Azərbaycan dünyası və Kərkük
sevdası
Qəzənfər Paşayev-85
Azərbaycan
elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli
yeri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Qəzənfər Paşayevin çoxillik və
çoxcəhətli fəaliyyətini səciyyələndirən
əsas prinsiplər yüksək dövlətçilik və
vətəndaşlıq mövqeyi ilə universal
düşüncənin və profesionallığın vəhdətindən
ibarətdir. Bu çox zəhmətkeş alim
elm yollarında yorulmadan çalışmaqla bərabər,
eyni zamanda, həm də aydın bir dövlətçilik və
vətəndaşlıq mövqeyi nümayiş etdirir. Diqqətlə nəzər salsaq, dövlətçilik
mövqeyi və ölkə maraqları professor Qəzənfər
Paşayevin çoxillik yaradıcılıq fəaliyyətinin
ana xəttini təşkil edir. Görkəmli
vətəndaş alimin 2021-ci ildə nəşr etdirdiyi
"Xilaskarlar" kitabı onun dövlətçilik
baxışlarının ümumiləşdirilmiş ifadəsindən
ibarətdir. Qəzənfər müəllim
özünün şəxsi tərcümeyi-halından
tutmuş mənsub olduğu xalqın inkişafı ilə əlaqədar
taleyüklü məsələlərə qədər
görkəmli dövlət xadimi Heydər Əliyev
dühasının açdığı yollara, həll etdiyi
mühüm tarixi problemlərə dair təhlillər
aparmış və özünəməxsus şəkildə
elmi qiymət vermişdir. Azərbaycan
Respublikasının inkişaf yoluna kompleks şəkildə
yanaşan Qəzənfər Paşayevin ölkəmizin
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik və
xilaskarlıq qüdrəti "Xilaskarlar" kitabının
güzgüsündə bütün parlaqlığı ilə
canlandırılmışdır. Beləliklə,
"Xilaskarlar" kitabı xilaskarlıq missiyası və
qüdrətli xilaskarlar haqqında meydana
çıxmış ağsaqqal sözünün parlaq ifadəsi
olaraq təqdim edilmişdir.
Professor Qəzənfər
Paşayevin yüksək alimlik və vətəndaşlıq
missiyası vətəni Azərbaycanı tam əhatə etməklə
bərabər, onun İraq-Kərkük dolaylarındakı fəaliyyətinin,
dünya ədəbiyyatının ölkəmizdə
tanıdılması ilə əlaqədar zəhmətlərinin,
ədəbiyyatşünaslıq, dilçilik,
folklorşünaslıq istiqamətlərindəki fəaliyyətlərinin
də mayasını, cövhərini təşkil edir. O,
müraciət etdiyi problemlərə, ədəbi-tarixi şəxsiyyətlərə
epoxanın gözü ilə baxmağı bacaran, qələmə
aldığı məsələləri yüksək vətəndaşlıq
səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə,
ləyaqətlə həyata keçirməyin öhdəsindən
gələ bilən əsl elm adamıdır. Yazdığı
sanballı elmi əsərlərin bir çoxu elmdəki
mühüm əhəmiyyəti ilə yanaşı, həm də
böyük vətəndaşlıq borcunun ifadəsidir.
Qəzənfər Paşayevin Azərbaycan
aşıq sənətinə, İraq-türkman ədəbiyyatına,
Kərkük ləhcəsinə, müasir ədəbi prosesə
həsr olunmuş əsərləri elmdə böyük mənəvi
borcu necə yüksək səviyyədə, hansı ürəklə,
təmənnasız niyyətlə ciddi şəkildə və
məsuliyyətlə yerinə yetirməyin mükəmməl
örnəkləridir. Qəzənfər müəllimin
Azərbaycanla yanaşı, Kərkük dolaylarından Hələbə,
Təbrizə, Ərzuruma, Dərbəndə qədər
uzanan böyük coğrafiyanın ədəbiyyatına,
folkloruna və tarixinə, habelə ləhcəsinə dair
qiymətli əsərləri onun elmi-ədəbi
düşüncəsinin universallığına,
genişliyinə və bütövlüyünə də
nümunədir. Qəzənfər Paşayevin
böyük mənada vətəndaşlığın və
universal düşüncəsinin kamil ifadəsi olan əsərləri
seçilmiş mövzuya dərin, əsaslandırılmış
professional elmi münasibətin də real göstəricilərindəndir.
Azərbaycan
oxucusuna təqdim edilmiş on iki cildlik "Seçilmiş əsərləri"
Qəzənfər Paşayevin 85 illik ömür yolunun, zəngin
həyat təcrübəsinin, müdriklik və kamilliyinin, zəhmətkeşlik
və fədakarlığının nümunəsi kimi meydana
çıxmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq
elmində yaranan ilk on iki cildlik kimi də mühüm əhəmiyyətə
malikdir. Heç şübhəsiz,
universal düşüncəyə, çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan Qəzənfər
Paşayevin yarım əsrdən çox davam etməkdə
olan elmi fəaliyyətində İraq-türkman mühiti, Kərkük
dünyası ilə bağlı sanballı tədqiqatlar
aparıcılıq təşkil edir. Haqlı
olaraq onu elmi-ədəbi mühitdə "Kərkük
sevdalı ədəbiyyatşünas", "Kərkükün
mənəvi səfiri" kimi qiymətləndirirlər.
