21 Azər Hərəkatı Güney Azərbaycan
ədəbiyyatında
Hələ 21 Azər Hərəkatına hazırlıq
getdiyi, hərəkatın baş verdiyi və məğlubiyyətinə
qədərki mühüm Azərbaycan tarixinin yeni
şanlı səhifələrinin yazıldığı
dövrdə Güneydə ədəbiyyatın
inkişafında böyük canlanma yaranmışdı,
görünməmiş sürətlə tərəqqi etməyə
başlamışdı. Bir sözlə, tədqiqatçılar
1940-50-ci illər Güney Azərbaycan ədəbiyyatını
çiçəklənmə dövrü kimi dəyərləndirirlər.
Görkəmli ədib və alim Xalq yazıçısı
Mirzə İbrahimov yazırdı: "Elmi fikri, sağlam
düşüncəsi, zamanın qabaqcıl
ideallarını, insan ürəyinin və xalqın mənəvi
aləminin uca hisslərini, ali məqsədlərini təsvir
və tərənnüm Cənubi Azərbaycan ədəbiyyatında
geniş yer tutur. Şairi,
yazıçını belə əsərlər yazmağa
ruhlandıran nədir? Hər şeydən əvvəl
xalqa, həqiqətə məhəbbətdir, təmiz, saf
insanlıq duyğusudur, vətənpərvərlik hissləridir!
Cənub şairlərində bu hisslər,
inqilabi yüksəlişlər dövrünün bu sərvətləri
sinədən qopan od kimi alovlanır, işıq verir!"
Necə də haqlıdır, böyük ədibimiz!
Qeyd edim
ki, 21 Azər Hərəkatı - Nehzətinin qələbəsindən
sonra İran tarixində ilk dəfə olaraq siyasi hakimiyyət
xalqın, onun öndərlərinin yaratdığı Azərbaycan
Demokrat Firqəsinin əlinə keçirir, xalqın arzu və
istəklərinin, uzun illər buxovlanmış diləklərinin
gerçəkləşdirilməsini özünə
vəzifə, borc bilən Azərbaycan milli qanunvericilik, milli
icra orqanları - Milli Hökumət və Milli məclis təşkil
olunur (21 dekabr 1945). Bütün bu mühüm
inqilabi əhəmiyyətli işlər həmin zaman kəsiyində
Azərbaycan ədəbiyyatının inqilabi publisistika,
poeziya, nəsr, dramaturgiya qollarının azad inkişaf
dövrünə qədəm qoyması üçün
geniş imkanlar açdı.
Milli Azadlıq hərəkatının
başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri,
azadlıq fədaisi xalqın dərin sevgisini qazanmış
S.C.Pişəvəri həm də istedadlı
yazıçı, təcrübəli publisist idi və o, müharibədə
məhz həqiqət axtarışındaydı. Güney Azərbaycan
xalqının illərdən bəri itirdiyi həqiqətin
axtarışında. Ona görə də S.C.Pişəvəri
bir yazıçı, həm də təcrübəli
publisist kimi ölkənin hərtərəfli
inkişafına, mədəniyyətin tərəqqisinə rəvac
verən "Hürriyyət", "Yoldaş", "Azərbaycan
füqərası", bu dövrdə isə "Azərbaycan"
qəzeti kimi mühüm mətbuat orqanlarını yaradaraq rəhbərlik
etmiş, Güney Azərbaycan mətbuatını
formalaşdırmışdır. Elə
yüksək səviyyəli mətbuat ki, o azadlıq hərəkatının
ideoloji zəminini yarada bilmiş, bu ideologiyanın mahiyyətini,
izahat işini kənd və şəhərlərə, əhalinin
geniş təbəqəsinə - zəhmətkeşlərə
çatdırmağın öhdəsindən layiqincə gəlmişdir.
Şair və
yazıçıların döyüş cəbhələrinə
gedib müşahidələri əsasında
yaratdıqları sənət inciləri bu kimi mətbuat
orqanlarında "Azərbaycan", "Cövdət",
"Urmiyyə", "Qələbə", "Azad millət",
"Azər", "Günəş", "Demokrat",
"Fədai", "Azərbaycan ulduzu" adlı qəzet
və jurnallarda işıq üzü görür, xalqa
çatdırılır, geniş miqyasda maarifçilik,
inqilabi təbliğat işi aparılırdı.
Görkəmli
söz ustası Mir Mehdi Etimad coşqun vətənpərvərlik
duyğularının diktəsi ilə Milli hökumətin
dövlət himnini yazmış, qoca Şərqin
çırağı Azərbaycanı - möhtəşəm
odlar yurdunu tərənnüm etmişdi:
Ey vətənim
- Azərbaycan,
Əbədi
odlardan nişan.
Adlı-sanlı
keçmişin var,
Sən böyütdün qəhrəmanlar.
