Mən Şuşadan gəlirəm
(İkinci yazı)
Artıq dekabr ayıdır. Amma mən sizə
avqust ayında baş tutmuş bir səfərimdən söz
açacam. Yazımın bu qədər
gecikməyinin bir səbəbi tapa bilmədiyim vaxt idisə,
bir səbəbi də fikrimdə başqa planlarımın da
olması idi. Seçim arasında
qalmışdım. Oradan çəkib gətirdiyim
materiallardan istifadə edərək videoreportaj hazırlamaq,
başlayıb yarımçıq qoyduğum hekayəni
tamamlamaq, bunların heç biri alınmasa, heç olmasa
şeirlə fikrimi çatdırmaq. Amma
şeir sonuncu variant idi və heç ağlabatan da deyildi.
Ümumiyyətlə, vətən, ana
haqqında yeniyetmə vaxtlarımda nə şeir
yazmışamsa, elə qalan odur. Təbii
ki, onlar da kimlərdənsə təsirlənərək
yazılmış şablon ifadələrdir. Şair dostum Gündüz Sevindiyin "Sözün
Vətən boyda olmayacaqsa, Vətənə şeir
yazmazlar!" fikirlərindəki kimi düşünərək,
mən də bu mövzudan uzun müddət kənar gəzmişəm.
İndi illər sonra yenidən həvəsə düşmək,
Şuşa boyda sevinci kiçik şeirlə ifadə etmək böyük
məharət istəyir ki, bu da məndə
alınmayacaqdı. Videoreportaj və hekayə isə
hələ ki, yarımçıq şəkildə qalıb
uyğun zaman tapmağımı gözləyirlər.
Bir sözlə, Şuşada gördüklərimi
çatdıra bilmək üçün eyni anda bir neçə
işin qulpundan yapışdığıma görə heç birini indiyədək
axıra çatdıra bilməmişəm. Qınamayın
məni. Təsəvvür edin, illərlə Şuşa eşqi ilə yaşayan, yalnız
bir dəfə, necə deyərlər, qaçaqaçla ora
gedib qayıdan insan birdən-birə düz 3 gün
Şuşanı gəzmək imkanı qazanır. Hisslərini, duyğularını sadəcə bir məqaləyə
sığdıra bilməyəcəyini yaxşı
anladığı üçün bütün variantlara əl
atmaq məcburiyyətində qalır. Nəticə
etibarı ilə dekabr ayınadək əliboş gəlib
çıxır. Nəhayət, bütün
yarımçıq nümunələri bir kənara qoyub ilk
olaraq bu yazıya başlamağa qərar verir...
Dayanın
ey, bayaqdan yazıram, amma Şuşaya niyə getdiyimdən,
necə getdiyimdən
heç söz açmıram axı. Yaxşısı budur, təəssüratlarıma
keçməzdən öncə səfərimizə səbəb
olan layihə haqqında daha dəqiq məlumat verim.
"Şuşa İli" çərçivəsində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin dəstəyi ilə avqustun 28-dən
30-dək "Şuşa yaradıcılıq emalatxanası"
layihəsi həyata keçirilib. Şuşa şəhərində
keçirilən layihənin iştirakçıları bəstəkar,
musiqişünas, keramika, bədii tikmə, oymaçı,
qiraətçi, şair, yazıçı, bloger və digər
sahələrdən olan yaradıcı insanlar idi. Elə layihənin əsas məqsədi də yaradıcı
insanların əyani şəkildə Şuşanı
görməsi, gəzməsi və təəssüratlarını
öz yaradıcılıq nümunələrində əks
etdirməsi idi. İlin sonunda yekun tədbirin
keçiriləcəyi və bu səfərdən sonra ərsəyə
gəlmiş yaradıcılıq nümunələrinin həmin
tədbirdə təqdim ediləcəyi nəzərdə
tutulmuşdu. Yəni bu səfərin nəticələri
olmalı idi. Bəlkə də bugünədək
heç nə yaza bilməməyimin bir səbəbi də elə
bu idi. Axı yaradıcılıq çərçivəyə
sığmır, sərbəstlik tələb edir. Biləndə ki, səndən nə
isə gözləyirlər, o sərbəstlik yoxa
çıxır, fikirlər haçalanır, təqdim etmək
istədiyini daha yaxşı çatdırmaq
üçün başqa vasitələr axtarırsan və bu da səni
çətinə salır. Amma artıq xeyli
vaxtdan sonra bütün seçimləri kənara qoyaraq,
notbuku götürüb axırını necə bitirəcəyimi
bilmədiyim yazıya başlamışam.
