Mehdiqulu xan Cavanşir
(Əvvəli ötən
saylarımızda)
Tədqiqatçı-jurnalist, yazıçı Vasif
Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından
bəhs edən trilogiyadan üçüncü əsərini
- "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi
romanını tamamlayıb. Romandan bir
parçanı oxuculara təqdim edirik.
Vəziyyətin
yenidən gərginləşə biləcəyini görən
Qafqaz qoşunlarının ali baş
komandanı Nikolay Fyodoroviç Rtişev avqust ayının
21-də otuz min nəfərlik qoşunla Qarabağa gəldi. Dərhal da Şuşada yüksək rütbəli
zabitlərin müşavirəsini çağırdı.
Və generalların verdikləri raportlardan burda yaranan vəziyyətlə
ətraflı tanış oldu.
Əsasən, Qarabağ torpağında gedən
Rusiya-İran müharibəsi qədimlərdən gözəlliklər
məskəni kimi tanınan bu diyarı, sözün əsl mənasında,
xarabazarlığa çevirmiş, əhalisini pərən-pərən
salmışdı. İranlıların basqınlarından
canlarını qurtarmaq üçün Qarabağ ellərinin
bir hissəsi başqa yerlərə
köçüb-getmiş, bir qismi isə əmlaklarından
və mal-qaralarından məhrum olaraq səfil kökünə
düşmüşdü. Qarabağ, demək
olar ki, tamamilə boş bir səhraya çevrilmişdi.
1812-ci ildə Abbas Mirzənin iyirmi minlik ordusunun
hücumu zamanı Qarabağdan çoxlu sayda ailə
Arazın o biri üzünə aparılmışdı. Bu ailələrin
yarıdan çoxu zorla köçürülmüş, bir
hissəsi isə iranlıların vədlərinə inanaraq
onlara qoşulub-getmişdi. Abbas Mirzə Cəbrayıl
yüzbaşısı Yaqub ağaya tabe olan bütün ailələri
də əsir aparmış və onları Araz kənarında
məskunlaşdırmışdı. Lakin
qarabağlılara verilən vədlər yerinə yetirilmədiyindən
iranlılara qarşı onların inam və etibarları
itmişdi. Bu barədə məlumat alan
general-leytenant Pyotr Stepanoviç Kotlyarevski yaranmış
şəraitdən istifadə etmək qərarına gəldi.
O, Rusiyaya sədaqətli olan yüzbaşı Yaqub ağa ilə
gizli surətdə məktublaşmağa başladı, ondan
geri - Qarabağa qayıtmasını xahiş elədi. Yaqub ağa Qarabağa həvəslə qayıtmaq
fikri olduğunu bildirdi. Ona görə də general
Mehdiqulu xanın köməyi ilə əməliyyat planı
hazırladı və bu əməliyyatı həyata
keçirmək üçün gürcü qrenadyor polkunun
komandiri, mayor İvan Nikolayeviç Abxazovun
başçılığı ilə üç topla beş yüz piyada və üç yüz
otuz nəfərdən ibarət kazak qoşunu göndərdi.
Mayor təcili olaraq Araz sahilinə yaxınlaşdı və
çayın keçidində iki rota qoyaraq on beş
verstlik məsafədə İranın içərilərinə
doğru irəlilədi, "Xan bağı" deyilən dərə
ilə gedib, köçkünlərin məskunlaşdığı
yerləri tutdu. Yaqub ağa ilə şərtləşdikləri
kimi toplardan atəş açmaqla işarə verərək
kazakların köməyi ilə bir-birindən ayrı
düşmüş qarabağlıları bir yerə
topladı. Beləliklə, az müddət
ərzində səkkiz yüz on bir ailəni Arazın bu
tayına - doğma el-obalarına keçirtdi. Bu
uğurlu əməliyyata görə mayor İvan
Nikolayeviç Abxazov podpolkovnik, iranlılar tərəfindən
əsir aparılmış ailələrin Qarabağa
qaytarılmasında mühüm rol oynamış
yüzbaşı Yaqub ağaya isə kapitan rütbəsi
verildi. Eyni zamanda onlar pulla da
mükafatlandırıldılar (AKAK, V cild, 1873-cü il 697-ci sənəd.
General Rtişevin general Qorçakova 5 yanvar 1813-cü il tarixli, 9 nömrəli məlumatı).