Qoca Şərqin
çırağısan,
Azadlığın bayrağısan.
Tarix
boyunca yadigar
İftixarlı asarın var.
Sənsən
bizə ana Vətən
Sənsən
bizə nemət verən
Sənsən
bizə ruhi-rəvan,
Yaşa-yaşa
Azərbaycan!
Azərbaycan,
Azərbaycan,
Aslanların
məkanısan,
Sən
qurduğun yeni həyat
Xalqımıza
verdi nicat.
Gözəl
günlər gətiribsən,
Səttarxanlar yetiribsən.
Qoy
yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun.
Bir ara ölkədə yaranan nisbi azadlıqdan
istifadə edən M.M.Etimad 1942-ci ildə "Şairlər məclisi"ni
yaratmaq ideyasını irəli sürür. Əli
Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və
Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər.
Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə
baş-layan Azərbaycan yazıçıları və
hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr
seçilir. Etimadın rəhbərlik etdiyi
"Şairlər məclisi"nin Urmu, Zəncan,
Ərdəbil və Astara şəhərlərində də
şöbələri yaradılır. "Məclisin
aylıq orqanı olan "Şairlər məclisi"
jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, almanax
adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində
yazıb-yaradan şair və yazıçıların əsərləri
çap olunur".
"Şairlər məclisi" Cənubi Azərbaycanda
ədəbiyyatın məzmunca zənginləşməsi və
ədəbiyyatda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin
əks etdirilməsi sahəsində böyük işlər
görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhzun,
M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya,
Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, B.Azəroğlu,
H.Nasiri, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan,
Savalan, A.Bariz, Qaflantı, M.Zehtabi və başqaları ilə
bərabər, M.M.Etimad da zülmə və
zorakılığa, əsarət və səfalətə,
milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu
əsərlər yaradaraq ədəbi fikrin təzələnməsinə
təsir göstərir. O, Vətənin səmasında
doğmuş azadıq günəşini, Milli Hökuməti
ürəkdən tərənnüm edir, sevinc
duyğularını poetik misralara çevirirdi. Ədəbiyyat
böyük vüsətlə inkişaf edir, Cənubi Azərbaycanda
ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri,
yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan
Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət
üçün gəlmiş M.İbrahimov, S.Rüstəm,
M.Rahim, Q.Məmmədli, Q.İlkin və b. yaradıcı
ziyalılara qoşulan Mir Mehdi Eti-mad öz həmkarları ilə
bir sırada addımlayır, dövri-mətbuatda - "Vətən
yolu"nda, "Azərbaycan", "Sitareyi-Azərbaycan",
"Xavəri-no", "Azad millət", "Urmiyyə",
"Cövdət", "Fədai", "Demokrat",
"Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda
şeir və məqalələri ilə
çıxış edirdi. Etimadın
xüsusulə uşaq və gənclər, eləcə də
böyüklər üçün yazdığı əsərlərdə
əxlaqi-didaktik mövqe özünü daha qabarıq
göstərir. Ədib gəncləri gələcəyin
görən gözü, düşünən beyni sanır,
onların Vətənin sabahı üçün hərtərəfli
şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində
ədəbiyyatın əvəzsiz rol oynadığını
düşünürdü.
Təbii
ki, ana yurdun şanlı-şövkətli tarixini, səttarxanlar,
xiyabanilər, pişəvərilər yetirən əzmli bir
xalqın milli-mənəvi dəyərlərini, aslanlar
oylağını şirin Azərbaycan türkcəsində vəsf
edən Etimadın "Yaşa Azərbaycan!" himnini dinləyən
hər bir Vətən oğlu, Vətən qızı
mübarizə və qələbə ruhunda köklənirdi.
Təbrizdə fəaliyyət göstərən "Şairlər
məclisi"nin ilk qurucularından biri,
Güney Azərbaycanda dalğalanan azadlıq, milli-demokratik hərəkatlarının
fəal iştirakçılarından olmuş Əli Fitrət
üçün də Vətən eşqindən, yurd məhəbbətindən
ali duyğu yoxdur. Vətən sevgisi ədib üçün
bütün məhəbbətlərdən, sevgilərdən
yüksəkdə durur, böyük şövqlə elini,
dilini, Azəristanı vəsf edir, "min canım olsa, yenə
Azərbaycanın adına
qurbandır", - deyirdi:
"Şairlər məclisi"ndə birləşən
şairlər, qələm sahibləri daha cəsarətli,
daha əzmli, daha səmimi və poetik cəhətdən daha
mükəmməl misraları ilə Azərbaycan Milli
hökumətinin həyata keçirdiyi demokratik islahatları,
quruculuq işlərini nəzmə çəkirdilər. 21 Azər Nehzəti
misralarından od-alov saçılan, təbi coşqun dağ
çayları tək çağlayan, müstəqil fikirli,
sərbəst düşüncəli, orijinal
yaradıcılığı ilə heç kəsə bənzəməyən
Bulud Qaraçurlu Səhəndin də ən böyük
sevgisi Vətən, ən böyük istəyi uluyurd, millət,
xalq, ən böyük ülfəti doğma ana dili ilə
ülfəti, mehri-məhəbbətidir.
