Bulaqlar bulandı, sən təmiz qaldın
Cəmil Əlibəyov - 95
Qəribə və maraqlı ömür də ana kimi, vətən
kimi, zəmanələr kimi insanın heç kimin
görüb oxuya bilmədiyi alın yazısıdır, tale
payıdır.
Tanrının insanlara bəxş etdiyi bu alın
yazısından heç kim nə
qaça bilir, nə də ki sonalayıb seçə, dəyişə
bilir. Görkəmli yazıçı, dövrünün
tanınmış jurnalisti, siyasi və ictimai xadim, ləyaqətli
insan, yaşadığı keşməkeşli zəmanənin
hər anında insanlara, xüsusilə gənclərə əl
tutub, yol göstərməsi ilə yadda qalan Cəmil Əlibəyova
da tanrı dünyanın nehrə kimi
çalxalandığı bir zamanda enişli-yoxuşlu bir
ömür payı bəxş etmişdir.
1927-ci
ilin şaxtalı, boranlı bir qış günündə
(5 dekabr) keçmiş Karyagin, indiki Füzuli rayonunun Dədəli
kəndində varlı bəy ailəsində dünyaya
göz açan Cəmil Əlibəyov yaşadığı
87 ildə həm zəmanənin ağrılı-acılı
günləri ilə rastlaşmış, həm də lap
uşaq yaşlarından yeni qurulmuş Şura hökumətinin
hikkəsi ilə elindən, obasından qaçaq
düşmüş bəy atasının dərd-sərini
çəkmişdir. İndiki parklarda, xiyabanlarda becərilən
çəmənliklərin (qazonların) bir az
baş qaldıranda boynu biçildiyi kimi, Cəmil də
inkişaf edib tanınanda əvvəlcə bəy atasına
görə, sonra da gözü götürməyən nanəciblərin
anonim məktublarına görə min bir zülmə, zillətə
məhkum olunmuşdur.
...Heç beş yaşı tamam olmamışdı ki, şura hökumətinin
hərbə-zorbasına tab gətirməyən atası
Ədil bəy kəndin digər varlıları ilə
biri-birinə qoşulub uşaqlarını da,
sayı-hesabı bilinməyən var-dövlətini də
qoyub Xudafərin körpüsünü keçib İrana
qaçır. Yeni yaranmış hökumət Ədil bəyin
bütün var-dövlətini, hətta uşaqlarının
yaşadığı evi də müsadirə edir. Bununla da bəy ailəsinin
ağrılı-acılı günləri başlayır.
Hər gün bir qoyun kəsdirib yediklərini
yeyən, yemədiklərini də kəndin
imkansızlarına paylayan ailənin bir qarın çörəyə
möhtac qalması və digər dərd-səri haqqında hər
yerdə, ən çox da hüzür məclislərində
hamı ürək ağrısı ilə danışır,
hətta ağılar deyib, bayatılar səsləndirir.
Anasının, bibisinin, böyük bacısının
atası Ədil bəy haqqında ah-nalə çəkib dillə
ağladıqları bayatılara qulaq asan, bu dərd-səri
ürəyinə salıb gecə-gündüz atasını
fikirləşən, hələ əməlli başlı
yazıb oxumağı bilməyən balaca Cəmil
qadınların şivən qoparıb, yana-yana dilə gətirdikləri
bayatılardan və ağılardan eşitdiklərini
uyğunlaşdırıb, atası haqqında bir neçə
sətirdən ibarət bir şeir də dilə gətirir:
Evin
yıxılsın nadamat hökumət,
Atamı saldın qaçağa hökumət.
Bizləri qoydun yetim, ay hökumət.
Bu bir bəndlik şeir tezliklə kənddə
hamının dilinin əzbəri olur. Hər evdə, hər
məclisdə hələ əlifbanı əməlli
başlı öyrənməmiş, oxumağı,
yazmağı bacarmayan Cəmildən, onun şeirindən
danışılır. Elə bu əl
boyda tifilin başına ilk müsibətlər də onda, o
şeirə görə gəlir. Günlərin bir
günü qırmızı şapkalı iki atlı
kənddəki məktəbin (o vaxt məktəb Cəmilgilin
evində yerləşirdi) qapısını döyür. Əvvəlcə Nabat müəllimə ilə
danışırlar, sonra da Cəmilin anası Qazı Mirzə
Əlinin qızı Ziba xanımı sorğu-suala tuturlar.
