Xəzər
sahillərində Baltik
ab-havası...
2022-ci ilin iyul ayında
Vilnüsdə Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
Litva Yazıçılar İttifaqının
üzvü, ədəbiyyatşünas,
publisist və tərcüməçi Mahir Həmzəyevin
“Azərbaycan-Baltik mədəni
əlaqələri” komparativistik
araşdırmalar kitabı
işıq üzü
görüb (ISBN 978-609-95862-1-2).
500 səhifədən ibarət
bu irihəcmli kitaba müəllifin müxtəlif illərdə
və fərqli janrlarda yazdığı
130 addan artıq komparativistik araşdırma
işi daxil edilib. Bununla yanaşı, bu araşdırmaların məzmunu
və ideyası ilə bağlı 355 vahiddən ibarət fotoşəkillər, arxiv
materiallarının surətləri,
köhnə rəsm və görüntülərin
reproduksiyaları, qravürlər,
eləcə də antikvar kitabların, qədim qəzetlərin, afişaların, rəsmi sənədlərin, tarixi
əlyazmaların faksimileləri
də kitabda illüstrasiyalar qismində
yer alıb.
Topluda Azərbaycan və Baltik xalqlarının XIX əsrdən başlanan ədəbi-mədəni və
ictimai-siyasi əlaqələri
çoxsaylı arxiv mənbələri, rəsmi
sənədlər, elmi
əsərlər, tarixi
hadisələr və
məxəzlər, mətbuat
materialları, son illərin
mədəniyyət tədbirləri,
əyani misallar və geniş spektrli kulturoloji faktlar əsasında tarixi-praktiki aspektdə araşdırılıb təhlil
edilərək elmi-populyar
janrda təqdim olunub.
Kitab 1918-ci ildə müstəqil Azərbaycan, Estoniya, Latviya və Litva respublikalarını yaratmış,
həmin dövrdə
dövlətlərarası əlaqələrimizin təməlini
qoymuş, İstiqlalın
tanınması yolunda
birgə mübarizə
aparmış Azərbaycan
və Baltik xalqlarının Vətən
sevdalı övladlarının
şanlı xatirəsinə
həsr edilib.
Kitab Azərbaycan Respublikasının
Litvadakı Səfirliyinin
dəstəyi ilə Vilnüsdəki məşhur
“BALTO print” mətbəəsində 500 nüsxədən ibarət
tirajla çapdan buraxılıb. Nəşrin
üz qabığının
müəllifi və bədii redaktoru tanınmış Litva rəssamı
Deymante Ribakoviene, bilgisayar tərtibçisi
isə mütəxəssis
xanım Dalya Kavalyauskaytedir.
Əsər geniş
oxucu auditoriyası - o
cümlədən kulturoloqlar,
tarixçilər, ədəbiyyatçılar,
politoloqlar, konfliktoloqlar,
etnoloqlar, beynəlxalq
icmalçılar, eləcə
də multikultural cəmiyyət, dövlətlərarası
münasibətlər, diaspora, mədəniyyət və
etniklər siyasəti
sahəsində çalışanlar
üçün nəzərdə
tutulub.
M.Həmzəyevin “Azərbaycan-Baltik
mədəni əlaqələri“ kitabına yazılmış
müəllif sözünü
oxuculara təqdim edirik.
XXX
Müəllif sözü
Salam, dəyərli Oxucu!
Əlinizdə olan bu kitaba Azərbaycan
və Baltik xalqları (litvalılar, latışlar və estonlar) arasındakı çoxvektorlu mədəni
əlaqələrə dair
müxtəlif illərdə
yazdığım ədəbi,
kulturoloji və politoloji məqalələr,
resenziya, icmal, sənədli oçerk və esselər, media vasitələrinə verdiyim
müsahibələr daxil
edilib.
Topluda həmçinin bir sıra Azərbaycan və Baltik xalqları müəlliflərinin
bu mövzu ilə bağlı bəzi məqalələri
də yer alıb.
