Antik dünyanın parlaq
şəxsiyyətləri
(Əvvəli ötən şənbə saylarımızda)
Aleksandrın hərbi nailiyyətləri
Həm qədim, həm də müasir tarixçilər ümumən razılaşırlar ki, Aleksandr çox istedadlı bir hərbi lider idi. Onun uğurları müxtəlif qaydada təsvir edilir. Bir hissəsi üçün Aleksandr yüksək taktiki qabiliyyətlər nümayiş etdirmişdi. Saysız-hesabsız döyüşlərdəki müvəffəqiyyətləri döyüş meydanı topoqrafiyasını anlamaqda onun qabiliyyətinə əsaslanırdı və o, elə planlar cızırdı ki, düşmənin də gücü və zəifliyi özününkü kimi üzə çıxsın. Potensial döyüş meydanına gəldiyi bir neçə saat içərisində Aleksandr dəstələrin formalaşmasını planlaşdıranda, vuruşacağı yerin relyefini lazımınca qiymətləndirmək bacarığı nümayiş etdirirdi. Döyüş başlanandan sonra nəsə səhv getsə, o, çox tezliklə dəyişilmiş şəraitlərə də uyğunlaşa bilirdi.
Aleksandr öz hissələrini mərhəmətsiz qaydada irəli atmaqla, çox vaxt düşmənin təəccübünə səbəb olurdu. Bu da adətən sürətli qaydada baş verirdi. O, həm də öz qoşunlarında, əsgərlərdə fərdi marağı dəstəkləyirdi və daha çox hissə tərəfindən Hindistandakı kampaniyaya qədər, özünə olan loyallığı qoruyub saxlamışdı. O, şəxsi nümunəsi ilə də qoşunlarını ilhamlandırırdı, baxmayaraq ki, çox vaxt öz həyatını təhlükə törədən risklərə də atırdı. O, süvari dəstələrinin düşmən cərgəsinə hücum etməsində tərəddüdə yol vermirdi. Hindistanda öz dəstələrinin nərdivanla dırmaşmaqla, yerli müdafiəçilərə hücum edəndə yaralanmışdı. Faktiki olaraq baş sərkərdənin özü döyüşlərdə səkkiz yara almışdı.
Aleksandr, həmçinin, xırda detallara da fikir verirdi. Kampaniyanın bütün cəhətləri, təchizat əldə edilməsindən tutmuş, əlavə kömək alınmasınadək yaxşı təşkil olunurdu. Ona tanış olmayan ərazilərdə irəliləmə planlaşdırılandan əvvəl, hökmən kəşfiyyat həyata keçirilirdi. Bəzi makedoniyalı qoşunlar ölümcül döyüşlərdən və yeni əraziləri işğal etməkdən imtina etdikdə, Aleksandr Persiya qoşunlarını işə salırdı. O, həmçinin, atasının taktiki inkişaflarının faydasından istifadə edirdi və mühasirə döyüşlərini çox ustalıqla aparırdı.
Lakin Aleksandrın hərbi böyüklüyünün eybəcər tərəfləri də var idi. Bir sıra tarixçilərin təsdiq etdiyi kimi, o, yunan və Makedoniya müharibə qaydalarından daha uzağa gedərək, öz düşmənlərini həddən ziyadə miqyasda öldürüldü.
Aleksandrın idealları
Əlbəttə, Aleksandr tarixdəki böyük şəxsiyyətlərin ən müəmmalı olanlarından biri idi. Tarixçilər eyni mənbələrə əsaslanmaqla, onun barəsində geniş və həm də müxtəlif fikirlər söyləyirlər. Bəziləri onu idealist təsəvvürdə təsvir edir, digərləri isə onun Makiavelli rəhmsizliyini qeyd edir. Bəs Aleksandrın öz baxışları necə idi? Biz bilirik ki, o, özü barədə yüksək fikirdə olmaqla, şəxsiyyətini mifik qəhrəmanlarla müqayisə edirdi. O, Homerin "İliada"sının qəhrəman döyüşçüsü Axillesə bənzəmək istəyirdi. Ona görə də "İliada"nın bir nüsxəsini qılıncı ilə birlikdə yastığının altında saxayırdı. Həmçinin iddia edirdi ki, allah kimi sitayiş edilən yunan mifik qəhrəmanı Herakldan öz nəsil mənşəyini götürür.