Vəziyyətdən çıxış yolunu
da elə onlar, qırmızı papaqlılar özləri
tapırlar. Nabat müəllimədən bircə
cümləlik bir izahat alırlar: "Ədil bəyin
oğlu Cəmilin yaşı azdır, heç yazıb
oxumağı da bilmir". Cəmilə də
dönə-dönə tapşırırlar ki, bir də belə
şeir yazma, dilinə gətirmə, əgər belə
şeir yazsan, haradasa danışsan, səni də, ananı da
sürgün edəcəyik. Sibirə göndərəcəyik...
"Sürgün" sözünü ürəyində
bir neçə dəfə təkrar səsləndirib bu
sözün başqa bir mənasının da elə
qaçqın olduğunu başa düşəndə balaca Cəmilin
dili tutulur, hüşunu itirib yağışın
yaratdığı gölməçəyə sərilir.
Bu hadisəni indi də yaxşı xatırlayan, həmin illərdə
onunla bir məktəbdə oxuyan 98 yaşlı Nazənim
xanım deyir: "Qırmızı papaqlıların hədəsindən
dili tutulub ürəkkeçmə tapan Cəmil bir müddət
məktəbə gəlmədi, sonra eşitdik ki..."
...Hələ
orta məktəbdəki təhsil illəri
çalın-çarpaz dolayılarda dolaşıq
düşən Cəmil ailə vəziyyətinin
ağırlığına görə oxuduğu pedaqoji
texnikomun sonuncu kursundan çıxıb bir müddət kənddəki
kalxozda kotana gedir. Özünün "Zəmanələrlə
üz-üzə" kitabında yazdığı kimi, kənddəki
bir nanəcibin Cəmilə qarşı olan
haqsızlığına dözməyən, o vaxt qolunun
gücü, həm də sözünün kəsərliliyi
ilə təkcə Dədəlidə deyil, qonşu kəndlərdə
də böyük hörmət sahibi olan Nəriman babanın
həmin adamın dərsini yaxşıca verməsindən və
sonra da Bakıya gəldiyindən ürək ağrısı
ilə yazır.
Bakı
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə qəbul olunub sonuncu kursa kimi əla qiymətlərlə
oxuyur, dövlət imtahanlarına hazırlaşanda, necə
deyərlər, öz balasına da xəyanət etməkdən
çəkinməyən birisinin Cəmil Əlibəyovun bəy
atasının Dövlət Təhlükəsizlik
Aparatında saxlanan bəylik qovluğuna tökdüyü xəyanət
suyu Ədil bəyin bəyliyini yenidən cücərdib dilə-ağıza
salır. İrana qaçmış bəyin
oğlu şərqşünas olub "xaricdə işləyə
bilməz" adı ilə onu universitetdən xaric edirlər.
Amma nə tələbə yoldaşları sakit
dayanır, nə də ki ona dərs deyən müəllimlər.
Bakıda M.C.Bağırova da yazırlar, Moskvaya
Stalinə də məktub göndərirlər. Cəmilin əla qiymətlərlə oxuduğunu, vətəninə,
dövlətinə sədaqətli bir gənc olduğunu
bildirirlər. Onun haqqında qəbul
edilmiş ədalətsizliyə son qoyulmasını dönə-dönə
xahiş edirlər. Bir az
dolaşıqlığı ilə də olsa haqq-ədalət
öz yerini tapır. Cəmilə Bakı Dövlət
Universitetinin tarix fakültəsində oxumağa icazə
verirlər...
...Onda
İkinci Dünya müharibəsi cəmi dörd il idi ki qurtarmışdı. Belə
bir gündə Cəmil Əlibəyov "Azərbaycan gəncləri"
qəzetində işə qəbul olunur. Elə
ilk məqalələrini də müharibə illərində
arxa cəbhədə işləyən kənd
adamlarının göz-gözü görməyən
qaranlıq gecələrdəki fəaliyyətindən, isti
yay günlərində bicinsilərin fədakarlığından
yazır. Cəbhədən sinəsi orden və medallarla
dolu qayıdan
qolunu, qıçını itirmiş gənclərin
neft buruqları arasındakı fədakarlıqlarını
oxuculara çatdırır. Tərbiyə
mövzusunda yazdığı məqalələri əl-əl
gəzir.
