Qəni Camalzadə haqqında dost sözüm
Qəni Camalzadə haqqında müxtəlif dərgilərdə
bir neçə dəfə yazsam da, onun yaradıcılığı
ilə bağlı kitab hazırlandığını
eşidəndə, qərara
aldım ki, məqamdı, ürəyimdən
keçənlərin hamısını
olmasa da, bir qismini yenə
də ona çatdırım. Bəli, ona və həm də onun oxucularına.
1980-ci ildə baş
tutan şəxsi tanışlığımızdan qabaq imzasına bələd idim. "Ədəbiyyat və incəsənət" qəzetində,
"Kirpi" jurnalında
satirik-yumoristik qələm
təcrübələri çap
olunurdu.
İlk tanışlığımız
bir qədər dumanlı olsa da, yadımdadır. Mənim yenicə
işləməyə bağladığım
"Azərbaycan" jurnalına
bir neçə hekayə təqdim eləmişdi. Bu ədəbi nümunələrin
arasında "Borc"
adlı yumoristik hekayə xoşuma gəldi və onu çap olunmaq üçün Baş redaktora - Əkrəm Əylisliyə
təqdim elədim.
Yeri gəlmişkəm, onu da qeyd edim
ki, Əkrəm müəllimin bir tələbi də bu idi ki,
jurnalın hər sayında satirik-yumoristik nümunələr çap
olunsun. Yadımdadır,
"bizim satiramızın
güclü kökləri,
ənənələri var",
- deyirdi və dönə-dönə vurğulayırdı
ki, bu ənənələri
yeni ədəbi nəsillər yaşatmalıdır.
Qəninin "Borc" adlı yumoristik hekayəsini Əkrəm müəllim
də bəyəndi və hətta soruşdu ki, kimdi bu Qəni
Camalzadə?
Qəni
Camalzadə ilə növbəti görüşümüz
"Borc"un nəşrindən sonra baş tutdu və mənə bəlli olanda ki, o, ixtisasca alitəhsilli mühəndisdi,
onun yaradıcılığına
marağım bir qədər də artdı. İlkin söhbətlərimiz əsnasında
hiss etdim ki, o, ali humanitar
təhsili almasa da, yalnız milli ədəbiyyatımıza
yox, ümumiyyətlə,
ədəbiyyata kifayət
qədər bələddi.
Və mənə elə gəlir ki, elə onun bu
üstünlüyü də
aramızda körpü
oldu və biz vaxtaşırı görüşməyə
başladıq. Hətta bir
dəfə onu Yeni Əhmədli qəsəbəsindəki mənzilimə
dəvət elədim.
Öz əlimlə düzəltdiyim
kitab taxçasından
heç aralanmırdı.
Axşamdan xeyli keçəndən sonra getmək istədiyini bildirəndə, dedim ki, sənə yalnız bir kitab bağışlaya bilərəm, hansını
istəyirsən, götür.
Və o fikirləşmədən Nazim
Hikmətin Bolqarıstanda
nəşr olunmiş
kitabına əl atdı. O nümunə
mənim üçün
nə qədər qiymətli olsa da, söz dilimdən
çıxmışdı. Və Qəni məmnunluq içində
kitabı vərəqləyib
ordan bu misraları oxumağa
başladı:
"Hansı deniz senin kibi qapalı,
Hansı
deniz senin kibi denizlerden habersiz?.."
Əlbəttə, söhbət Xəzər
dənizindən gedirdi
və o zaman artıq bütün ədəbi aləm bilirdi ki, böyük
Nazim Hikmət üzünü Xəzərə
tutuban nə deyir, nələr deyir... Hamı başa düşürdü
ki, bu şeirdə
təsvir olunan coğrafiya sadəcə, simvoldu. Və mənə elə
gəlir ki, o zamanlar Qəni ilə məni də elə belə-belə "simvollar"
yaxınlaşdırdı. Necə deyərlər, çayın axınına
qarşı üzə
bilirsənsə, üz...
