi yox, siyasi dikbaşlığın, başqacürdüşünənliyin örnəyi idi, mahiyyəti ilə açıq antisovetizm idi, imperiyanı dağıtmağa çağırış kimi qavranılası təhlükəli bəyanat idi.

 

Müstəqillik! İlk inamım, ilk həsrətim,

Müstəqillik! Xalqın məslək bayrağıdır.

Müstəqillik - hər ölkənin, məmləkətin

Zülm, əsarət orbitindən çıxmağıdır!

 

Və bunu yazan rəsmi "Xalq şairi" titulunu indi daşısa da, əslində elə həmin əyyamlardan xalqın şairi olan Sabir Rüstəmxanlı idi.

lll

 

Mən onunla ilk tanış olanda, bugünəcən davam edən dostluğumuz başlananda tələbə idim, Sabir "Ədəbiyyat və incəsənət" qəzetində işləyirdi, 1970-ci illər idi və arxada qalmış onillər boyunca Sabiri daim sarsılmaz vətənçi ideallarına sədaqətdə sabit, dəyişməz görmüşəm.

Dəyişən zəmanə çoxlarını başqalaşdırıb, öz sürətlərinə, öz şakərinə uyğunlaşdırıb, öz rənginə salıb.

Sabirsə həmin Sabirdir.

Tanıdığım ilk çağlardan nələrə baş əyirdisə, yenə onlara əyilir, hansı gücün qarşısında diz çökürdüsə, yenə həmin təhərdir, nələrə pərəstiş edirdisə, yenə sitayişi həmin sitayişdir.

Mübariz insanlardan bəhs edərkən "baş əymək", "diz çökmək" deyimləri, "sitayiş", "pərəstiş" sözləri üzdən uyğunsuz, mətləbə dəxli olmayan, yöndəmsiz kimi görünə bilər. Amma Sabir Rüstəmxanlını oxuyun və görün ki, belə əyilməkdən, belə diz çökməkdən, belə sitayişdən gözəl nə ola bilər!

 

Diz çökdüm önündə daş kitabənin,

Diz çökdüm gurlayan Orxon önündə.

Əlini çiynimə dayaq eləyən

Bu yeri yaşadan ruhun önündə.

Diz çökdüm önündə ana dilimin,

"Türk milləti" yazan ələ diz çökdüm.

Bu boyda itkinin, bu boyda qəmin

İçindən dikələn ELə diz çökdüm.

 

Vəfalı bir övlad kimi bunca məhəbbətlə baş əyməkdə, belə sayğı ilə diz çökməkdə ucalmaq, məğrurluq, ruhun qanadlanması var!

 

lll

 

Sabir Rüstəmxanlının şair, yaradıcılıq ömrü erkən başlayıb. Və artıq yarım əsrdən çoxdur ki, o, əli qələmlidir. Sözün sehrinə düşdüyü ilk gündən də onu duyğulandıran, ilhamını pərvazlandıran həmişə yurdu, milləti, doğma dili, bu ruhu və dili daşıyanların taleyi olub. Məgər dahi adaşı da eyni məslək sahibi deyildimi?

Allahın bağışladığı istedad, təbii ki, öz yerində, amma kim deyər ki, daşıdığı Sabir adının da onun millət yolunun sabitqədəm elçisinə çevrilməsində təsiri olmayıb?

 

 

Bu bizim Naxçıvan, bu bizim Muğan,

Bu bizim Qarabağ, bu bizim Şirvan.

Hamımız bir ürək, hamımız bir can.

Kim deyir ayıraq sümüyü ətdən?!

Ayırmaq istəyən qopsun millətdən!

 

Bu misralar vətəni bütöv sevən, dörd bucağı ilə sevən, hər vətəndaşı ilə sevən şair Sabir Rüstəmxanlının ömür düsturudur.

lll

...Yolu atalarımız müqəddəs bilib, yola and içiblər. Yolun uzunu var, qısası var, çətin keçiləni, asan aşılanı var. Yol gedən insan əgər uğur istəyirsə, gərək yola çıxmazdan öncə hara getdiyini bilə, hansı yolu tutduğunu anlaya. Bu yolu gedirsə, nəyə çatacağını dərk edə. Bunlar varsa, ən çətin yol da hökmən bütün müşküllərə rəğmən, insanı xətalardan, bəlalardan sovuşduraraq mətləbə çatdıracaq.