Burada getmiş
yazılar mövzu baxımından ən fərqli sahələri – tarix, ədəbiyyat, incəsənət, dini dəyərlər, pedaqogika,
publisistika, ədəbi
tərcümə, mədəniyyətlərin
qarşılıqlı təsiri,
müqayisəli dilçilik,
kulturologiya, politologiya,
türkologiya, baltikşünaslıq,
slavyanşünaslıq, etniklər
siyasəti, diaspora, beynəlxalq
hüquq, ictimai diplomatiya, dövlətlərarası
münasibətlər və
bir sıra digər istiqamətləri
əhatə edir. Bütün bu çeşidli mövzuların
hamısını Mədəniyyət
adlanan ümumi bir məxrəc birləşdirir. Deməli,
mədəniyyətin insan
fəaliyyətinin təməl
daşı, onun əsrlər boyu yaradıb nəsildən-nəsilə
ötürdüyü ən
çeşidli maddi və mənəvi sərvətlər toplusu,
tarixi yaddaşın daşıyıcısı olduğunu
nəzərə alsaq,
Azərbaycan-Baltik mədəni
əlaqələrini araşdırarkən
yalnız bir mövzu çərçivəsində
məhdudlaşmamağım, yəqin ki, başa düşüləndir.
XXX
Sizə təqdim
olunan publikasiyaların
bir qismi zaman kəsiyi baxımından təxminən 200 illik bir tarixi - XIX-XXI əsrlərin müxtəlif
mərhələlərini əhatə
etsə də, kitabda əsasən
1990-1991-ci illərdə Azərbaycan
və Baltik dövlətlərinin müstəqilliyinin
bərpasından sonrakı
dövrə aid mədəni
proseslər, tarixi olaylar və yeni geosiyasi nizamdan qaynaqlanan aktual mövzular üstünlük
təşkil edir.
Ensiklopedik xarakter daşıyan bu kitab Azərbaycan və Baltik dövlətləri müstəqillik
əldə etdikdən
sonra bu mövzuda dilimizdə çap edilən ilk nəşrdir. Mövzuların
çoxu dövlətlərimizin
istiqlal tarixində ilk
dəfə olaraq müstəqillik dövrünün
mədəniyyət siyasəti
doktrinasına uyğun
ideoloji yanaşmalar, keçmişə yeni baxış
və yeni konseptual dəyərləndirmələrə əsaslanan tədqiqat bucağı altında araşdırılıb. Bu çalışmaların
böyük qismində
xalqlarımız arasındakı
tarixi, ədəbi-mədəni
və ictimai-siyasi əlaqələrin yaranmasını
şərtləndirən amillər,
tarixi hadisə və proseslər, eləcə də əlaqələrimizin inkişafına
töhfələr vermiş
elm, mədəniyyət, incəsənət
adamları, ictimai-siyasi
xadimlər, diplomatlar və digər şəxsiyyətlər barədə
ilk dəfə olaraq bir sıra naməlum
faktlar və ümumiləşdirmələr verilib.
XXX
Azərbaycan-Baltik
mədəni əlaqələrinin
kök atmasında öncə Böyük
Litva Knyazlığında (1236-1569), sonra isə Böyük Litva Knyazlığı
və Polşa Krallığının birgə
yaratdığı Reç
Pospolita dövlətində
(1569-1795) yaşayan müxtəlif
xalqların xələflərinin - tatar, karaim, eston, latış, polyak, rus, ukrayna,
belarus, alman, sorb, ingilis,
fransız kökənli
xadimlərin dolayısı
ilə körpü rolu oynaması oçerklərdə xüsusilə
vurğulanıb. Bu yolla
əlaqələrimizin ilk pöhrələrinin
boy atması üçün
töhfələr vermiş
bir sıra yaradıcı xadimlərdən,
Vilnüs Universitetinin
məzunları – İqnati
Petraşevski, Adam Mitskeviç,
Osip Senkovski, Aleksandr Xodzko,
Lyudvig Şpitsnagel,
Anton Muxlinski kimi məşhur şərqşünas
alimlərin, şair və yazıçıların
gördüyü mühüm
işlər burada tarixi-praktiki aspektdə işıqlandırılıb.
Vilnüs Universitetinin məzunları.