Qeyd edim ki, digər yoldaşlar kimi, mən də bu
gözəl layihənin iştirakçısı
olmağımdan çox məmnun idim. İlk gün bir az fərqli oldu. Hər kəs
bir-birindən çəkinir, utanır, hətta süfrə
arxasında belə narahatçılığını hiss
etdirirdi. Amma Mədəniyyət Nazirliyinin nümayəndələri
Vüqar Hümbətov, Pərvin Rüstəmova və
İlahə Dəmirlinin isti münasibəti, səmimiyyəti,
xoş zarafatları elə həmin gün aradakı çəkingənliyi
ortadan qaldırır. Qısa zamanda biz doğma,
mehriban, səmimi bir ailəyə çevrilirik. Mən hələ
öz aramızda bu layihə haqqında fikir bildirərkən
də qeyd etdim ki, hətta sonda hansısa əsər ərsəyə
gəlməsə belə, müxtəlif sahələrdən
olan yaradıcı insanların bir araya gəlməsini, bir
mühitdə olmasını, belə səmimi ortamın
yaranmasını Mədəniyyət Nazirliyinin böyük
işi kimi dəyərləndirmək olar. Çünki
bu mühit bu insanlara hava kimi, su kimi ehtiyacdır.
İştirakçılar
hər biri özünəməxsus, maraqlı fikirləri, zəngin
dünyagörüşləri olan insanlar idi. Təsəvvür edin, neçə müddətdir
işdən başı açılmayan, adi bir kitab
oxumağa belə zorla imkan tapan biri qəfildən bu cür
mühitə düşür. Acgözlüklə dinləyirdim
incəsənət adamlarının söhbətlərini,
öz sənətləri ilə bağlı fikirlərini...
Şuşanın özündən danışmağa gəldikdə isə... Səfər çərçivəsində Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş abidələrini, Şuşa qalasını, Üzeyir Hacıbəylinin evini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Mamayı məscidini, Bülbülün ev-muzeyini, Şuşa həbsxanasını və digər yerləri ziyarət etdik. Piyada gəzdiyimiz ərazilərdə fərqli hisslər yaşadıq. Məsələn, bəzi yerlərdə yeni həyat, yaşayış, insan nəfəsi duyulur, tikinti-bərpa işləri gedir, dağıntılar arasında yeni Şuşanın doğulduğunu görürdük. Bəzi hissələr isə Çernobl şəhərindən çəkilmiş görüntüləri xatırladırdı. Kimsəsizlik, dağılmış, sahibsiz evlər, evlərin içərisində yerə səpələnmiş əşyalar... Bu sükut, bu səssizlik ürpədir insanı. Bir vaxt bu evlərdə insanlar yaşayıb, uşaqlar oynayıb, arzular boy atıb, məclislər qurulub, həyat qaynayıb. İndi isə... Kim bilir, bax elə indicə qırıq, çürümüş taxta pilləkənləri ilə ehtiyat edə-edə yuxarı çıxdığımız bu evdə vaxtilə yaşayanlar haradadır, başına nələr gəlib, sağdırlarmı?
Evləri gəzərkən bir şey də diqqətimdən yayınmır. Hansı evdə ki işğal dövründə ermənilər yaşayıblar (yəni evdəki əşyalardan burada son vaxtlaradək yaşayış olduğunu dərhal bilmək olur), o evlərdə, xüsusən zirzəmilərdə, birinci mərtəbələrdə, həyətlərdə əməlli-başlı zibillik yaradıblar. Yəni bunu müharibənin nəticəsi adlandırmaq olmaz, baxırsan ki, illərlə qat-qat, üst-üstə yığılmış zir-zibildir. Bunun iki səbəbi ola bilərdi. Onlar ya həqiqətən də bir gün gedəcəklərini bildikləri üçün sabahı düşünmədən, necə gəldi, o cür də yaşayıblar, ya da elə zibil kimi həyata alışmış varlıqlardır.
