21 Azər Hərəkatı Güney Azərbaycan
ədəbiyyatında
(Əvvəli
1 dekabr sayımızda)
Qələbə
ilə başa çatmış 21 Azər Hərəkatına,
milli hökumətə, xalq fədailərinə Güney
şairlərinin, demək olar ki, əksəriyyəti söz
qoşub, şeir yazıb. Həmin əsərlərin
bir qismində qələbənin, istiqlalın doğurduğu
fərəh hissləri, sevinc duyğuları ümumbəşəri
hisslərlə birləşir, onların ruhunda beynəlmiləlçilik
özünü göstərir. "Milli
Hökumətin qurulması" şeirində şair
Hüseyn Səhhaf dün-yanın bütün millətlərinə
sülh, əmin-amanlıq arzulayır, qələbə
sevincini əsarətdə olan xalqların da
yaşamasını diləyir.
1941-ci
ilin avqustunda İranla sərhədlərin
açılması, sovet qoşunlarının Cənubi Azərbaycana
daxil olması, sovet Azərbaycanından bir qrup elm və mədəniyyət
xadiminin Vətənin Güneyinə ezam olunması ədəbi
mühitin daha da inkişaf etməsinə, yeni ziyalı
ordusunun yaranmasına güclü təkan olmuşdu. Təbrizdə
1941-ci ildən nəşr olunmağa başlayan və az vaxtda
xalqın böyük sevgisini qazanmış "Vətən
yolunda" qəzetinin redaksiya heyətində M.İbrahimov,
C.Xəndan, Ə.Məmmədxanlı, Q.Məmmədli,
M.Rahim, Q.Musayev-İlkin, H.Şahgəldiyev, R.Quliyev,
Ə.Sadıqov, İ.Nəzərov kimi görkəmli alim və
yazıçılar fəaliyyət göstərirdilər. "Vətən yolunda" qəzetinin
günaşırı nəşrini təşkil edən bu
ziyalılar yerli ədəbi qüvvələrin, sənət
ustalarının daha mütəşəkkil formada fəallaşması,
ədəbi bilik səviyyəsinin yüksəlməsinə
öz töhfələrini vermişlər.
Bu
dövrdə yazıb-yaradan Güney şairlərinin
yaradıcılığına başlıca olaraq Vətən
mövzusu, xalqın azadlıq, istiqlal arzularının ifadəsi,
Ana torpağa məhəbbət, ana dili uğrunda mübarizə
motivləri xas olsa da, eşqi, məhəbbəti və
gözəlliyi tərənnüm edən şeirləri də
az yaranmırdı. Həyatın mənası,
yaşamaq, gəlimli-gedimli dünyanın mahiyyətinə
varmaq cəhdindən doğan və dərin məna kəsb edən
fikirlər, fəlsəfi düşüncələrin hakim
olduğu poeziya nümunələri Güney ədəbiyyatını
rövnəqləndirir.
Akademik Mirzə İbrahimovun təbirincə desək, hətta
elə şeirlər var ki, satirik ruhdadır, onlarda bədii
ümumiləşdirmə, obrazlı təfəkkür
güclüdür.
Şair Sabit Manafzadə "Nə imiş"
şeirində zəmanənin, dünyada baş verən
proseslərin çox təzadlı vəziyyətini əks
etdirir.
Qatı şovinizmə, dini fanatizmə gətirib çıxaran
"milliyyətçiliyə" və mövhumi etiqadlara
kor-koranə pərəstişkarlığı o, "Nə
imiş" şeirində belə tənqid atəşinə
tutur:
...Məzhəb
üstündə qopan bir belə qovğa nə imiş?!
Xilqətin bu işə göstərdiyi məna nə
imiş?!
Fikir azadlığı, işıqlı insan
şüur və düşüncəsinin dini
xürafatın ağlasığmaz mövhumi uydurmalarına
qarşı etiraz səsi duyulan bu şeirdə sağlam
şüur və humanizm insanları bir-birinə düşmən
edən, arasına nifaq toxumu səpən əsassız
çürük, məhdud, qatı millətçiliyə
qarşı qoyur.
Hüseyn Cavan kimi el aşıqları milli-demokratik hərəkat
təlatümə gəldiyi zaman səngərdən səngərə
gəzir, sazı və sözü ilə fədailəri qələbəyə
ruhlandırır, eyni zamanda, "Vətən yolunda" qəzeti
ilə əməkdaşlıq edirdi. sazını sinəsinə
basıb xalq arasına çıxır, doğma türkcədə
şirin-şirin çalıb-oxuyur, əməkçi xalq
kütləsini azadlıq uğrunda mübarizəyə səsləyirdilər.