...Qarabağdakı
rus əsgərlərinin və onların komandirlərinin
üzlərinə yaxşı baxdıqca onların əməlləri
azır, özlərini öz evlərindəki kimi hiss edir, bu
yerlərin mütləq sahibləri kimi aparırdılar. Ruslar ermənilərin diqtəsi ilə yerli əhalini
incidir və tez-tez azərbaycanlılara qarşı cinayətlər
törədirdilər. Onların bu
özbaşınalığına dözməyən
İbrahimxəlil xanın nəvəsi Cəfərqulu ağa
Cavanşir Cəbrayıl elindən altı min nəfər də
götürüb, İrana pənah aparmışdı. Bunun ardınca da Mehdiqulu xanın başını
böyütməyə başlamışdılar. Və yadellilərin hərəkətlərindən
getdikcə narazılıqları artan yerli əhali artıq
meylini İrana salmışdı və Abbas Mirzənin
qoşunlarının gəlməsini gözləyirdi.
Ruslar üçünsə İran tərəfdən hər an təhlükə gözlənilirdi. Ali baş komandan bu təhlükəni aradan
qaldırmaq üçün hər vasitəyə əl
atırdı. 1812-ci il sentyabr
ayının 9-da o, 17-ci piyada diviziyasının komandiri,
general-mayor Axverdovu Abbas Mirzə ilə sülh
danışıqlarına göndərdi və ayın 26-da hər
iki dövlətin ali baş komandanları arasında
danışıqlar başladı. Rusiyanın tələbləri
həddindən çox olduğuna görə İran tərəfi
bununla razılaşmadı. Sülh
danışıqları pozuldu və iki dövlət
arasındakı münasibətlər daha da gərginləşdi
və müharibənin yenidən qızışmasına
aparıb-çıxardı. Abbas Mirzə
qarabağlıların arzusu ilə Aslandüz tərəfdən
Qarabağa doğru irəlilədi. Rusların
və iranlıların gücləndirilmiş qoşun hissələri
burda qarşılaşdı. Oktyabr ayının 10-da
olan məşhur Aslandüz döyüşü
iranlıların tam məğlubiyyəti ilə nəticələndi...
...Kürəkçay
müqaviləsinə görə xanlıq dövlət xəzinəsinə
hər il səkkiz min çervon ödəməliydi.
Lakin Qarabağdakı ictimai-siyasi və iqtisadi vəziyyət,
davam eləyən aramsız müharibələr vergini
vaxtlı-vaxtında ödəməyə imkan vermirdi və hətta
ödənilməmiş vergi qalıqları üst-üstə
yığılaraq on yeddi min çervona
çatmışdı. Əhali nəinki
vergi vermək iqtidarındaydı, hətta dolanışıq
üçün Rusiya dövlətindən maddi vəsait tələb
edirdi. Camaatının həmişə
qayğısını çəkən, qeydinə qalan
Mehdiqulu xan Cavanşir isə həmvətənlərinin həyat
şəraitini yaxşılaşdırmaq və onları
düşdükləri bu ağır və çətin vəziyyətdən
çıxarmaq üçün yaxın adamı Gülməmməd
bəylə general Nikolay Fyodoroviç Rtişevə məktub
göndərdi. Məktubda xan əhalisinin ödəyə
bilmədiyi vergi borcunu ya birdəfəlik
bağışlamağı, ya da ödənilmə müddətini
altı il uzatmağı xahiş eləyirdi.
Xüsusi olaraq vurğulayırdı ki, əgər Əlahəzrət
İmperator xalqdan mərhəmətini əsirgəsə, onda
nəinki ondan vergi almaq olar, əksinə, vergi vermək
gücündə olmayan əhali istər-istəməz
başqa vilayətlərə çıxıb-getməyə
məcbur ola bilər. Həm də onlar
vergidən müvəqqəti olsa da, azad edilsələr, onda
Qarabağdan baş götürüb-gedənlər öz vətənlərinə
dönməyə çalışarlar və sair və
ilaxır (AKAK, V cild, 1873-cü il. General
Rtişevin Mehdiqulu xana 18 iyul 1812-ci il
tarixli, 180 nömrəli məktubu).