Yenə gülür, danışır, nəfəs alır Üzeyir...
Üzeyir Hacıbəylinin evinin yerində uçuq divarlardan başqa heç nə yox idi. Amma həyat davam edirdi bu geniş həyətdə. Meyvələr vardı ağaclarda. Üstü tozlu-torpaqlı... Koronavirusun yaratdığı xofdan sonra daha da həssas olan, bazardan, mağazadan alınan meyvələri dönə-dönə yuyaraq az qala onu da spirtləyən bizlər indi Üzeyir bəyin həyətində o qalın tozlu meyvələri necə iştahla, necə həvəslə, necə sevgi ilə qamarlayıb heç qorxmadan dadırdıq. Burada meyvələr də fərqli idi sanki... Bəli, biz həmin gün dünya şöhrətli bəstəkarımızın qonağı idik. Özümü burada digərlərindən daha doğma, necə deyərlər, bir köynək irəli hesab edirdim. Axı mən dahi bəstəkarın doğulduğu yerdən - Ağcabədidən gəlmişdim... Onun uşaqlıq illərinin ab-havasını gətirmişdim özümlə...
Dağınıq-uçuq, çoxlarının keçməyə cəsarət etmədiyi yerlərə qorxmadan keçən, buna görə də başqalarının görə bilmədiyini görən, ən əsası, ağaclardan meyvə tapmaqda mahir olan "525-ci qəzet"in əməkdaşı, otaq yoldaşım Aytac Sahəd bu arada Üzeyir bəyin həyətindəki sıx ağaclıqdan özünə almalar tapıb adəti üzrə heç kimə təklif etmədən nuş edirdi. Əslində bu qızın özəlliyi, obraza girməməsi, düşündüyü kimi davranması, davrandığı kimi düşünməsi mənə xoş gəlirdi. Böyüməmiş və heç böyümək də istəməyən, öz halından məmnun bir uşaq var idi onun çöldən də aydın görünən iç dünyasında. Və bu, ona yaraşırdı...
Şəhla xanım vardı aramızda. Mələk üzlü bir xanım. Onun sənəti də maraqlı sənət idi. Xalça tikmək. Hə, düz oxudunuz. Toxumaq yox, məhz tikmək. Bu haqda bəlkə nə vaxtsa yazaram, amma Şəhla xanımı indi xatırlamağımın başqa səbəbi var. Üzeyir bəyin bağında kiçik gavalıları əl ilə yığmağın çətin olacağını görən bir yoldaşımız hər birimiz üçün balaca salxımşəkilli budaqlar qırmışdı. Mən payıma düşən budaqdan bir az gavalı qoparandan sonra qalanını budaqlı-zadlı başqa bir ağacdan asıb getmək istəyəndə Şəhla xanım həyəcanla bunu niyə etdiyimi soruşdu. Mən: - "Normamı götürdüm, qalanı əlimdə qaldı, yerə qoymaq istəmədim" - deyə cavab verdim. Şəhla xanımın hələ də nə isə demək istəyirmiş kimi dayandığını görüb soruşdum:
- İstəyərsinizmi bunları sizə verim?
O: "Ayy, əlbəttə" deyərək, gavalıları sanki nağıllardakı sehrli alma imiş kimi ehtiyatla götürdü. Şəhla xanımın məhz Üzeyir bəyin bağından dərilən meyvələrə münasibəti, onları müqəddəs bilərək lazımsız kimi atılmağını qəbul edə bilməməsi məni utandırdı. Nəinki bu meyvələri dərmək, Şuşaya gəlmək özü belə yuxu kimi göründüyü vaxtları xatırladım. Şəhla xanımın həyəcanını anlamamaq mümkün deyildi...