Aşıq Hüseynin 1941-46-cı illərdə millilik,
azadlıq ruhlu ictimai-siyasi motivli, həyatın, dövrün
tələbin-dən doğan şeirləri - "Ellərin sənəti
var", "Görməduz", "Ay seyid", "Dosta
aşiqəm", "Təzə gül, təzə",
"Mən də əsgərəm" müxtəlif mətbuat
orqanlarında çap olunur, rəğbətlə
qarşılanırdı. Aşıq Hüseyn mürtəce
hakim dairələrinin, ər-babların, din xadimlərinin
riyakar, ikiüzlü siyasətinə, özba-şınalığına
və satqınlığına qarşı
çıxır, Görməduzun mərd, igid
oğullarını silaha sarılmağa, yadelliləri ana
torpaqdan qovmağa səsləyən əsərlər
yaradır, döyüş meydanlarında azadlığa
çağırış ruhlu mahnılar, siyasi məzmunlu
şeirlər oxuyaraq döyüşçüləri ruhlandırır,
xalqa baş verən hadisələrdən baş
çıxarmaqda, qətiyyətli və dözümlü, cəsur
olmaqda yardımçı olurdu.
O, "Mən
də əsgərəm" qoşmasında hər kəsin
artıq vətəndaşlıq borcunu qeyrətlə yerinə
yetirməyin vaxtı
çatdığını, məqamı olduğunu
yazırdı:
Qabağı
tutulmaz qaynar bulağın,
Nuru
sönməz el yandıran çırağın
Keşiyində
durmaq ana torpağın
Böyük vəzifədir hər bir insana.
Aşıq şeirinin bütün növlərində əsərlər
yaradan Aşıq Cavan əsasən gəraylı və
qoşmalara üstünlük verib, Vətənin gözəlliklərini,
əmək qəhrəmanlarını öz şeirlərində
vəsf edib. Yüksək insani keyfiyyətə, fitri istedada malik
Hüseyn Cavan hər zaman sevilib, el şənliklərinin bəzəyi
olub. Onlarla gənc aşığın yetişməsində
böyük əməyi olan, üç dastan yaradan
H.Cavanın bir-birinin ardınca çap olunan "Azadlıq
mahnıları", "Sədəfli saz",
"Danış telli sazım", "El
aşığı" kimi 10-a yaxın şeirlər
kitabı ona ümumxalq məhəbbəti qazandırıb. Cənubi Azərbaycanın ozan oğlu
ömrünün böyük bir hissəsini Şimali Azərbaycanda
yaşadı. Amma heç vaxt oğulluq
borcunu unutmadı.
Təbriz
bir anadır, sən də oğlusan,
El bilir,
ürəkdən ona bağlısan,
Oğlun
Səttarxandan sinə dağlısan,
Onuncün ağarıb başın Qaradağ.
Sarılıb
boynuna bir körpə sayaq,
Doyunca
hüsnünə baxaydım, Təbriz!
Sən
bir dağ olaydın, mən də bir bulaq,
Şırhaşır
sinəndən axaydım, Təbriz!
Onun sazı-sözü Azərbaycanın hər iki
tayında azadlıq simvoluna çevirilib. Çoxlu
sayda şagirdlər yetişdirən aşığı Milli
hökumət - Azərbaycan Demokratik Firqəsi "21 Azər"
medalı ilə təltif edir. 1946-cı
ilin martında Təbrizdə dövlət dram teatrı təşkil
olunarkən H.Cavan direktor müavini vəzifəsində
çalışıb, inqilabi ruhlu nəğmələrilə
çıxış edir. Burada
aşıqlar ansamblı yaradır. Azərbaycan
Demokrat firqəsi və milli hökumət ona Xalq artisti fəxri
adını verir.
Bu dövrdə Azərbaycan publisistikası da
keçmişin zəngin ənənələri əsasında
müasir dövrün tələblərinə uyğun olaraq
inkişaf etdirilirdi. Mətbuat və nəşriyyatın ana
dilində, geniş miqyasda yayılması, ilk dəfə
olaraq kəndlərə yol açması, kənd və şəhərlərdə
zəhmətkeş kütləyə keçmiş və gələcəyi,
gündəlik təsərrüfat qayğıları
haqqında məhz doğma Azərbaycan türkcəsində
söz açması çox mühüm hadisə idi. Bu işdə "Azərbaycan" qəzetinin rolu,
xidmətləri daha geniş miqyas alırdı.
Bu
dövrün poeziyasının, qeyd etdiyimiz kimi, aparıcı
mövzusu Vətən eşqi, Ana torpağın, Azərbay-canın
tərənnümü, vətənpərvərlik motivləri
idi və Mir Tağı Milani, Əli Fitrət, M.Etimad,
İbrahim Zakir, Mir Mehdi Çavuşi, Hüseyn Səhhaf, Cəfər
Kaşif, Mədinə Gülgün, H.Bülluri, Ə.Tudə,
Məhəmməd Bağır Ninnam, Səhənd,
SöhrabTahir, B.Azəroğlu, Y.Şeyda, Həbib Sahir,
Coşqun, Həsrət-Ə.Hüseyni, Əli Kəmali,
Huşyar, Musa Tahiri və başqaları yeni-yeni əsərlər
yaradaraq Güney poeziyasını nə qədər sürətlə
inkişaf etdirirdilər, ancaq nəsr və dramaturgiyanın gəlişməsi
ləngiyirdi.