Bu məktubu
yazmaqla bərabər artıq son vaxtlar ruslara inam və
etibarını itirən Mehdiqulu xan Cavanşir didərgin
düşmüş həmvətənlərini əl
altından öz vətənlərinə toplamağa
başladı. Lakin Qarabağda azərbaycanlıların
sayının azalmasına var gücü ilə
çalışan və ov tulası kimi Mehdiqulu xanı
qarabaqara izləyən Qazax murovu, milliyyətcə erməni
olan polkovnik Bebutov bu barədə rus qoşunlarının
baş komandanına xəbər çatdırdı ki,
Mehdiqulu xan Qazaxda məskunlaşmış köçkün
qarabağlıları ailələri ilə birlikdə
Qarabağa köçməyə məcbur edir və bununla da
əhalidə mənəvi pozğunluq yaradır. Bebutova
özü qədər inanan general Mehdiqulu xana göndərdiyi
sərəncamda onu qınayaraq ruslara qarşı
etibarsızlıqda günahlandırır, belə hərəkətlərə,
bu cür "səhvlər"ə yol verməməyə
çağırır, xüsusilə də,
"keçmiş qarabağlılar"ı qəbul etməməsini,
onlara sığınacaq verməməsini, gələnlərin
geri qaytarılmasını əmr edir və bildirirdi ki, ailələrin
bir yerdən başqa yerə köçürülməsi
yalnız dövlət mükəlləfiyyətlərindən
və vergilərdən yayınmaq üçündür. Və
bununla da general bütün gələcək məsuliyyəti
Mehdiqulu xanın üzərinə qoyurdu... (AKAK,
V cild, 1873-cü il. 698-ci sənəd. General Rtişevin
qarabağlı Mehdiqulu xana 6 fevral 1813-cü il
tarixli, 96 nömrəli sərəncamı).
1813-cü ilin ilk aylarında İran tərəfdən
olan basqınlar xeyli səngimiş və Qarabağda o qədər
də əsaslı siyasi dəyişiklik baş verməmişdi. Lakin sərbazlar
arabir Araz çayını keçərək camaatın əkin-biçin
sahələrinə ziyan vurur və mal-qarasını
qabaqlarına qatıb aparırdılar. Yerli
əhali də bunun qarşısını bəzən ala
bilir, bəzən də itkilərə məruz qalırdı.
Ona görə də son vaxtlar Arazın o tayına kəşfiyyatçılar
göndərilir və alınan məlumatlar camaatın karına gəlir, gözdə-qulaqda
olmasını tələb edirdi.
May
ayının 14-də Zəngəzur mahalının
yüzbaşısı, poruçik Qasım bəy Mehdiqulu xan
vasitəsilə Şuşaya - Pyotr Stepanoviç Kotlyarevskini əvəz
eləyən polkovnik Jivkoviçə məlumat verdi ki, iranlılar bu günlərdə qarətçilik
məqsədilə Zəngəzura basqın edəcəklər.
Ona görə də o özü dərhal hazırlıq
görməyə başladı, özünə məxsus olan
kəndlərdən kifayət qədər silahlı piyada və
atlı dəstə toplayıb,
çapqınçıların keçəcəyi
yolları bağlamaq üçün yüzbaşı
Hüseyn bəyin sərəncamına göndərdi. Lakin quldurlar döyüşə girmədən bir kəndin
mal-qarasını qabaqlarına qatıb, apara bildilər.
Bundan duyuq düşən Hüseyn bəy dəstəsi
ilə iranlıları izləyərək sərhəd
zonasında onları haqladı və bir qədər
atışmadan sonra heç bir itki vermədən qarətçilərin
apardıqları mal-qaranın bir hissəsini əllərindən
alıb, onları qaçmağa məcbur elədi.
Bu hadisədən
bir neçə gün sonra, yəni, iyun ayının 4-də
Əliqulu xanın, Əlimədəd xanın və Məmmədvəli
sultanın başçılığı ilə təxminən
iki min nəfərdən ibarət İran atlı
dəstəsi Arazı keçərək yenidən Zəngəzura
basqın elədi. Bu xəbəri eşidən
Mehdiqulu xan dərhal özünü ora yetirdi. 17-ci yeger
polkunun podporuçiki Kejinin başçılıq etdiyi rota
ilə Xınzirək kəndinin sahibi, kapitan Ağalar bəyin
topladığı atlı və piyada silahlı dəstə
iranlıların qarşısına çıxıb, kənddən
on verst aralı bir yerdə ildırım kimi onların
üstünə şığıdı. Bu
vaxt Qasım bəy də gəlib-çıxdı. İki saata yaxın davam eləyən
atışmadan sonra iranlıların hücumu dəf edildi, sərbazlar
döyüş meydanından qaçdılar. Qarabağ
atlı dəstələri onları on
verstlik məsafədə Bərgüşad çayına qədər
təqib elədilər. İranlılar
çayı keçərkən çoxlu itki verdilər.