 

Bir kökümüz doğudadır,

bir kökümüz günbatanda,

Biz tarixin yoldaşıyıq

dünya boyda bir vətəndə,

Min savaşın ağrısı var

damarlarda coşan qanda.

 

Sabir Rüstəmxanlı əzəl başdan hansı yolu getdiyini bilib. Həmin yolu gedə-gedə millətinə məktublar yazıb. Hər şeiri, hər kitabı bütöv bir məktub olub. Xalqına, yurduna sevgi ilə dolu bir məktub.kim millət yolunu tutub gedəcəksə, bu gün də, gələcək sabahlarda da Sabir Rüstəmxanlının o məktubları, o yazıları ona yolgöstərən olacaq. Elə yolgöstərən ki, bu etibarlı bələdçiyə ürək qızdırmaq, candan inanmaq, bel bağlamaq olar. Çünki bu, həmin yolu həyatı boyu qəlbinin bütün məhəbbəti və sədaqəti ilə keçmiş dəyərli bir vətənpərvərin səsidir.

lll

Xatırlayıram, dostlardan birinin övladının toyuydu və o məclisə Sabir deyəcəyi sözündən, oxuyacağı şeirindən savayı, bir hədiyyəsini, zinət əşyası da gətirmişdi - boyunbağıdan asıla biləcək kiçicik bir tərəzi. Arzusu da bu idi ki, ömrün yeni səhifəsini başlayan gənclərin həyatında müvazinət daimi olsun, məhəbbətlərinin tərəzisinin gözləri həmişə tən gəlsin.

Və əslində Sabir Rüstəmxanlı özü də lap gəncliyindən həm də tərəzi olmağı, hər zaman ölçünü, sahmanı, ahəngi qorumağı bacarıb.

Onun bir şəxsiyyət olaraq varlığındakı, bir şair, düşüncə adamı olaraq sözündəki, fikrindəki etirazçılıq duyğusu da ilk növbədə həmişə rastlaşdığı ədalətsizliyə, insafsızlığa, tərəzinin əyilməsinə (ya əydirilməsinə) dözməməkdən qaynaqlanıb.

Xasiyyətcə yumşaq, həlim təbiətli, qılıqlı olsa da, böyük və kiçikliyindən asılı olmayaraq, şərin ayaq tutduğunu hiss edincə sifəti çönüb, codlaşıb, sərtləşib, onun içərisindəki əsl Sabir - adıyla heç vəchlə tən gəlməyən səbirsiz, dözməz, barışmaz Sabir baş qaldırıb.

Və elə həmin nəcib keyfiyyəti sayəsində Sabir həm də gücü, imkanı, səlahiyyəti çatdığı məqamda qəlbinin hökmü ilə yaxşını, düz olanı, nəvazişə, dayağa ehtiyacı olanı qorumağa çalışıb. Həm sözü, həm işi ilə!

1980-ci illərin ikinci yarısı. Sabir Rüstəmxanlı o dövrdə "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsində idi. Ürək genişliyi ilə çoxlarına kömək etməyə səy göstərirdi. Günlərin birində masasının üstündə Xəlil Rzanın buraxılması nəzərdə tutulan "Vətən məndən başlanır" kitabının camaat arasında "Qlavlit" deyilən - Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarədən, qısası, senzuradan keçib gəlmiş nüsxəsini gördüm. Az qala kitabdakı şeirlərin yarısının üstündən qırmızı xətt çəkmişdilər - bunların çapını siyasi baxımdan münasib saymamışdılar. Bu isə o demək idi ki, ciddi ixtisar edilməli, tiraj təzədən çap olunmalıdır. Ancaq senzorun kənara qoymaq istədiyi həmin şeirlərin, demək olar ki, hamısı məhz Sabirin sinəsini irəli verməsi, cəsarəti, qətiyyəti, məsuliyyəti öz üzərinə götürməsi nəticəsində həmin kitabdaca işıq üzü gördü. Xəlil Rzanın hər şeirini o, elə öz şeiri kimi müdafiə etdi, daha dəqiqi - xilas etdi!