Bu yazılar Cəmili də sevdirirdi, qəzeti də. Çox
qısa müddətdə Cəmil Əlibəyov adi ədəbi
işçilikdən baş redaktor vəzifəsinə
yüksəlir. Çətin redaktorluq vəzifəsini
yerinə yetirməklə yanaşı, ədəbi
yaradıcılığını da davam etdirir. Yeri gəlmişkən,
bu kiçik məqalədə Cəmil Əlibəyovun
uşaqlıq və gənclik illərində keçdiyi
çətin yola bir az genişliyi ilə yer verməklə
onu demək istəyirəm ki, uşaqlıq illərində
başına gələn və gətirilən müsibətlər
İkinci Dünya müharibəsi illərində bir
kalxozçu kimi əmək fəaliyyətinə
başlaması, sadə insanlar arasında yaxşını,
pisi seçməkdə ona yardımçı olmuş,
torpağa, sadə insanlara yaranmış dərin sevgi onun
yaradıcılığında da öz yerini
tapmışdır.
Bir sözlə, Cəmil Əlibəyovun əsərləri
onun keşməkeşli həyatının bədii
güzgüsüdür. Həm mövzusuna, həm də dil və üslubuna
görə biri-birindən fərqlənən, əsl həyatdan
götürülmüş povest və romanlarında
uşaqlıq illərində yaşadığı kəndin,
onun adamlarının çətin gündə bir
çörəyi dörd yerə bölüb biri-birinə əl
tutduqlarını, özləri ac qalıb uşaqları tox,
möhtacsız saxladıqlarını elə ustalıqla qələmə
almışdır ki, o nəslin əsəri oxuyan nümayəndələri
təsvir olunan kəndin onların kəndi olduğunu, əsərdəki
qəhrəmanların birini özü hesab edir, başqa
birisini də "o, mənim qonşumdur deyir".
Yaşlı və orta nəslin nümayəndələri
C.Əlibəyovun "Azərbaycan gəncləri" qəzetindəki
redaktorluq fəaliyyətini yaxşı xatırlayır. Məhz onun təşəbbüsü
ilə hələ əllinci illərin axırlarında
redaksiyanın nəzdində "Gənc qələmlər"
ədəbi məclisi yaradılmış, Sabir Rüstəmxanlının
dediyi kimi, bu məclis Azərbaycanın hər tərəfindən
istedadlı gənclərin yaradıcılıq ünsiyyətinə,
gənc söz ustalarının ədəbi üfüqdə
parlamasına imkan yaratmışdır. Bu
gün xalq yazıçısı, xalq şairi kimi fəxri
adlara layiq görülmüş, əsərləri xalq tərəfindən
böyük məhəbbətlə sevilən neçə-neçə
şair və yazıçı məhz o məclisdə
parlayıb ortalığa çıxmışdır.
Müstəqil
Azərbaycanda buraxılan onlarla qəzetin sərbəst fəaliyyətinə
diqqət yetirəndə adam istər-istəməz
vahid ideologiyanın çərçivəsində qəzet
buraxmağın çətinliklərini yada salır.
Redaktorluq şərəfli olduğu qədər də,
çətin vəzifədir. Əsl redaktor gərək
xalqla dövlət arasındakı tarazlığı
düzgün nizamlaya bilsin, nəyə və kimə görəsə
birinin təriflənməsinə, başqasının tənqid
olunmasına yol verməsin. Çətinə
düşənlərə arxa, dayaq olsun. C.Əlibəyov
məhz belə redaktor idi.
Yaşlı nəslin nümayəndələri Cəmil
Əlibəyovun redaktoru olduğu qəzet vasitəsi ilə
kommunist ideologiyasının çərçivəsinə
sığmayan yazıları ilə xalqın dərd-sərini
ədəbiyyata gətirən və buna görə də hər
yerdə tənqid edilən, təqiblərə məruz qalan qələm
əhlinə arxa-dayaq olduğunu yaxşı xatırlayır. Xalq şairi Nəbi Xəzrinin "Alçaq təpə"
poemasını, Qabilin "Tramvay parka gedir..." şeirini
yuxarılar qılınc götürüb qılınclayanda, məhz
yuxarıların tələbi ilə müzakirə obyektinə
çevriləndə o, rəhbərlik etdiyi qəzet vasitəsi
ilə onları necə müdafiə etdiyini və elə buna
görə də özünün də tənqid hədəfinə
çevrildiyini adamlar indi də unutmayıblar.