Hüseyn bəy və yerli əhalidən üç nəfər
həlak oldu, üç nəfər isə yaralandı (AKAK,
V cild, 1873-cü il. 700-cü sənəd. General Rtişevin
knyaz Qorçakova 12 iyul 1813-cü il
tarixli, 144 nömrəli məlumatı).
... Rusiyaya qarşı vuruşmağa daha iqtidarı
olmayan Fətəli şah Qacarı müharibə tamamilə
bezdirmişdi. Torpaqlarını qorumaq üçün
yollar arayıb-axtaran İran qoşunlarının baş
komandanı Abbas Mirzə isə yaxşı bilirdi ki, sülh
olarsa, başda ürəkdən, cani-dildən sevdiyi dədə-baba
yurdu Qarabağ olmaqla digər yerlər də əldən
çıxacaq. Fətəli şah isə erməni
arxiyepiskopu Yefrem vasitəsilə Nikolay Fyodoroviç
Rtişevlə sülh bağlamağa razı olduğunu
bildirdi. Ali baş komandan isə İran tərəfinə
bildirdi ki, mühüm və həlli vacib olan məsələlər
belə bir görüşlə həll oluna bilməz. Ona görə də danışıqlar aparmaq
üçün Tehrandan onun görüşünə
nümayəndə heyəti göndərildi. Lakin bu heyətin tərkibində səlahiyyətli
şəxs olmadığına görə
danışıqlar yenə də baş tutmadı. Fətəli şah bu dəfə Tiflisə Nikolay
Fyodoroviç Rtişevin yanına danışıqlara öz
yaxın və səlahiyyətli adamı Məhəmmədəli
bəyi göndərdi. Rus generalı
müqavilə bağlama yeri kimi İrəvan,
Naxçıvan və Gülüstanı təklif elədi.
Qarabağın Gülüstan kəndi daha münasib hesab
olundu və müqavilə 1813-cü il
oktyabr ayının 24-də burda imzalandı. Sənədə
Rusiya tərəfindən Nikolay Fyodoroviç Rtişev,
İran tərəfindən isə Mirzə Əbülhəsən
xan qol çəkdi. Bu müqavilə
1804-1813-cü illərdə Rusiya-İran müharibəsinə
son qoydu. Müqaviləyə əsasən İran
dövləti Qarabağ, Gəncə, Şəki, Şirvan,
Quba, Bakı və Talış xanlıqlarından, Şərqi
Gürcüstana və Dağıstana olan iddiasından əl
çəkdi və onların Rusiya ilə birləşməsini
təsdiq elədi. Beləliklə, İran Şimali Azərbaycan
xanlıqlarını (Naxçıvan və İrəvandan
başqa) Rusiyanın tabeliyinə verdi. Müqavilə Rusiya çarı I Aleksandrın təsdiqinə
göndərildi. Rusiya ilə İran
arasında, ümumiyyətlə, Cənubi Qafqazda nisbi sakitlik
yarandı.
Gülüstan
müqaviləsi aşağıdakı maddələrdən
ibarət idi:
Taleyi
qüdrətli, günəş bayraqlı, Cəmşid məqamlı,
bütün Rusiya imperiyasının ləyaqətli, ali
Əlahəzrət İmperatoru və qüdrətli taleyi
asimanlar ucalığında olan böyük hökmdar,
Süleyman məqamlı, İran dövlətinin ləyaqətli
Əlahəzrət şahı öz əhalisinə və təbəələrinə
bəslədikləri mehribanlıq və şəfqət
prinsiplərini əsas götürərək və özlərinin
şövkət və şəninin əksinə olan ədavəti
aradan qaldırmaq üçün tərəflər
arasında keçmiş qonşuluq münasibətlərini təmin
edən dostluq və üzrlü sülhün bərqərar
olmasını arzulayır, buna çalışırlar və
bu, hər iki Əlahəzrət tərəfindən
yaxşı qarşılanır. Bu yaxşı işləri
həyata keçirmək və qanuniləşdirmək
üçün Əlahəzrət Rusiya İmperatoru tərəfindən
yüksək məqam sahibi, Rusiyanın Qafqaz və
Gürcüstanda yerləşən əsgəri hissələrinin
komandanı, general-leytenant Qoqonay, Gürcüstan, Qafqaz və
Həştərxanın şəhər və vilayətlərinin
işlərini, əmniyyətini və sərhəd məsələlərini
tənzimləyən, Xəzər dənizindəki gəmilərin
əsgərlərinin komandanı Aleksandr Nevski, birinci dərəcəli