Və o
zamanlar, mənim qənaətimcə, Qəni
Camalzadə də ədəbi yaradıcılığı
və ədəbi platforması ilə çayın axınına
qarşı üzənlərdən
biri idi və bunu o, 1984-cü ildə nəşr olunmuş "Yeni səslər" almanaxındakı
hekayələri ilə
bir daha sübut elədi. Bu minvalla o, 1985 və 1988-ci illərdə nəşr olunmuş "Yaxşı
oğlanın dayısı"
və "Sonuncu yeznə" kitablarında
da ədəbi yoluna sadiq idi
və artıq onun yazılarını bir dost kimi daha
çox əlyazmasında
oxuyurdum və müəyyən qədər
məsləhətlərimi də əsirgəmirdim.
1991-ci ilin sonlarında
onun sorağını
Qarabağdan aldım,
topçu alayında zabit kimi döyüşlərə
qatılmışdı. 1992-nin yazında döyüş
mövqeyinə yaxın
bir ərazidə görüşdük. Yeri gəlmişkən,
mən bu barədə "Son dayanacaqlardan
biri" sənədli
povestimdə ətraflı
bəhs etmişəm
və ona görə də bu görüşün təfsilatı barədə
danışmaq istəmirəm.
Döyüşlərin birində onun
yaralanmasını, hospitallarda
yatmasını və
Birinci Qarabağ müharibəsindən qazi
kimi qayıtmasını
isə sonralar bildim. Və onu da bildim ki, dövlət
bir müharibə qazisi kimi ona
torpaq sahəsi verib ki, həyatını
yenidən qursun.
Əslinə qalsa, bir zabit kimi
həyatını döyüş
meydanlarında davam etdirmək niyyətində
imiş... Bəlkə
də indi general olmuşdu, şanlı qələbəmizlə başa
çatan İkinci Qarabağ müharibəsində
də iştirak etmişdi, Milli Qəhrəman idi - nə biləsən?.. Amma deyir,
sən saydığını
say, gör fələk
nə sayır...
Fələk də nə sayacaq? Qəni bir qazi kimi dövlətin
ona bağışladığı
torpaq sahəsində dolanmaq üçün öz işini qurdu və yeni
əsərlərini yazmağa
başladı, sanki bir daha dərk
elədi ki, onun işi elə
budur: yazmaq...
Və müharibədə aldığı
zədələrdən daima
əziyyət çəkməsinə
baxmayaraq, bir-birinin ardınca "Qohumların
əsiri", "Qızıl
xotuq", "Karxana",
"Kiaksarın sonuncu
savaşı", "Şeytana
daş atanlar" kimi povest və
romanlarını yazdı,
öz vəsaiti hesabına da çap etdirdi. Və təbii ki, mən bu
əsərlərin hamısını,
bir dost kimi əlyazması halında oxumalı olmuşdum, hətta bəzilərini redaktə etmişdim, nəşri üçün
səy-çaba göstərmişdim.
Bu qəbildən "Qızıl xotuq" romanı haqqında ayrıca bəhs etmək istəyirəm.
Nədən ki, mənim
fikrimcə, bu, dostumun ən mükəmməl əsəridir.
Yeri gəlmişkən, burda yumoristik çalarlar gözə çarpsa da, roman ciddi təhkiyə üslubunda qələmə alınıb.
Mövzu
da Qəninin adət etdiyim yaradıcılığından fərqlidir; Sovet ateist sistemi ilə İslam dini, onun mənəvi
dəyərləri qarşı-qarşıya
qoyulub.
Qəni haçansa öz əcdadları-nəsil şəcərəsi
haqqında da mənə danışmışdı
və mən elə ilk haşiyələrdən
sezdim ki, o, həm də öz yaxın keçmişinin mənəvi
dünyasına işıq
salıb və ordakı İslam nurunu oxucuya göstərə bilib. Olsun, olsun, olsun... Bu romanın "Azərbaycan"
jurnalında nəşri
öz yerində, rus dilinə tərcüməsinə, "Literaturnıy
Azerbaydjana" dərgisində
çapına da məmnunluq hissilə dəstək oldum. Ona görə yox ki, roman yaxın dostumun qələmindən
çıxmışdı, ona görə ki, bu roman hər
cürə təqdirə
layiq idi. Böyük hörmət hissilə qeyd edirəm ki, romanın rus dilinə tərcüməsini rusdilli
gözəl yazıçımız
Nadir Ağasiyev boynuna
götürdü və
həyat yoldaşı
Mədinə xanımla
birlikdə bu çətin işin öhdəsindən gəldi.