Böyük ölçüdə Sabir bu comərdliyi ilə yalnız qələm qardaşını, onun millət dərdləri ilə çırpınan şeirlərini hifz etmədi, həm də bütövlükdə Sözümüzə, Düşüncəmizə münasibətdə dövlət, onun millətəzidd siyasəti tərəfindən tərəzinin əyilməsinin qarşısını almağa müvəffəq oldu.

Tək bu idimi ki?! İsa Muğannanın (Hüseynov) "İdeal" romanı nəşr edilmişdi və adətən olduğu kimi tirajın yayılmasına son icazənin verilməsindən ötrü hazırlanmış siqnal nüsxələr zəruri ünvanlara, o sıradan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərilmişdi.

Mərkəzi Komitənin şöbə müdiri Xeyrulla Əliyev "Yazıçı"ya zəng vurur ki, bu kitabdakı "Qapalı dünya" bölməsi çıxarılmalıdır.

Əsərinsə canı məhz həmin fəsildə idi. Digər tərəfdən, nəşriyyat işindən yetərincə hali olmayanlar vəziyyətin ifrat dramatikliyini tam anlasın deyə bunu da diqqətə çatdırıram ki, siqnal nüsxələr adətən bütün tiraj çap olunub qurtardıqdan sonra hazırlanırdı. Təqribən əvvəlcə 100 nüsxə cildlənib kitab halına salınırdı, bir əmma çıxmasa, sonra qalan nüsxələr də cildlənirdi.

İndi təsəvvür edin ki, iri həcmli, 30 min sayda çap edilmiş kitabın ortasından böyük bir fəsil atılmalıdır. Demək, bütün tiraj məhv olur, kitab təzədən çap edilməli, ola bilsin ki, məntiqi bağlılıq bərpa olunsun deyə, hətta hansısa təzə parçalar yazılmalı, sonra onlar da yığılmalı, səhifələnməli.

Mənəvi sarsıntılar bir yana, bəs dəyən böyük maddi zərər necə ödəniləcək?

Sabir Rüstəmxanlı Mərkəzi Komitənin şöbə müdiri, bu məsələlər üzrə məsul şəxs Xeyrulla Əliyevə zəng vurur. Özü də ədəbiyyat adamı olan Xeyrulla müəllim Sabir heç sözünü başlamamış dillənir ki, üz vurma, qərar qətidir, kitabdan həmin hissə hökmən çıxarılmalıdır.

Sabir də qayıdır ki, ay Xeyrulla müəllim, İsa Hüseynov ikimizdən də ağıllı, təcrübəli  adamdır. İşini elə tədbirli tutub ki, ona mız qoymaq çətindir. Həmin "Qapalı dünya" hissəsində fikirlər müəllifin adından getmir, bu, bir romandır, o düşüncələr də qəhrəmanın dilindən verilir. Bədii əsərdə isə hansısa surətin doğru, yaxud yanlış fikrinə görə yazıçını günahlandırmaq düz başa düşülməz axı.

Ümumən xeyirxah insan olan Xeyrulla müəllim gülür: "Yaman yerdən yapışdın, Sabir. Yaxşı, məsuliyyət sənin boynuna, nə təhər istəyirsən et".

Asif Əfəndiyevin - Asif Atanın esseleri toplusuna da elə buna oxşar şəkildə nicat verdi, Məmməd Səid Ordubadinin də XX yüzilin əvvəllərində ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edən "Qanlı sənələr" kitabına da dar macalda yol açdı.

Bu və onlarca bu cür addımların hər biri sadəcə riskli deyildi, onlardan hər birinə görə Sabirin karyerasına son qoyula bilərdi.

Həm də üstəlik, o dövrdə Sabirin başının üstündə nəşriyyatın direktoru da vardı və bildiyim qədərincə münasibətləri xeyli gərgin idi.