Atabay ordenli, göstərdiyi qəhrəmanlıqlara görə
Georgi nişanı və qızıl qılıncla təltif
olunmuş və bütün mükafatlara layiq
görülmüş Nikolay Rtişevi və bütün
İran məmləkətinin tale qüdrətli və yüksək
məqamlı Böyük, Əlahəzrət Padşahı,
həmçinin Rusiya və İngiltərə dövlətlərində
İran dövlətinin böyük elçisi olan, əmirlər
əmiri seçilmiş, şan-şöhrətli saraya
yaxın əyanlar əyanı, gizli sirlərə məhrəm,
İran dövlətinin əksər işləri üzrə
müşavir, nazirlər kabineti üzvlərindən, saray
adamlarının ikinci təbəqəsinin hər şeydən
hali olan əmirlərindən sayılan, öz şahından
xüsusi mükafatlara, qiymətli daş-qaşlarla işlənmiş
xəncər, qılınc, bıçaq, tirmədən
tikilmiş libas və yaraqlı ata layiq görülmüş
Mirzə Əbülhəsən xanı küll-ixtiyar sahibi
etmişlər və tərəflər Qarabağ vilayətinə
mənsub Gülüstan mahalından Zirə
çayının yanındakı Rusiya hərbi düşərgəsində
görüşmüş və müzakirə
aparmışlar.
Etimadnamələrimizi
və bütün səlahiyyətlərimizi bildirib, bir-birimizə
təqdim edəndən sonra mübarək sülhə aid
işlər barədə mülahizə və təhqiqatlarımızı
böyük hökmdarlarımızın adından onların
qərarını tərəflərin hüquqlarına əsasən
burda öz əksini tapan qeyd, fəsil və şərtləri
əbədi olaraq qəbul edir, təsdiq edir və
imzalayırıq:
Birinci
maddə: Bundan sonra indiyə qədər Rusiya və İran
dövlətləri arasında mövcud olan müharibə, ədavət
və düşmənçilik məsələləri bu
müqaviləyə əsasən həmişəlik olaraq kəsiləcək,
bir kənara qoyulacaq, Böyük Rusiya İmperatoru və
Əlahəzrət İran Şahı, onların varisləri
və vəliəhdləri arasında möhkəm sülh,
dostluq və güclü həmrəylik hökm sürəcək.
İkinci
maddə: Tərəflərin apardığı
çoxsaylı müzakirə və danışıqlara əsasən
razılıq əldə edilmişdir ki, dövlətlər
arasında sülh müqaviləsi "statsko-operzəndim"
prinsipi ilə bağlansın, yəni, sülh müqaviləsi
bağlanana qədər tərəflər hansı mövqe və
yerdə idilərsə, elə orda da qalmalı və bu ana qədər
dövlətlərin hər birinin işğalı altında
olan ölkələr və xanlıqlar əvvəllər
olduğu kimi həmin dövlətin ixtiyarında
olmalıdır. Buna görə də ali
Rusiya və İran dövlətləri arasında
aşağıdakı sərhəd xətləri təsbit və
təyin edilmişdir. Sərhəd xətti Adinəbazar ərazisinin
başlanğıcından müstəqim xətt üzrə
Muğan səhrası yolundan Araz çayının
Yeddibölük keçidinə qədər və Araz
çayı sahilinin yuxarı hissəsindən Mehri
dağının arxasındakı Kəpənəkçay
çayına qovuşulan yerə qədər və ordan
Qarabağ, Naxçıvan və İrəvan vilayətlərinin
sərhəd xəttinə qədər, həmçinin Gəncə
sərhəddinə qədər uzanır. İrəvan,
Gəncə vilayətləri, Qazax və Şəmşəddillə
həmsərhəd olan yerdən ta Eşikmeydana qədər
müəyyənləşdirilib birləşdirilir. Eşikmeydandan Həmzəçəmən yolu və
çaylarının sağ tərəfindəki
dağların başına qədər və Pəmbək
dağlarının başından Şuragöl
mahalının guşəsinə qədər və
Şuragöl guşəsindən Bərfaldagöz
dağının zirvəsindən keçərək
Şuragöl mahalı və Miyanənin sərhəddindən
Arpaçayın yanındakı Sədərək kəndinin
sərhəddinə qədər birləşdirilib müəyyənləşdirilir.