Aleksandr Misir ənənəsinə görə, faraon kimi yer üzərindəki şübhə edilməyən allah idi. Bu nöqteyi-nəzəri əsas götürərək Yunanıstan şəhərlərinə təlimat göndərmişdi ki, ona "allah" kimi sitayiş etsinlər.
Bəzi tarixçilər sübut edirlər ki, Aleksandr kainat bəşəriyyəti idealına inanırdı, buna bir sübut kimi, onlar sərkərdənin öz əsgərlərini persiyalı qadınlarla evləndirməsi faktını gətirirdilər. B.e.ə. 324-cü ildə Suzada 10 min əsgər belə nikaha girmişdi. Aleksandr özü də şərqli qızlara - Daranın qızı Statiraya və Baktriya torpaq sahibinin qızı Roksanaya evlənmişdi. O, yüksək ideala inanırdımı, ya da sadəcə olaraq işğal etdiyi əraziləri birləşdirmək üçün bunu da real bir yol hesab edirdimi?
O, işğallarından sonra Persiya monarxiyasının bir sıra məişət cəhətlərinə uyğunlaşmışdı. Özünü böyük çar adlandırırdı və təbəələrindən tələb edirdi ki, perslərin qaydasında ona əyilməklə təzim etsinlər. O, pers paltarı geyinir, Persiya məmurlarından istifadə edir və yerli gəncləri Makedoniya qoşunlarının metodları əsasında məşq etdirirdi. Onun dostları olan makedoniyalılar Şərq despotizminin bu tələlərinə və persiyalılara onlarla bərabər qaydada onun göstərdiyi münasibətə etiraz edirdilər. Bəziləri hətta çox uzağa gedib, onu öldürməyə cəhd edirdi. Lakin Aleksandr makedoniyalıları, yunanları və persləri idarə edən sinifdə qarışdırmaqla, belə geniş imperiyaya nəzarət etməyə qadir olmağa ehtiyac duyurdu. Onun bəşəriyyətin birliyinə nail olmaq üçün avtokratik monarxiya qurmağa cəhd etməsi də bir irs kimi ondan yadigar qalmışdır.
Aleksandrın irsi
Onun ideallarına, motivlərinə və ya baxışlarına əhəmiyyət vermədən bir fakt qüvvədə qalır ki, Aleksandr yeni era yaratmışdır. "Ellinizm" sözü yunan dilində meydana gəlmişdir, bu söz "yunanları təqlid etmək" mənasını verir. Bir era kimi qiymətləndirdikdə, ellinizm nümunəsi ilə qədim Yaxın Şərqdəki qeyri-yunan dünyasında yunan dilinin və ideyalarının yayılmasını görürük.
Böyük Aleksandrı hərbi yürüşlərinin məqsədi heç də yeni imperiya yaratmaq olmayıb, yunanların daimi təhlükə mənbəyi hesab etdikləri persiyalıların mövcud imperiyasını dağıtmaq, işğal etmək idi. Onun yeni imperiyası da özündən əvvəl yaranmış yunanların və karfagenlilərin donanma imperiyalarına bənzəmirdi, onlardan xeyli böyük olmaqla, üç qitədəki nəhəng əraziləri əhatə edirdi. Aleksandrın Persiya monarxiyasını məhv etməsi, yunan-Makedoniya ağalığının çox geniş ərazidə yayılmasına səbəb oldu. Bu, həmçinin, yunan mühəndisləri, intellektualları, tacirləri, əsgərləri və məmurları üçün yeni imkanlar yaratdı. Yunanlar materikdə olan öz şəhər-dövlətlərində özlərinə məxsus ideallarını saxlaya bildikləri bir vaxt, Aleksandrın arxasınca gedənlər və onun varisləri monarxiya prinsiplərinə əsaslanan yeni siyasi birliklərdə iştirak etdilər.