Tərcümeyi-halının cəmisi 6 ili
İraq-türkman elləri ilə bağlı olan Qəzənfər
Paşayev artıq yarım əsrdən çoxdur ki, Kərkük
mövzusunda eyni sevda ilə, yorulmaq bilmədən
yazıb-yaratmaqda davam etməkdədir. Fikrimizcə,
Qəzənfər Paşayev Azərbaycanda kərkükşünaslıq
elmi istiqamətinin qüdrətli yaradıcısıdır.
Qəzənfər Paşayevin digər
mövzularda yazılmış əsərlərinin əhəmiyyətini
heç də aşağı salmadan bütün
yazdıqlarını tərəzinin bir gözünə
qoysaq, yenə də Kərkük tədqiqatları tərəfi
ağır gələr. Yarım əsrdən
çoxdur ki, İraq-türkman ədəbiyyatı, Dəclə-Fərat
sahilləri, Kərkük-ədəbi mühiti, folkloru, ləhcəsi
deyiləndə, ilk növbədə Qəzənfər müəllim
göz önünə gəlir. Böyük
bir qismi keçmiş sovet rejiminin sərt ideoloji
qadağaları dövründə yaranmış bu
sanballı əsərlər bu gün də öz
aktuallığını və elmi səviyyəsini saxlayan Azərbaycan
ədəbiyyatşünaslığının çox
sanballı Kərkük cildlərindən ibarətdir. Qəzənfər Paşayev İraq-türkman ədəbiyyatının
Azərbaycandakı səlahiyyətli səfiridir. Hesab edirəm ki, Azərbaycan kərkükşünaslığının
görkəmli yaradıcısı olan Qəzənfər
Paşayev, ümumiyyətlə, kərkükşünaslıqda
söz sahibi olan alimdir. Nəinki Azərbaycanda, yaxud da
dünyanın başqa bir yerində, hətta Kəkükdə
belə kərkükşünaslıqda Qəzənfər
Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı
göstərmək çətindir. Vaxtilə
İraq-türkman ədəbiyyatının və elmi-ictimai
fikrinin görkəmli nümayəndəsi Əbdüllətif
Bəndəroğlu da etiraf etmişdi ki, "Qəzənfər
Paşayevin "İraq-türkman folkloru" kitabına bənzər
bir kitab indiyə qədər nə İraq türkmanları tərəfindən,
nə də İraq türkmanlarının folkloru ilə məşğul
olan xarici alim və tədqiqatçılar tərəfindən
yazılmışdır". Digər sahələri, fərqli
coğrafiyaları əhatə edən və ya Azərbaycan ədəbiyyatına
həsr olunmuş sanballı elmi əsərlərini yüksək
qiymətləndirməklə bərabər, eyni zamanda, etiraf
edilməlidir ki, professor Qəzənfər
Paşayev Kərkük ağırlıqlı görkəmli
Azərbaycan ədəbiyyatşünasıdır. Bir sözlə, o, Kərkük
ağırlıqlı Azərbaycan ədəbiyyatşünaslığının
fədakar müəllifidir. "Seçilmiş Əsərləri"nin
on iki cildliyinə "Azərbaycan kərkükşünaslığının
banisi" adlı sanballı bir ön söz yazmış
akademik Tofiq Hacıyevin dəqiq ifadə etdiyi kimi, Qəzənfər
Paşayevin ardıcıl və mükəmməl tədqiqatları
ilə "kərkükşünaslıq elm sahəsinin
yaranması" hadisəsi baş vermiş, kərkükşünaslıq
"öz zilinə" çatmışdır.
Fikrimizcə, Azərbaycan kərkükşünaslığının
yaradılması bütövlükdə elm tariximizin əhəmiyyətli
hadisələrindəndir. Ayrı-ayrı
vaxtlarda Kərkük mövzusunda yazılmış əsərlərini
ilk dəfə olaraq toplu şəkildə bir yerdə əks
etdirən on iki cildlikdəki tədqiqatlar ədəbiyyatşünaslıq
elmimizin mükəmməl kərküknaməsi kimi dərin mənaya
malikdir. "Kərkük" sözünün
etimologiyasından tutmuş Kərkük ellərində
yaşayan türkmanların mənşəyinə, tarixinə,
soy-kökünə, Bayat boyuna, dil-ləhcə xüsusiyyətlərinə,
milli mənsubiyyətinə, əlaqələrinə,
folkloruna, etnoqrafiyasına və yazılı ədəbiyyatlarına,
coğrafiyasına qədər hər nə varsa,
hamısı haqqında Qəzənfər müəllimin əsərlərində
dəqiq, elmi cəhətdən əsaslandırılmış
və zəngin biliklər öz əksini tapmışdır.