Talış
xanlıqları vilayətləri ədavət və
düşmənçilik üzündən bir-birinin əlinə
keçdiyinə görə və onların ədalət və
düzgünlüyünün artırılması
üçün bu Talış vilayətlərinin sərhəddi
Ənzəli və Ərdəbil tərəfdən
böyük hökmdarların bu sülh müqaviləsinin təsdiq
olunmasından sonra etimad göstərilmiş adamlar və
mühəndislər tərəf
başçılarının qarşılıqlı
anlaşmasına əsasən onlara mənsub dağları,
çayları, gölləri, yaşayış və əkin
sahələrini təfsilatı ilə qeyd edir, ayırır və
müəyyənləşdirirlər. Onu da
aydınlaşdırıb, müəyyən etməlidirlər
ki, bu sülh müqaviləsi tərtib edilən zaman əldə
olan və tərəflərin işğalı
altındakı yerlər dəqiqləşdirilsin. O zaman
onlar Talış vilayətinin sərhəd xəttini də
"statsko-operzəndim" prinsipi əsasında təsbit və
müəyyən edəcək və tərəflər hər
birinin işğalı altında olan yerlərin sahibi olacaqlar.
Həmçinin yuxarıda göstərilən bu sərhədlərdən
əgər bir hissə tərəflərin xəttindən kənara
çıxmış olsa, tərəflərin bu işləri
həyata keçirmək vəzifəsi tapşırılan
mötəbər adamları və mühəndisləri
"statsko-operzəndim" prinsipinə uyğun olaraq
razılığa gələcəklər.
Üçüncü
maddə: Bütün İranın Əlahəzrət
Böyük Padşahının bütün Ümumrusiya
imperatoruna bəslədiyi dostluq və həmrəyliyini
sübut etmək üçün bu sülh müqaviləsi
ilə öz əvəzinə və İranın
şahlıq taxtının böyük vəliəhdlərinin
əvəzinə hal-hazırda Yelizavetpol adlanan Qarabağ və
Gəncə vilayətlərini, Şəki, Şirvan, Quba, Dərbənd
və Badkubə xanlıqlarını, Talış vilayətlərinin
Rusiyanın işğalı altında olan hər yerini,
bütün Dağıstan, Gürcüstan, Şuragöl,
Açıqbaş, Kurnə, Menkeril və Anğaz
("Abxaz" olmalıdır) mahallarını, Orta Qafqazda və
müəyyənləşdirilmiş sərhədlər
daxilində olan bütün mahal və əraziləri, eləcə
də Xəzər dənizi sahilinə qədər uzanan Qafqaz
ərazisini və əhalisini Rusiya imperiyasına məxsus
hesab edirlər.
Dördüncü
maddə: Rusiyanın günəş bayraqlı və uca
şövkət sahibi olan Əlahəzrət İmperatoru
özünün İranın Əlahəzrət
Padşahına bəslədiyi dostluğunu və müttəfiqliyini
bildirmək və bunu isbat etmək üçün
qonşuluq naminə şahlıq İranında istiqlaliyyət
bayrağını və monarxiya sistemini qətiyyətlə
müdafiə edir və ona rəğbət bəslədiyini
bildirir. Buna görə də özü və böyük vəliəhdləri
adından bəyan edir ki, onun övladlarından hər
hansı biri İran dövlətinin vəliəhdi təyin
olunarsa və əgər ali Rusiya dövlətinin kömək
və yardımına ehtiyac hiss edərsə, xaricdən kimsə
İran məmləkətinin işlərinə müdaxilə
etməsin deyə, heç bir şeydən müzayiqə etməyəcək
və Rusiya dövlətinin köməyi və himayəsi sahəsində
İran dövləti möhkəmlənəcək. Əgər İran məmləkətinin daxili
işləri üzrə şahzadələr arasında bir
münaqişə baş versə, dövrün padşahı
xahiş etməyincə Rusiya dövləti bu məsələyə
qarışmayacaq.
Beşinci
maddə: Ticarət məqsədilə Xəzər dənizində
hərəkət edən Rusiya dövlət gəmiləri keçmiş qaydaya əsasən İran tərəfinin
sahillərinə və limanlarına getmək və
yaxınlaşmaq hüququna malik olacaq, tufan zamanı və gəmi
sındığı vaxt İran tərəfindən onlara
dostluq yardımı ediləcək. İran tərəfinin
gəmiləri də keçmiş qanunlara əsasən ticarət
məqsədilə Rusiya sahillərinə getmək
ixtiyarına malik olacaqlar. Elə həmin
qaydada da tufan vaxtı və gəmilərin xarab olduğu zaman
Rusiya tərəfindən onlara dostluq yardımı ediləcək.