Qoyun məhkum
olum millətçilikdə,
Dünyada millətin sevməyən kimdir?
Dilin,
elin, yurdun talan etsələr,
Acıyıb başına döyməyən kimdir?
Ancaq bir
sözüm var: mən də insanam,
Dilim var, xalqım var, yurdum, yuvam var.
Yerdən
çıxmamışam göbələk kimi,
Adamam,
haqqım var, elim, obam var, -
deyə
sonsuz ürək yanğısı ilə xalqının
üzləşdiyi milli zülm və milli
ayrı-seçkiliyi qələmə alan Səhənd 21 Azər
Hərəkatının qələbəsindən çox
böyük nəşə və sevinc hissləri
yaşayır, ruhu göylərdə pərvaz edir, ilhamı
coşub-çağlayır. İnsanları daim bir-birinə
qardaş, dost görmək istəyən, ən böyük
arzusu humanizm, sülh və azadlıq olan Səhənd inqilab
mücahidlərinə, azadlıq fədailərinə müqəddəs
amal uğrunda mübarizə apararaq qələbə
qazandıqlarına görə onlara alqış deyir,
iftixarla, fərəhlə vəsf edir:
Tarixlər
boyunca ey böyük vətən,
Yağıya, düşmənə əyilmədin sən.
Bu gün
təbiətdən ilham aldım mən,
Keçdi
səhər vaxtı bu söz ürəkdən
İnsana ruh verən dilinə alqış!
Qırdın zəncirləri, yıxdın zindanı,
Zalim düşmənlərə tutdun divanı,
Hər zaman bəslədin bir qəhrəmanı
Xəzanlar görməyən dilinə alqış!
Əzəldən sən oldun sənət ocağı,
Ədiblər məskəni, şair yatağı,
İgidlər beşiyi, gözəllər bağı,
Söyləyir Razi bu maraqlı bağı,
İnsana ruh verən dilinə alqış!
1945-46-cı illər Azərbaycan milli-demokratik hərəkatı B.Q.Səhəndin ruhunda, yaddaşında elə silinməz izlər buraxır ki, hərəkat irticaçı, mürtəce qüvvələr tərəfindən qan gölündə boğulduqdan sonra da onun təsirindən uzun müddət, əslində ömrünün sonunadək çıxa bilmir. Bu illərdə yaşadığı sevinc və kədər duyğuları, acılı-şirinli xatirələri "Araz" və "Xatirə" mənzum əsərlərində qələmə alır və 21 Azər hərəkatının bədii-tarixi, sənədli təsvirini verir:
Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Zülm əlindən azad olsun, bu müqəddəs vətənim...
Qarapapaq türklərinə məxsus qorxmazlıq, cəsarət, əyilməzlik, mərdlik özəllikləri milli xarakterində birləşdirən Qulu xan Borçalu bütün Azər elinin inqilab işığına bələnməsindən çölün, çəmənin, meşənin, düzün, Ana torpağın azadlıq günəşinin parlaq şəfəqləri altında bəxtinin güldüyündən, Odlar diyarının hər qarışının da gülüstana döndüyündən riqqətə gəlir, sevinc, fərəh duyğularını poetik misralara çevirir!
1945-46-cı illər inqilabı Haşım Tərlanı da ruhlandırır və xalq hərəkatı şövqə gələn ürəyinin əsl ilham mənbəyi olur. "Mən tufanlar qucağında doğulmuşam, Mən üsyanam, əzəlindən budur peşəm" deyən üsyankar şair böyük sevinc hissləri yaşayır, hərəkatın amal və məqsədini tərənnüm edən "Qalibiyyət bayramı", "Vətən", "Şah gedər oldu", "Mənimdir", "Azərbaycan əncüməninə", "Görürəm", "Dədə Qorqud" və sair kimi şeirlər yazır. İrandakı mövcud durumu, yenə də al-qanlar içində çalxalandığını, tufanlar, qasırğalar içində olsa da xalqın taleyinin üzünə gülməsini - Vətən səmasında inqilab günəşinin doğmasını, "Andımız qəhrəmanlıq, vicdanımız tərtəmiz, qanadımız inqilab, məqsədimiz azadlıq" deyərək şahlar məzarlığında azad həyat qurmağa durmadan can atan xalqının çabalarını alqışlayır.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.-
2022.- 1 dekabr.- S.11.