Qorxunc Şuşa həbsxanası, sevə bilmədiyim kitablar
Baxın, Şahbaz burada yatırmış. Yoldaşlarımızdan birinin söylədiyi söz ilk olaraq həmin otağa baxmağıma səbəb olur. Filmlərdə, kriminal verilişlərdə göründüyü kimi olmurmuş həbsxana. Baxmayaraq ki, ziyarətçi olaraq xeyli insanıq, baxmayaraq ki, hazırda həbsxana kimi fəaliyyəti yoxdur, çox vahiməli gəlir buralar mənə. Hər yerdə dağılmış, qırılıb-tökülmüş əşyalar, üfunət, toz... Yerdəki döşəklər, geyimlər, qab-qacaqlar həbsxana həyatı və müharibənin birləşərək yaratdığı qorxunc görüntü idi. Bir də çoxlu kitablar var idi burada. Üstündən tapdayaraq keçməli olduğumuz, yerə səpələnmiş saysız-hesabsız kitablar. Mən bir neçə kitabı vərəqləyərəq hərflərdən heç nə anlamasam da, lağlağı ilə "Böyük Ermənisatan tarixi"ndən - filandan danışıraq videoya çəkirəm. Amma yoldaşlarımın bəzilərinin yerdəki kitablara reksiyası bir başqa cür olur: "Baxın, Hüqo. Rus dilindədir. Hələ bir bu kitaba baxın", "Ay daaa... filan müəllifin əsərləri..." Gənclərin bəziləri seçdikləri kitabları özləri ilə götürürlər. Elə oradaca sual yaranır içimdə. Niyə axı? Niyə buradakı kitablara bizim yanaşmalarımız fərqli oldu? Məsələn, mən erməninin əli dəymiş kitabı belə iyrənc sayırdım, yoldaşlarım isə bu üfunətin, bu iyrəncliyin içində dünya ədəbiyyatının məşhur yazarlarının əsərlərini axtarıb tapırdılar. Bəyəm mən o müəllifləri sevmirdimmi? Bəyəm onların kitabları ilə böyüməmişəmmi? Həyatımda böyük dönüş yaradan, məni insan kimi yetişdirən, işığa doğru çəkən elə onların əsərləri deyildimi? Axı sənət sərhəd tanımamalıdır, milliyyətə bölünməməlidir. Bəs mən niyə məhz burada, bu məkanda indi qeyd etdiklərimə özüm əməl edə bilmirdim? Bəlkə əslində bugünədək oxuduqlarımdan heç nə öyrənməmişdim? Bəlkə hər zaman insanlıq, böyüklük, bəşəriliklə bağlı yazdıqlarımı, söylədiklərimi də sadəcə xoş görünmək xətrinə etmişdim və indi əsl simam çıxırdı üzə? Bu sualların basqısı altında qalsam da, tezliklə özümü toparlayıram. Anlayıram ki, ermənilərdən qalan kitablara münasibətimin daxili aləmimlə heç bir əlaqəsi yoxdur. Əslində bu davranışım mənim uşaqlıqda aldığım psixoloji travmaların nəticəsi idi. Belə deyək, indi buradakı kitablara, tanınmış dünya ədəbiyyatı nümunələrinə sevgi ilə yanaşan yoldaşlar yaşca məndən xeyli kiçik olardılar. Onlar mənim gördüklərimi, mənim yaşadıqlarımı yaşamamışdılar. Onlar Xocalı soyqırımı dəhşətlərinin, xofunun, ağrısının yaşandığı zamanın uşaqları olmamışdılar. Onlar hər gün ac, susuz, ayaqyalın, məktəb künclərində, uçuq-sökük binalarda xəstəlik içində yaşayan, bəziləri havalanan məcburi köçkün həmyaşıdlarını müşahidə etməmişdilər. 6-7 yaş nədir ki? Amma mən həmin yaşlarımdan etibarən bu çaxnaşmaları görə-görə gəldim. Üzüldüm, sarsıldım. Məhz Xocalıda vəhşicəsinə qətlə yetirilən həmyaşıdlarımın fotolarını ilk gördüyüm gündən düz 14-15 yaşımadək evdə tək qalmaqdan, bir otaqdan digərinə keçməkdən qorxdum... Ağcabədi üçün müharibənin səsi çox, həm də çox tanışdır. Baxmayaraq ki, özü işğal olunmamışdı (bir kəndi bir neçə saatlıq düşmənin əlinə keçsə də, tezliklə azad edilmişdi), amma müharibənin nəticələrinə daha yaxından şahid idi. Mən