Oğul Qəlbinur
Cərrah-oftalmoloq, tibb üzrə
elmlər doktoru Tural Qəlbinurla hardasa 15 il
olar ki, şəxsən tanışıq.
Buna qədər isə onu qiyabi
tanıyır, fəaliyyətini
izləyir, nailiyyətlərini
təqdir edir, xaricdə uğurlu əməliyyatlar keçirdiyini
eşidəndə sevinirdim.
Bu günlərdə onunla
yaxından ünsiyyətdə
olmaq, çalışdığı
xəstəxanada insanlara
qarşı doğma münasibətini görmək,
xeyirxah əməllərinin
xəstələrdə oyatdığı
həyəcanı, ehtiramı
yaxından müşahidə
etmək imkanı qazandım və bir daha əmin
oldum ki, Tural Qəlbinur kimi gənc, peşəkar həkimlərimizin
varlığı çağdaş
Azərbaycan səhiyyəsinin
böyük qazancıdır.
Ünsiyyət zamanı həm də Turalın davranış mədəniyyətini,
kübarlığını, insanlara münasibətindəki
doğmalığı müşahidə
elədim. Əslində, hər bir peşəkar
həkim üçün
vacib olan belə müstəsna keyfiyyətlər iş prosesində özünü
daha qabarıq büruzə verir. Baxırdım, neçə-neçə
pasiyentin, fərqli xarakterli xəstələrin,
az qala, eyni vaxtda, bir
ağızdan müraciət
elədiyi gərgin məqamlarda həm onun özü, həm də əhatəsindəki tibbi
personal nə qədər
həssas və mehriban davranır, o gərgin, əsəbi situasiyanı sakit, nəzakətlə yoluna qoymağı bacarırdılar.
Mən Turalın atası, bizim məşhur göz həkimi, professor Paşa Qəlbinuru uzun illərdir tanıyıram.
Paşa müəllimin həkim kimi peşəkarlığının
dəfələrlə şahidi
olmuşam, həmişə
xəstələrə qarşı
həssas münasibətini
görmüşəm. Paşa Qəlbinur həm də gözəl şairdir, ən müxtəlif mövzularda
gözəl şeirlərin
müəllifidir və
bu şeirlərdən
bəzilərini əzbər
də bilirəm.
Onun işıqla, gözlə,
rənglərin gözəlliyi
ilə bağlı yazdığı şeirlər
isə xüsusilə
təsirlidir. Paşa
müəllimin həm
də gözəl nəsri, bədii publisistikası var. Onun müəllifi olduğu bir çox bədii və publisistik yazıları müxtəlif vaxtlarda dəfələrlə "525-ci qəzet"in səhifələrində
də çap etmişik, mən özüm müxtəlif
tədbirlərdə bu
yazılardan sitatlar da gətirmişəm. Belə bir həkim, belə bir insan,
belə bir ziyalı, hesab edirəm, Azərbaycan üçün hərtərəfli
böyük sərvətdir.
Tural Qəlbinur
ilə dediyim son görüşümüz zamanı
dıqqətimi çəkən
bir məqam mənə xüsusi təsir elədi.Turalın
hərəkət və
davranışlarında uzun
illərdən bəri
tanıdığım atasının
- Paşa müəllimin
bir çox xüsusiyyətlərinin təkrarını
gördüm. Tural özünün danışıq tərzi,
diksiyası, hətta nitqindəki pauzası, jestləri, insanlara münasibəti, mimikası
ilə, elə bil, atasının davamı, oxşarı, eynisi idi. Və hesab edirəm ki, bu eyniliklərin
izahı təkcə genetik bağlılıqda
deyil.
Oğulların yaşa dolduqca zahirən öz atalarına bənzədiklərini
indiyəcən çox
müşahidə etmişəm
və hiss olunub ki, bu oxşarlıq
daha çox genetik bağlardan irəli gəlir. Amma Turalın atasına bənzərliyi təkcə
genetik məsələ
deyildi. Mən Turalın timsalında
bir övladın öz atasına sonsuz hörmətinin, ehtiramının, sevginin, əlahiddə vurğunluğunun
əlamətlərini gördüm.
Yox, Tural bunu qəsdən
eləmirdi, bu, onun atasına sərhədsiz pərəstişinin
təzahürü idi.
Ata Qəlbinurun insanlara qarşı münasibəti necədirsə,
onlara hansı səviyyədə mehribançılıq,
məhəbbət, xeyirxahlıq
nümayiş etdirirsə,
oğul Qəlbinur da eynən onun
kimi - atası kimidir.
Tural Qəlbinur bu gün öz sahəsində bir çox uğurlara imza atmış peşəkar cərrahdır,
bildiyim qədərilə
150 illik göz həkimliyi təcrübəsi
olan bir nəslin layiqli davamçısıdır, bununla
bərabər, o, həm
də mükəmməl,
yetkin bir şəxsiyyətdir və
onun fəaliyyəti, insanlara belə isti, doğma münasibəti qürur doğurur. Məhz belə bir insan olduğuna
görə mən Turala təşəkkürümü
bildirir və eyni zamanda dostum Paşa Qəlbinuru təbrik etmək istəyirəm.
Ona
görə təbrik etmək istəyirəm ki,
o, öz həyatı
ilə böyük bir
nəslin işığına çevrilməyi bacarıb. Ömrü boyu
işıqdan yazan bir
şair, peşəkar bir
göz cərrahı, oftalmoloq
alim həm də özü
bir işıq selidir.
İnanıram ki, gələcəkdə
də bu nəslin nümayəndələri,
varisləri, törəmələri elə Tural
kimi məhz ona bənzəməyə,
onun şəfqətə aparan
yolunu davam etdirməyə
çalışacaqlar. Mən buna
ürəkdən əminəm və ona
görə də Paşa Qəlbinuru - mənim
əziz dostumu, bizim
hörmətli həkimimizi, gözəl şairimizi,
yaradıcı insanı və nəhayət, belə bəxtəvər
atanı ürəkdən təbrik edirəm.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.12.