Bu qiymətli əsərlər möhtəşəm
bir kərkükşünaslıq ensiklopediyasının elmi-məlumat
bazasını təşkil edə bilər. Qəzənfər Paşayev həmin zəngin ədəbi-tarixi
məlumatların, folklor nümynələrinin, etnoqrafik məlumatların
bir çoxunu özü toplayıb, ilk dəfə elmi
dövriyyəyə gətirmiş, həm də nəzəri
cəhətdən dəyərləndirib qiymətləndirmişdir.
Əməkdar elm xadimi Qəzənfər
Paşayev Azərbaycan kərkükşünaslıq elminin Fərhadıdır.
Əksər məqamlarda Qəzənfər
Paşayev bir neçə toplayıcının, neçə-neçə
mətnşünasın və tədqiqatçının
işini təkbaşına görmüşdür. On iki cildliyində xüsusi yer tutan
"İraq-türkman folkloru" monoqrafik tədqiqatı
"ölümsüz bir tarixə" sahib olan yarım
milyondan çox əhaliyə malik Kərkük
elatının milli ruhunun ifadəsi kimi yaranmış folklorun
toplanılması və tədqiqinə həsr olunmuş
"şah əsərdir" (Bəndəroğlu). Müəllif İraq-türkman folklorunu "Azərbaycan
folklorunun qüdrətli qolu" kimi görsə də, bu
coğrafiyada formalaşmış şifahi xalq ədəbiyyatı
nümunələrinin özünəməxsusluqlarını
da dəqiq müəyyən etmiş və təhlil edib dəyərləndirərək
ümumiləşdirmişdir. "İraq-türkman
folkloru" monoqrafiyası İraq coğrafiyasındakı
türkman folklorunun elmi cəhətdən ümumiləşdirilmiş
elmi salnaməsidir. Mövzu etibarilə bu əsəri
daha da zənginləşdirən və tamamlayan "Kərkük
folklorunun janrları" monoqrafiyası ilə birlikdə hər
iki əsər Azərbaycan kərkükşünaslığının
elmi abidəsidir.
Xalq şairi Rəsul Rzanın 1959-cu ildə Kərkükə
səfərindən sonra ədəbi-ictimai fikrə ayaq
açan Kərkük folkloru mövzusu Qəzənfər
Paşayevin geniş həcmli, sistemli tədqiqatları sayəsində
məxsusi bir elmi istiqamətə çevrilmişdir. XX əsrin
yetmiş-səksəninci illərindən etibarən
İraq-türkman ədəbiyyatı nümunələrini
ayrı-ayrı janrlar üzrə toplayaraq kitablar halında ardıcıl
olaraq nəşr etdirən Qəzənfər Paşayev Azərbaycan
folklorşünasları üçün zəngin bir
müqayisə və araşdırma bazası yaratmağa
müvəffəq olmuşdur. Bu zəmində
meydana çıxan tarixi-filoloji tədqiqatların əsasında
Qəzənfər müəllimin zəngin toplama
materialları və tədqiqatları dayanır. Qəzənfər Paşayev kərkükşünaslığının
bünövrəsi olan "Kərkük dialektinin
fonetikası" monoqrafiyasından başlanan yolu ildən-ilə
genişlənərək kərkükşünaslığın
etibarlı əməllərinə çevrilən elmi əsərlərlə
daha da möhkəmləndirmişdir. Bizə görə,
"İraq-türkman folkloru" və "Kərkük
folklorunun janrları" monoqrafiyaları ilə birlikdə
"Kərkük dialektinin fonetikası" kitabları
geniş mənada İraq-türkman dünyasının qiymətli
trilogiyasıdır. Əhatəli və sistemli
araşdırmalarla yanaşı, həm də böyük bir
sevgi ilə yazılmış "Kərkük dialektinin
fonetikası" monoqrafiyası özünün dərin
qatları etibarilə orijinal bir "Kərkük dialektinin
poetikası" təsiri bağışlayır. Tədqiqatçı İraq türkmanları
dialektinin fonetik xüsusiyyətlərini öyrənmək əsasında
bu zəngin şivədə poetik semantikanın özünəməxsusluqları
haqqında da aydın elmi təsəvvürün
formalaşmasına elmi zəmin hazırlamışdır.
