Dədəm, nənəm, babam və... Fellininin "pul fəlsəfəsi"

(Həyat lövhələri)

 

CAVABINI TAPMADIĞIM SUAL

 

 

Aşağıda gördüyünüz foto mənim şəxsi arxivimin ən yaşlı fotosudur. Şəkildəki qadın - nənəm, onun yanında dayanan oğlan uşağı isə - dədəmdir (biz ailədə atama "dədə" demişik). Dədəmin burada 7-8 yaşı olduğunu nəzərə alsaq, şəkil ya 1934, ya da 1935-ci ildə - yəni insanların maddi durumunun çox ağır olduğu vaxtlarda çəkilib və deməli, nənəmin də 29-30 yaşı var.

Dədəm anadan olandan az sonra nənəm babamdan ayrılıb ata evində yeganə övladını - dədəmi tək böyütmüşdü. Eşitdiyimə görə, boşanmanın səbəbi babamın nənəm tərəfindən xəyanət kimi qiymətləndirilən hansısa əməli olub. Nənəm babamdan elə küsmüşdü ki, ömrünün sonuna qədər bir dəfə də olsun onun adını dilinə gətirmədi. Atası ola-ola atasızlıq dərdi yaşamış, uşaqlığı aclıq, əziyyət, məşəqqət içində keçmiş dədəm isə hətta ahıl vaxtlarında da özünü "atalı yetim" adlandırsa da, nəyə görəsə atasına pis münasibət bəsləmir, ona nənəm kimi nifrət etmirdi. Hətta onun adını Əli adı ilə birləşdirərək mənə qoymuşdu. Bu isə nənəm üçün əlavə problemlər yaratmışdı. Onun dilindən bir dəfə də olsun öz adımı eşitmədim - məni həmişə "Əlsəfa" - deyib çağırırdı...

Son vaxtlar nənəmin gözləri yaxşı görmürdü. Bir dəfə təqaüd ardınca gedib evə qayıdanda öz küçə qapılarının ağzında kətildə oturub babamla söhbət edən qonşumuz molla Cəfər kişiyə salam vermişdi, sonra biləndə ki, babam da orda imiş və verdiyi salamdan dolayısı ilə ona da pay düşüb - yazıq arvad səhərə kimi ağlaya-ağlaya günahından keçməsi xahişi ilə Allaha yalvardı...

Mən sonralar başa düşdüm ki, dədəmin  ailəyə, övladlarına məhəbbəti ilə yanaşı, sərtliyi, əsəbiliyi, açıq desəm, bir az qəddarlığı uşaq vaxtı aldığı psixi zədənin nəticəsi imiş. Bəs onda bu hörmət nəyin təzahürü idi? Deyilənə görə, dədəm bazarda-filanda atasını görəndə yumaq kimi bükülürmüş...

Sonralar nənəmin gözləri tam tutuldu. Əməliyyata razılıq vermədi və şüurlu şəkildə öz ölümünə hazırlaşmağa başladı. Son günlərdə isə yeməkdən tam imtina etdi ki, Allahın hüzuruna sözün hər mənasında tər-təmiz getsin (!)

Nənəm babamdan tez - 66 yaşında vəfat etdi. O vaxta qədər bir dəfə də qapımızı açmayan babam onun bütün hüzür məclislərində iştirak etdi, özü isə 90 yaşına kimi yaşadı...

Dədəm 1997-ci ildə 70 yaşında dünyasını dəyişdi.

...Dədəmin atasına, nənəmin isə keçmiş ərinə münasibətindəki bu fərqli nüanslar hələ də mənim üçün həll olunmayan paradoks kimi qalır...

Allah hər üçünə rəhmət eləsin.

 

"NƏ YEMİSƏN, TURŞULU AŞ"

 

Sovet dönəminin həsrəti ilə yaşayanlar keçmişi ideallaşdıranda özlərinə bəraət qazandırmaq üçün belə ifadələr işlətməyi xoşlayırlar: "O vaxt rüşvət yox (yaxud az) idi", "Sovet cəmiyyətində haqq, ədalət gözlənilirdi" və s.

Aşağıda nəql edəcəyim hadisə də ötən əsrin dərsliklərində "sosializmin inkişaf etmiş mərhələsi" kimi səciyyələndirilən 70-ci illərinin lap əvvəllərində baş vermişdi.

Mənim rəhmətlik dədəm çörək zavodunda sürücü işləyirdi, yəni zavodda bişirilən çörəkləri idarə etdiyi avtomobilə yükləyib mağazalara daşıyırdı. Mağazaları (və deməli, sakinləri) çörəklə vaxtında təmin etmək təbii ki, təkcə çörək bişirənlərin diribaşlığından yox, həm də sürücünün çörəyi maşına vaxtında yükləməsindən, ünvanlara vaxtında çatdırmasından çox asılı idi.