Aleksandr öz ordusunu sadə Makedoniya silahlı qüvvələrindən beynəlxalq bir varlığa çevirmişdi. Buna loyallıq göstərilməsi isə yalnız onun şəxsiyyətinə borclu idi. Varisləri isə onun ölümündən sonra silahlı qüvvələrdən Ellinizm dünyasında ağalıq edəcək hərbi monarxiyalar qurmaq üçün istifadə etdilər. Hərbi gücə əsaslanan aristokratik hakimiyyət və ilahi idarə etməyə iddialar həmin ellinist monarxiyalarının daimi xüsusiyyəti və Aleksandrın siyasi irsinin Ellinizm dünyasındakı bir hissəsi oldu. Onun imperiya baxışı, heç şübhəsiz, romalıları da ilhamlandırdı, onlar, əlbəttə ki, az sonra Aleksandrın real varislərinə çevrildilər.
Lakin Aleksandr, həmçinin, mədəni irs də qoyub getmişdir. Onun işğallarının nəticəsi kimi, yunan dili, rəssamlığı, arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayıldı. Ellinist erasının şəhər mərkəzləri, onların çoxu Aleksandr və onun varisləri tərəfindən yaradılmışdı, yunan mədəniyyətinin nüfuz etməsi üçün mənbə rolunu oynamışdı. Aleksandr öz adını daşıyan bir neçə şəhərin və hərbi koloniyanın əsasını qoymuşdu ki, geniş ərazilərin strateji nöqtələrini mühafizə etməklə, həm də onlara nəzarət etsin. Onların əksər sakinləri yunan muzdluları idi. O, öz kampaniyaları üçün Yunanıstandan 60 mindən 65 minə qədər olan əlavə muzdlu çağırmışdı, onlardan ən azı 36 mini qarnizonlarda və yeni şəhərlərdə məskən salmışdılar.
Yunanlar öz mədəniyyətlərini Şərqdə yayan vaxt, onlar da zəruri qaydada şərqlilərin təsirinə məruz qalırdılar. Beləliklə, Aleksandrın irsi Ellinist dünyasının fərqləndirici xüsusiyyəti oldu. Müxtəlif mədəniyyətlər toqquşdu və bir-birinə nüfuz etdi.
Aleksandrın öz işğalları ilə yaratdığı birləşmiş imperiya onun ölümündən sonra parçalandı. Tezliklə Makedoniyanın hərbi liderlərinin hamısı hakimiyyət uğrunda mübarizəyə qoşuldu. B.e.ə. 301-ci ildən birliyə olan hansısa bir ümid bütünlüklə öldü.
lll
Makedoniyalı Aleksandr öz hərbi istedadı ilə yanaşı, igidliyi ilə də seçilirdi və bu, ona əsgərləri arasında böyük nüfuz qazandırmışdı. Qısa, lakin dolğun, ağlasığmayan qələbələrlə dolu həyatı onun qeyri-adi bəşər övladı olması təsəvvürünü yaradır.
O, dünyaya b.e.ə. 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində gəlmişdi, anası Olimpiada oğlunda şöhrətə vurğunluq tərbiyə etmək üçün onun Zevsin oğlu olduğunu iddia edirdi. Aleksandr anadan olan gecə Herostrat dünyanın yeddi möcüzəsindən biri olan Efesdəki Artemida məbədini yandırmışdı. Efesdəki münəccimlər bunu məbədin başına gələcək yeni bədbəxtliklərin müjdəsi hesab edirdi, qışqırırdılar ki, həmin gün Asiyada dərd və böyük bədbəxtliklər meydana gəlməsinə səbəb olacaqdır. Filipp isə oğlunun anadan olmasını özünün məğlubedilməzliyinin əlaməti kimi qəbul etdi.