O çətin
günlərdə arxa olduğu qələm əhlinin əksəriyyətinin
göndərdiyi məktublar Cəmil Əlibəyovun arxivində
indi də qorunub saxlanır. Xalq şairi Nəbi Xəzri
yazır: "Alçaq təpənin böyük bəlasına
şərik olan, mənə arxa olan, gənclikdən bəri əziz
dostum Cəmil müəllim Əlibəyova həmişəki
məhəbbətlə deyirəm: "Əzizim, sən uzaqdan
görünən ən uca dağsan..." Xalq şairi Qabil
ürək dolusu xoş sözlərlə yazdığı məktubda
onun bir redaktor kimi, şəxsiyyət kimi xeyirxah əməllərindən
yazır: "Cəmil, qardaşım, səni təkcə ona
görə sevmirəm ki, "Tramvayı" relsdən
çıxmağa qoymadın. Mənə qanad
verdin, uçdum, həm də ona görə ki... sən Cəmilsən!"
Təbiətən
çox sakit adam olan Cəmil Əlibəyov
qorxmaz, cəsarətli redaktor idi, özü yazmaqla
yanaşı, redaksiyanın əməkdaşlarının da
xalqı düşündürən mövzularda yazmalarına
geniş imkan verib, şərait yaradırdı. Erməni vəhşilərinin
torpaqlarımızı zəbt etmək üçün
addımlar atdığı o ağır günlərdə
C.Əlibəyovun baş redaktor olduğu "Kommunist" qəzetində
dərc olunan "Topxana harayı" məqaləsi
bütün xalqı ayağa qaldırdı. Əslində, Azərbaycanda
meydan hərəkatı elə bu məqalədən sonra
başladı...
Azərbaycan
Dövlət Radio və Televiziya verilişləri Komitəsi sədrinin
müavini işləyəndə məhz Cəmil Əlibəyovun
təşəbbüsü ilə efirə çıxan
"Bulaq" verilişi milli ənənəmizə
qayıdış üçün bir haray oldu... Bir dəfə Cəmil müəllimin oğlunun toy
məclisində tanınmış artistlərdən biri
"bulağ"ın dili ilə danışdı. Cəmil
müəllimin gözləri yaşardı, Natiq Cəmil
müəllimin oturduğu stola yaxınlaşıb, əlindəki
dolu qədəhlərdən birini Cəmil müəllimə
uzatdı: "bu, araq deyil,
"bulağın" suyudur" - dedi.
Keçən
əsrin 70-ci illərinin ortalarında Cəmil Əlibəyov
təqribən 10 il C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasına
başçılıq etmişdir. Həmişə
gənclərlə işləməyə üstünlük
verən C.Əlibəyov bu vəzifədə işləyəndə
də tanınmış qələm sahibləri ilə
yanaşı, gənc kinosenaristlərin əsərlərinin
ekran yaradıcılığına da geniş yol
açdı. Onun kinostudiyaya rəhbərlik etdiyi illərdə
çəkilən "Babək", "Dədə
Qorqud", "İstintaq", "Tütək səsi",
"Dərviş Parisi partladır", "Nizami",
"Ad günü", "Qayınana" kimi filmlər bir
çox dillərə tərcümə olunaraq xalqımızın
ənənəvi dəyərlərini dünya ictimaiyyətinə
çatdırmışdır.
...Yuxarıda
göstərdiyim kimi, bəy atasına görə
uşaqlıq və gənclik illərində başına gələn,
daha doğrusu, gətirilən müsibətlər onun bədii
yaradıcılığında da öz əksini genişliyi
ilə tapmışdır. Cəmil Əlibəyovun
həyat həqiqətlərini bədii şəkildə
obrazlaşdırdığı roman və povestləri təkcə
Azərbaycanda deyil, respublikamızdan kənarlarda da, bir
çox xarici ölkələrdə də böyük maraqla
qarşılanmışdır. "Sınaq", "Mənim
analı dünyam", "Həyatın özü",
"Dözümlü məhəbbət" romanları,
"Qayaların göz yaşı" povesti Moskvada
"Sovetski pisatel" nəşriyyatında nəşr
olunub, hər tərəfə yayılmışdır. Sevgiyə
sədaqət mövzusunda yazılmış "İlk məhəbbət"
romanı, ana məhəbbətindən, ananın vətənə,
torpağa bağlılığından, övladlarına məhəbbətindən
bəhs edən "Mənim analı dünyam", tarixi
keçmişimizdən bəhs edən "Qızıl at və
torpaq" romanları, haqqın, ədalətin
tapdalanmasından bəhs edən "Özümü
axtarıram" povesti Azərbaycan oxucularına dönə-dönə
təqdim olunmuşdur.