Rusiyanın hərbi gəmiləri dostluq
dövründə və ya hər zaman Rusiya bayrağı
altında Xəzər dənizində üzdüyü kimi
indi də keçmişdəki sayaq yalnız dostluq naminə
hərəkət edəcək və Rusiya dövlətindən
başqa, heç bir dövlətin hərbi gəmilərinin
Xəzər dənizində olmasına icazə verilməyəcək.
Altıncı
maddə: Döyüşlərdə əsir düşənlər,
yaxud tərəflərin əhalisindən - xristian, ya hər
hansı bir məzhəbdən olub, əsir
düşmüş adamlar bu müqavilə təsdiq edilib,
imzalanandan üç ay müddətinədək tərəflər
tərəfindən azad olunsunlar. Tərəflərdən
hər biri həmin əsirlərin Qarakilsəyə gəlib-çatması
üçün lazımi xərcləri və ehtiyacları
ödəsin. Tərəflərin sərhəd
məmurları əsirlərin müəyyən yerə
göndərilməsi barədə bir-birinə məlumat vermək
məqsədilə elan versinlər ki, tərəflər buna əsasən
əsirləri tapa bilsinlər. Öz
razılığı və istəyi ilə qayıtmaq
arzusunda olanlara, ya öz təqsiri və xahişi ilə
öz məmləkətindən qaçan insanlara əsl vətənlərinə
dönməyə icazə verilsin. Hər
tayfadan olan - istər əsir olsun, istər fərari - hər kəs
əgər qayıtmaq istəməsə, kimsənin onlarla bir
işi olmayacaq, tərəflər fərariləri əfv edəcək,
günahlarından keçəcək.
Yeddinci
maddə: Yuxarıda qeyd olunan həmin qərar və bəyanatlardan əlavə,
Rusiyanın Əlahəzrət İmperatoru və İran məmləkətinin
Əlahəzrət Padşahı bu qərara gəlmişlər
ki, tərəflərin etimad göstərilən elçiləri
lüzum olduqda tərəflərin iqamətgahına - paytaxta
göndərildikdə rütbə və dərəcəsinin
ləyaqətinə uyğun şəkildə onların
bütün müraciətləri yerinə yetirilsin, ödənilsin,
qeyd olunsun. Keçmiş qaydada dövlət
nümayəndələrini, xüsusilə, tərəflərin
münasib şəhərlərə təyin etdiyi ticarət
işçilərini himayə etməli, onlara heç bir əziyyət
verməməli, əksinə, tərəflərin təbəələrinə
verilə bilən zərərləri təbəələrin
vəkillərinin məlumatı əsasında azaltmalı və
zərər çəkənlərin
razılığını qazanmalıdırlar.
Səkkizinci
maddə: Tərəflərin dövlətlər arasında
karvanların və ticarət nümayəndələrinin gəl-get
məsələsinə gəldikdə tacirlər silkindən
olan hər kəsin, xüsusən, ali Rusiya dövlətinə
aid tacirlərin əlində öz dövləti tərəfindən
ya sərhədçilərin pasportu, ya rəsmi sənədi
olduqda onların dəniz və quru yolla bu iki dövlətə
maneəsiz gəlib-getməsinə icazə verilir, hər kəs
orda istədiyi qədər yaşayıb, ya qalıb,
müamilə işləri və ticarətlə məşğul
ola bilər və öz vətəninə
qayıtdığı zaman dövlətlər ona mane olmadan
Rusiyadan İran vilayətlərinə, eləcə də
İrandan Rusiyaya mal və kapital apara və sata bilər.
Əgər tərəflərin ticarət nümayəndələri
arasında xüsusi bir tələb və başqa bir iddia
olarsa, adət üzrə, iddiaçı tərəflərin
vəkillərinin yanına gedə bilər və əgər
vəkil olmasa, həmin yerin hakiminin yanına gedib, öz tələbini
ona izah edə bilər və belə halda onlar ədalətlə
müttəhimin iddiasını öyrənib
aydınlaşdırır, özü ya başqalarının
vasitəsilə həmin işi həll edir, ticarət
nümayəndələrinin hüquqlarının
tapdalanmasına və onlara əziyyət verilməsinə
imkan vermir. Rusiya tərəfinin İrana gəlmiş ticarət
nümayəndələrinin öz mal və kapitalları ilə
İran dövlətinin qonşusu olan digər şahlıq
ölkələrinə getmək hüquqları olacaq və
İran dövləti onlara müzayiqəsiz olaraq yol sənədləri
(viza) verməlidir, eləcə də Rusiya da Rusiyadan, Rusiya
dövlətinin dostu olan başqa ölkələrə getmək
istəyən İran tacirləri zümrəsinə daxil olan
şəxslər üçün bu cür şərait
yaratmalıdır.