XIX əsr. 1. A. Mitskeviç.
2. O. Senkovski. 3. A. Xodzko
Kitabda Baltik xalqları mühacirlərinin XX əsrin
1-ci rübündə Azərbaycanda
və Gürcüstanda
fəaliyyət göstərmiş
milli icmaları haqqında
nadir tarixi faktlar təqdim olunub, Qafqaz Litvalıları Şurası, Bakı Latış Cəmiyyəti
və Bakı Eston Cəmiyyətinin 1905-1922-ci illərdəki
fəaliyyəti, habelə
bu təşkilatların
liderlərindən Pranas Daylide,
Vilis Hertels, Ernests Freys,
Antons Freybergs, Karl Seller, Robert Puur, Heynrix Tomson və digər ictimai-mədəni
xadimlər barədə
bilgilər verilib.
Mədəni əlaqələrimizi zənginləşdirən
latış xadimləri:
1. E. Birznieks-Upitis. 2. A. Balodis. 3. Y. Medinş. 4. Y. Yaunsudrabinş.
Topluda latış, eston və litva xalqlarının
Ernests Birznieks-Upitis, Yekabs
Dravin-Dravnieks, Yanis Yaunsudrabinş,
Pavils Rozitis, Andreys Upitis,
Antons Balodis, Yazeps Medinş,
Otto Yohannes Kiisel, Peeter Friedrix
Kıyv, Fridrix Reynhold
Kreytsvald, Peeter Yakobson,
Yuhan Liyv, Anna Haava,
Artur Zifeldt-Simumyagi, Yurgis
Yustus Zauerveynas, Yule Pranaytite, Stasis Vaynoras,
Matas Şalçyus kimi
mədəni və ictimai-siyasi xadimlərinin
XIX əsrin sonu, XX əsrin I yarısında Azərbaycan-Baltik mədəni
əlaqələri sahəsində
gördüyü faktiki
işlər ehtiva olunmuş sənədli oçerklər, həmçinin
1918-1922-ci illər Litva-Azərbaycan
dövlətlərarası münasibətləri ilə
bağlı, eləcə
də 1919-1920-ci illərdə
Litva dövlətinin Cümhuriyyətdəki
konsulu Vintsas Kreve-Mitskəviçyusun 1909-1920-ci illərdə
Bakıda göstərdiyi
pedaqoji, ədəbi, elmi-mədəni, ictimai-siyasi
və diplomatik fəaliyyət haqqında
özgün araşdırmalar
dərc edilib.
Mirzə Şəfi poeziyasının
eston dilinə tərcüməçiləri: 1. P. Yakobson. 2. A. Haava. 2. Y. Liyv.
Bütün bunlarla yanaşı araşdırmalarda
qədim Azərbaycan-Baltik
elmi-mədəni və
ictimai-siyasi əlaqələrinin
türk kökənli
telləri də işıqlandırılıb. Bu, ilk növbədə Baltik ölkələrində və
Polşada XIV əsrin
ikinci yarısından
başlayaraq məskunlaşmış
qədim türk xalqları – Krım tatarları və karaimlərin bir sıra tanınmış
xələflərinin Azərbaycanla
ilgili akademik və ictimai-siyasi fəaliyyəti əsasında
təsvir olunub. Məşhur Litva-Polşa
karaim şərqşünasları
- Sürəyya Şapşal,
Ananiaş Zayonçkovski,
Vlodzimej Zayonçkovski
və Aleksandr Dubinskinin
türkoloji tədqiqatları
bu araşdırmalarda
Azərbaycan-Baltik mədəni
əlaqələrinin xusisi
bir kəsimi kimi təqdim edilib.
Litva-Polşa karaim şərqşünas alimləri:
1. S. Şapşal. 2. A. Zayonçkovski.
3. A. Dubinski.
Daha sonra, Azərbaycan Cümhuriyyətinin
dövlət idarəçiliyində
çalışmış bir sıra Litva-Polşa tatar xadimləri – o cümlədən
Olgerd Nayman və Leon
Nayman Kriçinski qardaşları
ilə Cümhuriyyətin
siyasi mühacirləri
arasındakı mədəni
və ictimai-siyasi əlaqələrə (XX əsrin
20-30-cu illərində) toxunulub.