Burası belə. İndi keçək əsas mətləbə.

Deməli, illər ötdükcə rayon əhalisinin   çörək mağazalarının da sayı artır və iş gəlib o yerə çatır ki, zavodun həyətində yerləşən "yükləmə meydançası"ndakı narahatlıq, çatışmazlıq işin ümumi təşkilində problemlər yaratmağa başlayır. Dədəm bir neçə dəfə təklif edir ki, çörəyi maşına yükləyən sürücünün işini yüngülləşdirmək, vaxt itkisinin qarşısını almaq üçün həmin meydançada kiçik bir səki qurulmalıdır və hər dəfə də zavodun direktoru bu təklifi qulaqardına vurub kobud şəkildə atama ismarış göndərir ki, get öz işinlə məşğul ol. Növbəti insident atamın səbirsiz və əsəbi olması səbəbindən əlbəyaxa "razborka" mərhələsinə keçir və bu "razborka"da bədənə yetirilən xəsarətin yeganə əşyayi-dəlili - direktorun paltosunun ətəyindəki ayaqqabı izi bir göz qırpımında milis idarəsində dədəmə qarşı cinayət işinin başlanmasına bəhanə olur. Uzunçuluq olmasın deyə, təfərrüatlara varmıram - biz qohum-qonşunun köməyi ilə həmin ayaqqabı izinin doğurduğu "cinayət" məsuliyyətini o vaxtın pulu ilə iki min manata satın aldıq və dədəmi elə bir maddə ilə cəzalandırdılar ki, elə məhkəmə zalından evə gəldi və səhərisi gün işə çıxdı.

Amma sən saydığını say, gör fələk nə sayır.

Bu əhvalatdan düz 7 il sonra - o vaxt mən  Rusiyada hərbi xidmətdə idim - çörək mağazalarından birinin müdiri əsassız yerə dədəmə "ilişməyə" başlayır. Dədəm əvvəlcə əhəmiyyət vermir, amma iş gəlib təhqirə, söyüşə dirənəndə səbr kasası daşır, görür ki, bu qanmazı Məşədi İbad üsulu ilə yerə yıxıb ağzına-ağzına vurmasa, əmələ gəlməyəcək. Amma "ilan vuran ala çatıdan qorxar" - deyiblər. Yeddi il əvvəl bir təpik izinə görə iki min manat "tərləməyi" dədəmin yadından çıxmayıbmış. Odur ki, bu dəfə işini tədbirli tutur - rayon milis idarəsinə gəlib düz girir vəzifəli şəxslərdən birinin kabinetinə, salam-kalamsız birbaşa soruşur:

- Sizdə adam döyməyin qiyməti neçəyədir?

Vəzifəli şəxs atamı sınayıcı nəzərlərlə süzüb deyir:

- Nədir, məni provakasiyaya çəkmək istəyirsən? Qorxmursan ki, səni tutub damlayaram?

Dədəm da qayıdır ki, rəis, bəs hal-qəziyə belə-belə, narahat olma. Bir nəfər var - məni təhqir edir, söyür. Onun dərsini verməsəm, ürəyim partlayar. Di gəl bundan sonra yenə məni damlayacaqsınız. Ona görə də gəldim ki, haqq-hesabı bəri başdan çəkək.

Xülasə, həmin şəxs atamın hirsdən bozarmış sifətinə, alışıb-yanan gözlərinə zəndlə baxıb axır ki, ona inanır və deyir:

- Get filan qədər gətir, ver filan otaqdakı filankəsə. İşini də elə gör ki, şahid-filan olmasın.

Dədəm deyilən kimi edir, filan qədər pulu filankəsə verib elə ordan birbaşa yollanır  həmin mağazaya və "nə yemisən, turşulu aş"  şüarı ilə heyifini mükəmməl bir tərzdə al ki, alasan!

Bu əhvalatın lap sonda nə ilə qurtardığını güman eləməyi sizin öhdənizə buraxıram. Bədii ədəbiyyatda buna "açıq final" deyirlər. Olmuş əhvalatlarda isə, bilmirəm.

Vəssalam. Siz sağ, mən salamat!