Rusiya
dövləti təbəələrindən biri İran məmləkətində
yaşadığı və ticarətlə məşğul
olduğu zaman vəfat etsə və onun əmlak və
malları İranda qalsa, onun əmlakı Rusiya dövləti
təbəəsinə məxsus olduğu üçün vəfat
edən şəxsin malı-mülkü şəri şəkildə
qaytarılmalı və həmin şəxsin varisinə təqdim
edilməli, həmçinin ölən adamın
qohumlarının onun mallarını satmasına icazə
verilməlidir. Belə ki, bu qayda Rusiyada və
başqa şahların ölkələrində qanun və adət
halını almışdır və hansı dövlətə
aid olursa-olsun, ona əməl edirlər.
Doqquzuncu
maddə: Rusiya dövləti tərəfinin tacirlərinin
İran şəhərləri və limanlarına gətirdikləri
malların bacı və gömrük haqqı bir şəhərdə
bir tüməndən 500 dinar məbləğinə qədər
alınır və həmin mallardan İranın hansı vilayətinə
gedirsə-getsin, heç bir məbləğ alınmır. Eləcə də İran məmləkətindən
xaricə çıxarılan mallardan xərc, bələdçilik
və daşınma və sair adı ilə Rusiya tacirlərindən
o qədər də çox məbləğ tələb
olunmamalıdır. Elə həmin qaydada İran tacirlərinin
Rusiya şəhərləri və limanlarına
apardıqları, ya çıxardıqları mallardan
alınan bac və gömrük haqqı nəzərdə
tutulmuş məbləğdən heç cür fərqlənməməlidir.
Onuncu maddə:
Tacirlər mallarını dəniz sahili limanlarına
daşıyandan və ya quru yolla tərəflərin sərhəd
şəhərlərinə gətirəndən sonra hər
iki tərəfin tacirlərinə və mübadilə məmurlarına
öz mallarını və pullarını satmaq və
başqa mallar almaq və dəyişmək ixtiyarı
verilmişdir və daha gömrük işçiləri tərəflərin
tacirlərindən icazənamə və göstəriş istəməməlidirlər,
çünki gömrükçülər və icarədarlar
diqqət yetirməlidirlər ki, müamilə nümayəndələrinin
ticarət işində dayanmalar və gecikmələr baş
verməsin. Xəzinə vergisi, satılan mal və
müştəri ilə bağlanan sazişə əsasən
əldə edilir.
On birinci maddə: Bu müqavilə təsdiq olunandan və imzalanandan sonra ali dövlətlərin seçilmiş vəkillərinə təqdim olunub, dərhal tərəflərin hər yerində elan ediləcək, yayılacaq və icra olunacaq, xüsusən, ədavət və düşmənçilik əməllərinə birdəfəlik son qoyulacaq və hər yerə göndəriləcək. Tərəflər arasında daimi, davamlı sülhün təsbit olunması və qeyd olunan iki tərəfin arasında bağlanan bu sülh müqaviləsi indi fars əlifbası ilə qeyd olunmuş, yazılmış, iki dövlət məmurları tərəfindən təsdiq olunmuş, möhürlə imzalanmış və hər iki tərəfə təqdim edilmişdir. Bu sənəd bütün Rusiya imperiyasının Əlahəzrət İmperatoru və İran məmləkətinin Əlahəzrət Padşahı tərəfindən şərafətli imzaları ilə təsdiq olunmuşdur və bu ətraflı, geniş sülh müqaviləsi hər iki dövlət tərəfindən daimi olub, üç qəməri ay müddətində seçilmiş vəkillərə çatdırılmalıdır.
Bu müqavilə Rusiyanın hərbi düşərgəsində və Qarabağ vilayətinə mənsub Gülüstan mahalının Zivə çayı yaxınlığında 29 şəvval 1228-ci ildə (21 oktyabr 1813-cü ildə) qələmə alındı.
Vasif
QULİYEV
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.20-21.