Bu əsərin okeanın o tayında, Birləşmiş Ştatlarda
çap olunub yayımlanmasını da mən təbii qarşıladım.
Qəni
Camalzadənin "Azərbaycan"
jurnalında çap olunandan sonra xaricdə nəşr olunub yayımlanan daha bir romanı
"Karxana"dır. Burda yerli
kriminal aləmin yaxın keçmişi yazıya alınıb.
Romanın ilk fəsillərini
əlyazmasında oxumağa
başlayanda, mənə
elə gəldi ki, dostum populyarlıq
eşqinə düşüb,
oxucularının sayını
artırmaq istəyir,
amma sonra gördüm yox, o, sadəcə 1941-45 müharibəsindən
sonrakı həyatımızı,
çeşidli insan talelərini qələmə
alıb və burda ön planda
olmasa da, onun "mən"i daha qabarıqdır və bu "mən" romanın bir qədər qaranlıq "coğrafiyasından"
nur kimi keçir.
Yeri gəlmişkən, onu da vurğulayım ki, Qəninin bu iki romanına - "Qızıl xotuq"la "Karxana"ya ədəbi ictimaiyyət də biganə qalmayıb. Səyavuş Məmmədzadə, Vaqif Yusifli, Aydın Xan, Kənan Hacı, Ağacəfər Həsənli kimi ədəbi simalar bu ədəbi nümunələr haqqında sanballı məqalələr yazıblar.
"Qızıl xotuq" "Azərbaycan" jurnalında çap olunarkən müəllifin razılığı ilə romanın adını dəyişdim: "Fosforlu ekizlər" qoydum, amma kitab halında nəşrə verəndə Qəni yenə əsərin əski adını bərpa elədi və mən də bunun səbəbini soruşmadım. Üzümə baxa-baxa qaldı... Dostluqda belə şeylər də olurmuş...
2021-ci ildə, pandemiyanın bütün dünyada tüğyan elədiyi bir vaxtda Qəni "Kiaksarın sonuncu savaşı" romanının təqdimatını keçirəndə məni də dəvət eləmişdi və mən artıq bu roman haqqında fikrimi ona bildirmişdim:
- Kiaksarın şəxsiyyəti tarix üçün də dumanlıdır, niyə Birinci Qarabağ savaşında başına gələnləri yazmırsan?
Bir xeyli fikirləşəndən sonra verdiyi cavab da yadımdadır:
- Öz toplumunun məğlubiyyətini kim yazıb ki, mən də yazam? Mən o günlərə qayıtmaq istəmirəm... Hərdən mənə elə gəlir ki, o günləri yuxuda görmüşəm.
2022-ci ildə Qəni Camalzadənin "Şeytana daş atanlar" əsəri meydana gəldi. Yazıda, Həcc ziyarətinə gedən bir zəvvar dəstəsi bütünlüklə ifşa olunurdu.
- Ağrımayan başına niyə dəsmal bağlayırsan? - dedim, - axı sən özün də yaxın keçmişdə o şeytanı daşlamısan?
Deyəsən, incidi... 50 ildən də bir qədər artıq sürən dostluğumuzda mən yalnız bir dəfə ondan incimişdim. O da son illər... Notbukla davranmağı mənə öyrətmək istəməyəndə. Amma sonra hiss elədim ki, elə o da bu notbuku mənim kimi bilir...
Qəni Camalzadə artıq 70-i haqlasa
da, səhhətində problemlər meydana çıxsa da, cərrah
əlindən su içsə də, hələ
də qələmi yerə qoymayıb. Bu günlərdə isə
eşitdim ki, İkinci Qarabağ
müharibəsi haqqında roman yazmağa başlayıb. Əlbəttə, sevindiricidir. Üstəlik də, görünür, yaddaşlarda
sadəcə iş adamı kimi qalmaq istəmir və
yazıçı imici daha
cazibədar görünür...
Məmməd ORUC
525-ci qəzet.- 2022.- 2 dekabr.- S.9.