Çörək ətri
Esse
Hər yerdən
eyni ətir gəlirdi o gün. Yerdən də,
göydən də, barmaqlarımın ucundan, başımın üstündə
dalğalanan üç
rəngdən də çörək ətri gəlirdi. Kəlbəcər bizi duz-çörəklə
qarşılamışdı. Bir əlimdə yupyumru Kəlbəcər çörəyi,
o biri əlimdə baldırğan çayının
tüstülədiyi karton
stəkan rayon mərkəzi
sayılan Bayraq meydanında bu qədim rayonla üzbəüz durmuşdum.
Ətrafda ins-cins görünmürdü.
Dörd bir yanımda yarıuçuq bomboş evlər idi, səmanı yara-yara şövqlə dalğalanan
bayraq idi, əlimi yandıran isti çörək idi, tüstülənən
çay idi. Barmaqlarım arasından ehmal-ehmal qalxan tüstü Kəlbəcərdəki həyatın
nəbzindən xəbər
verirdi. O an mənə
bir şey aydın oldu ki, bəzi günlər
xatirimdə ətriylə
qalır. Həmin gün Kəlbəcər
yaddaş kartıma çörək ətriylə
həkk olundu. Zarafat deyil, düz 30 ildən sonra Kəlbəcərə həyat
qayıtmışdı. Şanslıydım, çünki bu
qayıdışa ilk şahidlik
edənlərdən biri
idim. Birdən xatırladım ki,
səhərdən bəri
ac-susuzam. Neçə saatlıq uzun yoldan sonra dodaqlarım
quruyub bir-birinə yapışmışdı. İştahla çörəkdən bir dişdəm aldım. Sonra üfürə-üfürə
sapsarı çaydan içdim. Bayaq çayı süzəndə
deyirdilər ki, bu çay Kəlbəcərdə
yabanı halda bitən baldırğan otundan dəmlənib və bir çox
xəstəliklərin dərmanıdır.
Çayı üfürə-üfürə
özümü lap Mirzə
Fətəli Axundzadənin
Müsyö Jordanı
kimi hiss edirdim. Ya mən çox acmışdım, ya mənzərə çox
ecazkar idi, ya da çörək
çox dadlıydı
ki, növbəti qurtumlar və düşdəmlər ard-arda
sıralandı. Mənə elə
gəldi ki, bu günə qədər daddığım
ən ləziz çörəkdir, ən
fərqli çaydır.
Elə onu gördüm ki, yanımdan ötüb keçən hərbi maşındakı
əsgər mənim iştahla yeməyimə təbəssüm edir.
Qeyri-ixtiyari əlimdəki
çörəyi ona
tərəf uzatdım:
"Yeyirsiz?" Çörəklə
dolu torbanı başı üstünə
qaldırıb maşının
şüşəsindən mənə göstərdi:
"Nuş olsun sizə".
Həmin əsgər də eyni ünvandan gəlirdi. Kəlbəcərli Əli kişinin
çörək sexindən.
Mən elə bu yerlərə
Əli kişini deyib gəlmişdim.
Adam tam bir Vətən
sevdalısı idi.
Özü də pafossuz-zadsız.
Gəncədə işlətdiyi çörək
sexini bağlayıb orduyla birlikdə Kəlbəcərə adlayan
ilk yerli sakin idi. İlk dəfə telefonda
danışmışdı mənə hekayəsini.
Aylar sonra mən çəkiliş heyətimizlə
birgə sıldırım
Kəlbəcər aşırımlarını
dolana-dolana İbrahimov
Əli kişinin Kəlbəcərdə nəfəs
verdiyi çörək
sexinə gəlib çıxdım. Gözlərimlə
gördüm maşınla
yoğrulan xəmiri də, yumrulanan kökələri, çörəyin
qızarıb isti-isti
sobalardan çıxmasını
da... Elə ordaca üzbəüz
əyləşib ata-bala
kimi dərdləşdik.
Əsli Kəlbəcər rayonunun
o vaxtkı Sınıqkilsə,
indiki Hacıkəndindən
idi Əli kişinin. 31 yaşı vardı qaçqın həyatına
qədəm qoyanda.