Ancaq Sabir ən çətin və xatalı manelərə məhəl qoymadan savab işlərini görürdü, bütün bunları Göydəki Kişi də görürdü və O da görünməz gücü ilə yavrusunu qoruyurdu.

Sabir Rüstəmxanlının bu qəbil çalışmalarının qətiyyən sadə iş olmadığını həmin düyünlü dövrün içərisindən keçib gəlmiş insanlar yaxşı bilir.

Ya 1980-ci illərin sonlarında oçağkı Lenin, indiki Azadlıq meydanı insan dənizinə çevriləndə, milli azadlıq hərəkatının bir vulkan kimi püskürdüyü unudulmaz günlərdə yüz minlərin toplaşdığı o həyəcan dolu məkanı nizamda saxlamaq, coşmuş ehtirasların cilovdan çıxmamasına nail olmaq, təxribatçı hərəkət və sözlərin ayaq tutmasına rəvac verməmək təsəvvürəsığmaz qədər müşkül idi. Və Sabir meydanda idi, Sabir 1 milyon insana səslənən mikrofonun qarşısında idi. Həmin gərgin günlər içərisində Sabir bir qəhrəman idi. Və onun şücaəti yalnız xalqın ürəyindən gələn sözləri ürəklərdən tikan çıxaran bir ustalıqla deməsi, heç nədən çəkinmədən xalq hərəkatının öncüllərindən biri kimi sonacan mərd-mərdanə dayanması deyil, bəlkə də ən əvvəl məhz mötəbər bir Tərəzi olması, sonacan qızıl ortanı qorumağı bacarması idi.

Əlbəttə, tarixdən söz açarkən "filan iş filan cür olsaydı, filan alınardı" kimi ehtimallar yersiz kimi də qəbul edilə bilər. Amma hər halda olub-bitənləri indi vaxtın hündürlüyündən seyr edib araşdırarkən bunu da qətiyyətlə təsdiqləmək mümkündür ki, həmin nigaran günlərin axarında Azadlıq meydanında Sabir kimi müdrik, hər sözün yerini bilən, ölçü duyğusunu bircə an belə itirməyən iti düşüncəli tənzimləyici olmasaydı, Allah bilir hansı faciəli qatmaqarışıqlıqlarla üzləşərdik.

Təqvimin vərəqləri çevrildi, dünənin çox hadisələri kimi, o qaynar günlərdə  başvermişlər də asta-asta soyudu, tarixləşdi. Ancaq Sabirin soyuq payız gecələrində, tonqallar sayrışan o meydan günlərində yazdığı şeirlərində həmin ocaqların istisi də həmişə diri qalacaq, misra-misra adladıqca da elə sanacaqsan ki, sətirlərdən unudulmaz ocaqların tüstüsünün ətri də gəlir...    

 

Mən sözün ağası, söz mənim qulum,

Mən haqqın yolçusu,

haqq mənim yolum.

 

Qısa olmayan bir həyat yaşayaraq ahıl çağında daxili arxayınlıq və inamla bu üçcə misranı hamı qarşısında ömür hesabatı kimi dilə gətirmək haqqı hər kəsə qismət deyil!

Bir Vətəndaş və Şair ömrü boyunca Sabirin ən ali qazancı və mükafatı elə bu sözləri könül açıqlığı ilə deyə bilmək haqqıdır!

Rəhmətlik Məhəmməd Füzulinin qənaəti və qiymətincə, Haqq Adını tutub, Haqq Yolunu eşqlə getməkdə İNTƏHASIZ ZÖVQ var.

Çox illər öncə Yardımlıdan, ucqar Hamarkənddən başlanan və qətiyyən hamar olmayan yolun, şərəflə və ideallarına sonsuz, fədakar məhəbbətlə yaşanan bir ömrün bahasına yetişdiyi indiki ucalıq mərtəbəsində Sabir Rüstəmxanlı, əlbəttə ki, yolçusu olduğu HAQQ YOLUNDAN intəhasız zövq bulmuş bir Xoşbəxtdir!

24 avqust 2022

 

 

Rafael HÜSEYNOV

Akademik

 

525-ci qəzet.- 2022.- 27 avqust.- S.10-11