Uşaqlıq illərində onun cəsarətliliyi açıq şəkildə gözə dəyirdi, o, bəzən sevinc şəklindəki hisslərə laqeyd olurdu, öz düşüncə tərzinə görə yaşına uyğun olmayan qaydada ciddiliyi ilə seçilirdi. O, hər cür şöhrəti sevmirdi, atası kimi harda olsa onu axtarmırdı. Filipp ölkəsində olmayanda Aleksandr Persiya çarının səfirlərini qəbul etdikdə, öz mehribanlığı ilə onları valeh etmişdi, bu oğlanın fikirləri və məqsədləri qarşısında hətta atası Filippin şöhrət tapmış qabiliyyətləri də sönük görünürdü.
Filippə başqa ölkədən Butsefal (Bukefal) adlı bir at gətirmişdilər, atı sınamaq üçün çölə çıxardılar. At vəhşi, ipə-sapa yatmayan kimi görünürdü. Çarın ətrafındakılardan heç kəs bu atı ram edə bilmirdi. Çar qərara gəldi ki, onu minmək mümkün olmayacaqdır. Aleksandr dedi ki, belə atı adamlar öz qorxaqlıqlarına görə itirirlər, sadəcə onu əhilləşdirməyi bacarmırlar. Filipp oğluna dedi ki, sən böyükləri məzəmmət edirsən, güman edirsən atla yəqin ki, bacara bilərsən. Aleksandr atası ilə mərc çəkib, ata başqa tərəfdən yaxınlaşdı, çünki at öz qarşısındakı titrəyən kölgəni görəndə qorxur, ona görə də o, atın burnunu günəşə tərəf çevirdi. Bir az atın yanı ilə piyada qaçıb, sonra onu sığalladı və plaşını atıb, atın belinə hoppandı. O, atın yüyənini çəkmirdi və iti sürətlə çapırdı. Filipp və əyanları Aleksandr atın üstündə onlara yaxınlaşanda təəccüblə qışqırdılar. Atasının sevincdən gözləri yaşardı, atdan düşən oğlunu öpüb dedi: "Oğlum, sən özünə başqa çarlıq axtar. Çünki Makedoniya sənin üçün çox kiçikdir".
Filipp təbiəti etibarilə Aleksandrın tərs adam olduğunu, zorakılıqla barışmadığını görüb, ona əmr etmək əvəzinə, daha çox onu inandırmağa çalışırdı. O, yunan filosoflarından ən məşhur olan Aristoteli çağırıb oğlunun təhsilini ona tapşırdı. Aristotel məşğul olmaq üçün onlara ayrılmış meşədə öz şagirdi ilə gəzirdi. Aleksandr təkcə əxlaq və dövlət barədəki təlimlərlə kifayətlənməyib, gizli, daha dərin təlimlərə meyl göstərirdi. Aleksandr müəlliminə etiraf etdi ki, mən heç də öz gücümlə deyil, yüksək əşyalar barədə biliklərimlə başqalarını ötüb-keçmək istəyirəm. Hərbi igidliyə nail olmaq üçün isə o, Homerin "İliada"sına yaxşı vasitə kimi baxırdı.
Kitabı çox sevdiyindən həmişə öz yanında saxlayırdı. Aristoteli isə əvvəllər atasından çox sevirdi, lakin sonradan ona şübhə ilə baxmağa başladı. Lakin müəlliminə münasibəti dəyişsə də, onun könlündə fəlsəfəyə maraq və ehtiras heç də sönmədi.
Evlərindəki söz-söhbətə görə anası Olimpiada Aleksandrı atasına qarşı qaldırırdı. Filipp yaşının ötməsinə baxmayaraq, gənc qız Kleopatraya evləndi, toyda narazılıq baş verdi. Qızın dayısı deyirdi ki, makedoniyalılar allaha yalvarsınar ki, Filippin və gənc arvadının taxt-taca qanuni varis olacaq oğlu olsun. Aleksandr hirsləndi ki, deməli, mən qanundan kənar oğulam, bastardam və hirsindən onun üzərinə qədəhini atdı. Atası oğlunun üstünə cumdu. Ona görə Aleksandr və anası Makedoniyanı tərk etdilər. Sonra Filipp peşman olub, oğlunun arxasınca adam göndərib, onun evə qayıtmasını xahiş etdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.22.