O vaxta kimi Kəlbəcər rayonunun
çörək kombinatında
baş mühəndis
kimi çalışırdı.
Özünü dərk edəndən
qazancı çörəkdən
çıxırdı. Burnu təzə çörək
qoxusuna, üzü, gözü xəmirə öyrənmişdi.
Deyir, 1993-cü ilin 2 apreli qara yel kimi əsdi Kəlbəcərin üstünə. Həmin gündən digər kəlbəcərlilər kimi ev-eşiklərindən didərgin düşüb Gəncə şəhərinə pənah apardılar. Ordaca yer-yataq qurub müvəqqəti olaraq kök atdılar. Amma bu müvəqqəti zaman kəsiyi düz 30 il çəkdi. Yeni ünvanlarısa Gəncə şəhər Gülüstan qəsəbəsinin Kəlbəcər qərargahı oldu. Elə ordaca köməkləşib çörək kombinatını işə saldılar ki, məcburi köçkünlərin çörək tələbatı ödənsin. 1996-cı ildən həmin kombinatın direktoru təyin olundu və 2007-ci ilə qədər orda çalışdı. Özəlləşmə prosesləri başlayanda Gəncədə özəl çörək sexi açdı və tender qalibi olub 17 il ərzində Göygöl rayonunun Toğana kəndindəki N saylı hərbi hissənin hərbçilərini çörəklə təmin etdi. Və günlərin bir günü çoxdan gözlənilən qələbə xəbəri gəlincə bütün kəlbəcərlilər kimi kövrəlib qürurlandı. Artıq saç-saqqalına dən düşmüş Əli kişinin sevinci min qat olub Kəlbəcərin başı qarlı dağlarına kimi gedib çıxdı. Elə bu sevinclə üz tutdu doğma el-obaya. Dedi ki, onlar bizə canla-başla xidmət edib ata-baba ocağını qaytardılar, indi də mənim şərəf borcumdur çörəyimlə bu igidlərin xidmətində durmaq... 2021-ci lin ilk günündən Kəlbəcər rayonunda günəş çörək ətriylə birgə doğdu. Və beləcə, rayon mərkəzində seçdiyi guşədə 30 illik aradan sonra çörək sexinin fəaliyyətini bərpa edib başladı hərbi hissə üçün çörək bişirməyə.
Birdən susub dərindən köks
ötürdü: "İşiləri yoluna qoyan kimi
qaçıb kəndimizə getdim. Heç nə qalmamışdı. Nə evlər,
nə qəbirlər. Hamısını məhv ediblər..."
Bu yerdə Əli kişi
saçının bəyazlarıyla uyuşmayan
uşaq kövrəkliyi ilə
danışa-danışa doluxsundu. Qəhərdənmi,
ya şaxtanın təsirindənmi burun pərləri qızarmışdı. Sonra gözlərini bir
nöqtəyə dikdi. Dönüb
baxışlarının tuşlandığı yerə
baxdım. Bayrağa
sancılmışdı nəzərləri və onlar bayaqdan
danışdıqlarından daha çox söz
pıçıldayırdı mənə: "Bəlkə
bayrağın qarşısında şəkil çəkdirək?"
"Hə. Əla olardı. Qoy bu andan yadigar
qalsın..." Üst-başımı çırpıb
bayrağın qarşısında dayandım. O an xoşbəxt idim. Sanki yerdən də, göydən də,
barmaqlarımın ucundan,
başımın üstündə dalğalanan
üç rəngdən də
çörək ətri gəlirdi. Burnumun
kapilyarlarına kimi işləyən bu ətir məni məst etmişdi.
Bütün yorğunluğum,
soyuqdan titrəməyim asta-asta
canımdan çıxır, havaya
buxarlanırdı. Düşündüm ki, Allah bilir,
bir də nə vaxt yolum bu yerlərə
düşəcək? Amma indi
Kəlbəcərdə idim və həyatımın
ən unudulmaz anlarından birini
yaşayırdım. Və həmin anı əbədiləşdirmək
lazım idi...
Günel
MEHRİ
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.12.