orada doğuldum, orada böyüdüm. Bu gün də istənilən bir təyyarənin, helikopterin səsini eşidəndə qeyri-ixtiyari olaraq uşaqlıqda olduğu kimi əlimi qulağıma aparıram. Mən uşaqlıq illərimi məğlubiyyət, göz yaşı, barıt qoxusu və düşmən qorxusu ilə xatırlayıram. Oyuncaqlarımız, əyləncələrimiz də müharibə rəngində idi. O qarışıq illərdə haradan, necə əldə edilirdi bilmirəm, amma qonşu uşaqları kiçik kisəciklərdə barıtlar, həmçinin, patronlar gətirər, barıtı düz bir yerə tökərək müxtəlif adlar yazar, sonra hərfin bir ucundan od vurub yazı boyu yanmasını həvəslə izləyərdik. Bəzən də barıt kisəcikləri uşaqların əlində alışar, üzləri qarşılardı. Onların qapqara olmuş dərilərində yalnız kipriklərinin yeri ağarardı. Qumquma deyilən su qabları, barıtı boşaldılmış patronlar idi oyuncağımız. Bizim dövrün uşaqları indi oğlumun, qızımın bildiyi, artilleriyanın səsini eşidərkən ürəklə "Vur, komandir, vur!" dediyi müharibəni yaşamamışdıq. O dövrün ağrı-acısı, dəhşətli uğultusu canımıza işləmişdi. Yox-yox, bu o demək deyil ki, indi yol yoldaşım olan gənclərin bunlardan xəbərsiz olduğunu düşünürəm. Əsla. Sadəcə eşitməklə yaşamağın fərqini qeyd etmək istəyirdim. Bəli, mənim buradakı kitablara münasibətim də gerilik, dardüşüncəlilik deyildi. Sadəcə psixoloji zədə... İllərlə müşahidə etdiyim erməni vəhşiliyi. Uşaqlığımızı əlimizdən alan, bizi vaxtsız böyüdən müharibənin səbəbkarlarına olan nifrət. Əslində həqiqətə uyğun olmayan, amma həqiqət kimi qəbul etdiyim fikir: "Erməninin olan hər şey murdardır". Məhz buna görə də indi qarşımdakı bütün müəlliflərin əsərləri sadəcə erməniyə məxsus kitablar kimi görünürdü gözümə.
Lakin burada sadəcə əşyalar və kitablar ermənidən qalmışdı. Məkan isə bizim idi. Düzdür, bayaq qeyd etdiyim kimi, Şuşa həbsxanası gördüyümüz halı ilə vahimə yaradırdı. Hətta bir ara başım çəkilişə qarışıb yoldaşlarımın getdiyindən xəbərsiz qalanda, qəfil səs gəlmədiyini fərq edib tək qaldığımı anlayanda kürəyimdən buz kimi soyuq tər axdığını hiss etdim. Həyəcanla bu qarmaqarışıq yerdən çıxmaq üçün yol axtarıb ora-bura çırpılarkən rastıma çıxan bir-iki yoldaşın məni qəribə baxışlarla süzməsini, bəlkə də özümü yeniyetmə qızlar kimi apardığımı, diqqət çəkmək istədiyimi düşünməsini belə eynimə almadım. Qapalı məkanlara onsuz da fobiyam var. O da ola belə bir yer... Amma bu qorxulara baxmayaraq, yenə də burada ev sahibi olduğunu hiss etmək fərqli bir yaşantıdır...
Nəhayət, o qorxunc yeri tərk edərək Şuşanın gözəl havasını ciyərlərimə çəkib oxxay deyirəm. Çıxarkən binanın giriş hissəsində divara yazılmış "Könül müəllimə" sözlərinin fotosunu çəkməyi də unutmuram. Bilmirəm, Könül müəllim kimdir, harada yaşayır, amma Şuşadakı bir çox yerlərdə məhz müəllim adları, yaxud onlara ünvanlanmış salamlar kimi bu divar yazısının da fotoaparatın yaddaşında qalmasını istəyirəm. Bəlkə də Şuşanın daşına-divarına yazılmış belə salamlar bir növ özünütəsdiqin ifadəsidir. Bəlkə də həmin müəllimlərin ən zəif oxuyan, ən çox danlanan şagirdləri olub bu qrafittilərin müəllifləri... Bəlkə də bəziləri indi həyatda yoxdurlar və həmin "Könül müəllimlər" şagirdlərinə onların haqqında fəxrlə danışırlar...