On iki cildlikdəki "Könüldən-könülə
yollar görünür", "Kərkük
dünyası" bölməsində toplanan tədqiqatlar
İraq-türkman ədəbiyyatının müxtəlif
dövrlərinə, ayrı-ayrı ədəbi şəxsiyyətlərinə,
Kərkük türkmanlarının şifahi və
yazılı ədəbiyyatının aktual məsələlərinə
həsr olunmuşdur. Xüsusən, tədqiqatlarındakı
"İraq-türkman ədəbiyyatının altun
çağı", yaxud "Füzuli
çağı" haqqındakı elmi araşdırmalar
ümumtürk ədəbiyyatının və Azərbaycan ədəbi
fikrinin həmin mərhələsinə dair təsəvvürlərin
daha da dərinləşdirilməsinə xidmət edir. "Füzulinin məzarı haqqında şayiə
və həqiqət" məqaləsindən dahi şairin tərcümeyi-halının
bir çox səhifələrini öyrənmək
mümkün olur. Görkəmli alim Nəsirəddin
Tusinin tərcümeyi-halının İraq səhifələrinə
də Qəzənfər Paşayevin araşdırmaları
işıq salır. Bundan başqa,
İraq-Azərbaycan ədəbi əlaqələrinin tarixi və
inkişaf yolu məsələsi də elmimizə bu bölmədəki
məqalələr vasitəsilə Qəzənfər Paşayev
tərəfindən gətirilmişdir. Nəticə
etbarilə Qəzənfər Paşayev tarixi, adət-ənənələri,
folkloru, görkəmli elmi-ədəbi şəxsiyyətləri
ilə bütövlükdə İraqın Azərbaycana iraq olmadığını, yaxın, doğma,
dost və qardaş ölkə olduğunu elmi cəhətdən
əsaslandırır. Qəzənfər
Paşayev özü də yarım əsrdən çoxdur
ki, Azərbaycan-İraq əlaqələrinin möhkəmlənib
inkişaf etməsinə şərəflə və məsuliyyətlə
xidmət edir. Onun Bakıda
yaratdığı "İraq-türkman kitabxanası" bu
qədim Şərq ölkəsinin Azərbaycanda öyrənilməsinə,
təbliğinə, əlaqələrin inkişaf etdirilməsinə
geniş imkan yaradır. Ələlxüsus,
Qəzənfər Paşayev-Əbdüllətif Bəndəroğlu
dostluğu Azərbaycan-İraq əlaqələri tarixində
böyük körpü olmuşdur. Qəzənfər
müəllimin sözləri ilə desək,
"xalqının, ədəbiyyatının, mədəniyyətinin
layiqincə öyrənilməsi, araşdırılması və
yayılması yolunda alışmaq istedadına" malik olan
rəhmətlik Əbdüllətif Bəndəroğludan bəhs
edən "Qan və qələm qardaşımız" və
"Heyf sənə, Bəndəroğlu" məqalələri
xeyli vaxt bundan əvvəl yazılmasına baxmayaraq, indi də
İraq-türkman ictimai-ədəbi fikrinin görkəmli
nümayəndəsi olan bu fədakar şəxsiyyətdən
söz açan mənalı və təsirli epitafiya təsiri
doğurur. İraq-türkmən folklorunun
görkəmli tədqiqatçısı Əta Tərzibaşını
yarım əsr bundan qabaq ilk dəfə Azərbaycan ictimaiyyətinə
təqdim edən professor Qəzənfər Paşayev 2017-ci
ildə bu böyük folklorşünasa həsr etdiyi
monoqrafiya ilə bütün zamanlarda Kərkük sevdasına
sədaqətli olduğunu bir daha nümayiş etdirir. Qəzənfər Paşayev-Abbas Zamanov-Ayaz Vəfalı-Əbdüllətif
Bəndəroğlu dostluğu və əməkdaşlığı
Azərbaycan-İraq ədəbi əlaqələrinin tarixində
xüsusi mərhələ təşkil edir. Yeni tarixi mərhələdə bu şərəfli
missiyanı Qəzənfər Paşayev-Sübhü
Saatçı-Şəmsəddin Kuzəçi dostluğu və
əməkdaşlığı uğurla davam və
inkişaf etdirir. Son illərdə professor Qəzənfər
Paşayevin tərtib edib nəşr etdirdiyi 2 cildlik
"İraq-Türkman şeiri antologiyası" onun kərküklü
həmkarları ilə elmi əlaqələrin ardıcıl
şəkildə davam etdirilməsinin əməli nümunəsidir.
Qəzənfər Paşayevin çoxcildliyinin
şah damarını təşkil edən Kərkük-türkmən
ədəbiyyatına və İraq-Azərbaycan əlaqələrinə
həsr olunmuş cild-cild kitablar və məqalələr
ölkələrarası əlaqələrin, xalqlararası
daxili-mənəvi bağlılığın və
münasibətlərin həmin tarixi dövrdəki tam mənzərəsini
elmi surətdə canlandırır.
"Altı il Dəclə-Fərat sahillərində"
əsəri professor Qəzənfər Paşayevin tərcümeyi-halının
və çoxcəhətli fəaliyyətinin əfsanəsidir. Bu, Bağdad cəmiyyətinin,
İraqdakı türkman elatının Qəzənfər
Paşayev tərəfindən yaradılmış
yazılı dastanıdır. XX əsrin səksəninci
illərinin əvvəllərində yazılmış
"Altı il Dəclə-Fərat sahillərində"
kitabı İraq haqqında mükəmməl bir publisist-bələdçi
kitabdır. Bütövlükdə Azərbaycan cəmiyyəti
Bağdad-İraq elləri ilə bu əsər vasitəsilə
yaxından tanış olmaq imkanı
qazanmışdır. Ölkəmizdə
böyük əks-səda doğurmuş həmin əsər
vaxtilə əldən-ələ gəzmiş, öz müəllifinin
cəmiyyətə sanballı təqdimatına
çevrilmişdir. Məhz bu əsərlə
Qəzənfər Paşayevin Azərbaycan miqyasında ədəbi-ictimai
mühitdə özünəməxsus imkanlara malik
yazıçı-tədqiqatçı və fərqli bir
publisist olması birdəfəlik isbat olunmuşdur. "Altı il Dəclə-Fərat sahillərində"
əsəri əslində Qəzənfər Paşayevin dərin
mənalı və cəlbedici İraq-türkman
dastanının proloqu kimi meydana çıxmışdır.