Cəmil Əlibəyov hərtərəfli biliyə və
yazmaq qabiliyyətinə malik olan böyük
yazıçı olmaqla yanaşı, həm də yüksək
səviyyəli, səliqəli tərcüməçi idi. Bu gün dünya ədəbiyyatının
klassiki kimi qiymətləndirilən Çingiz Aytmatovun "Cəmilə",
"İlk müəllim", "Ana tarla", "Ağ gəmi"
povestlərini Azərbaycan oxucularına məhz o
çatdırmışdır. Bu barədə Cəmil
Əlibəyovun öz dilindən eşitdiklərim:
"...Moskvada "Moskva" mehmanxanasının
yanındakı yeraltı keçiddən "Cəmilə"
povestinin rus dilində tərcüməsini alıb bir gecəyə
oxudum, mənə aydın olmayan bəzi ifadələrin
altından xətt də çəkdim. Təsadüf
elə gətirdi ki, səhəri gün elə mehmanxanada
Çingiz Aytmatovla rastlaşdım. Elə bil kim isə məni onunla görüşüb
tanış olmağa məcbur etdi. Özüm də hiss etmədən
ona yaxınlaşdım, əlimdəki kitabı göstərib
Azərbaycandan, jurnalist olduğumu dedim. "Cəmilə"
haqqında xoş sözlər danışdım.
Əlini çiynimə qoyub: - "Xoş sözlərinə
görə çox sağ ol - dedi, indi ki bəyənmisən,
özün də jurnalistsən, onda "Cəmilə"yə
azərbaycanlı donu geydir, tərcümə elə, qoy sənin
adına oxşar "Cəmilə"ni
azərbaycanlılar da oxusunlar".
Bakıya
qayıdan kimi böyük yazıçının sözlərinə
əməl etdim...
Cəmil Əlibəyov kitablar haqqında məqalələr
yazmağı xoşlamırdı, tamaşalar haqqında
heç şey yazmazdı. Amma bir dəfə...
Günlərin bir günü Cəmil müəllimlə
Azdramaya tamaşaya baxmağa getmişdik. Fasilə
zamanı Bəxtiyar Vahabzadə ilə görüşdük.
Cəmil müəllimi qucaqlayıb bərk-bərk
bağrına basdı. Mənimlə də
doğması kimi görüşdü və gözlənilmədən,
özünəməxsus gülüşlə:
- Asif, sən
Cəmilin bacısı oğlusan, yoxsa Cəmil sənin dayındır?
- deyə qəh-qəhə çəkdi...
Cəmil
mənim dayımdır - dedim. Bəxtiyar müəllim yenidən
Cəmili qucaqladı və üzünü mənə tutub: -
Mənim əsərlərim haqqında çox adamlar
çoxlu məqalələr yazıblar - dedi - amma sənin
dayının mənim "Dar ağacı" pyesim
haqqında yazdığı məqaləyə qiymət verməyə
söz tapmıram... Məqalə məni göylərə
qaldırdı...
Bəxtiyar
Vahabzadənin bu məqalə ilə əlaqədar Cəmil
müəllimə göndərdiyi məktubdan bəzi ifadələri
yada salmaq istəyirəm: "Əzizim Cəmil,..
mənim atdığım oxu havada tutmusan.
Məqalədə məni heyrətə gətirən
əsas məsələ isə pyesi professional
teatrşünas səviyyəsində təhlil etməyindir.
İndi mən düşünürəm: niyə sən, məhz
sən Cəmil Əlibəyov bu boyda ürək genişliyi
ilə həmkarını görə bilir, o biri həmkarlarım
yox? ...İndi əziz dost, əgər sənin məqalən
olmasaydı, mən bu əsərdə uğur
qazandığıma inanmaz və bəlkə də əsəbdən
boğulardım".
Cəmil müəllim yaxşı jurnalist,
yazıçı olmaqla yanaşı, həm də el
adamı idi, onun dilindən acı söz eşitməzdin,
heç qələmindən çıxan yazılarda da qəlbə
toxunan acı sözə rast gəlməzsən. Hələ gənc
yaşlarından "Azərbaycan gəncləri" qəzetində
onunla birlikdə işləyən rəhmətlik akademik Bəkir
Nəbiyev Cəmil müəllimin 80 illik yubileyində
çıxış edəndə keçmişi
xatırlayıb onun xeyirxah əməllərindən
ağız dolusu danışdı, gənclərə necə
qayğı göstərdiyini faktlarla, misallarla yada saldı.