Siyasi mühacirlərdən
Məmməd Əmin Rəsulzadə,
Xəlil bəy Xasməmmədov,
Əlimərdan bəy
Topçubaşov, həmçinin
Cümhuriyyət ordusunun
alay komandiri, polkovnik Vəli bəy Yadigarov, publisist Əli Azərtəkin, yazar-publisist, tərcümə¬çi
Mirzə Bala Məmmədzadə kimi xadimlərin və Cümhuriyyətin maarifpərvər xanımı
Şəfiqə Qaspralı-Yusifbəylinin
həm Kriçinski qardaşları ilə, həm də o vaxt Vilnüsdə yaşayıb fəaliyyət
göstərən karay
türklərinin öndəri
S. Şapşalla apardıqları
yazışmalar, Cümhuriyyət
ordusunun Baş qərargah
rəisi, Litva tatarı,
general Matvey Sulkeviçlə bağlı xatirələr
və digər əlaqələr araşdırılıb.
XXX
“Kitabi-Dədə
Qorqud” eposunun Baltik ölkələrində
tanıdılıb yayımlanması
məsələsi toplunun iki fəslində işıqlandırılıb.
Folklorumuzun şah əsərinin Baltik xalqlarının dillərinə
tərcümə edilməsi
çoxəsrlik Azərbaycan-Baltik
mədəni əlaqələri
tarixində parlaq ədəbi-mədəni olay
kimi diqqət mərkəzinə çəkilib
və eposun Baltik ölkələrində
nəşri bu möhtəşəm abidənin
dünya xalqlarının
mənəvi dəyərləri
xəzinəsinə daxil
olmasını əks
etdirən zəngin salnamənin orijinal və qiymətli səhifələri kimi dəyərləndirilib. Daha sonra,
“Kitabi-Dədə Qorqud“u litva, latış və eston dillərinə tərcümə edən
Sigitas Geda, Vaqif Arzumanlı, Uldis Berzinş, Anneli Pekkonen və
Vidadi Məmmədovun
yaradıcılığı haqqında bilgilər, eposun tərcüməsi ilə bağlı onların üzləşdikləri
çağırışlar və digər kreativ məqamlar barədə ədəbi tənqid və müqayisəli dilçilik
rakursunda bəzi düşüncələr təqdim
olunub.
“Litvaya gedən Nizami yolu...” oçerkində dahi Azərbaycan şairi Nizaminin XIX əsrdən başlayaraq Litvada öyrənilməsi və
əsərlərinin Litva dilinə
tərcümə olunub
yayımlanması tarixi
araşdırılır.
XX əsrin 1-ci yarısında
Azərbaycan mövzulu
əsələr yazmış
Litva yazarları. 1. Y. Pranaytite.
2. A. Vienuolis-Jukauskas. 3. Y. Paukştyalis.
4. V. Steponaytis.
XXX
Kitabın “Qarabağ düyünü
Litva diskursunda” adlı
fəsli Ermənistan-Azərbaycan,
Qarabağ münaqişəsi
barədə həqiqətlərin
ədəbi-publisistik üsul¬lar¬la
Litvada yayımlanmasına
həsr olunub. Münaqişə mövzusunda
təbliğat və maarifləndir¬mə işinin
çağdaş təcrübəsinə
istinadən Avropa düşüncə tərzinə
uyğun hazırlanmış
bir sıra yazılar, həmçinin
tanınmış Litva müəlliflərinin
münaqişəyə dair
məqalələrindən edilmiş bəzi tərcümələr də
bu fəsildə yer alıb...
XXX
Qeyd edim ki, mən əsərdəki çoxsaylı mövzuların
hər birini ayrı-ayrılıqda şərh
etmək fikrindən uzağam. Belə ki, diqqətli oxucu özü burada Azərbaycan-Baltik mədəni
əlaqələri ilə
bağlı ən müxtəlif yönlü
araşdırmalarla qarşılaşacaq,
çox sayda yeni faktlar və təzə adlar aşkar edəcək.