Lakin illər keçdikcə bu möhtəşəm
əsər çoxcildlikdə Qəzənfər Paşayevin
Kərkük sevdasının epopeyası kimi
görünür. Sanki müəllifin
İraq-türkman mövzusuna həsr olunmuş digər
sanballı əsərləri "Altı il Dəclə-Fərat
sahillərində" kitabından doğulmuşdur. İraq ellərini geniş miqyasda əhatə etmək,
cəmiyyət həyatının bütün əsas sahələrinə
işıq salmaq baxımından bu kitab geniş ümumiləşdirmə
imkanlarına malik olan ədəbi-ensiklopedik əsər təəssüratı
yaradır. Tam halda "Altı il Dəclə-Fərat
sahillərində" əsəri professor Qəzənfər
Paşayevin İraq-türkman serialının ümumiləşdirilmiş
adı kimi də görünür. Məhz
bu əsər Qəzənfər Paşayevin İraq-türkman
mövzusunda yazılmış əsərlərini öz
mahiyyətində cəmləşdirərək epopeyaya
çevirir.
Hazırda bütövlükdə Kərkük
dünyası Qəzənfər Paşayevin elmi
araşdırmalarının baş mövzusudur. Fikrimizcə,
Qəzənfər müəllimin Azərbaycan folkloruna,
aşıq sənətinə yaxınlıq və
doğmalığının da əsasında doğulub
boya-başa çatdığı Qazax-Tovuz ədəbi
mühiti ilə eyni səviyyədə, həm də Kərkük
sevdası dayanır. Alimin
"Sazlı-sözlü dünyamızdan"
başlığı altında təqdim olunmuş
folklorşünaslıq nümunələri sanki Kərkük
dolaylarına həsr olunmuş tədqiqatların
davamıdır. Azərbaycan folkloruna dair
yazılmış əsərlərində, daha çox
aşıq şeirindən, xüsusən
sağlığında klassikləşən ustad
aşıq-şair Mikayıl Azaflıdan, "aşıq sənətinin
memarlarından biri" kimi dəyər verdiyi Dədə
Şəmşirdən, Aydın Çobanoğludan bəhs edən
tədqiqatlarında, o, geniş dünyagörüşlü
müdrik bir folklorşünas olaraq ustad alim sözü deyə
bilir. Aşıq şerinin poetikasını
şərh edən əsərlərində Qəzənfər
Paşayev folklorda sənətkarlıq məsələlərini
nəzəri cəhətdən açıqlayan professional, təcrübəli
bir folklorşünas sözünü elmi mühitə təqdim
edir. Bu gün Qəzənfər Paşayev
Azərbaycan folklorşünaslarının ön cərgəsində,
"A" qrupunda təmsil olunur. Qəzənfər
Paşayevin Azərbaycan klassik ədəbiyyatına dair tədqiqatlarında
da Kərkük motivi görünməkdədir. Ədəbiyyatşünaslıq
elmimizdə ilk dəfə olaraq "Nəsimi divanının
İraq nüsxəsi"ni Qəzənfər
müəllim aşkara çıxarıb nəşr
etdirmiş və tədqiq edib öyrənmişdir. İmadəddin Nəsimiyə həsr olunmuş
araşdırmalarında Nəsimi-İraq notları
üstünlük təşkil edir. Qəzənfər
müəllimin 2019-cu ildə çapdan
çıxmış "Nəsimi: edamdan sonrakı həyat"
monoqrafiyasındada "cahana sığmayan" Azərbaycan
şairinin tərcümeyi-halının faciəli məqamlarına
İraq-türkmən mənbələrindən əldə
edilmiş sənədlər və məlumatlar əsasında
aydınlıq gətirilmişdir.
Müasir Azərbaycan ədəbiyyatının tədqiqi
məsələlərinə həsr olunmuş
araşdırmalar da professor Qəzənfər Paşayevin tədqiqatlarında
geniş yer tutur. Xalq yazıçısı Elçin
haqqındakı araşdırmaları sistemli monoqrafik elmi əsərdir.
O, görkəmli yazıçı və ədəbiyyatşünas
Elçin haqqında müasir ədəbiyyatşünaslığın
yüksək tələbləri səviyyəsində
sanballı elmi söz demişdir. Elçindən
bəhs edən məqamlarda da müəllif Kərkük
motivinin mövzuya dair məqamlarına nəzər salır.
Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi
ilə 1994-cü ildə İraqda Füzuli günlərinin
keçirilməsi hadisəsinə, xalq
yazıçısının əsərlərinin İraq nəşrlərinə
də diqqət yetirən Qəzənfər Paşayev
bütövlükdə müasir Azərbaycan ədəbiyyatının
əsas yaradıcılarından biri olan bu sənətkarın
yaradıcılıq özünəməxsusluğunu müəyyən
edən ana xətləri seçib ayırmış və
elmi cəhətdən obyektiv şəkildə dəyərləndirmişdir.
Xalq şairləri Səməd Vurğuna, Rəsul Rzaya, Anara,
Elçinə, Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə,
Nigar Rəfibəyliyə, Fikrət Qocaya, Sabir Rüstəmxanlıya,
Zəlimxan Yaquba və Hüseyn Kürdoğluya, nəsr
ustadları Fərman Kərimzadəyə, İsi Məlikzadəyə,
yazıçı Qərib Mehdiyə və başqalarına
aid məqalələri çağdaş ədəbiyyatımızın
inkişaf yollarına, təkamül proseslərinə gur
işıq salır. Çağdaş ədəbiyyatdan
bəhs edəndə Qəzənfər Paşayev
müasirliyi, vətənpərvərliyi, milli
düşüncəni, sənətkarlıq özünəməxsusluğunu
araşdırmaların mərkəzinə çəkir.
Hər sənətkardan bəhs edərkən həmin
yazıçının ədəbiyyatdakı yerini və
mövqeyini doğru-dürüst müəyyənləşdirməsi,
tərcümeyi-hal faktları ilə ədəbi prosesləri
üzvi surətdə əlaqələndirməsi Qəzənfər
Paşayevin müasir ədəbiyyata dair
araşdırmalarının səciyyəvi xüsusiyyətləridir.
Elm adamları, ədəbiyyatşünas alimlər
haqqında yazılarında Qəzənfər Paşayev Azərbaycanda
ədəbiyyat haqqında elmin tarixində və taleyində
görkəmli yeri olan elm xadimlərinin xidmətlərinin
ictimaiyyətin diqqət mərkəzinə çəkilməsinə,
onların yüksək vətəndaşlıq xüsusiyyətlərinin
yeni nəsillərə çatdırılmasına xüsusi
fikir verir. Akademik Bəkir Nəbiyevdən
söz açan "Ədəbiyyatşünaslıq elminin
patriarxı" monoqrafiyası müasir ədəbiyyatşünaslıqda
yaşanan proseslərlə yaradıcı şəxsiyyətin
münasibətinin əlaqəsi, tarazlığı, elmi nəticələri
kimi məsələlərin fonunda açılır.
Böyük vətəndaş-alim, professor Abbas Zamanova, "ədəbiyyatşünaslıq
elmimizin iftixarı" Yaşar Qarayevə, professor Yavuz
Axundluya, akademik İsa Həbibbəyliyə, professor
İmamverdi Əbilova və başqalarının fəaliyyətinə
qiymət verərkən Qəzənfər Paşayev elmə
xidmətin miqyasını doğru-düzgün müəyyən
edir, obyektivlik meyarını qoruyur və ən
başlıcası, mənəvi borc duyğusunu məsuliyyətlə
yerinə yetirir. Türkologiyanın ağsaqqalı kimi
yüksək qiymət verdiyi akademik Məmmədağa Şirəliyev,
"dilçilik elminin iftixarı" hesab etdiyi akademik
Ağamusa Axundov haqqındakı məqalələrində də
Qəzənfər Paşayev dilçilik elminin daxili məntiqindən
çıxış edərək qüdrətli dilçi
alimlərin bu elm sahəsinin inkişafı sahəsindəki
xidmətlərinin əsl mahiyyətini açıb obyektiv
meyarlarla dəyərləndirir. Bir sözlə,
ədəbiyyatşünaslıq və dilçilik məsələlərindən
söz açarkən də Qəzənfər Paşayev elm
haqqında elm yaratmaq bacarığını meydana qoyur.
Müasir ədəbiyyata dair digər tədqiqatlarında
olduğu kimi, ədəbiyyatşünaslara və dilçilərə
ünvanlanmış əsərlərində də Qəzənfər
Paşayev memuar cizgilərini təhlilləri və tədqiqatları
ilə vəhdətdə təqdim edir. Bu
yolla yazıçıların və alimlərin ədəbi-elmi
xidmətləri deyil, tərcümeyi-hallarının
maraqlı məqamları, şəxsiyyətləri, mənəvi
dünyası da təqdim olunur. Bütün
bunlar isə yazıçını və ya alimi mühiti və
müasirləri, mənəvi aləmi, münasibətləri
ilə birlikdə tam halda oxuculara çatdırmağa şərait
yaradır. Bu tip tədqiqatlarında Qəzənfər
Paşayev sənətkar və zaman münasibətlərinə
də aydınlıq gətirir, tədqiqatçılar
üçün faydalı ola biləcək
faktları və hadisələri elmi dövriyyəyə daxil
edir.
