"Azərbaycan qadınının cəmiyyət
həyatının hər sahəsində rolu
güclənib"
Tariximizə bir çox parlaq səhifələr yazan Azərbaycan qadınının milli-mənəvi
dəyərlər sistemimizin
təşəkkülündə və yaşadılmasında
müstəsna rolu
var. Qadın adını
hər bir azərbaycanlı həmişə
uca tutub, Ana məfhumunu Vətənin təcəssümü sayıb. Azərbaycan qadını
sədaqəti, mərdliyi
ana məhəbbətinin
ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli
sənətkarlarımızın əsərlərində dönə-dönə
vəsf olunub. Azərbaycan qadını ictimai-siyasi proseslərdə həmişə
fəal olub. Onlar arasından görkəmli
dövlət, elm, mədəniyyət
və ictimai-siyasi xadimləri yetişib.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan qadınının
cəmiyyət həyatının
hər sahəsində
rolu daha da güclənib və fəaliyyətləri
genişlənib. Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi
keyfiyyətləri ilə
dünya qadınları
arasında yüksək
yer tutur.
Millət
vəkili Tamam Cəfərovanın sözlərinə
görə, Azərbaycan
qadınının cəmiyyətdə
oynadığı rol
daha da yüksəlib
və zərif cinsin nümayəndələri
ana olmaqla yanaşı, dövlət
idarəçiliyində, qanunvericilik
aktlarının formalaşmasında,
diplomatiya aləmində,
iş dünyasında,
mədəniyyət sahəsində,
elmdə, təhsildə,
səhiyyədə və
digər mühüm sferalarda öz sözünü deməkdədir.
Bunun ən önəmli səbəblərindən
biri Azərbaycanın
milli-mənəvi dəyərlər
sistemi ilə bağlıdırsa, digər
vacib məqam kimi dövlət tərəfindən həyata
keçirilən qadın,
gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi Ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, Ulu öndər
fəaliyyətində qadın
hüquqlarının təminatı,
onların üzləşdiyi
problemlərin həllində
daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə
səfərbər olunması
məqsədilə əməli
addımlar atıb.
Hələ sovetlər dönəmində
qadın məsələlərinin
həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi
xüsusiyyətlər Ulu
öndərin ölkəmizə
rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır,
real həyatda tətbiq
olunurdu. Cəmiyyətdə
qadınların roluna
yüksək qiymət
verən dahi rəhbər qeyd edirdi: "Cəmiyyətdə
qadınların üzərinə
daim çox böyük vəzifələr
düşür, onların
işi həmişə
ağırdır. Ancaq onlar
bu vəzifələri
şərəflə yerinə
yetirir və həmişə olduğu
kimi, indi də cəmiyyətdə
aparıcı rol oynayırlar".
Millət vəkili bildirib ki, Ümummilli liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik
etməsindən sonra digər sahələrlə
yanaşı, qadın
problemlərinin həlli
istiqamətində də
keyfiyyət etibarı
ilə tamam yeni bir mərhələ
başlandı. Zərif cinsin nümayəndələrinin
üzləşdikləri çətinliklərin,
problemlərin həllinə
yenidən dövlət
səviyyəsində diqqət
və qayğı göstərilməyə başlandı,
ölkədə formalaşan
demokratik mühit yeni qadın birliklərinin, cəmiyyətlərinin
yaranmasına təkan
verdi, qadın
hərəkatlarına bir
ruh yüksəkliyi gətirdi. Azərbaycan
1995-ci il iyunun 30-da Birləşmiş
Millətlər Təşkilatının
"Qadınlara münasibətdə
ayrı-seçkiliyin bütün
formalarının ləğv
olunması haqqında"
konvensiyasına qoşularaq
öz üzərinə
müvafiq öhdəliklər
götürdü. Eyni
zamanda, qadınların
cəmiyyətin bərabərhüquqlu
üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət
idarəçiliyində önə
çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün
formalarının aradan
qaldırılması istiqamətində
mükəmməl hüquqi
baza formalaşdırıldı:
"Yeni yüzillikdə
də sürətlə
qloballaşan müasir
dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində
qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır.
Ulu öndərin layiqli davamçısı Prezident
İlham Əliyev qadınların cəmiyyətin
həyatında daha fəal iştirakına yönələn siyasəti
uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun
olaraq daha da zənginləşdirməkdədir".