Cıdır düzündən Günəşədək
Şuşaya birinci səfərim may ayına təsadüf etmişdi. O vaxt hazırladığım "Mən Şuşadan gəlirəm" adlı videoreportaja baxanlara və eyniadlı yazımı oxuyanlara səslənmişdim: "Cıdır düzü nə fotolarda, nə videoçəkilişdə realda olduğu kimi gözəl düşə bilər. Buranı nə yazmaqla, nə çəkməklə təsvir etmək mümkündü. Sadəcə yaşamaq lazımdır bunu, yaşamaq". Onda ağzım açıq qalmışdı həqiqətən. Yağışlı hava olmasına baxmayaraq, möhtəşəm yaşıllıq, bu yaşıllığın üstünə çəkilmiş, tül örpəyə bənzəyən duman, dumanın ortasından başı görünən yaşıl örtüklü dağlar. O qədər füsunkar, o qədər canlı idi ki bu mənzərə... Yəni oranı məkan, yer olaraq görmürdüm. Bilmirəm, sanki qeyri-adi, ilahi bir varlıqla üz-üzə dayanmışdım Cıdır düzündə. Sanki qayalar dil açıb danışırdı mənimlə... Görürsünüz, yenə də təsvir etmək mümkün deyil... Həmin günün sehri heç vaxt yadımdan çıxmayacaq. Doğrusu, bu dəfə yenə də o mənzərənin eşqi ilə can atmışdım Cıdır düzünə. Amma avqust ayı olduğu üçün artıq yaşıl çəmənliyin yerini saralmış otlar əvəzləmişdi. Hava da günəşli idi. İştirakçıların hansı biri Şuşaya ilk dəfə məhz indi gəlirdisə, deyərdim ki, o gözəlliyi görməməklə çox şey itirmişdi. Amma əzəmət yerində idi. Gör biz harda idik... Gör biz hansı əlçatmazlıqda dayanmışdıq...
Azərbaycanın üçrəngli bayrağı burada qürurla dalğalandıqca ürəyində bir iftixar hissi oyanır, min bir çətinliklə bu yüksəkliklərə qalxaraq düşməni çaş-baş qoyan, canlarını bu yerlərin azadlığı üçün fəda edən igidlərimizi göz önünə gətirir, özündən asılı olmayaraq pıçıldayırsan: "Ruhunuz şad olsun, şəhidlərimiz!" İnanın, bu, şablon ifadə deyil. Bu, yazı xətrinə yazı deyil. Həqiqətən də, Şuşanın hər addımlığında şəhidlər xatırlanır, yad edilir, ruhlarına dualar oxunur. Onları xatırlamadan Şuşanı hiss etmək sadəcə mümkün deyil.
Yüksəklikdə başım gicəllənsə də, yavaş-yavaş ürəklənib mən də qayalıqda fotolar çəkdirirəm. Yoldaşlarla birgə videoçarx üçün möhkəmdən səsləndirdiyimiz "Əziz Şuşa, sən azadsan!" kəlmələri Cıdır düzünün sinəsinə yağ kimi yayılır.
Yavaş-yavaş getməyə hazırlaşırıq. Bu vaxt başqa bir layihə çərçivəsində Şuşaya səfər edən şəhid övladlarının Cıdır düzündə ifa etdikləri şux mahnıların səsi dalğa-dalğa olub yüksəlir, yüksəlir, Şuşadan bütün Azərbaycana, Azərbaycandan bütün dünyaya, ulduzlara, Aya, Günəşə çatır.
Piano stulu
və ya edam kötüyü
Rastımıza çıxan bütün binalara, evlərə
girmək, baxmaq marağı bizdən əl çəkmirdi. Bəzən
bir-birimizdən geri qalır, sonra qaçaraq birtəhər
çatır, bizə verilmiş bu fürsətdən doyunca
yararlanmağa çalışırdıq. Gəzintilərimiz zamanı yolumuzun üstündəki
bir musiqi məktəbinə də baş çəkirik.