Ümumiyyətlə, İraq-türkman ədəbiyyatı, Kərkük mövzusu professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin ekvatorudur. Görkəmli alimin yaradıcılığında bu ekvatorun Şərq və Qərb qütbləri mövcuddur. Müşahidələr göstərir ki, professor Qəzənfər Paşayev uzun illər ərzində ardıcıl fəaliyyəti ilə Azərbaycan ədəbiyyatşünaslığının Şərq-Qərb divanını yaratmağa nail olmuşdur. İraq-türkman ədəbiyyatına həsr olunmuş elmi əsərləri Qəzənfər Paşayevin yaradıcılığının Şərq divanıdır. Bizə görə, Avropa ədəbi-elmi fikrinə, rus ədəbiyyatına həsr olunmuş elmi əsərləri, tərcümələri alimin Qərb divanından ibarətdir. Azərbaycan oxucusuna təqdim olunmuş fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri", amerikalı alim Sula Benetin "Necə yaşayasan-yüzü haqlayasan", ingilis ədibi Aqata Kristinin "Mavi qatarın sirri" romanının orijinaldan tərcümələri professor Qəzənfər Paşayevin Qərb divanının ayrı-ayrı fəsillərindən ibarətdir. Böyük münəccim Nostradamusun irsindən alınmış "Dərk olunmuş aləm" əsərinin tərcüməsi və nəşri də Qərbi daha geniş şəkildə, bütün yönləri ilə təqdim etməyə imkan verir. Müqayisədə Qəzənfər Paşayevin Şərq divanı ağır gəlsə də, onun Qərb ədəbi-elmi və ictimai fikrinin tədqiqi və təqdimatı sahəsindəki xidmətləri də sanballıdır. Qəzənfər Paşayevin "Şərq divanı" elmi salnamə, "Qərb divanı" isə daha çox təzkirə xarakteri daşıyır. Ümumilikdə "Şərq-Qərb divanı" həm də ədəbi-mədəni əlaqələrin tarixinin öyrənilməsi baxımından da qiymətlidir. Uzun illər ərzində Azərbaycan-İraq-Türkmən ədəbiyyatı sahəsində apardığı araşdırmaların nəticəsi kimi meydana çıxmış "Azərbaycanda və İraqda Bayatlar" monoqrafiyasını 2022-ci ildə nəşr etdirməklə Qəzənfər Paşayev xalqlarımızın arasındakı əlaqələrin daha dərin qatlarına nüfuz etməklə bu istiqamətdə yeni bir tarixi mərhələnin başlandığını bəyan etmişdir. İraq Bayatlar məsələsi müəyyən dərəcədə işlənsə də, "Azərbaycanda və İraqda Bayatlar" formatında ilk monoqrafik tədqiqatı hasilə gətirib kitab halında nəşr etdirmək missiyasını Qəzənfər Paşayev həyata keçirmişdir. Elmi fikrimizdə "Kitabi-Dədə Qorqud" dastanları ilə əlaqədar Bayat boylarından söz açılsa da, Azərbaycanda Bayatlar mövzusu birinci olaraq sistemli şəkildə Qəzənfər Paşayev tərəfindən təqdim olunur. Zəngin tarixi-coğrafi faktlar və ədəbiyyat materialları əsasında yazılmış monoqrafiyada Azərbaycanda və İraqda Bayat tayfasının mənşəyi, tarixi inkişaf yolu, demoqrafik mənzərəsi və xidmətləri böyük auditoriyaya çatdırılmışdır. Bu əhəmiyyətli əsərlə Qəzənfər Paşayev özünün Bayatnaməsini yaratmağa nail olmuşdur.