 

FEDERİKO FELLİNİNİN PUL "FƏLSƏFƏSİ"

 

Ötən yazılarımın birində dünya kino xəzinəsinə "Yol", "Kabiriyanın gecələri", "8 1/2", "Şirin həyat" kimi incilər bəxş etmiş dahi italyan kinorejissoru F.Fellininin bir müsahibəsi haqqında danışıb qeyd etmişdim ki, ustad bu müsahibədə klassik səmimiyyət nümunəsi göstərərək, suallara daha "əzəmətli", "müdrik" görünmək üçün yox, öz fikirlərini, mövqeyini bildirmək üçün cavab verib və pərəstişkarlarının nəzərində "kiçiləcəyindən" qətiyyən çəkinib-eləməyib. Yeri gəlmişkən qeyd edim ki, bu müsahibə dünya jurnalistikası tarixində ən böyük müsahibələrdən biridir. Təxminən 150 kitab səhifəsi həcmində olan bu müsahibə Fellinini təkcə öz kino fəlsəfəsi olan böyük bir rejissor kimi yox, həm də zəif və qüvvətli cəhətləri olan adi bir insan kimi də bütün parametrlərdə görməyə imkan verir. Bunu nəzərə alaraq onun ayrı-ayrı hissələrini tərcümə edib sizlərə təqdim etmək fikrinə düşdüm.

İlk olaraq rejissorun "PUL SİZİN HƏYATINIZDA HANSI ROLU OYNAYIR?" sualına verdiyi cavabı oxuyaq:

"Mənim pulun real dəyəri və qiyməti barədə çox dumanlı təsəvvürüm var. Məsələn, mən bəzən xeyli məbləğdə pula tam biganə oluram və buna görə də onu çox asanlıqla lazımsız yerə xərcləyə bilərəm. Bəzən isə cüzi məbləğdə pula görə sevincdən atlanıb-düşür və onu yalnız xeyli tərəddüddən sonra xərcləyirəm. Belə anlarda mənə elə gəlir ki, məni soyub pullarımı əlimdən alırlar. 

Düşünürəm ki, məndə pula real yanaşmanın olmamasının emosional kökləri Romaya gəldiyim ilk gənclik illərinə gedib çıxır. O vaxtlar mən çulumu zorla sudan çıxarırdım. Belə məqamlarda pulun əhəmiyyətini hədsiz dərəcədə şişirdirsən - 100 lirən varsa, elə bilirsən ki, dünya sənindir, Nobel mükafatı almısan. Bəli, ilk vaxtlar mən səfil həyatı yaşayırdım, amma bu, az davam etdi - o vaxta qədər ki, mənim sonralar bu dövrü romantikləşdirməyə, şam yeməyimin bir fincan südlü kofedən ibarət olması, yaxud pulsuzluq ucbatından çamadanımı mehmanxana nömrəsinin pəncərəsindən çölə atıb oradan əkilməyin barədə danışmağa  əsasım olsun...

Sonralar pulu kifayət qədər tez və asan qazanmağa başladım. Lakin mən varlı adam deyiləm və varlı olmaq üçün nə etmək lazım olduğunu da bilmirəm. Çünki bu, məni qətiyyən maraqlandırmır. Məndə nəyə isə sahib olmaq, mülkiyyətçilik hissi yoxdur, ümumiyyətlə, nəyinsə sahibi olmağı xoşlamıram. Hətta avtomat qələmdən, qol saatından belə can qurtarmağa çalışıram, qarderobumu dolu görəndə dərhal artıq paltarları atmaq fikrinə düşürəm.

Mən heç vaxt istirahət etmək üçün harayasa səfər etməmişəm və anlaya bilmirəm ki, yaxtalar, avtomobillər insanların nəyinə gərəkdir....Yaxşı ki, bütün qadınlarda olduğu kimi Cülyettadada da (Cülyetta Mazina - Fellininin həyat yoldaşı, məşhur aktrisa, "Yol", "Kabiriyanın gecələri" filmlərində baş rolları oynayıb - Ə.H.) nəyəsə sahib olmaq hissi var və biz bunun sayəsində işləri müəyyən dərəcədə yoluna qoyuruq.

Bəzən məni bir neçə gün davam edən xəsislik hissi bürüyür, ardınca isə bu hiss qəfildən ağlagəlməz bədxərcliklə əvəzlənir.

İndi bir aydan çoxdur, mən avtobusla hərəkət edirəm. Düşünürəm ki, gün ərzində 20 dəfə taksi çağırmaqdansa, ictimai şəhər nəqliyyatından istifadə etmək yaxşıdır.

Kim bilir, bəlkə də son vaxtlar mənim avtobusa, tramvaya olan marağım keçmişə səyahət edib yenidən insanlar arasında olmaq istəyimlə bağlıdır?.."

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2022.- 2 dekabr.- S.8.