Deyilənlərə görə, işğaldan
əvvəl də musiqi məktəbi kimi fəaliyyət
göstəribmiş. Qırıq-sökük,
üstü divarlardan qopub tökülmüş toz- torpaqla
örtülən pianolar var idi otaqlarda. Hər
halda Vətən müharibəsi dövründə bu günə
düşmüşdülər. Bu görüntülər
qarşısında məhz musiqiçi yoldaşların
keçirdiyi həyəcanı aydın hiss edirəm. Xalq artisti, bəstəkar Salman Qənbərov dilləri
tamamilə məhv olmuş pianoda kiçik bir ifa etməyi
bacarır. Bacarır o mənada ki, yəni
heç nədən musiqi alındırır. Uçuntular, dağıntılar içində sənət
nümayiş etdirir. Onun bu jestini hər kəs
alqışlayır. Bu arada, mən divarda
yazılmış Ağcabədi adının fotosunu da
çəkməyi unutmuram. Hər yerdə,
türmədə, hamam qapısında, musiqi məktəbində
doğma rayonumun adını gördükcə, nə gizlədim,
qəlbimdə gizli bir yerlipərəstlik baş
qaldırır, qürur dolur içimə. Yəni
baxın, görün bizimkilər haralara gəlib
çıxıblar...
Pianoların birinin qarşısında kötük
qoyulub. Əminəm ki, əsgərlərimizin işidir.
Yəqin ki, onlar da burada - şüşə
qırıntıları ilə dolu olan, dağınıq
otaqda nə isə ifa etməyə, yaratmağa
çalışıblar. Bu kötük də
piano stulunu əvəz edib. Amma düşmən
unutmamalıdır ki, damarından musiqi axan, döyüşə
oxuyaraq atılan həmin əsgərlər yeri gəldikdə
bu kötüyü edam kötüyü
kimi də istifadə edə bilirlər...
Şuşanın
büstü
Bülbülün ev-muzeyində istər
Şuşanın özü haqqında, istərsə də
Bülbülün həyatı ilə bağlı bilmədiyim,
eşitmədiyim maraqlı məlumatlar əldə etdim. Muzeyin direktoru
Fəxrəddin Hacıbəyli çox səbirlə və həvəslə
hər bir xırdalıqları bizə çatdırmağa
çalışırdı. Baxmayaraq ki,
keçən səfərimdə də bu həyətdə
olmuşdum, amma bu dəfə Bülbülün büstləri
diqqətimi daha çox çəkir. Yanaşı
qoyulmuş büstlər eynən Şuşanın taleyini əks
etdirir. Şuşanın küçələrini
gəzərkən hər birimizin müşahidə etdiyi və
söhbət zamanı tez-tez vurğuladığı məqamlardan
biri bu idi ki, fikir verin, yolumuzun bir tərəfində
müharibənin dağıntıları, xarabalıqlar durur,
digər tərəfində sürətli tikinti, quruculuq
işləri gedir. Yəni bu şəhərdə
gəzərkən eyni vaxtda həm müharibə
dövrünün Şuşasını, həm də qalib
Şuşanı görə bilirdik. Əlbəttə,
zamanla Şuşa tamamilə dəyişib
yeni, abad bir məkana çevriləcək. Amma
sözügedən büstlər hər zaman bu iki
dövrü bir araya gətirəcək və ziyarətçilərə
bu haqda heç bir məlumat verilməsə belə, onlara hər
şey aydın olacaq. Belə deyək, eyni
şəxsin iki büstü əslində eyni şəhərin
iki dövrünün təsviri idi. Lap dəqiqləşdirsək,
bu büstlər elə Şuşanın büstləri idi.
İsti havada piyada gəzmiş iştirakçılar
üçün bu həyətdəki sərin quyu suyunun yeri
bir başqa oldu. Amma onu qeyd edim ki, təkcə susuzlayanlar yox, suya
ehtiyacı olmayanlar da quyunun ətrafında növbəsini
gözləyir, bir qurtum da olsa o sudan
içmək istəyirdi. Ümumiyyətlə,
Şuşada gördüyümüz hər şeyi tamam fərqli
dəyərləndirir, buranın havasını, suyunu, meyvəsini,
ayağımıza, üst-başımıza bulaşan tozunu
belə çox qiymətli hesab edirdik. Bu arada,
hamının gözündən oğurlanıb (nədənsə
istəmirdim kimsə görsün, niyəsini soruşsun)
atamın məzarı üstünə tökmək
üçün bir az Şuşa
torpağı da götürmüşdüm özümlə.