Əməkdar elm xadimi Qəzənfər Paşayev külliyyatını "Seçilmiş əsərlər" adı ilə təqdim etsə də, bu on iki cildlikdə alimin elmi əsərlərinin, tərcümələrinin, demək olar ki, hamısı toplanılmışdır. Bundan başqa, müəllif müasirlərinə göndərdiyi məktubları, teleqramları, dissertasiyalara, avtoreferatlara yazdığı rəyləri, resenziyaları, müxtəlif münasibətlə etdiyi çıxışları, hətta mühüm telefon danışıqlarını da yığıb-yığışdırıb çoxcildliyinə daxil etmişdir. Bütün bunlar bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla, on iki cildlik professor Qəzənfər Paşayevin şəxsiyyəti və irsi haqqında tam və geniş təsəvvür yaradır. Oxucu fədakar alimin yalnız elmi fəaliyyəti ilə tanış olmaqla qalmır, onun cəmiyyət həyatındakı, ədəbi-elmi mühitdəki fəal iştirakı və mövqeyi barəsində də aydın və dolğun təəssürat əldə edə bilir. Bundan başqa, elmi-ədəbi irsini, əlyazmalarını, hətta çıxışlarının mətnlərini bu qədər səliqə-sahmanla yığıb saxlamaq, sistemləşdirib nəşr etdirmək xüsusi bir qabiliyyətdir. Ədəbiyyatımızın və elmimizin tarixində irsini bu cür məxsusi dəqiqliklə tam halda qoruyub mühafizə edən, gələcək nəsillərə çatdırmaq üçün hazırlayan yalnız bir neçə ədibimizin adını çəkmək olar. Yusif Vəzir Çəmənzəminli, Əziz Şərif, Abbas Zamanov, Qulam Məmmədli və nəhayət, Qəzənfər Paşayev. Bu mənada Qəzənfər Paşayevin çoxcildlik "Seçilmiş əsərlər" yox, əhatə dairəsinə görə "Əsərləri" formatında görünür. Və irsini bu qədər həssaslıqla, dəqiqliklə, səliqə ilə, əhatə dairəsinin bütün genişliyi ilə ictimaiyyətə çatdırmaq özü də onun ziyalı kimi mühüm və böyük bir xidmətidir. Qəzənfər Paşayev çöxcəhətli yaradıcılığının elmi nəticələri olan sanballı əsərləri ilə bir sırada irsini epistolyar nümunələrinə və çıxışlarına qədər tam şəkildə ictimaiyyətə təqdim etməklə müasir ziyalılıq üçün nümunə göstərir. Professor Qəzənfər Paşayevin söz-sənət dünyasını və müasirləri ilə əlaqələrinin böyük miqyasını əks etdirən "Ədəbi məktublar" kitabı ilə uzun bir dövr ərzində yazdığı məktubların da külliyyatını oxuculara çatdırmaqla daha bir ziyalılıq nümunəsi təqdim edir. Qəzənfər müəllimin "Qəbələ: keçmişdə və günümüzdə" kitabı (2022) isə alimin azərbaycançılıq ruhunun elmi ifadəsi kimi mühüm əhəmiyyətə malikdir.
Respublikamızın elmi-ictimai mühitində professor Qəzənfər Paşayev yaxından iştirak edir. Ölkəmizin elmi ictimaiyyəti Qəzənfər müəllimin cəmiyyət və ədəbiyyat haqqındakı baxışlarını əsl ağsaqqal sözü kimi qəbul edir. O, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyi Təftiş Komissiyasının sədri kimi geniş və səmərəli iş aparır. İllərdən bəri çalışdığı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da professor Qəzənfər Paşayev elmi mühitin inkişafına ürəklə xidmət edir. Ədəbiyyat İnstitutunun Elmi Şurasında və Dissertasiya Şurasında Qəzənfər Paşayevin rəyi, qiyməti, münasibəti mötəbər söz kimi qəbul olunur. Azərbaycan ədəbiyyatşünaslıq elmi professor Qəzənfər Paşayevə özünün görkəmli yaradıcısı və böyük ağsaqqalı kimi dərin hörmət və ehtiram bəsləyir. Professor Qəzənfər Paşayevin elmi əsərləri böyük ömrün, yaşanan taleyin, ciddi və ardıcıl axtarışların, fasiləsiz, davamlı həyat və yaradıcılıq eşqinin sanballı ifadəsidir. Bir neçə il bundan qabaq oxuculara təqdim etdiyi "Ədəbi estafetlərdə keçən ömür" kitabında professor Yavuz Axundlunun elmi xidmətlərinə dair dərin səmimiyyətlə yazdığı aşağıdakı mülahizələrini ürəkdən gələn eyni böyük səmimiyyətlə və ciddiyyətlə görkəmli ağsaqqal həmkarının özünə aid etməklə fikrimi tamamlamaq istəyirəm: "Bu yorulmaz alimin elmi fəaliyyəti heyrətamizdir. Təkcə XXI əsrin əvvəlindən bu günə kimi yazılmış və çap olunmuş əsərlərinə nəzər salmaq kifayətdir ki, sözlərimdəki səmimiyyət anlaşılsın... Bu əsərlərdə ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, qələm sahiblərinə dərin məhəbbət qırmızı xətt kimi keçir. Bu yaşda belə tədqiqat aparmaq, uğur qazanmaq əsl fədakarlıqdır - desəm, yanılmaram. Görkəmli ədəbiyyatşünasımız bu gərəkli fəaliyyəti ilə nəinki gənclərə, eləcə də yaşlı ədəbiyyatşünaslar nəslinə də bir nümunədir".
Fikrimizcə, daha heç bir əlavəyə ehtiyac yoxdur.
Əməkdar elm xadimi Qəzənfər Paşayev Azərbaycan dünyası ilə şərəflə yaşayıb çalışan və Kərkük sevdasına məsuliyyətlə xidmət edən görkəmli alim-ziyalıdır.
Görkəmli Azərbaycan ziyalısı, ədəbiyyatşünaslıq elminin ağsaqqalı, professor Qəzənfər Paşayevi anadan olmasının 85 illiyi münasibətilə təbrik edir, hörmətli həmkarımıza elmimizin və ictimai fikrimizin inkişafı yollarında yeni-yeni uğurlar arzulayıram.
22 avqust 2022-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.-
2022.- 27 avqust.- S.8-9;13.