M.F.Axundovun
povestləri, fars dilinə tərcümə edilmiş
Əbdürrəhim bəy Talıbzadənin "Kitabi-Əhməd",
"Məsalün-əl-Möhsünin" adlı əsərləri
yayılaraq Azərbaycanın, eləcə də İranın
müasir realist nəsrinin ilk nümunələri kimi qəbul
edilir.
Cəfər
Müciri yazır ki, Həmzə Fəthi Xoşginabinin
"Azərbaycan" qəzetində (12 avqust 1946-cı il
sayında) dərc olunmuş "Məsum Məsumə",
İslam Sərrafinin "Toy paltarı", Qəhrəman Qəhrəmanzadənin
"Medal", "Dərmansız dərd" hekayələrində,
Hüseyn Səlimülnəfsin "Dirilər mədfəni"
xatirə hekayəsi, "Ləyaqətli bir töhfə"
hekayələrində Azərbaycan kəndlərində
hökm sürən hüquqsuzluq və hakim siniflərin
özbaşınalıqları, zəhmətkeşlərin
işsizliyə və məhrumiyyətlərə qarşı
mübarizəsi, iqtisadi çətinliklər üzündən
Azərbaycan türklərinin ana yurdunu tərk etməsi, səmimi
və təbii kənd həyatı, nakam məhəbbət
motivləri, adət-ənənələr, milli-azadlıq hərəkatının
qələbəsi, xalq həyatında onun izləri və sair
məsələlər qoyulmuş və həmin məsələlərin
bədii həllinə çalışılmışdı.
Bütün dediklərimiz bizə möhkəm əsas
verir deyək ki, 21 Azər Nehzəti Güney Azərbaycan ədəbiyyatının
inkişafında mühüm təkan olmuş, münbit şərait
yaratmış, ədəbiyyat-poeziya çiçəklənmə
dövrünü yaşamışdı.
Sonda professor Rafiq İmraninin Azərbaycan Milli Hökuməti dövründə incəsənətin inkişafına həsr etdiyi məqaləsindən bir fikri xatırlatmaq istərdim: "Milli Hökuməti olmayan xalq anasız-atasız böyüyən yetim uşağa bənzəyir. Allah heç bir xalqı, xüsusən də sayı 30 milyonu keçmiş Cənubi Azərbaycan xalqını anasız-atasız qoymasın!"
Azərbaycan Milli Hökuməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır. Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı, inqilab günəşi qətlə yetirilən minlərlə soydaşımızın günahsız axıdılan qanlarının yaratdığı qan gölündə boğduruldu. Min təəssüf ki, İran mərkəzi höküməti bir qədər öncə Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa belə, eyni ildə Pəhləvi fars dövləti ordusu xarici havadarlarının köməyi ilə Azərbaycana hücum etdi və Milli Hökumətin mövcudluğuna son qoydu. Güney Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi, dar ağaclarından asıldı və sürgünə göndərildi. Seyid Cəfər Pişəvəri başda olmaqla, Azərbaycan Milli hökumətinin qurucularına ağır işgəncələr verildi. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə dar ağacından asıldı, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlandı. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur olundular.
Azərbaycan Milli Hökumətinin
ömrü uzun olmadı, bir il yaşadı. Lakin "bu
hökumətin yaranması və fəaliyyəti Azərbaycanın
güneyində milli-azadlıq hərəkatının
sonrakı mərhələdə inkişafına ciddi təkan
verdi... (Əslində İranda baş verən son etiraz
dalğasının, qanlı olaylar da həmin
inqilab zəncirinin növbəti halqası,
davamıdır...)" Milli Hökumət dövründə
bulaq tək çağlayan ədəbiyyatın kökləndiyi
nikbin notlar hökümətin süqutundan sonra bədbin
notlarla əvəzləndi. Güney və Quzey
Azərbaycanı Araz çayı boyunca ayıran sərhədlər
daha da möhkəmləndi, bütöv xalq
amansızcasına iki yerə parçalandı. Sərhədlərin
qəfil bağlanması sonucunda balasından, ata-anasından,
bacı-qardaşlarından ayrı salınan başıbəlalı
soydaşlarımızın gözlərində həsrət
yaşları gilələndi. Və o taylı-bu taylı Azərbaycan
ədəbiyyatında yeni bir qol - Həsrət ədəbiyyatı
yarandı...
Esmira FUAD
525-ci qəzet.- 2022.- 6 dekabr.- S.14.