Lakin tədqiqatların üsulu
və kitabın mahiyyəti barədə daha bir neçə
fikir bildirməyin gərəkli olacağını
düşünürəm. Topluda tədqiqatlarla bağlı
elmi metod müstəvisində qaldırılan
bir sıra yeni elmi-nəzəri müddəalar,
əsasən Baltik ölkələrində reallaşdırılmış
mədəniyyət layihələri
və praktiki misallar əsasında tədqiq edilib. Araşdırmalarda işıqlandırılan
məsələlər, təqdim
olunan təsəvvür
və fikirlər,
proses və olayların
şərhinə yönəldilmiş
açıqlamalar yalnız
nəzəri baxışlar
kompleksinə söykənməyib.
Belə ki, irəli sürülən elmi, kulturoloji və komparativistik tezislərin bir qismi Baltik
ölkələrindəki bəzi
diaspor təşkilatlarının
akademik fəaliyyətinə
istinadən açıqlanıb,
yəni, nəzəriyyə
və təcrübə
birləşdirilib. Odur ki, əsər
sırf elmi xarakter daşımır, daha çox elmi-kütləvi səpkidə
yazılıb.
Kitabın əsas
məramı Azərbaycan
və Baltik xalqları arasındakı
tarixi və ictimai-mədəni əlaqələrin
köklərini axtarıb
üzə çıxarmaq
və bu əlaqələr zəminində
ölkələrimiz arasında
yeni məzmunlu mədəni körpülər
salmaq, müasir dövrdə münasibətlərimizi
genişləndirmək, xalqlarımızı
mənəvi cəhətdən
bir-birinə yaxınlaşdırmaq,
Baltik ölkələrində
bizə dost münasibət bəsləyənlərin
sıralarını artırmaq
və ölkəmizin
Baltik ölkələrindəki
imicini gücləndirməkdən
ibarətdir.
Bununla yanaşı,
topluda qədim mədəni əlaqələrimizdən
müstəqillik mənafeləri
üçün səmərəli
istifadə etmək, həmçinin SSRİ dönəmindəki
Azərbaycan-Baltik mədəni
əlaqələrini müstəqil
dövlət maraqları
çərçivəsində qiymətləndirmək və
milli maraqlara uyğun şəkildə
dəyişdirmək, Azərbaycanla
Baltik regionu arasındakı münasibətlər
sistemində ölkəmizin
özünəməxsus yer
tutmasını təmin
etmək kimi məsələlər işıqlandırılıb.
Kitab həm də Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq və
dialoq strategiyasını
daha məzmunlu və dinamik tərzdə həyata keçirməyə stimul
vermək məqsədini
güdür.
XXX
Əziz Oxucu! Bu kitabı yazarkən səmimi qəlbdən çalışdım
ki, Xəzər sahillərində Baltik, Baltik sahillərində isə Azərbaycan ab-havasını yaradım.
Məramıma nə dərəcədə yetdiyimi
bilmirəm. Lakin, mən hər bir halda Azərbaycan
və Baltik xalqlarının xoşbəxt
gələcəyinə, mədəniyyətlərimizin
daha da çiçəklənməsinə
böyük nikbinliklə
baxıram, xalqlarımız
arasındakı qarşılıqlı
anlaşma ənənələrinin
zənginləşməsinə, əməkdaşlıq körpülərinin
genişlənməsinə, mədəni əlaqələrimizin
yeni tarixi və ictimai-siyasi şəraitdə uğurla
davam edəcəyinə
ürəkdən inanıram.
Odur ki, Sizinlə gələcəkdə
mədəniyyətlərimizin qovuşuq məkanındakı
işığında yenidən
görüşmək ümidi
ilə... Qoy Uca Tanrı öz mərhəmətini
xalqlarımızdan heç
vaxt əsirgəməsin!
Bakı – Vilnüs
– Riga – Tallin, 10 dekabr 2021-ci il.
Mahir
HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası
Hökuməti yanında
Milli İcmalar Şurasının
üzvü
525-ci qəzet.-
2022.- 23 avqust.- S.16-18.