Onun həyatını insanlar üçün bir universitet
adlandırdı: "Cəmil Əlibəyov universiteti". Bu, insanlıq universitetidir. Eyni zamanda, adama tək
yazmaq yox, adam olmağı öyrədən
universitetdir. Böyük iftixarla deyə bilərəm
ki, mən də bu universitetin məzunuyam.
Olduqca sakit təbiətli, səmimi və
qayğıkeş, heç vaxt heç kimlə ucadan
danışmayan Cəmil müəllim kimsəsizlərin kimsəsi
idi. Rast gəldiyi
hər hansısa bir adamda hansı sahədəsə adi bir
işartı hiss edəndə dərhal qolundan tutub ayağa
qaldırar, yol göstərər, inkişafı
üçün kiminsə qapısını döyüb
xahiş etməkdən çəkinməzdi. "Zəmanələrlə
üz-üzə" kitabında göstərdiyi kimi haradasa
rast gəldiyi cavan bir sürücünü əvvəl
redaksiyada elə adi sürücülüyə işə
götürür, sonra instituta qəbul etdirir... O da ona
göstərilən qayğıdan bəhrələnir. Moskvada ən hörmətli institutda namizədlik
dissertasiyası müdafiə edir, sürücü Mirzə
dönüb universitet müəllimi olur. Fəhlə
müxbir Pirini "Kommunist"in xüsusi müxbiri vəzifəsinə
kimi yüksəldir...
Cəmil Əlibəyovun bu cür xeyirxah xidmətlərini
layiqincə qiymətləndirən Xalq şairi Nəriman Həsənzadə
Cəmil müəllimə göndərdiyi, "Tariximiz,
taleyimiz" ktabına yazdığı xatirə çox
maraqlıdır.
Kimsəsiz
olanda, kimsəmiz oldun,
Bulaqlar bulandı, sən təmiz oldun.
Biz Allah
çağırıb gəldik üstünə,
Sən onda yerdəki Bəndəmiz oldun.
Cəmil Əlibəyov haqqında yazılmış cəmi üç xatirə məktubdan misal çəkdim, amma ötən illərdə ona ünvanlanmış yüzlərlə məktubu, kitablara yazılmış ürək dolusu xoş xatirələri nəzərdən keçirib saf-çürük etdikdə, bir daha yəqinləşdirdim ki, dünyanın çalxalandığı bir zamanda yaşayıb-yaradan Cəmil Əlibəyov vəzifə pilləsində çox qalxıb-düşüb. Amma heç vaxt dəyişməyib. Həmişə olduğu kimi qalıb. Necə deyərlər, çox bulaqlar bulanıb, amma o, dup-duru, elə Cəmil kimi tərtəmiz qalıb.
...İndi dünya dəyişib... Çox arzular çin olub: bir vaxt gördüklərimizin və eşitdiklərimizin çoxu xatirələrə dönüb... Onda avqustun ortaları idi. Cəmil müəllimin Bilgəhdəki bağ evində dərdləşirdik. Erməni vəhşilərinin ayaqları altında tapdanan Qarabağdan, Şuşadan, Füzulidən... danışırdıq. Bərk kövrəldi, hönkürməkdən özünü güclə saxladı. Nə vaxtsa yazıb cibində saxladığı bir vərəqi mənə verdi. "...Mən Qarabağı da, Şuşanı da, kəndimizi də səndən tez görəcəm. Ruhum Bakıdan qanadlananda kəndimizə - Dədəliyə düşəcək... Bilirəm, tezliklə Qarabağ azad olunacaq, onda anamın qəbrinin üstündən bir ovuc torpaq gətirib qəbrimin üstünə tökərsən".
İndi iki ildir ki, hər dəfə görkəmli
yazıçı, jurnalist, xeyirxah insan,
yaşadığı dövrdə hamıya dayılıq edən
Cəmil Əlibəyovun Balaxanı qəbiristanlığındakı
məzarını ziyarət edəndə o günü, o məktubu
xatırlayıram. "Ruhun şad olsun böyük insan,
artıq arzularımız çin olub: Qarabağ
azaddır" - deyirəm.
Asif
QULİYEV
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.18;19.