Tamam Cəfərova
qeyd edib ki, Azərbaycan qadını tarix boyu hər zaman
öndə olub, bu gün də
öndədir. Azərbaycan qadını hər
şeydən əvvəl
44 günlük Vətən
müharibəsinin zəfərlə
başa çatmasında
rol oynayan qəhrəman igidlərin
anasıdır. Yurdumuzun hər
qarışını canından
əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə
xəbəri ilə yollarını gözlədilər.
Ümumiyyətlə, Vətən müharibəsində
Azərbaycan qadınının
nümayiş etdiyi mətanət, fədakarlıq
və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı
şərəflə daşıyan
Azərbaycan qadının
şərəfli təmsilçiləri
olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları
ilə tarixə imzalarını atmış
oldular. Azərbaycan xalqı Qarabağ
döyüşlərində istər ön cəbhədə, istərsə
də arxa cəbhədə canı-qanı
ilə vətənə
xidmət edən xanımların xidmətlərini
unutmayacaq. Azərbaycan qadının
istər ailədə,
istər cəmiyyətdə,
istərsə də dövlətdə gördüyü
işlər hər zaman xüsusi fərqlənib. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki
layiqli yeri dövlətimizin uğurlu
sabahını, xalqımızın
firavanlığına ən
ciddi təminatlardan biridir.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu gün
müstəqil Azərbaycanda
qadınların cəmiyyətdəki
yeri və rolu həm xalqımızın
öz mental ənənələrinə
bəslədiyi hörmət,
həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının
həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli
mövqeyi dövlətimizin
uğurlu, xoşbəxt
sabahına, xalqımızın
firavanlığına ən
ciddi təminatlardan biridir. Ölkədə bərqərar olan
demokratik mühit ölkə qadınlarının
zəngin potensialının
gerçəkləşdirilməsi üçün əlverişli
zəmin yaradır.
Bu, daimi və
dönməz səciyyə
daşımaqla, bütövlükdə
qadınların cəmiyyətdə
layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Millət vəkili Sevinc Hüseynovanın dediyinə
görə, tarixin bütün dövrlərində
qadınlarımız həm
sədaqətli, ləyaqətli
həyat yoldaşı,
həm görkəmli
ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü
peşəkar mütəxəssis
kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə
aparıb. Heç də təsadüfi deyil ki, Ümummilli
lider Heydər Əliyev həmişə
Azərbaycan qadınları
haqqında yüksək
fikirlər bildirir, onların idarəçilikdə
təmsil olunması, fəallığının artırılması,
bütün problemlərinin
həllinə yönəlmiş
tədbirlərin həyata
keçirilməsi məsələlərinə
çox diqqətlə
yanaşırdı. Heydər
Əliyev cəmiyyətdə
qadının rolunun yüksəldilməsi məsələsini
həmişə diqqət
mərkəzində saxlamaqla
qadınların dövlət
strukturlarında, parlamentdə,
siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb:
"Ümummilli liderin
siyasi kursu bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir və ölkədə qadın siyasətinin həyata keçirilməsində
də mütərəqqi
nailiyyətlər əldə
olunub. Azərbaycanda məqsədyönlü gender siyasəti
həyata keçirilir
və bu sahəyə aid xüsusi dövlət proqramı qəbul olunub. Bu isə bir
daha onu göstərir ki, Azərbaycan dövləti,
Prezident İlham Əliyev bu sahəyə böyük diqqət və qayğı göstərir.
Bu gün Prezident
İlham Əliyev tərəfindən Azərbaycanda
qadın hüquqlarının
təmin olunmasına,
onların cəmiyyətdə
və dövlət idarəçiliyində rolunun
artmasına yönəlmiş
siyasət uğurla həyata keçirilir. Azərbaycanda qadın hüquqlarının
qorunması sahəsində
həyata keçirilən
davamlı tədbirləri
yüksək dəyərləndirilməlidir.
Görülən bu işlər
dövlətimizin siyasi
iradəsinin təzahürüdür.
Həyata keçirilən
səmərəli gender siyasətinin
Azərbaycanda qadınların
ictimai-siyasi fəallığının
daha da artmasına,
onlara həyatın bütün sahələrində
tam bərabər imkanlar
açmasına möhkəm
zəmin yaradır. Bu
gün Azərbaycan qadını ölkənin
milli maraqlarının
qorunması, xalqımızın
adət-ənənələrinin, dəyərlərimizin dünyada
təbliğ olunması
istiqamətində ciddi
iş aparırlar. Bu baxımdan, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, gördüyü
işlər hər birimiz üçün örnək təşkil edir.
Millət vəkilinin sözlərinə əsasən, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ön sıralardadır. Eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır: "Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür.
Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olub. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.23.