Əlbəttə, yaxşı bilirdim ki, atam məzardan
məni eşitmir, duymur, o, artıq yoxdur. Amma onun əzizləyərək
saxladığı, Şuşada çəkilmiş,
çox gənc yaşlarına aid olan fotoları daim
gözümün önündə idi və mənə elə
gəlirdi ki, məhz Şuşa torpağından aparıb məzarı
üstündəki torpağa qarışdırsam atam bunu hiss
edəcək, sevinəcək, kövrəlib
ağlamsınacaq, kövrələndə həmişəki
kimi dodaqları səyriyərək sola meyllənəcək,
üzündə uşaq saflığı yaranacaq, bir sözlə,
nəfəs alacaqdı, nəfəs! Bunu təsəvvürümə
gətirdikcə xəyalımın gerçəkləşəcəyinə
ürəkdən inanır, xoşbəxtlikdən uçmaq
istəyirdim.
"Musiqi
notudur cüt hecasıyla..."
Əvvəldə də qeyd etdiyim kimi, Şuşanın
tikinti gedən yerlərində ustaların, texnikanın səsi
aydınca eşidilir, boşluqlara yayılırdı. Amma elə
yerlər vardı ki, orada tamamilə səssizlik hökm
sürürdü. Bu səssizliyin
içində gəzə-gəzə gəlib
"Qarabağ" otelinin yanına çatırıq.
Piano səsi gəlir oteldən... Elmira Rəhimovanın
ifasından tanıdığımız "İntizar"
mahnısıdır çalınan. Boş,
tək-tük insanın gözə dəydiyi küçədə
əks-səda verir bu ifa. Otelin
yaxınlığındakı parkın yanında dayanıb həmin
mahnını dinləyirik. Nazirliyin əməkdaşı
Pərvin xanımın xəyalı bir anlıq uzaqlara gedir.
Çəkiliş edə-edə həm də
gözaltı onu izləyirəm. Əlim,
gözlərim, qulaqlarım məşğul ikən dilim də
dinc durmur. Dinlədiyimiz həzin musiqinin təsiri ilə
Rəşad Məcidin "Şuşa" şeirinin əslində
heç vaxt əzbərləmədiyim, amma necəsə
yaddaşımda ilişib qalmış tək bəndini
mızıldanıram özüm üçün:
Min şəhər
adı var dillər əzbəri,
Adların
ən üstün adıdı Şuşa.
Musiqi
notudur cüt hecasıyla
Dilimin
şəhdidi, dadıdı Şuşa.
Ətrafdakı sükutu pozan musiqinin daimi dinləyiciləri - otelin yaxınlığındakı ərazidə yerləşən "Güllələnmiş heykəllər" öz qürurlu görünüşlərini qoruyaraq, tezliklə Şuşaya əvvəlki kimi qaynar həyatın qayıdacağı günü gözləyirlər...
lll
Artıq səfərimiz başa çatır. Qaldığımız "Xarıbülbül" otelinin qarşısında birgə xatirə fotosu çəkdirib yola düşürük. Arada çevrilib avtobusdakıların videogörüntüsünü çəkirəm. Hamı məmnundur, hamı xoşbəxt görünür. Elə yolda ikən Şuşa ilə bağlı hazırlayacağım növbəti yazının adını düşünürəm Şuşaya ikinci səfərim haqqında eşidərkən heç vaxt burada olmayan bir dostumun guya qısqanclıqla, əslində isə zarafatla dediyi sözlər düşür yadıma: Keçib daha, bunun da adını qoyarsan "Mən Şuşadan gəlirəm - 2" .
Əslində yaxşı təklifdir, hə?
Niyə də yox? İlk
yazım "Mən Şuşadan gəlirəm" idisə,
qoy növbəti yazı da dostumun dediyi kimi adlansın.
Əsas olan budur ki, mən həqiqətən Şuşadan gəlirəm!
Məhsəti MUSA
525-ci qəzet.- 2022.- 6 dekabr.-
S.10-11;12